"Molla Nəsrəddin" jurnalında demokratik cümhuriyyət ideyaları

 

XX əsrin mürəkkəb paradokslarla dolu ictimai-siyasi mühiti ilk satirik mətbuatımız olan "Molla Nəsrəddin" jurnalının yaranması zərurətini reallaşdırdı.

 

Jurnal nəinki Azərbaycan milli mətbuatına, ədəbiyyat tarixinə mədəniyyətinə böyük töhfələr verdi, hətta Şərq Qərb qovşağında sivilizasiyanın təkamülünə, təşəkkülünə formalaşmasına güclü təsir göstərdi.

 

"Əkinçi"dən başlayan milli mətbuatımız "Molla Nəsrəddin"də tamamilə fərqli, yeni bir istiqamətdə fəaliyyətini davam etdirdi. Jurnalın mövzu ideya qaynaqlarının zənginliyi onun geniş miqyasda yayılmasına məşhurlaşmasına gətirib çıxardı. Orijinal üslublu bu satirik jurnal Azərbaycan mətbuatının sonrakı inkişafına, təkamülünə geniş yol açdı ədəbi məktəb səviyyəsinə qədər yüksələ bildi. Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalı cəmiyyətdə mövcud olan həyati problemlərin həllinə yönəldilmiş real gerçəklikləri satirik tərzdə, Ezop dili ilə xalqa çatdırdı.

 

"Molla Nəsrəddin" jurnalının çoxsaylı mövzu problematikasında böyük azərbaycançılıq ideyası, öz xalqını azad, demokratik müstəqil görmək istəyi bütün fəaliyyəti boyu davam etmişdir. Bu taleyüklü problemin həlli istiqamətində ardıcıl prinsipial mübarizə aparan "Molla Nəsrəddin" jurnalı sonadək əqidəsinə sadiq qalmış, bir çox məhrumiyyətlərlə, təqiblərlə üzləşmişdir. Jurnal fəaliyyətə başladığı dövrdə (7 aprel 1906) Azərbaycan məmləkəti rus imperiyası tərəfindən istila edilmiş, çar hökumətinin zülm istibdadı altında hüquq azadlıqları boğulmuş, asılı bir vəziyyətə salınmışdır. Dövrün bir çox ziyalıları kimi mollanəsrəddinçilər Azərbaycanı qəsdən qəzalara, quberniya mahallara bölən, "parçala hökm sür" siyasətini yeridən imperiyanın riyakarlığını 25 il jurnalın səhifələrində yer alan satirik şeirlərdə, felyetonlarda, teleqraf xəbərlərində s. janrlı əsərlərdə tənqid atəşinə tutmuşlar. Azərbaycan dilini, ədəbiyyatını, mədəniyyətini, tarixini sıxışdıraraq öz içərisində əritməyə çalışan rus şovinizminin çoxqatlı çoxplanlı məkrli siyasətini Ezop dili ilə ifşa etmişlər.

 

"Molla Nəsrəddin" jurnalı milli-mənəvi dəyərlərimizin məhvinə çalışan imperialist qüvvələrə qarşı vahid mövqedən çıxış etməyin zəruriliyini gündəmə gətirir, xalqımızın öz müqəddəratını təyin etmək hüququna malik olduğunu geniş oxucu auditoriyasına çatdırırdı. Jurnal azad, müstəqil demokratik dövlət quruculuğuna nail olmağın yolunu milli birlikdə görür, xalq mənafeyini şəxsi mənafedən üstün tutmağın əhəmiyyətini açıqlayaraq yazırdı: " qədər ki, qamusları vərəqlədim, qədər ki, camaət içində dolandım, "millət" sözünü eşitdim, bir kitabda gördüm. O yerdə ki, lüğət kitabında gərək yazılaydı "millət", orada "millət" əvəzinə yazılıb: "şəxs". O yerdə ki, söz düşəndə gərək millət sözü danışıla, orada "əşxas" ləfzi istemal olunur. məhz bu səbəbdəndir ki, bizlərdə millət qorxuları şəxsi qorxular şəklində zühura gəlir, milli işlərimiz əvəzinə şəxsi dəsgahlar peyda olur". ("Molla Nəsrəddin", "Millət", "Molla Nəsrəddin" jurnalı, şumarə 1, Təbriz, 1299, səh.3).

