Səmərəli islahatlar və mütərəqqi dəyişikliklər mərhələsi

 

Misir MƏRDANOV

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

 

Tarix boyu dövrün çağırışlarını nəzərə alan, yaranmış yeni imkanlardan yetərincə faydalanmağı bacaran cəmiyyətlər həmişə irəli gedərək tərəqqi tapmışlar.

 

Böyük toplumlara bu imkanları göstərmək, onları vahid ideyalar ətrafında səfərbər edərək gələcək hədəflərə doğru istiqamətləndirməksə bu çətin və şərəfli yolun önündə gedən liderlərin missiyası olmuşdur.

 

Siyasi mənada, liderlik bir insanın tarixdəki səmərəli fəaliyyəti və xalqın həyatında oynadığı böyük roldur. Liderlik nadir şəxslərə xas, anadangəlmə xüsusiyyət olub, insanın həyat tərzi və qazandığı təcrübələr əsasında cilalanan, dərin təsirlilik, səmərəli idarəetmə, gözəl örnəklər yaratma, cəmiyyət üçün faydalı olanları aydın zəka ilə üzəçıxarma, insan və hadisələrə münasibətdə məsuliyyətlə, ağılla davranma, başqalarına düzgün yolgöstərmə kimi ali keyfiyyətləri özündə bir araya gətirən mükəmməllikdir.

 

Tarix sübuta yetirmişdir ki, xalq və dövlət maraqlarını özünün praktik fəaliyyətində ifadə etməyən siyasi təşkilatlar cəmiyyətin dəstəyindən məhrum olurlar. Ümumilikdə, cəmiyyətin ayrılıqda götürülmüş bir təbəqəsinin və yaxud sosial qrupunun mənafe və maraqlarını təmin etməyən siyasi liderin, təşkilatın xalqı, milləti öz arxasınca apara bilməsi mümkün deyildir.

 

Hansısa partiyanın siyasi cəhətdən təşkilatlanaraq monolit qüvvəyə çevrilmək əzmi, ilk növbədə, onun liderinin yürütdüyü ideoloji-siyasi kursun bütövlükdə cəmiyyətin maraqlarına cavab verməsi ilə şərtlənir. Ölkəmizdə hazırda 50-dən çox siyasi partiya mövcud olsa da, onların heç biri sosial bazasına, nüfuzuna və gücünə görə hakim Yeni Azərbaycan Partiyası ilə müqayisə olunmaq imkanında deyil. Yeni Azərbaycan Partiyasının cəmiyyətin lokomotiv qüvvəsi kimi çıxış etməsinin əsasında həm də xarizmatik lider amili rol oynamışdır. Bu baxımdan YAP-ın bəzən "Heydər Əliyev partiyası" adlandırılması da obyektiv qanunauyğunluqlara əsaslanır və partiyanın uğurlarında lider amilinin rolunu dolğun şəkildə təcəssüm etdirir.

 

YAP-ın qurultaylarının bir qayda olaraq ölkə əhəmiyyətli seçkilərdən əvvələ təsadüf etməsi də təşkilatın mövcud imkanları səfərbər edərək təşkilatlanmaq, cəmiyyətə mesaj verərək onu hazır vəziyyətə gətirmək, partiyanın gələcək seçki texnologiyasını, taktika və strategiyasını müəyyənləşdirmək məqsədinə xidmət edir. Bu qurultaylar bir növ seçkidən-seçkiyə keçilən yolun hesabatını verir, uğurları üzə çıxarır, gələcək fəaliyyət prioritetlərinin dəqiq müəyyənləşdirilməsinə imkan yaradır.

