Yeni orfoqrafiya layihəsilə bağlı qeydlər

 

Azərbaycan dilinin orfoqrafiyası üçün fonetik prinsipin üstünlük təşkil etdiyi deyilsə də, əslində, iltisaqi dil kimi, Azərbaycan dili orfoqrafiyasında tipoloji-morfoloji qanunauyğunluqdan doğan və fonetik-fonematik göstəricilərlə möhkəmlənən qaydalar işlək olduğundan bu məqamı nəzərə alaraq morfonoloji prinsipdən danışmaq, fikrimizcə, daha düzgün olardı.

 

Hind-Avropa dilləri üçün fonetik, morfoloji, ənənəvi... prinsiplərdən danışmaq olar, bu, flektiv dillər üçün keçərlidir, lakin daxili inkişaf qanunauyğunluğunu qoruyub saxlamış iltisaqi dillər üçün ayrılıqda fonetik və ya morfoloji prinsiplə yanaşma nəticə vermir. (Biz inkişaf qanunauyğunluğunu qoruyub saxlayan dillər üçün dedikdə, bəzi müasir türk dillərində təəssüf doğuracaq inkişaf tendensiyasının mövcudluğunu və acı nəticəsini nəzərdə tuturuq - məsələn, müasir tatar dilində ahəng qanunu (hətta saitlərin ahəngi) demək olar ki, aradan qalxıb). Fikrimizi geniş ictimaiyyətin müzakirəsinə təqdim olunan "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsinin bir maddəsi ilə bağlı (69-cu maddə) qeydlərlə əsaslandırmağa çalışacağıq.

 

69. Vaxtilə apostrofla yazılan cürət, məşəl, vüsət və s. sözlər apostrofa görə cür-ət, məş-əl, vüs-ət kimi sətirdən sətrə keçirilirdi. Bu qəbildən olan sözlərin aşağıdakı şəkildə sətirdən sətrə keçirilməsi məqsədəuyğun sayılır: Qu-ran, cü-rət, he-yət, Kə-nan, mə-sud, mə-sul, mə-şəl, Sə-nan, sü-rət, vü-sət və s.

 

Azərbaycan əlifbasının dəyişilməsi faktı orfoqrafiyada bu günə qədər davam edən bir sıra problemlərin həllini tapmamasına şərait yaratmışdır. Latın qrafikalı əlifbaya 1922-ci ildən keçilsə də (1929-cu ilədək ərəb əlifbası ilə yanaşı işlənmişdir), ərəb və fars dillərindən alınan bəzi sözlərin orfoqrafiyasının sabitləşməsi, dilimizin qanunlarına uyğunlaşdırılaraq həqiqi mənada mənimsənilməsi ilə bağlı problem bu günədək davam etməkdədir. Ənənəvi prinsipin tətbiqi bir çox hallarda dilimizin qaydalarının pozulmasına gətirib çıxardığından (alınmaların fərqli tipoloji quruluşa malik dilə mənsub olduğunu nəzərə alsaq - ərəb d.) ... bir əsrdən artıq vaxt keçsə də, ərəb əlifbasından irəli gələn imla xüsusiyyətləri davam etməkdədir.

 

Hələ 1931-ci ildə imlası "problem"li bu alınmaların "apostrof"suz yazılması təklif olunur: "Ərəbcə "ayn" və "həmzə" müqabilində işlədilməkdə olan apostrof tamamilə aradan qaldırılmalıdır: məsələn, sual, məsul, məzun, məlum, saat, lənət, ... alim, cəmiyyət, camaat, sənaye, mənafe və sairə" (Kommunist, 16.01.1931).

