Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri genişlənir

 

Kərim TAHİROV

Milli Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi, professor

 

Son 15 ildə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində Azərbaycanın milli mənəvi dəyərlərinin mühafizəsi və təbliği istiqamətində əhəmiyyətli addımlar atılmış, ədəbiyyatımızın, tariximizin, maddi sərvətlərimizin ölkə hüdudlarından kənarda tanıdılması işləri xeyli gücləndirilmişdir.

 

Azərbaycan Dövlətinin, Heydər Əliyev Fondunun və onun Prezidenti, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın məqsədyönlü fəaliyyətii nəticəsində bu sahədə böyük uğurlar qazanılmışdır. Azərbaycan mədəniyyəti nümunələrinin YUNESKO-nun Qeyri-Maddi Mədəni irs siyahısına daxil edilməsi, xarici ölkələrdə keçirilən iri miqyaslı mədəniyyət tədbirləri, bir sıra ölkələrdə görkəmli mədəniyyət və ədəbiyyat xadimlərimizin yubileylərinin keçirilməsi, abidələrinin ucaldılması və digər tədbirlər Azərbaycan mədəniyyətinin beynəlxalq miqyasda təbliğində əhəmiyyətli rol oynamışdır.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Azərbaycan həqiqətlərinin, ölkəmizin sürətli iqtisadı yüksəlişinin xaricdə təbliği ilə əlaqədar ölkəmizin ən vacib mənəviyyat mərkəzləri qarşısında qoyduğu vəzifələrə uyğun olaraq Azərbaycan Milli Kitabxanası da son illərdə milli mədəniyyətimizin, milli mənəvi dəyərlərimizin, ədəbiyyatımızın ölkə hüdudlarından kənarda təbliğini gücləndirmək məqsədilə beynəlxalq əlaqələrini xeyli genişləndirmişdir. Milli Kitabxananın beynəlxalq əlaqələri bir neçə istiqamətdə inkişaf edir və burada əsas yeri dünya ölkələrinin milli kitabxanaları ilə qarşılıqlı əlaqələrin yaradılmasından ibarətdir. Kitabxanamız son on beş il ərzində dünyanın 34 ölkəsinin milli kitabxanası ilə qarşılıqlı əməkdaşlığa dair müqavilələr imzalamışdır və onlar uğurla həyata keçirilir. Bu kitabxanaların sırasında uzaq Amerikanın, Asiyanın, Avropanın ən zəngin kitabxanaları - ABŞ-ın Kaliforniya Universitetinin Kitabxanası, Avstriya Milli Kitabxanası, Almaniyanın Frankfurtdakı Milli Kitabxanası, Çexiyanın, Rusiyanın, Belarusun, Macarıstanın, Slovakiyanın, Çinin, Qazaxıstanın, Özbəkistanın, İordaniyanın, Misirin, Latviyanın, İranın və digər ölkələrin milli kitabxanaları vardır. Qarşılıqlı əməkdaşlığa dair Memorandumlarda beynəlxalq kitab mübadiləsi, informasiya resurslarının və mütəxəssislərin təcrübə mübadiləsi kimi məsələlər, sərgilərdə, elmi konfranslarda və simpoziumlarda, treninqlərdə iştirak, qarşılıqlı ezamiyyətlər və s. məsələlər öz əksini tapır.

 

YUNESKO-nun kitabxanalar arasında beynəlxalq kitab mübadiləsinin həyata keçirilməsinə dair 1959-cu ildə qəbul etdiyi Konvensiyaya müvafiq olaraq Milli Kitabxanamız dünyanın 64 ölkəsinin kitabxanası ilə qarşılıqlı beynəlxalq kitab mübadiləsini həyata keçirir və bu yolla son 15 il ərzində dünya kitabxanalarından alınmış və dünya kitabxanalarına göndərilmiş kitabların sayı xeyli artmışdır. Milli kitabxanamız bu yolla özünün əsas funksiyalarından birini - dünya ölkələrində Azərbaycana dair çap olunan kitabların və Azərbaycan müəlliflərinin dərc olunan bütün əsərlərinin toplanması işlərini uğurla həyata keçirir. Bugünədək kitabxanamız bu yolla xarici ölkə kitabxanalarından 700 min nüsxəyədək kitab və digər nəşrlər almışdır. Eyni zamanda, Milli Kitabxanamız bu yolla dünya kitabxanalarına Azərbaycanın mədəniyyətinə, iqtisadiyyatına və iqtisadi uğurlarına, tarixinə, coğrafiyasına, ədəbiyyatına, ayrı-ayrı yazıçı və şairlərinə dair 1 milyon nüsxəyədək ədəbiyyat göndərmişdir.

