Xeyirxahlıq onun qayəsidir

 

XALQ YAZIÇISI ELÇİNƏ MİNNƏTDARLIQLA

 

Mən 1957-ci ildən dövrü mətbuatda şeirlərimlə çıxış etdiyimdən, Elçin Əfəndiyev məni qiyabi tanıyırdı. Amma Xalq yazıçısı Elçinlə ilk tanışlığımız cərrah işlədiyim 2 saylı Bakı şəhər klinik xəstəxanasında oldu.

 

O, əmisi Mustafa Əfəndiyevin xəstəliyilə əlaqədar, yaxın qohumluq əlaqələri olan, həm də bizim şöbə müdirimiz dosent Şəfa Xanoğlan oğlu Əliyevin yanına gəlmişdi. Elçin müəllimin əmisi klinikamızda hərtərəfli yoxlanıldı və ona lazımi məsləhətlər verildi. Onları hörmət-izzətlə yola saldıq. Elçin müəllimlə Yazıçılar İttifaqında görüşdük. O, mənim ədəbi yaradıcılığımla maraqlandı. Elçin müəllim bildi ki, şeir toplum qovluqla birgə beş ildən artıqdır ki, şair Cabir Novruzun sədri olduğu Qəbul komissiyasında qalıb. O mənə dedi ki, Cabir Novruz xaricdədir, mənimlə gedək. Elçin müəllimin kabineti ikinci mərtəbədə pilləkənin başında yerləşirdi. Qapını açdı, otağa daxil olduq. Elçin müəllim qovluğumu gətirtdirdi. O, qovluğun üstündə qırmızı qələmlə yazılmış "17" rəqəmini görüb dedi ki, həkim-şair siyahıda da on yeddinci yerdəsiniz. Bu o deməkdir ki, beş il gözləmisiniz, on yeddi il də gözləməli olacaqsınız. Çünki Moskvaya ildə bir nəfərin sənədlərini göndəririk. Həmçinin, başqa respublikalar da bu qaydaya riayət edirlər. Deməli, il ərzində Moskvada on beş şairin üzvlük məsələsi həll edilir. Bu proses düz bir il çəkir. Qaldı ki, bizim İttifaqa, şairlərin, yazıçıların üzvülük məsələsini Cabir Novruz həll etmir, içində mən də olmaq şərtilə, katiblik həll edir. Son qərarı da biz veririk. Baxırıq, SSRİ Yazıçılar İttifaqı üzvülüyünə kim layiqdir, kim yox.

 

Elçin müəllim qovluğu açdı. Xalq şairləri Mirvarid Dilbazinin, Bəxtiyar Vahabzadənin, həmçinin, hörmətli şairimiz, filologiya elmləri doktoru, professor Famil Mehdinin mənə yazdıqları və rus dilinə tərcümə olunmuş zəmanətlərini, həmçinin, şeirlərimi diqqətlə nəzərdən keçirəndən sonra, dedi ki, hər şey qaydasındadır. Elçin müəllim mənə dedi ki, çox qəribədir, sizdən çox-çox sonra ədəbiyyata gələnlər üzvlük bileti də alıblar, ev də alıblar, amma sizinüzvlük biletiniz var, nə də eviniz. Əlavə etdi ki, sizin hər iki dildə olan şeirlərinizi və zəmanətlərinizi əsas heyətə təqdim edəcəyəm, çalışacağam, sənədləriniz SSRİ Yazıçılar İttifaqına göndərilsin. Üzvlük bileti üçün bir ildən tez gəlməyin.

