Qalan ömrün ilk günündə yaşananlar

 

Şahanə MÜŞFİQ

 

Yazımı Sağlam bədəndə sağlam ruh olar kimi artıq klişeyə çevrilmiş atalar sözü ilə başlamaq istəməzdim. Amma neyləməli ki, əksər məsəllərimiz kimi bu da özünü doğruldub və demək olar ki, həyatın əksər anlarında qarşımıza çıxır. Hər dəfəsində isə bizə öz hikmətini sübut etməyi bacarır.

 

Həqiqətən də, insan ruhunun sağlamlığı, dincliyi, ətrafına və özünə qarşı doğru münasibəti fiziki sağlamlığından bilavasitə asılıdır.

 

Sağlamlığında problem yaranan, el dilində desək, canı ağrıyan insanın bədənindəki narahatlıq ucbatından psixologiyasında da problemlər, əsəbilik halları müşahidə olunur. Ətrafında baş verən hadisələrə qarşı psixoloji dözümü zəifləyir, həm özünə, həm də çevrəsindəkilərə əzab verməyə başlayır.

 

Qalan ömrün ilk günü tamaşasının qəhrəmanı Həsənin də sağlamlığını itirəndən sonra bu cür psixologiyası pozulub. O da həyatın ona yaşatdıqlarının və xəstəliyinin təsiri ilə əsəbi, hər şeydən narazı insana çevrilib. Amma Həsən elə də şanslı insan deyil. Çünki onun faciəsi hələ lap əvvəldən başlamışdı, qızını əlindən alan vərəmə tutulmamışdan qabaq. Daha doğrusu, elə bu vərəm də onun həyatındakı faciələr zəncirinin bir halqası idi. Ən həlledici halqa...

 

7-8 il öncə Bakı Uşaq Teatrında səhnələşdirilən Qalan ömrün ilk günü tamaşası teatrın böyüklər üçün hazırladığı ilk tamaşa idi. Beynəlxalq Qırmızı Xaç Komitəsi və Ədliyyə Nazirliyinin birgə dəstəyilə, yuxarı sinif şagirdləri və böyüklər üçün hazırlanan tamaşa əsasən azadlıqdan məhrum edilmişlər qarşısında nümayiş etdirilmək üçün nəzərdə tutulsa da, əsər oynanılandan sonra ona ictimaiyyət tərəfindən böyük maraq göstərildi.

 

Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri İntiqam Soltanın quruluş verdiyi tamaşanın ideyası Elçin Muxtarlıya, ssenarisi isə Arzu Soltana aiddir. Səhnə əsərinin musiqi tərtibatçıları Mahir İbrahimli və Cəlal Əlizadədir. Rolları Mehman Piriyev, Esmira Həsənli, Pərvin Allahverdiyeva, Ruslan Mürsəlov, Vüsalə Xəlilova, Əliağa Əliyev, Cavanşir Məhərrəmov, Natiq Fərzəliyev və Könül Şahbazova ifa ediblər.

 

Vərəm xəstəliyinə yoluxan insanın acınacaqlı durumundan və onun öz ailəsinə yaşatdığı faciədən bəhs olunan əsərdə cəmiyyəti narahat edən önəmli məsələlər bir məhbusun faciəsi əsasında təqdim edilir. Tamaşanın süjet xətti işsizlik, yoxsulluq kimi amillərin yaratdığı problemlər üzərində qurulub. Səhnə əsərində müəllif həbsxana həyatı keçirən məhkumları ruhdan düşməməyə, azadlığa çıxdıqdan sonra xeyirxah əməllərlə məşğul olmağa səsləyir. İnsanları bütün xəstəliklərə qarşı mübarizə aparmağa, sağlam düşünməyə istiqamətləndirən əsər maarifləndirici məzmuna malikdir. Hər gün qalan ömrün ilk günüdür və onu yenidən başlamaq olar - illər öncə səhnələşdirilən əsərin əsas qayəsini bir cümlə ilə belə ifadə edə bilərik.