 

Milli Kitabxananın beynəlxalq əlaqələrinin güclədirilməsində Bakıda keçirilən Beynəlxalq kitab sərgilərinin və Milli Kitabxananın hər il böyük uğurla təmsil olunduğu beynəlxalq kitab sərgilərinin də böyük əhəmiyyəti vardır. 2009-cu ildən hər iki ildən bir keçirilən Bakı Beynəlxalq Kitab sərgisində hər il 10-dan artıq milli kitabxana iştirak edir və bu kitabxanalar sərginin sonunda ekspozisiyalarında nümayiş etdirdikləri kitabları Azərbaycan Milli Kitabxanasına hədiyyə verirlər. Ötən il ölkəmizdə artıq V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilmişdir və bu sərgilər zamanı kitabxanamıza bütövlükdə 6 min nüsxədən çox kitab hədiyyə olunmuşdur.

 

Bu sərgilərin digər bir özəlliyi də ondadır ki, həmin tədbir çərçivəsində beynəlxalq sərgidə iştirak edən bir ölkə kitabxanasının fondlarında mühafizə olunan Azərbaycanla bağlı qiymətli materialların və əlyazmaların sərgiləri də təşkil olunur və sonda həmin materialların surətləri və elektron versiyaları disklərə yazılaraq Milli Kitabxanaya bağışlanır. 2009-cu ildən indiyədək Rusiya, Estoniya, Çexiya milli kitabxanalarının və B.Yeltsin adına Sankt-Peterburq Prezident kitabxanasının fondlarından sərgilər təşkil olunmuş və sonda Azərbaycana dair qiymətli sənədlərin, əlyazmalarının, xəritələrin surətləri Milli Kitabxanaya hədiyyə olunmuşdur. Bu yolla indiyədək dahi Nizami Gəncəvinin Xəmsəsinin XVI əsrə aid nadir əlyazmasının, XIX əsrə aid Azərbaycanın xəritəsinin, respublikamızın tarixi ilə bağlı digər qiymətli sənədlərin surətləri ölkəmizə gətirilmişdir.

 

Azərbaycan Milli Kitabxanası 10 ildən artıqdır ki, hər il Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə xarici ölkələrdə keçirilən 10-12 beynəlxalq kitab sərgilərində iştirak edir. İndiyədək kitabxanamız ənənəvi Frankfurt, London, Turin, Moskva, Tehran, Təbriz, Budapeşt, Praqa və digər şəhərlərdə keçirilən sərgilərdə ölkəmizi uöurla təmsil etmişdir. Bu sərgilərdəki ekspozisiyalarda hümayiş olunan ədəbiyyat sonda ya həmin ölkədəki səfirliyimizə və universitetlərə, ya da həmin ölkələrin milli kitabxanalarına hədiyyə olunur. Kitabların bir hissəsi isə sərginin bağlanışı günü sərgi iştirakçılarına da paylanır. Bütün bunlar Azərbaycanın mədəniyyətinin, tarixinin, ədəbiyyatının, Azərbaycan reallıqlarının təbliği yolunda atılan əməli addım hesab oluna bilər.

 

Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələrindən danışarkən bir sıra beynəlxalq təşkilatlarla birlikdə xarici ölkələrdə keçirilən tədbirlərdən ilk növbədə danışmaq lazımdır. Bu sırada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı-TÜRKSOY-la birlikdə bütün türkdilli ölkələrdə keçirilən tədbirləri xüsusilə qeyd etməliyik. 10 ildən artıqdır ki, Azərbaycan Milli Kitabxanasının TÜRKSOY-la birlikdə türk dünyasının görkəmli xadimlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə həm Azərbaycanın və həm də digər türkdilli ölkələrin ədəbiyyat və mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi bir ənənə halını almışdır. Nizami Gəncəvinin, M.P.Vaqifin, M.F.Axundzadənin, Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, İlyas Əfəndiyevin, türk dünyasının görkəmli nümayəndələrindən Yunus Əmrənin, Abdulla Tukayın, Məxtumqulu Fəraqinin, Has Balasaqunlunun, Mahmud Qaşqarinin, Zəki Validinin, Qaysın Quliyevin və başqalarının yubileyləri həm Bakıda və həm də Ankarada və İstanbulda, Astanada və Türküstanda, Bişkekdə və İssıkkulda, Daşkənddə və Aşqabatda, Ufada və Kazanda, digər şəhərlərdə müvəffəqiyyətlə keçirilmişdir. Bütün bu yubileylər müvafiq kitab və foto sərgilərlə, kitab təqdimatları, şeir gecələri, elmi konfranslarla və digər tədbirlərlə müşayiət olunmuşdur. Bu tədbirlər çərçivəsində TÜRKSOY Kitabxanası seriyasından Bəxtiyar Vahabzadənin, Molla Pənah Vaqifin, Məxtimqulu Fəraqinin, Yunus Əmrənin, Zəki Validinin, Has Hacib Balasaqunlunun və digərlərinin əsərlərindən ibarət kitabların nəşr olunaraq təqdimatlarının keçirilməsi də bir ənənəyə çevrilmişdir. Ötən ilin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına müvafiq olaraq görkəmli Azərbaycan şairi M.P.Vaqifin 300 illik yubileyi TÜRKSOY-la birlikdə Ankarada, İstanbulda, Sakaryada, Astanada, Türküstanda böyük uğurla keçirilmişdir.