 

Elçin müəllimə - bu xeyirxah insana dərin minnətdarlığımı bildirib getdim. O gün sevincimin həddi-hüdudu yox idi. O gündən üzvlük biletinin arzusu ilə yaşadım. Mənə elə gəlirdi ki, günlər gec gedir, aylar bitmək bilmir. İki ayı güc-bəla ilə, birtəhər yola verdim. Üçüncü ayda hövsələm tamam tükəndi. Fikirləşdim ki, Elçin müəllimin işi başından aşır. Bir yandan "Vətən Cəmiyyəti"nin tükənməyən problemləri, xarici səfərlər, dövlət tədbirləri, digər tərəfdən Yazıçılar İttifaqındakı səmərəli fəaliyyəti onun bütün vaxtını alır. Buna görə də bir ilin ərzində Elçin müəllimin yadında qalacağıma inamım yox idi. Odur ki, Yazıçılar İttifaqına getməyə qərar verdim. Onun kabinetinin qapısını yavaşca taqqıldatdım və qapını azacıq araladım. Elçin müəllim məni görcək dedi ki, Ramiz Mövsüm, buyurun içəri. Xeyir ola?! Axı biz danışdıq ki, bir ildən tez gəlməyəsiniz. Dedim ki, Elçin müəllim, inanın, hövsələm daraldı. Neçə illərdir ki, məni get-gələ salıblar. İndi də fikirləşdim ki, sizin o qədər işiniz var, mən bu bir ilin ərzində yadınızda qala bilərəmmi?.. Elçin müəllim mənə dedi ki, xahiş edirəm, masaya yaxınlaşasınız. Mən üzərinə qalaq-qalaq müxtəlif sənədlər, qovluqlar yığılmış masaya yaxınlaşdım. O, bir qovluğun üstünə qoyulmuş qəzeti götürdüsoruşdu ki, bu qovluq sizinkidirmi? Dedim ki, bəli!.. Elçin müəllim dedi ki, sizin qovluğu içərisi basırıq olan şkafdan çıxardıb, gözümün qabağına qoymuşam ki, verdiym vədə xilaf çıxmayım. Dedi ki, arxayın gedin. İnşallah, bir ildən sonra görüşərik. Elçin müəllim əlaqə saxlamaq üçün məndən telefon nömrəsini istədi. Kirayədə qaldığım evdə telefon olmadığından, anamgilin telefon nömrəsini verdim. O, mənə dedi ki, bir ildən tez üzvlük bileti gəlməyəcək. Gələndə, telefonla xəbər verəcəyəm!.. Sizə yaradıcılıq uğurları arzulayıram... Elçin müəllimə təşəkkür edib, getdim.

 

Düz bir ilin tamamında Elçin müəllimdən anama zəng gəldi. Demişdi ki, gözünüz aydın olsun, Ramizin Moskvadan üzvlük biletini göndəriblər, deyin ki, gəlib götürsün.

 

Anam da öz növbəsində çox hörmətli yazıçımıza dərin minnətdarlığını bildirmişdi.

 

O gün elə bil qanadlı quş idim. Yazıçılar İttifaqına sanki uçaraq getdim. Elçin müəllim qırmızı cildli üzvlük biletimi mənə təqdim edib, əlimi sıxdı: - Ramiz Mövsüm, sizi ürəkdən təbrik edirəm! Yeni-yeni əsərlərinizi gözləyirik.

 

Mən də Elçin müəllimə öz dərin təşəkkürümü bildirdim. Sonra o dedi ki, daha üzvlük biletiniz var, indievin sənədlərini hazırlayın. Yazıçılar üçün evin tikilməsi planlaşdırılıb. Sizino binadan ailə tərkibinə uyğun mənzil almaq haqqınız var. Elçin müəllimin köməkliyilə, Əcəmi Naxçıvani küçəsində yazıçılar üçün tikilən 12 mərtəbəli binada üç otaqlı evlə təmin olundum. Mənə etdiyi bu təmənnasız yaxşılıqlara görə Elçin müəllimə minətdaram, xeyirxahlığı ilə hər kəsə nümunə olan, ziyalı zümrəsinin işıqlı nümayəndəsi, dünya şöhrətli yazıçı-dramaturq, xalqın ləyaqətli oğlu Elçin Əfəndiyevə uzun ömür, cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

 

Ramiz MÖVSÜM

 

525-ci qəzet 2018.- 6 aprel.- S.7.