 

Bu və digər reallıqlar fonunda YAP-ın sayca VI qurultayının 2018-ci ilin fevralın 8-də - növbəti prezident seçkiləri ərəfəsində keçirilməsi də qətiyyən təsadüfi olmamışdır. Ali partiya tədbirində çıxış edən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin bəyan etdiyi kimi, partiyanın qurultayı Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm hadisədir. Qurultayda dərin məzmunlu nitq söyləyən möhtərəm Prezidentimiz İlham Əliyevin bəyan etdiyi kimi, YAP-ın tarixi qələbələr salnaməsidir: "Qurultay ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisədir. Çünki Yeni Azərbaycan Partiyası ölkəmizdə aparıcı siyasi qüvvədir. Partiyamızın ideyaları, siyasəti xalq tərəfindən dəstəklənir. Partiyamızın sıraları genişlənir, 700 mindən çox üzvümüz var və çox sevindirici hal ondan ibarətdir ki, gənclər partiyaya üz tuturlar. Gənclərin axını partiyamızın gələcək inkişafı üçün də əsas şərtlərdən biridir. Keçən ilin noyabrında biz partiyamızın 25 illik yubileyini qeyd etmişik. Bu 25 il ərzində partiyamız uğurlu və şərəfli yol keçmişdir. Bütün iştirak etdiyi seçkilərdə Yeni Azərbaycan Partiyası qələbə qazanmışdır və bu 25 il qələbələr salnaməsidir".

 

Ali partiya tədbirinin iştirakçısı olan nümayəndələrin yekdil təklifi əsasında qurultayın baş qərarının qəbulu - Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin 2018-ci ilin aprelində keçiriləcək növbəti seçkilərə namizədliyinin irəli sürülməsi isə son ayların ən əlamətdar hadisələrindən biri kimi tarixiləşmişdir. Şübhəsiz, bu qərar, əslində, cəmiyyətin və xalqın çoxdan gəldiyi qənaətin partiyanın ali forumunda etiraf edilməsi, yaxud təsdiqlənməsidir. Əlbəttə, Azərbaycanda bəzi ölkələrdə olduğu kimi, prezidentliyə namizədi müəyyən etmək üçün ilkin seçimin keçirilməsi ənənəsi yoxdur. Lakin ağı qaradan fərqləndirməyi bacaran xalqımıza əvvəlcədən, həm də heç bir səhvə yol vermədən dürüst seçim etmək müdrikliyi xasdır. Möhtərəm Prezident İlham Əliyevin prezidentliyə namizədliyinin növbəti dəfə irəli sürülməsi də məhz belə bir seçimin təcəssümü kimi tariximizə düşmüşdür.

 

Danılmaz reallıqdır ki, vətəndaşların ölkəyə layiqli rəhbər seçmək haqqı xalqın öz taleyinə sahib çıxmaq hüququnun təməlində dayanır. Azərbaycan xalqı indiyədək 2003, 2008 və 2013-cü illərdə keçirilmiş prezident seçkilərində daxili inamına söykənərək cənab İlham Əliyevin namizədliyini dəstəkləmiş  siyasi taleyinə sahib olmaq haqqını qətiyyətlə ifadə etmişdir. Bu tarixi seçimlər həm də belə bir həqiqətin cəmiyyətdə dərkidir ki, Azərbaycanın dövlət müstəqilliyinin qarantı Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətdir.

 

YAP-ın növbəti prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini irəli sürmək qərarı təkcə ən yeni tariximizin mötəşəm nailiyyətləri ilə bağlı şərtlənmir. Bu seçim, eyni zamanla, növbəti illərdə Prezident İlham Əliyevin Azərbaycanın tərəqqi və inkişafına, uğurlu gələcəyinə daha çox töhfələr verəcəyinə olan dərin və səmimi inamdan qaynaqlanır. Ölkə başçısının qurultayda söylədiyi bu nikbin fikirlər hər birimizdə bu inamı daha da möhkəmləndirmişdir: "Bir sözlə, 1993-cü ildən başlayaraq Azərbaycan uğurlu inkişaf yolu ilə gedir və inkişaf üçün əsas şərt - sabitlik tam bərqərar olmuşdur...Azərbaycana investisiyalar qoyulmağa və ölkəmiz sürətlə inkişaf etməyə başlamışdır. 2003-cü ildən sonra da Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir. 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Şadam ki, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir".