 

1939-cu ildə nəşr olunan "Azərbaycan dilinin orfoqrafiya qaydaları" kitabçasında bu təkliflərin bəzisi təsdiqini tapsa da, digərləri diqqətdən kənarda qalmışdır: sual, Cəfər, dəfə, cəm, növ, qəm, mövzu, mənbə, sənaye sözlərinin apostrofsuz yazılmalı olduğu qeyd olunsa da (33), növbəti üç paraqrafda müxtəlif söz qruplarının apostroflu yazılışı təsdiqlənir: birinci hecadan sonra saitlə samit arasında və samitlə sait arasında apostrof olan bir qrup söz - sür'ət, bə'zən, bə'zi, mə'lum, e'lan, mə'na, məs'ul, cür'ət ... (34); xüsusi beynəlxalq isimlər əslində apostrof varsa - O'Konnor..(35); rus dilində saitdən əvvəl yazılan c və ğ işarələri əvəzinə - Mol'er, fel'eton, atel'e, ob'ekt...(35). (3-də "e" hərfinin iki funksiya daşıdığı, söz və heca başında (saitlərdən və apostrofdan sonra) y+e hərfini əvəz etdiyi qeyd olunmuşdur). O'Konnor kimi sözlərdə müəyyən fasilənin ifadəsi üçün, atel'e kimi sözlərdə isə y hərfinin yazıda faktiki olaraq yazılmaması heca ayırımı üçün apostrofdan istifadə zərurətini meydana çıxarmışdır.

 

Eyni bəndlər 1940-ci ildə nəşr olunan "Azərbaycan dilinin orfoqrafiyası" məcmuəsində də əksini tapmışdır (s. 9-10).

 

1955-ci ildə nəşr olunmuş"Azərbaycan dilinin orfoqrafiyası" məcmuəsində rus və Avropa dillərindən alınmalarla bağlı bənd olmasa da, maraqlı bir qeydə rast gəlirik: "Şeir və feil sözlərinə saitlə başlanan şəkilçi bitişdirildikdə bu sözlərin kökündə olan i saiti əvəzində apostrof qoyulur - şe'rin, şe'rə, fe'lin, fe'lə..." (s.19). Bu məcmuədə 35-ci bənd apostroflu sözlərin yazılışını əks etdirir:

 

a) uzanan ə, e, ö saiti ilə bitən heca ilə samitlə başlanan heca arasında - bə'zən, e'lan, mə'lum...

 

b) birincisi samitlə bitən, ikincisi saitlə başlanan və ayrı tələffüz edilən iki heca arasında - cüz'i, sür'ət, məs'ul, cür'ət... (s.19).

 

Qeyd olunan dövrdə (2004-cü ilə qədər) Azərbaycan dilində apostrofun funksiyasından bəhs olunduqda yazıda iki məqsədlə işlədildiyi qeyd olunurdu: 1. Apostrof saitdən sonra, samitdən əvvəl qoyulmaqla həmin saitin uzun tələffüz olunmasını göstərirdi. 2. Ərəb mənşəli sözlərdə apostrof samitdən sonra və saitdən əvvəl qoyulmaqla samiti saitdən ayırır və saitin aydın tələffüz olunmasına imkan yaradırdı.

 

Ünsiyyət prosesinin son mərhələsini nitq siqnalının dinləyici tərəfindən qavranılması - perseptiv istiqamət təşkil edir. Dinləyicinin çatdırılan informasiyanı düzgün mənimsəməsi danışan qarşısında bəzi tələblər qoyur. Bunlardan biri də perseptiv baxımdan əhəmiyyətli olan akustik əlamətlərin düzgün və dilin tipoloji quruluşunun tələblərinə uyğun tələffüzüdür.

 

Təkamül prosesində nitq və eşitmə aparatı paralel şəkildə inkişaf etdiyindən insan məhz nitq siqnallarını digər səslərdən daha yaxşı eşidir. Bir saniyədə insan 30-a qədər nitq vahidini, yalnız 1 başqa vahidi qavramaq iqtidarındadır. Nitq siqnalının perseptiv seqmentasiyası nitqin qavranılmasının başlıca mərhələlərindəndir. Bu prosesdə akustik "açar" rolu oynayan əlamətlərin xüsusi rolu var. Bütövlükdə qavrama təfəkkürün "dərin" qatlarındakı hazır modellərə əsaslandığından dilin tipoloji quruluşundan və tarixi inkişaf xüsusiyyətlərindən asılı olaraq müxtəlif dillər üçün fərqli ola bilər. Alınmaların hər bir dildə mövcud "qəlib"lərəuyğunlaşdırılması bu baxımdan təbiidir. Təhlil və aparılan təcrübələr göstərir ki, xətti vahidlərin adi düzülüşündən (semantik və qrammatik məna) daha çox superseqment vahidlər - vurğu və intonasiya akustik "açar" kimi çıxış edərək nitqin düzgün və rahat qavranılmasına şərait yaradır. Görünür, insan qavrama zamanı nitqi ilkin olaraq nitq siqnalının ən dayanıqlı elementlərindən biri kimi sözün ritmik strukturu və əvvəlki səsin sonrakı səsin artikulyasiya xüsusiyyətlərinə uyğunlaşması şəklində təzahür edən koartikulyasiya qaydalarının (məs., dodaqlanan saitdən əvvəlki səsin dodaq əlaməti qazanması - boz - biz) müşahidə olunduğu heca çərçivəsində təhlil edir, daha sonra xətti seqmentlər diqqətə alınır.

