Bəhram Fərmanzadənin şeirləri

 

Özümlə söhbət

 

("İşıqlı düşüncələr" silsiləsindən)

 

Qarşında kağız,

Əlində qələm.

Oturduğun boş otaq

Sehirli aləm.

Dərin fikirlərə

Dalıb səhərdən.

Oturub gah durub,

Var-gəl edirsən.

Ayrılma işıqlı

Düşüncələrdən...

Bəzən xəyala

Fikrə gedirsən.

Yazanlar çox olub,

Qəmdən-qəhərdən.

Gah şirin gülüşdən,

Qəhqəhələrdən.

Şair öz-özünə

Sual ver hərdən

Ayrılma işıqlı

Düşüncələrdən.

 

lll

 

Söz-möcüzəli

Simurğ tüküdür.

Bu yükü yüngül

Heç bilmə sən.

Həyatda ən ağır,

Sözün yüküdür.

Asandır dəryada,

Dənizdə üzmək.

Füzuli mülkündən

İncilər dərib,

Çətindir a şair,

Misraya düzmək.

Nizami babam da

Qələm göndərib.

Hər sözü inciyə,

Lələ döndərib.

Hadinin şeirində,

Gərək azasan,

Ələsgər sazında

Gərək köklənib,

Xətai dilində

Şeir yazasan.

 

lll

 

Bəzən adamı

Şöhrət aldadır.

Aldanma həyatda,

Uyma hər vədə.

Ayaqda gəzənin

Yeri daldadır.

Ucalar olurlar.

Hər vaxt zirvədə.

Yaxın ol xeyirə,

Uzaq ol şərdən...

Ayrılma işıqlı

Düşüncələrdən.

 

lll

 

Ürək yanmalıdır,

Bir can-ciyər.

Sözündə, dilində

Olmasa kəsər,

Nəsimi inciyər,

Vaqif küsər.

Şair! Öz-özünə

Sual ver hərdən.

Ayrılma işıqlı

Düşüncələrdən.

Sən şeir yazmağa

Görmü hazırsan.

Nədən başlayırsan

Nədən yazırsan...

 

lll

 

Şair! Sinəni hicranın

Oxu deşməmiş.

İlham köhlənindən

Hələ düşməmiş.

Zaman yetişməmiş

Vaxt ötüşməmiş.

Saçına düşəcək

Dən hərdən-hərdən.

Ayrılma işıqlı

Düşüncələrdən.

 

Şair!

İçində sükutun,

Buxovun qır-at

Əzəldir bu dünya

Şirindir həyat.

İlham al həyatdan,

Yaşa, yaz, yarat.

İlham köhlənini

Min hərdən hərdən,

Ayrılma işıqlı

Düşüncələrdən.

 

Şair!

Göylərdən ulduzu,

Dərib g ül kimi.

Gecənin pərdəsin.

Yığıb tül kimi.

Sinəndə xırdala

Sözü ləl kimi.

Günəşin özünü

Bir məşəl kimi.

Göylərdən endirib,

Sən al səhərdən

 

Ayrılma işıqlı

Düşüncələrdən.

Ayrılma işıqlı

Düşüncələrdən.

Fikir məni aparanda

 

Qandal yoxdu qollarımda,

Buxov yoxdu ayağımda,

Daha yoxdu bir arxamda,

Söykənməyə dayağım da.

 

Soyumuşam çöl-bayırdan,

Elə bil ki, soyuqluqda.

Mən şimalın buz dağıyam.

Qobustanda, Bayılda yox,

Öz evimin dustağıyam.

 

Fikir məni aparanda,

Gah dağdayam, gah aranda,

Külək əsib bir budaqdan,

Bir yarpağı aparanda.

 

Buludların arasında,

Gah uçuram, gah itirəm,

Bir dağdağan ağacı tək

Şiş qayanın başında mən,

Tək qalıram, tək bitirəm.

 

Fikir məni aparanda,

Sığınıram mən evimin,

Bir küncünə, bucağına.

Ayla, illə üz tutmuram.

İsti ata ocağına.

 

Fikir məni aparanda,

Əsən külək meh yerinə.

İsti məni qamçılayır,

Çəmən üstə şeh yerinə

Mənim qanım damcılayır.

 

Fikir məni aparanda,

Mən kiminsə yoxluğuyam.

Mən kiminsə göz dağıyam,

Öz evimdə mən özümün

Gecə-gündüz dustağıyam.

 

Fikir məni aparanda,

Öz evimdə öz-özümə

Xoflanıram, haylanıram.

Pəncərədən baş çıxarıb.

Barmaqlıqlar arasından

Bu dünyaya boylanıram.

 

Fikir məni aparanda,

Belə keçir günüm-ayım,

Budur mənim alın yazım,

Budur mənim qismət payım.

 

Fikir məni aparanda,

Hissi boğdum,

səbri boğdum

yaşatmadım.

Ömrüm boyu bir quşa da

Bostana da daş atmadım.

 

Çox görürəm:

Zəmanədən çox haqsızlıq.

Günahım ?

Günahsızlıq!

Günahım

Haqqın qulu

Üzüsulu

Olmağımdı

Günahım ,

Dörd divarın arasında,

Tək özümlə qalmağımdı.

Torpaq

 

Tanrı bizi xəlq edib,

Oddan, sudan, havadan.

Pərvazlandıq dünyaya,

Torpaq adlı yuvadan.

 

Bu torpaqdan çıxıbdı,

Çörəyimiz, suyumuz.

Torpaq üstə olubdu,

Nişanımız, toyumuz.