 

Azərbaycan Milli Kitabxanası Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə xarici ölkələrdə keçirilən beynəlxalq kitab sərgilərində də respublikamızın ictimai-mədəni həyatı ilə bağlı müxtəlif tədbirlər keçirməklə Azərbaycan həqiqətlərinin dünya miqyasında təbliğində də yaxından iştirak edir. Frankfurt, İstanbul, Turin, Moskva və digər şəhərlərdə keçirilən ənənəvi beynəlxalq kitab sərgiləri çərçivəsində almanların Cənubi Qafqazda məskunlaşmasının 200 illiyinə, M.P.Vaqifin 300 illiyinə, S.Vurğunun 100 illiyinə, B.Vahabzadənin 90 illiyinə, İ.Əfəndiyevin 100 illiyinə və digər tədbirlər buna əyani misal ola bilər.

 

Milli Kitabxananın beynəlxalq əlaqələrinin ən əyani nümunələrindən biri də onun professional beynəlxalq təşkilatlarda təmsil olunması və iştirakıdır. Milli Kitabxana 2003-cü ildən Avrasiya Kitabxanalar Assambleyasının - BAE üzvü və 5 təsisçisindən biridir, 1998-ci ildən Beynəlxalq Kitabxana Təşkilatları və Assosiasiyaları təşkilatının - İFLA üzvüdür, 2005-ci ildən Avropa Milli Kitabxanaları Konfransı Təşkilatının - CENL üzvüdür, 1992-ci ildən Türkdilli Ölkələrin Milli Kitabxanaları Birliyinin üzvü və yaradıcılarından biridir, 2009-cu ildən İƏT Üzvü Olan Ölkələrin Milli Kitabxanaları Birliyinin üzvü və yaradıcılarından biridir. Milli Kitabxananın bu beynəlxalq təşkilatların müxtəlif ölkələrdə keçirilən illik toplantılarında və konfranslarında mütəmadi olaraq iştirak etməklə yanaşı, bu tədbirlərin təşkilatçısı və ev yiyəsi qismində də çıxış edir. CENL-in, BAE-nin, İTƏ üzvü olan və Türkdilli ölkələrin milli kitabxanalarının növbəti toplantıları Bakıda böyük uğurla keçirilmişdir. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına müvafiq olaraq Milli Kitabxananın 90 illik yubileyi bu beynəlxalq təşkilatların təmsilçisi olan 60-dan artıq dünya milli kitabxanaları rəhbərlərinin iştirakı ilə böyük uğurla keçirilmişdir.

 

Azərbaycan Milli Kitabxanasının əməkdaşları kitabxana işinin bu və ya digər məsələlərinə dair dünya ölkələrində keçirilən beynəlxalq elmi konfranslarda və simpoziumlarda, treninqlərdə və digər tədbirlərdə də mütəmadi olaraq maraqlı elmi məruzələrlə və təqdimatlarla çıxışlar edirlər. Milli Kitabxanamız mütəmadi olaraq belə tədbirlərin təşkilatçısı kimi də çıxış edərək dünya kitabxanalarının mütəxəssislərini Bakıda toplayır. Son illərdə innovasiyaların kitabxana işinə tətbiqinə, kitab və mütaliənin kütləviləşdirilməsində innovativ iş metodlarından istifadə və bu kimi digər mövzularda kitabxanamızın keçirdiyi beynəlxalq elmi konfranslarda 10-larla dünya milli kitabxanalarının mütəxəssisləri elmi məruzələrlə çıxış etmişlər.

 

Kitabxanamızın beynəlxalq əlaqələrində mütəxəssislərin təcrübə mübadiləsinin və stajirovkaların təşkili də əhəmiyyətli rol oynayır. Son illər ərzində mütəmadi olaraq Türkiyənin, Rusiyanın, Belarusun, Slovakiyanın, Qazaxıstanın, Fransanın, Avstriyanın, İranın və Təbrizin, ABŞ-ın, Gürcüstanın, Misirin və digər ölkələrin milli kitabxanalarında təcrübə mübadiləsi keçmişlər və yaxud həmin kitabxanaların mütəxəssisləri bizim kitabxanada təcrübə mübadiləsi keçmişlər.

 

525-ci qəzet 2018.- 3 aprel.- S.5.