 

Fonetik söz (takt), sintaqm və söyləm kimi superseqment vahid olan heca xətti vahidlərlə yanaşı, prosodik əlamətləri də (vurğu və intonasiya) özündə ehtiva edir. Dil vahidləri aid olduğu dil səviyyəsini təmsil edən vahidlər (məs., fonem, morfem...) və dildə konkret vahid kimi mövcud olmayıb abstrakt sxem kimi mövcud olan bu anlayışlar söyləm formalaşanda meydana çıxır (söz birləşməsi, cümlə...). Heca da digər superseqment vahidlər kimi ikinci qrupa aiddir - biz dildə mövcud olan bütün hecaları yox, onların mümkün tip və qəliblərini yadda saxlayırıq.

 

Nitqin ən kiçik törəmə və qavrama vahidi olan hecanın yerinə yetirdiyi funksiya nəzərə alınarsa, hecanı təşkil edən elementlərin qarşılıqlı təsiri, daxili vəhdəti, vurğu və tonun əks olunduğu sahə kimi məsələləri diqqət mərkəzində saxlamaq lazım gəlir. Mühüm məsələlərdən biri də ondan ibarətdir ki, heca nitqin ahəngdarlığı və ritmin formalaşmasında mühüm vahid kimi çıxış edir.

 

Universal göstəricilərdən biri kimi, hecanın yerinə yetirdiyi nitq aerodinamikası funksiyası - tənəffüs zamanı hava axınının qalxıb-enməsi hər bir dil üçün formalaşmış xüsusi qəlibə, bəlli alqoritmə malikdir. Heca ilə bağlı müxtəlif nəzəriyyələr mövcud olsa da, onlardan ən geniş yayılanlarından biri ekspirator nəzəriyyədir. Bu nəzəriyyəyə əsasən, bir heca bir nəfəsvermə dalğası ilə tələffüz olunur və tərkibindəki sait səsin hesabına eşidilir (R. Stetson, 1951, s. 36). Heca ilə bağlı digər nəzəriyyəyə - "əzələ gərginliyi" nəzəriyyəsinə əsasən, nitq prosesində bir heca vahid əzələ gərginliyi şəraitində tələffüz olunur. Bu zaman tənəffüsün xüsusi alqoritm üzrə vərdişə çevrilməsi müşahidə olunur. Ümumi cümlə intonasiyasında olduğu kimi, hecaların da xüsusi ton göstəriciləri mövcuddur və bu qəliblər akustik-artikulyasiya xüsusiyyətləri ilə yanaşı, etnopsixoloji, mədəni, sosial amillərin də təsiri ilə formalaşır.

 

Morfonoloji quruluş heca modelləri və hecalanma prinsipləri ilə sıx bağlıdır (F. Cəlilov, 1988, s.47). Azərbaycan dili üçün 6 səciyyəvi heca modelindən bəhs edən F.Cəlilov nitq axınında Azərbaycan sözlərinin daha çox CV və CVC modelləri üzrə getdiyini, hətta dördüncü hecadan sonra yalnız bu modellərin işləndiyini qeyd edir (F.Cəlilov, 1988, s.49). Qu-ran, cü-rət, he-yət, Kə-nan, mə-sud, mə-sul, mə-şəl, Sə-nan, sü-rət, vü-sət ... kimi sözlərin CV - CVC modelinə uyğun hecalanması dilimizin hecalanma prinsipinə tam uyğundur. Nitq axınının hecalanma meyarından bəhs edən Ə. Dəmirçizadə qeyd edir ki, nitq axınında iki sait arasında bir samit varsa, həmin samit ikinci saitə qoşulmaq şərti ilə belə nitq axını birincisi açıq, ikincisi örtülü olmaq üzrə iki hecaya bölünür: a-ta, a-na (Ə.Dəmirçizadə, 2007, s.96).