 

Çox döyüşlər gedibdi,

Ar, namus, papaq üstə.

Öləndə biz ölürük,

Bir qarış torpaq üstə.

 

Mən demirəm dünyadan,

Mən demirəm doyuruq.

Ötəndə yaş yetmişi,

Ömrü dincə qoyuruq.

 

Ağlayanda tökülür,

Torpağa göz yaşımız.

Bu torpaqdan ucalır,

Göylərə baş daşımız.

 

Ömrü zərrə-zərrə,

Torpaq üstə bölürük.

Torpaq üstə doğulub,

Torpaq üstə ölürük...

Laçının yollarında

 

Duman zirvəni alıb,

Dağlar xəyala dalıb.

Əlik balasız qalıb,

Laçının yollarında.

 

Qartal da qalıb qərib,

Lalə yanıb közərib.

Həsrətdən xalı sərib,

Laçının yollarında.

 

Qərib qalıb tut, vələs,

Necə alım mən nəfəs.

Dünya mənə dar qəfəs,

Laçının yollarında.

Öpərsən

 

Dostum Ənvər Əhmədə

 

Həyat mənə işgəncədi, zülümdü,

Bir kimsəm yox gözləyənim ölümdü.

Sənə qalan bircə ovuc külümdü,

Azad olan torpağıma səpərsən.

 

Xətainin qılıncını al görüm,

Gir döyüşə sağa-sola çal görüm.

Düşmənimi pərən-pərən sal görüm,

Qolda qüvvət, ürəyimdə təpərsən.

 

Pərvazlanıb qartal göydə süzəndə,

Güzgülənib sona göldə üzəndə,

Şamxoruzu fərəsini gəzəndə

Göndər mənə qaranquşdan xəbər sən.

 

Bu dünyanın üzü sevinc, kədərdi,

Demə qardaş əkmişdim, dərdi.

Bu dünyada var gəldi, gedərdi,

Başım üstə qılınc, qalxan, sipərsən.

 

Bir palıdam şimşək vurdu laxladım,

Öz kökümü, budağımı saxladım,

Ənvər Əhməd yaxşı, pisi yoxladım,

Qarabağın torpağından öpərsən.

Qaçqın

 

Sıldırımdan daş axdı,

Dərələrə helləndi.

Gözlərindən yaş axdı,

Yanağında selləndi.

 

Gözlərinin yağından,

Yağ tökdü qəndillərə.

Çarpaz sinə dağından,

Qalxıb baxdı çöllərə.

 

Baxdı fikir içində,

Baxdı ocaq yerinə.

Düşündü ki, vaxtsa,

Qayıdacaq yerinə.

 

Baxdı, yurduna, baxdı,

İçində dərd oyandı.

Gözlərindən yaş axdı

Yaşında mərd oyandı.

 

Gördü Koroğlu olub,

Gördü çətin anında.

Neçə igid dayanıb

Xan Eyvaz da yanında.

 

Gördü Koroğlu olub,

Gördü Qırat belində.

Qalxdı yağı üstünə

Misri qılınc əlində.

 

At üstəydi Nəbi ,

At üstəydi Həcər .

Gördü döyüşlər gedir,

Laçında, Kəlbəcərdə.

 

O, döyüş meydanına,

İgid kimi atıldı.

Döyüşdə Xan Eyvaza,

Soltan bəyə qatıldı.

 

O gördü bu savaşda,

Necə çalınır "Cəngi".

Qaldırılır Şuşada

Hünər, zəfər çələngi.

 

O gördü bu savaşda,

Millət necə oyanıb.

Döyüş gedəndə başda

Sərkərdəsi dayanıb!

Bu həyat şirindi, Dünya gözəldi

 

Köklü bir çinarın budağı kimi,

Bəzəkli bir gəlin otağı kimi,

İsmətli bir qızın dodağı kimi,

Sevgidə qönçədə uyuyan güldü,

Bu həyat şirindi, Dünya gözəldi.

 

Qaranlıq əriyib, işıqda batır,

Günəşə, işığa hər şey can atır.

Bir ovuc torpaqda xəzinə yatır,

Vətən torpağının daşı da ləldi,

Bu həyat şirindi, Dünya gözəldi.

 

Gecələr sayrışan ulduza bir bax,

Günəşin başına, fırlanır Yer bax.

Bundadır möcüzə, bundadır sirr - bax.

Kainat əbədi, Dünya əzəldi -

Bu həyat şirindi, Dünya gözəldi!..

Bir daha sən məni görməyəcəksən

 

Yuxuna girirəm,

yuxun da çindi.

Bu, həmin döngədi,

bu, həmin tindi.

Yüz dəfə yanından,

ötsəm də indi

Bir daha sən,

məni görməyəcəksən.

 

Bu, həmin döngədi,

həmin dalandı.

Desəm görüşərik,

desəm, yalandı.

Təkcə xatirələr,

yadda qalandı.

Bir daha sən,

məni görməyəcəksən.

 

Mən sizin küçədən,

keçib gedəcəm.

Köçəri quşlar tək

köçüb gedəcəm.

Özümə bir yuva

seçib gedəcəm,

Bir daha sən,

Məni görməyəcəksən.

 

Gözlərin gəzəcək,

qərib şəhəri.

Yanından yüz dəfə

ötəcəyəm mən.

Dönüb bənövşəyə

bir yaz səhəri,

pəncərən önündə

bitəcəyəm mən.

Bir daha sən

məni görməyəcəksən.

Bir daha sən,

məni görməyəcəksən...

 

Bəhram FƏRMANZADƏ

 

525-ci qəzet 2018.- 6 aprel.- S.6.