 

Tamaşadakı hadisələr Sovet hakimiyyətinin son dövrlərində cərəyan edir. Dövrün qarışıqlığı, xaosu hər zaman olduğu kimi, bu dəfə də ilk növbədə aşağı təbəqəyə ziyan vurur. Ailənin başçısı Həsənin illərdir işlədiyi zavod bağlanır, onunla bərabər, yüzlərlə adam işsiz qalır. Məktəbli qızı olan Həsən baş verən hadisələrdən olduqca sarsılır. Səbəbsiz yerə işsiz qalması, getdiyi heç bir yerdə iş tapa bilməməsi, ailədə getdikcə yaranan ağır vəziyyət, maddi sıxıntılar ailə başçısının psixologiyasına mənfi təsirlərini göstərir, onu əsəbi, kobud, hər şeydən narazı insana çevirir.

 

Bir gün qızının evdə makaron bişirilməsindən doğan narazılığı artıq onun səbr kasasını daşıran son damla olur və hər kəsin mədəniyyətinə, tərbiyəsinə, dünyagörüşünə, saflığına heyrət etdiyi Həsən çörək dükanından oğurluq edir. Bunun çarəsizlikdən, əlacsızlıqdan edildiyi gün kimi aydındır. Amma nə edəsən ki, məhkəmə evimdə uşağım ac idi bəhanəsini qəbul etmir, qanun pozuntusu mütləq öz cəzasını alır. Eləcə də Həsən həbsxananın soyuq divarları ilə tanış olmalı olur.

 

Növbəti səhnədə biz xəstəxanada müalicə alan üç məhbusu görürük. Onların arasında bizə çoxdan tanış olan Həsən kişi də var. Söhbətlərdən məlum olur ki, məhbuslar - Həsən kişi, Balağa (Cavanşir Məhərrəmov) və Mehralı (Əliağa Əliyev) bütün dövrlərin ən qorxulu xəstəliklərindən olan vərəmdən əziyyət çəkirlər.

 

Səbəb o deyil ki, vərəm öldürücü xəstəlikdir. Xeyr! Əgər vərəm vaxtında aşkarlanarsa, davamlı müalicə nəticəsində öhdəsindən gəlinəcək xəstəlikdir. Amma məsələ budur ki, vərəm yoluxucu xəstəlikdir. O, hal-hazırda dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır. Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən, hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi var. Bunların yeddi milyonu açıq formalı vərəmdir. Hər il 3.5 milyon insan vərəmə yoluxur və bir milyon insan vərəmdən ölür. Hər dəqiqə təxminən iki insan vərəmdən dünyasını dəyişir. XX əsrin əvvəllərində insan ölümünün 20 faizi məhz vərəmdən baş verirdi.

 

Hazırda Azərbaycanda, rəsmi statistikaya görə, səkkiz minə yaxın vərəmli xəstə var. Təəssüf ki, təcridxanalarda bu xəstəlik daha çox yayılıb.

 

Qəhrəmanımız da bu xəstəliyə həbsxanada tutulur. Ancaq dövlət məhbusların qeydinə qalaraq onları pulsuz şəkildə xəstəxanaya yerləşdirir, dərmanlar və hər cürə imkanlarla təmin edir. Bu yerdə böyük Hüqonun Səfillər romanının qəhrəmanı Jan Valjanın məşhur replikası yada düşür: Bir tikə çörək oğurladığıma görə məni həbsxanaya apardılar və orda illərlə hər gün havayı bir bütöv çörək verdilər.

 

Peşəkar aktyor Mehman Piriyevin böyük ustalıqla yaratdığı Həsən də çörək oğurluğundan həbs olunaraq, həbsxanada nəinki çörəklə, hələ tutulduğu ağır xəstəliyin müalicəsilə də təmin olunur. Amma təəssüf ki, ailəsinin, qızının həsrəti, darıxmaq xəstəliyindən daha üstün olur və o, cəza müddəti bitən kimi həkimin (İntiqam Soltan) bütün xəbərdarlıqlarına məhəl qoymadan müalicəsini yarıda qoyub ailəsinin yanına yollanır.