 

İlk hecadan sonra gələn hecaların adətən örtülü olmasının (samitlə başlamasının) Azərbaycan dilində hecalanmanın əsas xüsusiyyəti olduğunu qeyd edən A. Axundov yazır ki, "dilimizdə yalnız başqa dillərdən keçən bəzi sözlərdə (mənsub olduğu dilin hecalanma xüsusiyyətini saxlayan vüs'ət, məs'ul, məs'ud... tipli sözlərdə) söz və ya söz-forma daxilində açıq hecalar işlənə bilir" (A.Axundov, 1984, s.268).

 

Sözlərin hecalanmasında kök və şəkilçilərin hüdudu, bir sıra hallarda, heca hüdudu ilə düz gəlməyərək itdiyi kimi, qitə və ibarələrin hecalara parçalanmasında da sözlərin hüdudu itə bilir - əl-ə-li, diz-di-zi... ; gül al - gü-lal, dil aç - di-laç(Ə. Dəmirçizadə, 2007, s.95-96)

 

Nitqin digər fonetik həlqələrindən fərqli olaraq heca zərbə, fasilə kimi prosodik xüsusiyyətləri daha qabarıq şəkildə əks etdirdiyindən bəzi alınma sözlərdə müşahidə olunan "yad" heca modelləribelə sözlərin nitq axınında "çətin" və "fərqli" tələffüzü ilə nəticələnir.

 

Ümumilikdə, morfonoloji quruluşun müəyyənləşməsində və tənzimlənməsində hecalanma xüsusi əhəmiyyətə malikdir - təsadüfi deyil ki, nitqin qavranılmasında heca xüsusi nitq kəsiyi kimi əhəmiyyətlidir.

 

Sözün hecaya bölünməsi ilə bağlı meyarlar adətən alınma sözlərlə bağlı mübahisə doğurur. Mübahisə meydana çıxdıqda mövcud universal nəzəriyyələr nəzərdən keçirilir, dilin inkişaf qanunauyğunluqları və dil daşıyıcılarının dil kompetensiyası nəzərə alınaraq daha uyğun gələn varianta üstünlük verilir.

 

Dilin başlıca fonoloji qanunauyğunluqları, yolverilən və mümkün olmayan məqamlar xüsusi kodu əks etdirdiyindən bu dildə heca, vurğu, seqment bölgüsü ilə bağlı mühüm nəticələri ümumiləşmiş şəkildə əks etdirir. Azərbaycan dilinin fonoloji strukturu üçün iki sait səsin yanaşı işlənməsi, bir neçə samitin söz əvvəlində yanaşı işlənməsi səciyyəvi olmadığından bəzi alınmaların mənimsənilməsində problem meydana çıxır. Dilin ümumi seqment bölgüsü və eləcə də hecalanma qanunlarına uyğun gəlmədiyindən belə sözlərin tələffüzü nitq axınında problem yaradaraq bütün səviyyələrdə nitq seqmentlərinin (heca, söz, söz birləşməsi, sintaqm, mətn) üzərində əlavə "çalar" qazandıran fonetik vasitə kimi təzahür edərək (zaman, güc, yüksəklik və s.) ümumi fonda mənanın formalaşmasına və dəyişilməsinə zəmin yaradan ümumi prosodiya mənzərəsinin -məxsusi intonasiyanın dəyişilməsi və dil daşıyıcıları tərəfindən nitqin qavranılmasındaçətinliklərin meydana çıxması ilə nəticələnir.

