TÜRKSOY Anarın 80 illiyini Ankarada qeyd etdi

 

Türkiyədə Azərbaycanın Xalq yazıçısı, görkəmli ictimai xadim ədib, Yazıçılar Birliyinin (AYB) sədri Anarın 80 illik yubileyi münasibətilə silsilə tədbirlər davam edir.

 

Növbəti tədbir Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mənzil-qərargahında keçirilib.

 

Tədbirdə yazıçının yubileyi münasibətilə TÜRKSOY tərəfindən Türkiyə türkcəsində çap olunan Çağdaşlarım kitabı da təqdim olunub.

 

Toplantıda Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Azərbaycan Türkiyənin dövlət qurumlarının təmsilçiləri, ədəbi dairələrinin nüfuzlu nümayəndələri, tanınmış ziyalılar, yaradıcılıq birliklərinin rəhbərləri, media nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, Anar türkdilli xalqların zəngin ədəbi xəzinəsinə mühüm töhfə verən yazıçılardandır. Onun əsərlərinin türk xalqlarının dillərinə tərcümə edilməsi yazıçının yaradıcılığına göstərilən ehtiramdır.

 

Çıxışında Anarın Azərbaycanın yetişdirdiyi aydın bir ədəbiyyat insanı olduğunu deyən Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu bildirib ki, o, çağdaş türk dünyası ədəbiyyatının önəmli təmsilçilərindən, Türk-İslam dünyasının qütb ulduzlarındandır.

 

Xəzər İbrahim Azərbaycanın hər ailəsində Xalq yazıçısı Anarın kitablarının olduğunu azərbaycanlı gənclərin dünyagörüşünün formalaşmasında onun əsərlərinin bilavasitə rol oynadığını vurğulayıb. Daha sonra səfir Anarın Yaşamaq Haqqı kitabından bir parçanı tədbir iştirakçıları üçün oxuyub.

 

AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, yazıçılar Elçin Hüseynbəyli, Pərvin Nurəliyeva, Osman Çeviksoy, Çağdaşlarım kitabını Türkiyə türkcəsinə çevirən yazıçı İmdat Avşar, Nəsrin Ünal digər çıxışçılar Anarın zəngin, çoxşaxəli yaradıcılığından danışıb, Çağdaşlarım kitabının türk ədəbiyyatına mühüm töhfə olduğunu qeyd ediblər. Kitabda yazıçının görkəmli şəxsiyyətlərə özünəməxsus baxışını əks etdirən yazıların yer aldığı vurğulanıb.

 

Aşıq Səlahəddin Dündarın Anara ithaf etdiyi mahnı rəğbətlə dinlənilib.

 

Anar 80 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsinə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

 

TÜRKSOY-un baş katibi yubilyara hədiyyə olaraq qopuz Qazaxıstanın milli geyimi olan çapan təqdim edib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.-2018.-18 aprel.-S.7.