 

Təbii ki, onu burada qoyub getdiyindən daha ağır vəziyyət gözləyirdi. Yenə işsizlik, yenə pulsuzluq, yenə xor görülməsi... Bütün bunların və dövrün çətinliyinin üstünə bir də onun tərcümeyi-halına vurulan məhbus damğası da gəlir və Həsənin iş tapmağı daha da çətinləşir. Bir yandan da içini didib parçalayan xəstəlik, ciyərlərini söküb dağıdan öskürək aman vermir.

 

Dediyimiz kimi, xəstəlik onun əsəblərinə də öz təsirini göstərib. Artıq ailəsinə qarşı biganə, laqeyd, hirsli adama çevrilən Həsən qızının öskürəklərinə məhəl qoymur, onu həkimə aparmır. Bir də axı nəylə aparacaq? Pulu da yoxdu ki.

 

Beləcə, Həsənin və ailəsinin ən böyük faciəsi yaşanır. Evin tək qızı Yasəmən (Vüsalə Xəlilova) atasının həbsxanadan gətirdiyi xəstəlikdən - vərəmdən dünyasını dəyişir. İllərlə atasının yoxluğundan əzab çəkən, sinif yoldaşları arasında utanc hissi keçirən, atasının yolunu böyük həsrətlə gözləyən qız hardan biləydi ki, illərdən sonra qovuşduğu təkcə atası deyil, həm də öz ölümü idi... Ata və qız yenidən ayrıldılar. Amma bu dəfə əbədi... Sən demə, bədbəxt qız atasını yox, öz ölümünü gözləyirmiş...

 

Tamaşa iki istiqamətdə hazırlanıb. Bir tərəfdə Həsənin faciəsidirsə, o biri tərəfdə Yasəmənin sinif yoldaşı Ülkər (Pərvin Allahverdiyeva) və onun vərəmə tutulmuş məhbus qardaşı Kamranın (Ruslan Mürsəlov) həyatı durur. Kamran da həm əlindən alınan azadlığı, həm də xəstəliyinə görə həyatdan tamamilə əllərini üzmüş insandır. Hətta bu dünyadakı tək yaxını Ülkəri belə özündən uzaqlaşdırmağa çalışır. Bacı isə heç zaman qardaşını atmır. Elə sinif yoldaşı Yasəmənin və onun ailəsinin başına gələn hadisələri də qardaşına Ülkər danışır. Təsadüfən Vərəm Dispanserinin açılışında qarşılaşdığı dispanserin rəhbəri Həsən kişidən eşitdiklərindən...

 

Bəli, qızı Yasəmənin ölümündən sonra qarovulçu kimi işə düzəldiyi şirkətdə getdikcə irəliləyib müəyyən pilləyə gəlib çatan Həsən kişi bütün vərəm xəstələrinə şəfa paylamaq üçün Vərəm Dispanserini yaradır. Qızına verə bilmədiyi şəfanı heç olmasa tanımadığı, bilmədiyi insanlara versin deyə.

 

Həsən və Kamranın ikisinin də gəldiyi eyni qənaət isə budur: Həbsxana başqa dünyadır. Orada insanı yalnız keçmişi haqqında xatirələr, bir də azadlığı haqqında arzular yaşadır.

 

Əsər sadə dekorasiyası və maraqlı aktyor oyunu ilə də diqqət çəkir. Mehman Piriyev Həsənin iztirablarını, Esmira Həsənli balası qollarında can verən ananın faciəsini elə canlı və dəqiq çatdırırlar ki, tamaşaçı gözləri önündə məhv olan ailənin əzablarını ürəyinin ta dərinliyində hiss edir. Cəmiyyətin bəlası olan yoxsulluğu, işsizliyi, təbəqələşməni və təbii ki, Yasəmənin timsalında milyonlarla həyatları söndürən vərəmi lənətləyir.

 

Bu tamaşa artıq uzun illərdir ki, repertuarda yoxdur. Yalnız internetin yaratdığı imkanlar vasitəsilə izləmək mümkündür. Ancaq fikrimcə, cəmiyyətə bu cür sosioloji mesajlar ötürən tamaşalar repertuardan nəinki çıxarılmalı, əksinə, daha da çox nümayiş olunmalıdır ki, yetişməkdə olan gənc nəsil özü üçün nəticələr çıxarsın.

 

 

525-ci qəzet 2018.- 14 aprel.- S.12.