 

Ötən 15 ildə Azərbaycan vətəndaşının birmənalı seçimini təmin edən ən başlıca amillərdən biri də ölkədəki siyasi sabitlik və həmrəylik mühitidir. Hələ 2003-cü ilin 15-16 oktyabr, 2005-ci ilin noyabr hadisələri zamanı müşahidə olunan kataklizmlər, hakimiyyətin zorakı yolla ələ keçirilməsinə yönəlmiş iğtişaş cəhdlərinin uğursuz nəticəsi sübut etdi ki, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik real təminatlara söykənir. Hər hansı radikallıq cəmiyyətimiz üçün təhlükə doğura, Azərbaycanın müstəqilliyinə xələl gətirə, demokratik inkişaf proseslərinin qarşısını ala bilməz. Elə bu səbəbdən də cənab İlham Əliyevin dövlətə rəhbərliyinin ilk ayları daha çox humanist çalarlarla yadda qalmışdır. Vaxtilə dövlətçiliyimizə qarşı ağır cinayətlər törədən və bir neçə illik cəza müddəti dövründə öz səhvindən səmimi peşmançılıq keçirən insanlar azadlığa buraxılmış, o cümlədən, siyasi iğtişaşların təşkilatçıları və fəal iştirakçıları qısa müddətdən sonra azad edilmişlər. Daxili siyasətdə liberalizm elementləri qabarıq şəkildə nəzərə çarpmağa başlamış, siyasi qüvvələr arasında dialoqa meyil güclənmişdir. Həmin dövrü xatırladan Prezident İlham Əliyev Azərbaycanın böyük uğurlardan üzüağ çıxdığını demişdir: "Mənim üçün hər bir vətəndaş əzizdir. Mən keçmişlə bugünün arasında görünməyən bir xətti görürəm. Keçmişdə çox səhvlər olub, Azərbaycan vətəndaş müharibəsi həddində olub. Mən cinayət törətmiş şəxsləri də azad etmişəm. Ona görə yox ki, hesab edirəm onlar siyasi məhbusdur. Mən Azərbaycanda qarşıdurma əhval-ruhiyyəsinin aradan götürülməsini istəyirəm. Bizim qarşımızda yeni vəzifələr durur, ölkəmizi inkişaf etdirməliyik, insanlarımızı səfərbər etməliyik. Biz milli barışığa nail olmuşuq və gərək bunu gücləndirək. Keçmiş ədavət və ziddiyyətlər tarixdə qalsın. Bu, mənim niyyətimdir".

 

Dövlət başçısı seçildikdən sonra hökumət üzvləri ilə keçirdiyi ilk toplantıda xalqa xidməti əsas tələb, vəzifə kimi müəyyənləşdirən cənab İlham Əliyevin irəli sürdüyü bu prinsip indi də öz qüvvəsindədir. Cənab İlham Əliyevin xarizmasına olan kütləvi inam da məhz onun belə idarəetmə prinsiplərinə yanaşmasından, hakimiyyəti yalnız vətəndaşlara xidmət vasitəsi kimi dəyərləndirməsindən irəli gəlir. Bu baxımdan liderlik institutunun Azərbaycan üçün gerçəkdən nə qədər böyük önəm daşıdığı indi daha qabarıq görünür. Cənab İlham Əliyevin liberal baxışlar sistemi, xarakterinə xas olan humanistlik və xeyirxahlıq elementləri, bununla yanaşı, zəruri anda yüksək qətiyyət, prinsipiallıq göstərmək məharəti onun qısa müddətdə cəmiyyətdə ulu öndər Heydər Əliyevin layiqli davamçısı kimi dəstəklənməsini təmin etmişdir.