 

Felyetonda Şərq və Qərb dünyasında bu qlobal problemə fərqli yanaşmanı müqayisələr, paralellər aparmaqla aşkara çıxaran müəllif acı təəssüf hissilə yazır: "Qərb mətai ilə Şərq mətai mabeynində həmişə bir fərq var, həmçinin, Qərb azadixahlığı ilə bizim azadixahlığımızda haman təfavüt əmələ gəldi ki, biz azadlıq binalarımızın bünövrəsini əşxas üstündə tikdik; millət üstündə tikmədik" (səh.4). Göründüyü kimi, felyetonda milli bərabərlik ideyası irəli sürülür, azadlığın ayrı-ayrı şəxslərə deyil, bütöv xalqa, məmləkətə məxsusluğu fikri ön plana çəkilir. Belə olduğu təqdirdə azadlığın əbədiliyi, daimiliyi tendensiyası dəstəklənir.

 

O yerdə ki, "mən" hissi "biz" hissini üstələyir, orada heç bir azad, müstəqil və hüquqi dövlətdən söhbət gedə bilməz. Jurnalın çox böyük uzaqgörənliklə öz səhifələrində dərc etdirdiyi bu aktual problemlər təkcə Azərbaycan xalqının deyil, bütövlükdə Şərq aləminin taleyüklü məsələsi kimi çağdaş dövrümüzdə də müasirliyini qoruyub saxlamaqdadır.

 

Cəlil Məmmədquluzadə "Təzə partilər", "Azadeyi-vicdan", "Xoşbəxtlik", "Firqələr davası", "Tüstü", "Misyonerlik" və s. məqalə və felyetonlarında özünün demokratik dövlət quruculuğu, azad seçki, hüquqi cəmiyyət, Azərbaycanda çoxpartiyalı sistemin əsas parametrləri, insan haqlarının, konstitusiya hüquqlarının qorunması kimi mühüm və önəmli problemləri diqqət mərkəzində saxlamışdır. C.Məmmədquluzadə Tiflisdə Müsəlman Milli Komitəsinin yığıncağında oxumaq üçün yazdığı "Cümhuriyyət" (1917) məqaləsində demokratik dövlət quruculuğunun əsas prinsiplərini belə şərh edir: "Cümhuriyyət", yəni latınca "Respublika" elə bir hökumətə deyirlər ki, orada məmləkətin idarəsi camaatın öz öhdəsində və ixtiyarındadır, necə ki, məsələn, Firəngistan, İsveçrə və qeyriləri" (C.Məmmədquluzadə. Əsərləri. Dörd cilddə. IV cild. Bakı, "Öndər nəşriyyat", 2004, səh.191).

 

Akademik İsa Həbibbəyli yazır: "... "Cümhuriyyət" məqaləsi Mirzə Cəlilin cəmiyyətşünaslıq görüşlərinin yekunu və zirvəsidir. "Cümhuriyyət" məqaləsi Cəlil Məmmədquluzadə demokratizminin nizamnaməsidir. Böyük demokrat ədib bu əsərində "padşahlıq taxtından yıxılan Nikolayın... idarəsi dağılandan sonra" ölkədə yaranmış mürəkkəb vəziyyətdə çaşqın qalan, yol axtaran azərbaycanlılara - həmvətənlərinə respublika tipli müstəqil dövlət qurmaq uğrunda səy göstərməyi zəruri saymışdır" (İsa Həbibbəyli. Ədəbi şəxsiyyət və zaman. Əsərləri. 10 cilddə. II cild. Bakı, "Elm və təhsil", 2017, səh.141).