 

Nitq axınında heca bölgüsünün söz kökü və şəkilçi baxımından fərqli hüduda malik ola bilməsini, bu fərqin kəmiyyət və keyfiyyət dəyişməsi olaraq iki şəkildə təzahür etdiyini yazan Ə.Dəmirçizadə (2007, s.98) birinci halda səsin kökdən şəkilçiyə və ya şəkilçidən kökə keçməsini (əl+i - ə-li), köklə şəkilçi arasına və ya şəkilçilər arasına müəyyən səslərin artırılmasını (ata-y-a), sözün, şəkilçinin tərkibindən bəzi səslərin düşməsini (oğul - oğ-lu), ikinci halda isə ahəng qanunu prosesində səslərin keyfiyyətcə uyuşmasını, heca formalaşarkən samitlərin yerdəyişməsini (ağız - ağ-zı) aid edir (Ə. Dəmirçizadə, 2007, s.98).

 

Quran, cürət, sürət, məsud, vüsət ... kimi sözlərin hecaya ayrılma xüsusiyyətini nəzərdən keçirmək məqsədilə "cürət" sözünü fərqli şəkildə hecalara ayıraraq ("cü-rət", "cür-ət") nitq siqnalının akustik baxımdan təhlilini aparmaq imkanı verən "PRAAT" proqramı vasitəsilə təcrübə apardıq.

 

Eyni sözün müxtəlif şəkildə hecaya ayrılması həm ossilloqramda, həm də intonoqramda çox fərqli məqamların müşahidə olunduğunu göstərdi. "Cü-rət" şəklində hecaya ayrılaraq tələffüz olunan nitq parçasında ayrılıqda hər bir səsin intensivliyi digər variantdan (cür-ət) daha yüksəkdir. Birinci halda "ü" saiti daha uzun tələffüz olunur: 0.204765 (4.884/s). İkinci variantda "ü" saitinin tələffüzünə sərf olunan vaxt, demək olar ki, bunun yarısına bərabərdir: 0.148582 (6.730/s). Üzün tələffüz olunan saitlər adətən açıq saitlərdir. Bu, fizioloji olaraq izah oluna bilər. Fonematik uzunluğun olub-olmaması baxımından dillər fərqlənir. Alman və yapon dillərində olduğu kimi, ərəb dilində də fonematik uzunluq var. Bu hadisənin olmadığı dillərdə fonoloji əhatədən, vurğu və intonasiyadan asılı olaraq davamlı tələffüz hesabına uzun tələffüz təəssüratı yarana bilir. Qeyd olunan "uzanma" da fonematik səciyyəli olmayıb, birbaşa tələffüz şəraitindən asılı olaraq "ü" saitinin davamlı tələffüzü ilə bağlıdır. Bu məqamda bir məsələyə də diqqət çəkmək istərdik - normativ qrammatikada [ı] və [ü] saitlərindən başqa, dilimizdə bütün saitlərin uzun tələffüz olunduğu qeyd olunur. Cürət, sürət, vüsət ... kimi sözlərin "cü-rət" şəklində hecaya ayrılması norma kimi qəbul olunacağı təqdirdə bu məsələyə də diqqət yetirmək lazım gələcək.

 

Birinci variantda hecalar arasında səslərin "yumşaq" keçidi müşahidə olunursa, "cür-ət" variantında birinci hecadan sonra sərt bitkinlik və fasilə özünü göstərir. Bu, "r" samitinin özünəməxsus xüsusiyyəti ilə bağlıdır və bir daha "cü-rət" variantının dilimizin fonotaktik səciyyəsi baxımından daha uyğun olduğunu təsdiqləyir.

 

Əmələgəlmə üsuluna görə tamamilə titrək yeganə samit olan "r" işləndiyi mövqedən asılı olaraq fərqli çalarda tələffüz olunur. "... Güman etmək olar ki, r səsi kök morfeminin samiti kimi çıxış edərkən titrək, şəkilçinin samiti kimi çıxış edərkən isə kipləşən-süzülən samit üstünlük təşkil edir (A.Axundov, 1984, s.220).