 

İqtidar partiyasının namizədinin cəmiyyətdəki yüksək nüfuzu həm də ötən 15 ildə yürüdülən sosial-iqtisadi inkişaf strategiyasının uğurlarının hər bir vətəndaşın taleyində qabarıq hiss olunması ilə şərtlənir. Dövlətimizin başçısı ulu öndərin böyük müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını ötən 15 ildə inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir.

 

Həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum dərəcədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması dövlət başçısı cənab İlham Əliyevin yüksək bilik və intellektə, çevik idarəçilik məharətinə, yüksək əzmə, qətiyyətə malik lider olduğunu bir daha təsdiqləyir.

 

Dövlət başçısının ötən illərdə praqmatizmə və əməli siyasətə söykənən iqtisadi siyasətinin əsas qayəsində məhz insan amili dayanmış, cənab İlham Əliyev xalq qarşısında verdiyi bütün vədlərə sadiq qalmaqla hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu təsdiqləmişdir. Cənab İlham Əliyev  hökumətin mütəmadi olaraq xalq qarşısında hesabat verməsini, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını da demokratik idarəetmənin zəruri tələbi kimi önə çəkmişdir.

 

Respublikamızda son 15 ildə həyata keçirilən iqtisadi siyasətin əsasən sosialyönümlü mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənmiş, cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Hökumətin ötən illərdə həyata keçirdiyi bir çox layihələr məhz sosial mahiyyət kəsb etmişdir. Dəniz səviyyəsindən 3000 metrədək hündürlükdə yerləşən Qubanın Xınalıq kəndinə yolun, sovetlər dövründən mavi yanacaq üzü görməyən Lerik və Yardımlıya qaz kəmərlərinin çəkilməsi, eləcə də Naxçıvanın davamlı olaraq elektrik enerjisi və qazla təmin olunması, Bakıya Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilməsi, rayonlarda yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya-idman komplekslərinin tikintisi, qaçqın düşərgələrinin ləğvi - bütün bunlar Azərbaycan vətəndaşlarının firavan, rahat yaşamasına xidmət edən qlobal investisiya layihələrinin çox cüzi qismidir.

 

Ötən illərdə ölkədə uğurla həyata keçirilən siyasət eyni zamanda, Azərbaycan üçün taleyüklü bir sıra layihələrin gerçəkləşməsini, respublikanın bütövlükdə Cənubi Qafqaz regionunda lokomotiv dövlətə çevrilməsini təmin etmişdir. Ümummilli lider Heydər Əliyevin böyük müdrikliklə irəli sürdüyü yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi nəticəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçısına çevrilmiş, ölkəmizin dünya üçün önəmi daha da artmışdır. Son aylarda Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi, "Əsrin müqaviləsi"nin yenilənməsi, eləcə də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması bu baxımdan beynəlxalq əhəmiyyətli hadisə kimi qarşılanır.

 

Bütün bunlar həm də onu deməyə əsas verir ki, ölkəmizin başçısı Azərbaycanı müasir və qüdrətli dövlətə çevirmək məqsədini, sadəcə, bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində ciddi  addımlar atır. Dövlət başçısının son 5 ildə imzaladığı "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası və "Milli iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi" kimi konseptual əhəmiyyətli sənədlər deməyə əsas verir ki, cənab İlham Əliyev Azərbaycanın uzunmuddətli inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında işlənib hazırlanmasına çalışır.