 

C.Məmmədquluzadə məqalədə cümhuriyyət üsul-idarəsinin spesifik xüsusiyyətlərini, hüquqi cəhətlərini açıb göstərməklə yanaşı, məmləkətin idarə edilməsinin xalqın ixtiyarında və səlahiyyətində olması fikrini açıq-aşkar bəyan edir. Hətta özünə padşah adı qoyan bir şəxs millətin mənafeyinə zidd qərarlar qəbul edib, dövlətin daxili işlərinə qarışa bilməz fikrini irəli sürərək yazır: "Məmləkət müəyyən qanunlar gücü ilə idarə olunur. O qanunları yazan və təsdiq edən millətin məbusları, yəni vəkilləridir. Məmləkətin rəisinə "prezident" deyilir. Prezidenti ya millət özü seçir, ya parlaman, yəni millət vəkilləri seçir. Prezident məmləkəti idarə etməyə özünə köməkçi hesabında vəzirlər təyin edir". (C.Məmmədquluzadə. Əsərləri. Dörd cilddə. IV cild. Bakı, "Öndər nəşriyyat", 2004, səh.192).

 

Yazıçı məqalədə vəzirlərin vəzifəsini müəyyənləşdirir, onların prezidentə tabe olmaları faktını açıqlayır, bəzi vəzirlərin isə məclisi-məbusana tabe olmasını diqqətə çəkir. Məqalədə daha çox marağa səbəb olan mühüm məsələ xalqın, dövlətin əsas idarəedici qüvvəsi olan prezidentin səlahiyyətləri ilə bağlıdır. Yazıçı prezidentin xalq, millət qarşısında böyük məsuliyyət daşıdığını xüsusi nəzərə çarpdırır.

 

C.Məmmədquluzadə cümhuriyyət idarəsi seçkisinin dörd mühüm şərtini göstərərək bildirir ki, bu seçkiyə "dördüzvlü" və yaxud da "dördhissəli" seçkideyilir.

 

Çağdaş dövrümüzlə yaxından səsləşən bu seçki qayda-qanunlarının əsas prinsiplərinin birinci şərti "ümumilikdir, yəni məmləkətdə yaşayan nüfuzun cəmisi seçkidə iştirak etməlidir, bilatəfavüti-sinif, cins, din; yəni açığı budur ki, seçkiyə kişilər ilə övrətlər... xan da, rəiyyət də durmalıdır" (səh.192). Göründüyü kimi, yazıçı sinfi mənsubiyyətindən, cinsindən, dini-ayrı seçkiliyindən asılı olmayaraq, hamının eyni səlahiyyət və hüquqla seçkiyə qatılmasının vacibliyini gündəmə gətirir. Demokratik seçki zamanı seçicinin hansı təbəqəyə mənsubluğunu nəzərə almayan müəllif hər bir kəsin eyni səs hüququna malik olmasını qanunun aliliyinin qorunması faktı kimi dəstəkləyərək yazır: "Bu dörd şərtlərin ikincisi seçkinin müsavi olmağıdır; yəni səslərin bərabərliyi. Məsələn, mən əgər xan və bəyəm, mənim də səsim birdir, sən çoban və rəiyyətsən, sənin də səsin birdir. Demək, hər ikimizin səsi bərabərdir" (səh.192).

 

Məqalədə seçkinin obyektiv, düzgün keçirilməsinin zəruriliyi göstərilir və eyni zamanda, saxtakarlığın qarşısının alınması üçün hansı təxirəsalınmaz işlərin görülməsi, əsas məsələlərin təşkili və vəkillərin bu istiqamətdə görəcəyi işlər barəsində yazıçı müfəssəl məlumat verir: "Üçüncü şərt seçkinin düzbədüzlüyüdür. Bunun mənası budur ki, bir para seçkilərdə, məsələn kəndlilər qabaqca vəkilləri seçib göndərirlər şəhərə. Şəhərdə bu vəkillər qarışırlar qeyri şəhərlərin vəkillərinə. Dübarə vəkillər seçib göndərirlər qubernski şəhərə. Belə olanda aşkardır ki, əvvəlinci seçkidə səs verənlər bilməyəcəklər ki, aya axırıncı seçkinin vəkilləri kimin və hansı məbusun seçkilərinə səs verəcəklər. Bəs, bundan yaxşısı budur ki, hər bir kəs əvvəlinci seçkiyə duranda düzbədüz istədiyi məbusa rəy versin" (192).