 

"Ümumiyyətlə, r samitinin formalaşmasında dil ucunun çevrilmə, titrəmə miqdarı r-in söz daxilindəki məqamına görə bir qədər fərqli olur, yəni söz başında, söz ortasında, xüsusən saitlər arasında titrəmə az olur, dil ucu bir-iki dəfə çevrilir, lakin söz sonunda titrəmə çoxalır, dil ucu təqribən üç dəfə çevrilir" (Ə. Dəmirçizadə, 2007, s.67). "R" samitinin işləndiyi mövqe yalnız titrəkliyinə deyil, uzunluğuna da təsir göstərir: söz əvvəlində 68 msan, intervokal vəziyyətdə 80 msan, söz sonunda 180 msan təşkil edir. "Cü-rət" variantında hecanın ilk səsi olduğundan söz əvvəli mövqedəki kimi daha qısa, "cür-ət" variantında söz sonunda olduğu kimi - uzun və daha titrək tələffüz olunur, ondan sonra yaranan fasilə (durğu) nitq axınının təbii ahəngdarlığını pozur.

 

"Azərbaycan ədəbi dilində nitq axınının parçalanması, xüsusən hecalara ayrılması müəyyən şərtlərlə bağlı olduğu kimi, bir sıra fonetik hadisələrin də baş verməsinə şərait yaradır və ya səbəb olur" (Ə.Dəmirçizadə, 2007, s.95).

 

Yerdəyişmə hadisəsinin dilin təbiətinə uyğunluq tələbatı ilə əlaqədar ola biləcəyini yazan Ə. Dəmirçizadə ümumən türk dillərində, eləcə də Azərbaycan dilində r samitinin söz başında (və eləcə də heca başında) işlənmədiyini qeyd edərək bu sözlərdə r səsinin öz mövqeyini dəyişməsinə Azərbaycan dilinin bu xüsusiyyətinin də təsir etdiyini, öz əslindən fərqlənərək yazıda və tələffüzdə sabitləşmiş kirpik (kiprik), körpü (köprü), torpaq (topraq), yarpaq (yapraq) kimi sözlərin də bu əsasla dəyişildiyini göstərir (2007, s.122). Titrək r samitinin kipləşən samitlərdən sonra çətin tələffüz olunduğu üçün yerini dəyişdiyini yazan F. Cəlilovun fikrincə, yerdəyişmə fonotaktikanın tənzimlənməsinə xidmət edir (F.Cəlilov, 1988, s.59).

 

Yerdəyişmənin baş vermə səbəbindən danışan M. Yusifovun fikrincə, yerdəyişmə "o zaman meydana çıxır ki, etimoloji cəhətdən söz kökünün sonu güclü samitlə bitsin, şəkilçi əvvəli zəif samitlə başlasın. Bu zaman söz kökü sonu zəif mövqe olduğuna görə güclü səs qüvvətli mövqeyə, yəni şəkilçi əvvəlinə keçməli olur. Şəkilçi əvvəlindəki zəif səs isə qanunauyğun şəkildə söz kökü sonuna zəif mövqeyə keçir və tələffüz bir növ normalaşmış olur" (M. Yusifov, s.91).

 

1931-ci ildə keçirilmiş Azərbaycan imla konfransı münasibəti ilə "Kommunist" qəzetində çap olunmuş "Azərbaycan imlasının islahı haqqında" adlı məqalədə bu cür sözlərin yazılışı ilə bağlı xüsusi bənd var: "Hər hansı bir sözdə ayrı-ayrı səslərin yeri dəyişdirilirsə, bu sözləri kütlənin işlətdiyi kimi yazmaq lazımdır: topraq, yapraq, köprü deyil, torpaq, yarpaq, körpü yazmaq lazımdır" (Kommunist, 15.01.1931).

 

Bu cür təkliflərə baxmayaraq, 30-cu illərdə pr

 

... bir qulağı yerdə toprağa və qana bulaşmışdı (Kommunist, 3.04.1937); ... çevik təprənişli kölgələrini görmək olar (H. Əfəndiyev, 1932); Bir-birinə çatılmaq istəyən kipriklərin (M. Müşfiq, 1934); Titrəyir əsərək yapraq vücudu (M. Müşfiq, 1934); Projektorların çaprazlanan qollarında təyyarə alışıb şəfəqlənir (Ə. Məmmədxanlı, 1936); Köprüyə çıxaraq pivəxanaya getmək (Ə. Məmmədxanlı, 1936); Topraqlara can verməyin ondan da gözəldir (S.Vurğun,1930); ... gecələrin sarımtraq çapraşıq görünüşündə (S. Vurğun, 1932); Dənizin dodaqları toprağı öpən yerdə (R. Rza, 1932).