 

Son illər qlobal böhranın doğurduğu iqtisadi və psixoloji çətinliklərə baxmayaraq, Azərbaycanın iqtisadi müvazinətini əzmlə qoruyub saxlaması, hökumətin sosial öhdəliklərinin uğurla reallaşdırılması, təxirəsalınmaz, zəruri layihələrin icrasında çətinliklərin yaranmaması "inkişafın Azərbaycan modeli"nin uğurlarını bir daha təsdiqləyir. 2017-ci ilin yekunları deməyə əsas verir ki, Azərbaycan böhranın son mərhələsini də inamla geridə qoymuşdur. Bütün bunların nəticəsi olaraq Azərbaycan dünyanın ən nüfuzlu təşkilatlarından olan Dünya İqtisadi Forumunun açıqladığı "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda daha iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşmışdır. Ümumilikdə, ölkəmiz "Qlobal rəqabət qabiliyyəti" hesabatları üzrə 2005-ci ildən 2017-cı ilədək 69-cu yerdən 34 pillə irəliləyərək 35-ci yerə yüksəlmiş, 2009-cu ildən indiyədək MDB-də liderliyini qoruyub saxlamışdır.

 

Son 15 ildə ölkəyə rəhbərliyinin apardığı məqsədyönlü və uzaqgörən siyasətin ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Ölkə iqtidarının milli maraqlara əsaslanan siyasəti, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, effektiv diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz milli müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini təmin etmişdir.

 

Azərbaycan son 15 ildə Qərb məkanında yalnız zəngin neft və qaz ehtiyatları ilə deyil, həm də demokratiyaya, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini bir sıra konkret addımları ilə tam sübuta yetirmişdir. Avropa Şurasının tamhüquqlu üzvü olan respublikamızın avrostrukturlara inteqrasiya prosesində ATƏT, Avropa Birliyi, NATO kimi təşkilatlarla sıx əməkdaşlığı hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dönməzliyinə etibarlı təminat kimi qiymətləndirilir. Respublikamızın milli inkişaf və tərəqqi baxımından demokratikləşmə xəttinə səmimi şəkildə bağlılığı indi Qərb dövlətlərində də qətiyyən şübhə və tərəddüd doğurmur.

 

Hələ 2011-ci ildə respublikamızın sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rolu olan, dünyanın 157 ölkəsinin dəstəyi ilə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bütövlükdə müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalmışdır. 2012-ci ildə Azərbaycan "Eurovision 2012" kimi möhtəşəm musiqi yarışmasını uğurla gerçəkləşdirərək yüksək mədəni-mənəvi dəyərlərə, incəsənətə malik olduğunu sübuta yetirmişdir. 2015-ci ildə I Avropa Oyunları, 2016-cı ildən başlayaraq Formula-1 yarışları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları respublikamızda yüksək səviyyədə keçirilmişdir.

 

Son illər bir sıra mühüm beynəlxalq tədbirlərin keçirilməsində Bakı şəhərinin seçilməsi respublikamızın beynəlxalq nüfuzunu daha da yüksəldir. Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev hələ 2008-ci ilin dekabrında Avropa ölkələri mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda keçirilən konfransında "Bakı prosesi" ideyasını irəli sürməklə paytaxtımızın beynəlxalq miqyaslı tədbirlərin mərkəzi statusu almasını təmin etmişdir. 2008-2018-ci illərdə "Bakı prosesi" çərçivəsində keçirilən tədbirlər miqyasca geniş və əhatəlidir: hələ 2008-ci ildə respublikamızda "Mədəniyyətlərarası dialoqda qadınları rolu" mövzusunda konfrans keçirilmiş, 2009-cu il həm də Bakı İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdur.

 