 

Nəhayət, yazıçı seçkinin düzgün, ədalətli və qanunauyğun keçirilməsinin əsas atributlarından biri kimi onun məxfiliyini göz önünə gətirir: "Dördüncü şərt seçkinin gizli olmasıdır; yəni səs sahibi səsini elə gizlin verə ki, bir kəs xəbərdar olmaya ki, aya, bu kimə rəy verdi. Çünki aşkardır ki, çox adam var ki, utanmağaya qorxunu mülahizə edib, ürəyi istədiyi adamı qoyur kənara, istəmədiyinə rəy verir" (193).

 

C.Məmmədquluzadə məqalədə azad, müstəqil və demokratik bir cəmiyyətdə dini etiqadlara hörmətlə yanaşmağın labüdlüyünü, insanların yaşadığı məkanın tam bərabərhüquqlu vətəndaşı olduğunu, istədiyi dinə heç bir yad təsir olmadan sitayiş etmək hüququnun zəruriliyini də diqqət mərkəsində saxlayır. Yazıçının dini inanclarla bağlı verdiyi məlumat tolerant bir ölkədə qeyri millətlərin islam dininə birtərəfli, qərəzli və yanlış münasibəti, onu xristian dini içərisində əridib məhv etməyə göstərilən cəhdlər insanda ikrah hissi yaradır: "Cümhuriyyət" idarəsinin bir zinəti də var ki, o da tamam azadlıqdır. Bu azadlıq da neçə qismdir. Əvvələn, etiqad azadlığı; yəni bir fərd keyfi istədiyi dinə sitayiş etməyə, yainki bir dindən əl çəkib, qeyri bir dini qəbul etməyə azaddır. Yoxsa nəinki köhnə və çürük idarənin əsrində, məsələn, islamı tullayıb xaçpərəstliyi qəbul edənə ənam verilirdi, amma xaçpərəstin islam dini qəbul etməyə haqqı yox idi" (səh.193). Yazıçının verdiyi məlumatdan aydın olur ki, rus imperiyası dinlər arasında paradoksallığa, qeyri-bərabərliyə şərait yaratmış və xristian dininin islam dini ilə müqayisədə daha geniş arealda yayılmasına stimul vermişdir. Bu fərqlilik planlı şəkildə müsəlman dünyasına qarşı çevrilmiş məkrli və hiyləgər siyasətin ifrat təzahürü idi.

 

C.Məmmədquluzadə məqalədə dini azadlığın labüdlüyünü göstərməklə yanaşı, digər azadlıqların da demokratik cümhuriyyətin formalaşmasında həlledici amil olduğunu xüsusi qeyd edərək yazır: "İkincisi yığıncaq azadlığı; yəni camaatın bir yerə cəm olmağına heç bir surətdə maneçilik ola bilməz. Üçüncüsü - birləşmək azadlığıdır. Dördüncü çap eləmək, beşinci - danışmaq, altıncı - siyasi partiyalar düzəltmək və yeddinci - dilbir olub, həmtədbir olmaqdır" (səh.193).

 

"Budur cümhuriyyətin ən vacib əsasları!" - deyən müəllif məqalədə azaddemokratik bir cümhuriyyətdə mövcud olan müsbət keyfiyyətləri "böyük və gözəl nemət" adlandıraraq onu qorumağı, zalım padşahların və onların polislərinin xalqla kobud, qeyri-insani münasibətlərini unutmamağı tövsiyə edir.

 

Yazıçı sonda azadlıqsevər, demokratik düşüncəli insanlara səslənərək deyir: "Əgər bizdə insanlıq hissi hələ ölməyibsə - və güman edirəm ki, ölməyib, - o vədə gərək uca səs ilə cümhuriyyət qəhrəmanlarını alqışlayıb deyək: Yaşasın cümhuriyyət!" (səh.193).

 

Məqalənin yazılmasından 101 il keçməsinə baxmayaraq, orada qaldırılan məsələlər bu günöz əhəmiyyətini qoruyub saxlamaqdadır. C.Məmmədquluzadənin "Cümhuriyyət" məqaləsi Azərbaycan xalqını artıq bir neçə gündən sonra baş tutacaq prezident seçkilərinə, azad, müstəqil və demokratik bir dövlətin müqəddəratını və əbədiliyini qorumağa səsləyən "proqram xarakterli nizamnamədir".

 

Gülbəniz BABAYEVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixipublisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru 

 

525-ci qəzet 2018.- 5 aprel.- S.4.