 

1938-ci ildə nəşr olunmuş orfoqrafiya qaydalarında bu sözlərin torpaq, yarpaq, körpü, tərpətmək, ... çarpaz, kirpik şəkillərində yazılması təsdiq olunur (ADOQ, 1938, s. 6).

 

XX əsrin 30-cu illərinin əvvəllərində ədəbi norma kimi pl

 

Çıplaq pəncərələr daha həzindi (M. Müşfiq, 1934); Gəlir acı üzlü çılpaq həqiqət (R. Rza, 1932). Bu sözün "çılpaq" şəklində norma kimi təsbiti 1938-ci ildə nəşr olunmuş orfoqrafiya qaydalarında öz əksini tapmışdır (ADOQ, 1938, s. 6)

 

pr

 

Psixoloji baxımdan qavramanın xüsusiyyətləri ilə əlaqəli olan metateza adətən alınmalarla bağlı meydana çıxır: nitq axınında vahidlərin kəmiyyət və ya keyfiyyəti bu vahidlərin ardıcıllığına nisbətən daha asan və tez qavranılır (Psixoloqlar bu hadisəni üçrəngli bayrağın rənglərinin və bu rənglərin ardıcıllığının yadda saxlanılması kimi faktlarla müqayisə edirlər). Müqayisə üçün rus dilinə alman dilindən keçmiş bəzi sözlərə nəzər salaq: "tarelka" - "teller", "molğbert" - "malbrett", "futlər" - "futteral".

 

Digər tərəfdən, alınmanın səs tərkibi dilin səs qanunlarına uyğun deyilsə, yerdəyişmə baş verir (məs., "krovatğ" (rus d.) - "karvat" (uyğur d.).

 

"Dilimizdə "r" fonemi ilə başlayan xalis Azərbaycan sözü yoxdur. Lakin başqa dillərdən alınan sözlər hesabına müasir Azərbaycan dilində, törəmə sözlər də daxil olmaqla, "r" fonemi 702 müxtəlif leksik vahidin əvvəlində işlənir. Beləliklə, müasir dil nöqteyi-nəzərindən "r" foneminin dilimizdə bütün fonetik mövqelərdə işləndiyini söyləmək olar" (A. Axundov, 1984, s.144). Deməli, heca əvvəlində də işlənə bilər. "Müasir Azərbaycan ədəbi dilinin fonemlərindən bəhs edərkən cəsarətlə deyə bilərik ki, r samiti də müasir Azərbaycan dilində hər məqamda - söz başında (...), söz ortasında (...), söz sonunda (...) və hər cür saitlə yanaşı (...) işlənir" (Ə. Dəmirçizadə, 2007, s.67).

 

"Nitq axınının hecalara bölünməsi əsaslarını, heca növlərinin xüsusiyyətlərini dərindən öyrənmək orfoqrafiya, orfoepiya, natiqlik, şeir vəznləri və vokal sənəti əsaslarının da müəyyənləşdirilməsi üçün çox zəruridir" (Ə. Dəmirçizadə, 2007, s.99).

 