Azərbaycan paytaxtı 2011-2016-cı illərdə I, II, III və IV və V Bakı Beynəlxalq Humanitar Forumlarına uğurla ev sahibliyi etmişdir. Son illər Dünya Dini Liderlərinin Sammiti, MDB Dinlərarası Şurası, MDB Müsəlmanlarının Məşvərət Şurası və Qafqaz Xalqları Ali Dini Şurası öz forumlarını Bakı şəhərində keçirmişlər. 2016-cı ilin oktyabrında keçirilən V Bakı Beynəlxalq Humanitar Forumu, 2017-ci ilin mart ayında baş tutan V  Qlobal Bakı Forumu Azərbaycanın təkcə insan hüquqları və demokratikləşmə deyil, həm də milli-etnik, dini tolerantlıq və multikulturalizm sahəsində əldə etdiyi nailiyyətlərlə şərtlənmişdir. 2016-cı ilin "Multikulturalizm İli", 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi Azərbaycanın tolerant və multikultural ölkə imicini daha da gücləndirmişdir. Nəhayət, Azərbaycan Prezidentinin 10 yanvar 2018-ci il tarixli Sərəncamı ilə 2018-ci ilin "Azərbaycanda Xalq Cümhuriyyəti İli" elan edilməsi respublikamızın zəngin dövlətçilik tarixinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətli olmaqla yanaşı, irs-varislik əlaqələrinə həssas münasibətdir.

 

Dünya bazarında neftin qiymətlərinin siyasi konyunktura əsasında müəyyənləşdiyi son siyasi-iqtisadi reallıqlar bir daha təsdiqləyir ki, Azərbaycanın uğurlu gələcəyi, ilk növbədə, elmin, təhsilin, o cümlədən, ali təhsilin inkişaf səviyyəsi ilə şərtlənir. Dövlət başçısı cənab İlham Əliyev haqlı olaraq bildirir ki, neft Azərbaycan üçün məqsəd deyil, davamlı iqtisadi tərəqqini təmin etmək üçün vasitədir. Dünya təcrübəsində iqtisadiyyatın yalnız neft üzərində qurulması nəticəsində iqtisadi sistemi iflic edən "Holland sindromu" kimi mənfi presedent də var. Respublikamız neft ehtiyatlarına görə dünyada 19-cu, istehsalına görə isə 29-cu ölkə olsa da, hazırda həyata keçirilən siyasətin məqsədi neftdən sonrakı inkişafın təməlini yaratmaqdır.

 

Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik və rasional təfəkkürlü lider olaraq son 15 ildə qarşıya qoyduğu ən mühüm vəzifələrdən biri də məhz milli inkişafda intellektual irəliləyişə nail olmaqla, dövlətin siyasi suverenliyinin, davamlı iqtisadi rifahının təmin edilməsindən ibarətdir. Dövlət başçısı İlham Əliyevin elmin inkişafına necə böyük önəm verdiyini son illər dövlət büdcəsində bu sahəyə ayrılan vəsaitlərin artım dinamikası  bir daha təsdiqləyir. 2003-cü ildən dövlət büdcəsi vəsaitlərinin ilbəil əhəmiyyətli dərəcədə artımı elm sahəsində məhz maliyyə çatışmazlığı səbəbindən uzun illərdən bəri yığılıb qalmış bir çox problemlərin həlli zərurətini aktuallaşdırmış, bu sahəyə ayrılan dövlət investisiyalarının həcmcə artımını təmin etmişdir.

 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında, eləcə də ötən il yanvarın 18-də iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə böhranın mənfi təsirlərinin aradan qaldırılması ilə bağlı həyata keçirilməli olan təxirəsalınmaz tədbirlər barədə danışarkən innovativ tərəqqinin vacibliyini xüsusi qeyd etmişdir. Son 2 ildə dövlət başçısı tərəfindən imzalanmış bir sıra fərman və sərəncamlar mahiyyətcə iqtisadiyyatın elmi-innovativ əsaslarla inkişafını stimullaşdırır. Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixdə imzaladığı "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" fərman ölkədə enerji resurslarından asılı olmayan dayanıqlı inkişaf modelinin formalaşdırılması baxımından vacib əhəmiyyətə malikdir. Sənəddə bir sıra sahələrlə yanaşı, elmin, insan kapitalının inkişafına da xüsusi diqqət çəkilmiş və qarşıda duran vəzifələr göstərilmişdir.

