Rəsul Rza fenomeni

 

Zemfira MƏHƏRRƏMLİ

 

Görkəmli söz ustası, Xalq şairi Rəsul Rza yüksək sənətkarlıqla qələmə alınan, dərin fəlsəfi məzmunlu əsərləri ilə ədəbiyyat tariximizdə öncül yerlərdən birini tutur. O, yeni ədəbiyyat uğrunda mübarizə dövründə qələmə sarılmışdı.

 

17 yaşında ikən "Bu gün" adlı ilk şeiri ilə ədəbiyyata gələn Rəsul Rza məhz bu günün şairi olduğunu bəyan etmiş, müasirlik ruhu ilə seçilən gənc şair kimi maraq doğurmuşdu. Böyük Vətən Müharibəsi dövründə hərbi müxbir kimi fəaliyyət göstərən gənc Rəsulun xalqın düşmənə nifrətini əks etdirən, döyüş əzmini, zəfər gününü yaxınlaşdırmaq üçün arxa cəbhənin ön xəttə köməyini tərənnüm edən nəzm nümunələri "Vətən" (1942), "İntiqam, intiqam!" (1943) şeir kitablarında oxucuların ixtiyarına verildi.

 

Vuruşdular,

son gülləyə,

son süngüyə

son qundağa qədər.

Vuruşdular,

hər şey qırmızı geydi

daşdan torpağa qədər.

Vuruşdular

Son nəfəsə qədər...

Öldülər

ayaqları altında

Vətən torpağı.

 

Həmin illərdə onun "Ölməz qəhrəmanlar" (1942), "Qəzəb məhəbbət" (1943) adlı hekayə oçerk topluları, həmçinin, "Vəfa" (1943) pyesi işıq üzü gördü. O, sonralar "Görüş" radiopyesini qələmə almışdı.

 

Geniş diapazona malik yaradıcılığı ilə fərqlənən şairin sonrakı dövr əsərlərində acılı-şirinli gerçəkliyə dərin fəlsəfi yanaşma, həyatın qatlarına enməklə bədii idrakın əks etdirilməsi daha qabarıq görünürdü. Fikir, mövzu dairəsi xeyli dərəcədə yeniləşmiş forma məzmun axtarışları genişlənmişdi. "Pəncərəmə düşən işıq" (1962), "Duyğular, düşüncələr" (1964), "Dözüm" (1965) şeir kitabları fikrimizə sübutdur.

 

Ədəbiyyatımızın inkişaf yollarını təqdir edən, açdığı özünəməxsus cığırla, poeziyamıza gətirdiyi töhfələrlə geniş ədəbi nəhrə qovuşan R.Rza "Qızılgül olmayaydı" kimi ictimai-siyasi səciyyəli, həm mübariz ruhlu mənzum əsərini yazmaqla bədii fikrimizdə bir təlatüm yaratdı. Şairin 60-cı illərdə ərsəyə gətirdiyi həmin poema yaddaşlarda indi ölümsaçan kabus kimi xatırlanan 37-ci il repressiyasına, bu müdhiş dövrün qurbanlarından olan qüdrətli şairimiz Mikayıl Müşfiqin xatirəsinə həsr edilib. Ədəbiyyatımızda lirik-epik səpkidə qələmə alınmış bu mənzum faciə repressiya mövzusunda ən dəyərli əsərlərdən biri hesab olunur.

 

Gecə qapım döyüldü.

Görəsən, kimdir gələn!

- Kimsən?

- Mən!

Açdım qapını.

Baxdım.

Baxdım.

Yox, tanımadım.

Vahimədən qorxan körpə kimi

Çəkildim addım-addım...

 

Şair öz qəhrəmanının acınacaqlı taleyi ilə ötən əsrin 30-cu illərinin məşəqqətlərini, keçmiş sovet üsul-idarəsinin qəddarlığını, antihumanizmini açıb göstərmişdir. Taleyi hələ gənclik çağlarında qara daşlara dəyib çilik-çilik olan nakam şairimizin həyat yoldaşı Dilbər xanımla söhbət şəklində süjet xətti qurulan əsər elə bu ürəkgöynədən təhkiyə ilə sonadək davam etdirilib:

 

- Tanıdınızmı? - dedin.

- Tanıdım...

Bu, sən idin!

Onun, onun Dilbəri...

 

Dəfələrlə çap olunan, oxucu sevgisi qazanan, son vaxtlarda isə Azərbaycan Sevgi Poeziyası toplusuna (Bakı, 2008) daxil edilən bu poema şairin həm bədii cəhətdən, həm məna tutumuna görə ən güclü əsərlərindəndir.

"Könül səsləri", "Calasan günü-günə", "Dünən, bu gün, sabah", "Həyat duyumları", "Güneylər, qüzeylər" s. şeir kitablarında da istedadlı söz adamının sənət inciləri toplanıb. R.Rza həm gözəl poemalar müəllifi kimi tanınıb. "Bir gün insan ömrüdür", "Xalq həkimi", "Qız qalası", "Son gecə" s. poemalarında insanpərvərlik, humanizm, nəciblik kimi ali məziyyətlər qabardılır, laqeydlik, biganəlik qınağa çəkilir.