Orfoqrafiya prinsiplərinin hazırlanması və ədəbi dil norması - kodlaşma problemləri milli-mədəni, etnopsixoloji və linqvokoqnitiv istiqamətlər nəzərə alınmaqla işlənib hazırlanmalı, dilin inkişaf qanunları, dilin törədici səciyyəyə malik olması diqqət mərkəzində saxlanılmalıdır. Nəzərə almaq lazımdır ki, "Təqlid dil konvergensiyasına gətirib çıxarır" (A.Martine). Bu halda iki məqamda - nitqdə və dildə özünü göstərən interferensiya bilinqvin nitqində təcrid olunmuş şəkildə təzahür edən səhvlərin tədricən dildə normaya çevrilməsi kimitəzahür edir (E.Xaugen). Mövcud dil mənzərəsinin monitorinqi göstərir ki, dilə yad elementlərin daxilolması zaman keçdikcə dilin müxtəlif səviyyələrində interferensiya hallarına, bu isə tədricən dildə struktur dəyişmələrə - aşınmaya səbəb olur. Azərbaycan dilinin fonemlər sistemində olmayan yumşaq samitlərin alınma sözlərin tərkibində işlənməsi (sent'yabr, ant'i-t'error,t'emp, ipot'eka, kollekt'iv, akt'iv, pozit'iv, t'exnika, t'ipli, d'emokrat'iya, d'eputat, akad'emik, d'ieta, d'epartasiya, d'iplom, d'inamika, lid'er, koaliüiya, kolleküiya, aviaüiya, koord'inaüiya, devalvaüiya, reüept, reaküiya... ) bu gün mənşəyinə görə fərqli dildən alınan, əslində mənbə dildə yumşaq samitlə tələffüz olunmayan sözlərə "köçürülməsi" (Səud'iyyə, t'ibbi, id'd'ia, qeyd'iyyat, aid'iyyatı, izd'iham, d'ini... - nümunələr son 5 ildə televiziya aparıcılarının nitqində qeydə alınmışdır) bu prosesin arzuolunmaz nəticələrə gətirib çıxardığını göstərir. Azərbaycan dilində cins kateqoriyasının olmamasına baxmayaraq müəllimə, katibə... kimi sözlərin işlənməsi "sürücü" sözünün qarşılığı kimi (vətəndaşlıq qazanmasa belə) "süranə" variantının meydana çıxmasına səbəb olmuşdur.

 

Orfoqrafiya ilə bağlı mühüm məsələlərdən biri də "istisna"ların aradan qaldırılması, qaydaların müəyyən olunmasınışərtləndirən dil qanunlarının düzgün müəyyən olunaraq şərh olunmasıdır.

 

Sonda "Layihə"nin 22, 37 və 69-cu bəndlərinin yeni redaktədə təqdim olunmasını təklif edirik:

 

22. Tərkibində kar samitlərin (sk, şk) yanaşı işləndiyi alınma sözlər sözdə bir-birini izləyən səslər arasındakı qanunauyğunluq nəzərə alınaraq iki qrupa ayrılır: sk, şk samitlərindən sonra qapalı sait gələrsə, yazıda ikinci samit kar (əskinas, niskil, təşkil...), açıq sait gələrsə, cingiltili yazılmalıdır (Əsgər, İsgəndər, işgəncə, məsgən...).

 

37. Əvvəlki orfoqrafiya lüğətlərində qoşa "y" samiti ilə yazılmış -iyyat,- iyyət və -iyyə şəkilçili sözlər Azərbaycan dilinin fonetik qanunauyğunluğuna zidd olması və bir [y] ilə tələffüz olunması nəzərə alınmaqla bir "y" ilə yazılmalıdır. Məsələn: cərrahiyyə - cərrahiyə, dövriyyə - dövriyə, ədəbiyyat - ədəbiyat, fəaliyyət -fəaliyət, maliyyə - maliyə, üslubiyyat - üslubiyat və s.

 

Qeyd: söz kökündə qoşa "y" olan qəyyum, səyyah, səyyar, səyyarə, təyyar kimi alınma sözlər istisnadır. Ehtiyat, mərsiyə, saniyə, təhkiyə, tərbiyə, təziyə, tövsiyə kimi sözlər isə indiyədək bir "y" ilə yazılmışdır və onların yazılışı olduğu kimi qalır.

 

69. Azərbaycan dilində ilk hecadan sonra gələn hecaların adətən örtülü olmasının hecalanmanın əsas xüsusiyyəti olduğunu nəzərə alaraq vaxtilə apostrofla yazılan və cür-ət, məş-əl, vüs-ət kimi sətirdən-sətrə keçirilən cürət, məşəl, vüsət və s. sözlərin aşağıdakı şəkildə sətirdən-sətrə keçirilməsi məqsədəuyğundur: Qu-ran, cü-rət, he-yət, Kə-nan, mə-sud, mə-sul, mə-şəl, Sə-nan, sü-rət, vü-sət və s.

 

Nəzakət QAZİYEVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent Azərbaycan Milli Elmlər Akademiyası İ. Nəsimi adına Dilçilik İnstitutu Monitorinq şöbəsinin aparıcı elmi işçisi

[email protected]

 

525-ci qəzet 2018.- 10 aprel.- S.7-8.