 

Sənəddə haqlı olaraq qeyd edilir ki, insan kapitalı əmək məhsuldarlığının artırılmasında, dayanıqlı iqtisadi artımda, istehsal və xidmət sektorlarının rəqabət qabiliyyətinin yüksəldilməsində, ölkənin qlobal bazarlara inteqrasiyasında həlledici rol oynayır: "Bunu əsas tutaraq, Azərbaycanda iqtisadiyyatın transformasiyası istiqamətində həyata keçiriləcək islahatların ayrılmaz tərkib hissəsi kimi, insan kapitalının inkişafında fasiləsizliyin təmin edilməsi, əmək məhsuldarlığının yüksəldilməsi və biliyin iqtisadi inkişafda rolunun artırılması ilə bağlı tədbirlər hərtərəfli dəstəklənəcəkdir. Bu, iki səviyyədə təmin ediləcəkdir:

 

1) insan kapitalının formalaşması və inkişafı üçün təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi;

 

2) əmək məhsuldarlığının yüksəldilməsini təmin etmək üçün insan kapitalının fasiləsiz inkişafının təmin edilməsi".

 

İnkişaf etmiş ölkələrdə milli sərvətin böyük hissəsini insan kapitalı təşkil edir və iqtisadi artımda intellektual əmək üstün çəkiyə malikdir. Ötən illər ərzində insan kapitalının inkişafı ilə bağlı tədbirlər müəyyən edilərək icra olunmuş və hazırda icra olunan bir sıra strategiya, dövlət proqramları və konsepsiyalarda da öz əksini tapmışdır. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikasında 2009 - 2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyası"nda və "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda elm və təhsilin inkişafı prioritet məsələlər kimi önə çəkilmişdir.  Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkı Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. Şübhəsiz, bu və digər tədbirlərin, sosial layihələrin uğurla reallaşdırılmasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətləri də xüsusi vurğulanmalıdır.

 

Prezident İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban xanım Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi, bu mənada, cəmiyyətin sosial sifarişinə əsaslanan tarixi qərar kimi qarşılanmışdır. 2016-cı il 26 sentyabr tarixli ümumxalq referendumunun nəticəsi kimi təsis edilmiş bu vəzifəyə çoxşaxəli fəaliyyəti ilə milyonların sevgisini qazanmış layiqli bir şəxsiyyətin təyin olunması Azərbaycanın müasir dövlət idarəetməsi sistemində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir.

 

Sonda xüsusi vurğulamaq istərdik ki, Prezident İlham Əliyevin son 15 illik fəaliyyətinin ən böyük uğurlarından biri də ölkədə milli ideyanın formalaşmasıdır. Bu gün ölkədə həyata keçirilən siyasətin başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsində yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin reallığa adekvatlığı isə qətiyyən şübhə doğurmur. Çünki bu gün Azərbaycana hər addımda ölkəni inkişaf etdirməyə, müasirləşdirməyə çalışan, yeni dünya nizamının tələblərinə cavab verən siyasət yürüdən müasir menecment təfəkkürlü və qətiyyətli lider rəhbərlik edir.

 

Xalqımız ölkədəki siyasi qüvvələr arasında azad və tərəddüdsüz, həm də doğru seçim edəcək qədər yetkin və müdrikdir. Bu müdrik seçim həm də obyektiv reallığa, ölkənin son 25 ildə keçdiyi tarixi inkişaf yolunun məntiqi yekununa, konkret desək, Azərbaycan vətəndaşının bugünkü yaşam tərzinə əsaslanır. Azərbaycan seçicisinin dəyişməz seçimini bu gün həm də dövlətin və xalqın maraqları şərtləndirir. Əminik ki, əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də vətəndaşlarımız Azərbaycanı davamlı yüksəlişə aparan, ölkənin qlobal uğurlarına yol açan, insanlarımızın həyat tərzində kardinal dəyişikliklərə səbəb olan alternativsiz siyasi kursun qələbəsinə səs verəcəklər.

 

525-ci qəzet  2018.- 5 aprel.- S.4.