 

Novatorluq R.Rzanın sonrakı dövr yaradıcılığında da mühüm yer tutur. Şairin nəinki Azərbaycan poeziyasında, həmçinin, dünya ədəbiyyatında diqqətçəkən bir yenilik kimi qarşılanmış "Rənglər" (1962) silsiləsində insanların mənəvi dünyası müxdəlif rənglərin yaratdığı duyğular, hiss-həyəcan vasitəsilə əks etdirilib.

 

Türk dünyasının böyük şairi Nazim Hikmət bu əsərlə bağlı yazmışdı: "Rəsul Rza isə təzə bir şey yaradıb. Bu, poeziyada tamamilə özünəməxsus bir yoldur. "Rənglər"də R.Rza özü-özünü ötüb keçib".

 

"Sezarın, Van Qoqun, Deqanın pərəstişkarı olan R.Rza qələmində qarşısıalınmaz harmoniyası açılan rənglər ilkin folklor anlamına uyğun şəkildə, yəni " - təmizlik", "qara - matəm", "qırmızı - qəzəb" s. kimi elementar səciyyələr daşımır. Müəllifin bu ya başqa rəngə fərdi yanaşması sayəsində hər bir şeir digərindən qəti şəkildə fərqlənir, tamamilə sərbəst tonda səslənir" (İlya Selvinski). Gözəl şairimiz Ramiz Rövşən isə "Poeziyamızda intibahın beşiyi başında duran şair R.Rza oldu" deyir.

 

Söz sərrafının hələ gənclik illərindən üzübəri qələmə aldığı məhəbbət şeirləri (bu nəzm nümunələrinin müəyyən hissəsi R.Rzanın sevimli ömür-gün yoldaşı, xalq şairi Nigar Rəfibəyliyə həsr edilib) Azərbaycan poeziyasını rövnəqləndirirdi. Yurdumuzun şair oğlunun bənzərsiz poetik düşüncələri sevgi şeirlərində qol-qanad açmışdı. Hələ 1934-cü ildə yazdığı "Əfv etdim hər şeyi" şeirində oxuyuruq:

 

Yuxumda bu gecə dodaqlarından

Öpürkən qəlbimin əsdi telləri.

Görünür ağlımmış səni unudan

Könlümün bu işdən yoxmuş xəbəri.

 

Şair "Bəlkə yarım gələr oldu" şeirində isə:

 

Dərələrdən ağır duman sürünür,

Göy yamaclar örpəyə bürünür.

O aydırmı çıxdı qara buluddan,

Yoxsa yarım gözlərimə görünür

 

- söyləyir.

 

R.Rza yaradıcılığının bir hissəsini isə onun publisistik əsərləri epistolyar irsi təşkil edir. Söz ustasının tərcüməçilik fəaliyyəti məhsuldar olmuşdur. Şair N.Gəncəvinin "Xosrov Şirin", Esxilin "Zəncirlənmiş Prometey" əsərlərini, V.Mayakovskinin şeir poemalarını, Nekrasovun "Rus elində kimin günü xoş keçir" poemasını, C.Bayron, A.S.Puşkin, M.Y.Lermontov, A.Blok, H.Heyne, Nazim Hikmət, F.Qarsia Lorka digər məşhur şairlərin əsərlərini ana dilimizə çevirib. Onun əsərləri bir sıra xarici dillərə tərcümə edilib.

 

Şair uşaqları da unutmur, onlar üçün yazırdı. Onun "Balacaların şəkilli təbiət ensiklopediyası" seriyasından çap olunan kitabçalarında körpə ruhunu, uşaqların maraq dünyasını əks etdirən şeirləri toplanıb.

 

Nəğməkar şairin sözlərinə bəstələnmiş mahnılar bu gün dillər əzbəridir. T.Quliyev, R.Hacıyev, E.Sabitoğlu, Ə.Tağıyev T.Hacıyev kimi unudulmaz sənətkarlarımız R.Rza poeziyasına daha çox müraciət ediblər.

 

"Üzüyümün qaşı firuzədəndir", "Sənə qalmaz", "İnsaf da yaxşı şeydir", "Bakı", "Gilavar", "Ay Gəncəm" digər mahnıları, o cümlədən, bəstəkar V.Adıgözəlovun şairin şeirləri əsasında bəstələdiyi "Qəm karvanı" oratoriyası bu qəbildəndir.

 

Rəsul Rza deyəndə, ilk növbədə, Azərbaycanın xalq şairi, dramaturq, tərcüməçi, publisist, eyni zamanda, Əməkdar incəsənət xadimi, Sosialist Əməyi Qəhrəmanı kimi fəxri adlara layiq görülmüş bir şəxsiyyət göz önünə gəlir. Yaradıcılıqla yanaşı, ictimai-siyasi fəaliyyətlə məşğul olan şair bir çox dövlət vəzifələrində çalışıb. O, 1938-1939-cu illərdə Azərbaycan Yazıçılar İttifaqının sədri, 1945-1948-ci illərdə Azərbaycan Kinematoqrafiya naziri, 1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasının baş redaktoru olub. 1964-cü ildən SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü idi.

 

Azərbaycan ədəbiyyatı mənəviyyatı tarixində R.Rza fenomeni mövcuddur bu, danılmaz bir gerçəklikdir.

 

Ömrünün 71-ci baharında dünyasını dəyişən sevimli şairimizin həmişəyaşar poeziyasına maraq heyranlıq bu gün azalmayıb.

 

 

 

525-ci qəzet 2018.- 10 aprel.- S.6.