Millətə xidmətlə qazanılan unudulmazlıq: Əhməd bəy Pepinov

Azərbaycan Xalq Cümhuriyyəti-100

(Əvvəli ötən sayımızda)

 

Əhməd bəy Pepinovun 1937-ci ildə həbsə alınmasından qabaq onun barəsində hazırlanan gələcək ittihamların arasında görkəmli dövlət, elm xadimlərinin, yaradıcı ziyalıların ifadələrinin mühüm yer tutması da təsadüfi deyildi.

 

Vaxtilə çar rejiminin hərtərəfli sınaqdan çıxardığı, daha sonra isə sovet sisteminin sevimli metodlarından olan millətləri və insanları bir-birinə qarşı qoymaqla onlar arasında qarşılıqlı inamsızlıq yaratmaq, cəmiyyəti total xof təzyiqi altında saxlamaq metodları yenidən işə salınmışdı. Bir çox hallarda isə heç bir əlacı qalmayan müttəhimlər müstəntiqlərin diktə etdikləri ifadələri yazmaq məcburiyyətində idilər və bu gün belə ifadələrin əsasında kimlərisə qınamaq, yaxud cəsarətsizlikdə təqsirləndirməklə təhqir etmək əsla doğru olmazdı. Əksinə, zamanın hər cür sınağına dözmüş şəxsiyyətlər bəzən fiziki zorakılıqla elə vəziyyətə gətirilirdilər ki, hansı sənədə, nə üçün qol çəkdiklərindən xəbərləri də olmurdu. Bu barədə kifayət qədər yazıldığı, danışıldığı üçün əlavə faktlar gətirməyə, məncə, lüzum yoxdur. Erməni quldur dəstələri ilə Zəngəzurda aparılmış qanlı mübarizələrin təşkilatçı və qəhrəmanlarından biri, folklorşünas, din tarxinin tədqiqatçısı, Azərbaycan ədəbiyyatşünaslığında özünəməxsus yeri olan Bəhlul Əfəndi Behcət belə tale yaşamış şəxsiyyətlərdən biri idi. Onun keçmişindən yaxşı xəbəri olan ermənilər özləri və başqa əməkdaşların əli ilə zindanda Bəhlul Əfəndiyə ən dəhşətli üsullarla işgəncələr vermiş, huşunu itirənə qədər vəhşicəsinə döyərək istədikləri sənədə imza atdırmışdılar. Belə günlərdən birində, 26 iyul 1937-ci ildə Bəhlul Əfəndi yenidən "dindirilmiş", "Əksinqilabi təşkilata kim rəhbərlik edirdi?" kimi suallara istintaqın istədiyi "Bu təşkilata mənim 1931-32-ci illərdə həbsxanada tanış olduğum Ə.Pepinov rəhbərlik edirdi" cavabını vermişdi. Necə deyərlər, sonrası məlum idi.

 

Sual: Belə çıxır ki, Ə.Pepinov sizin mənzilinizdə əksinqilabi yığıncaq keçirib. Daha harada belə gizli yığıncaqlar keçirilib?

 

Cavab: Mənim mənzilimdə cəmi bir dəfə yığışmışıq, qalan vaxtlarda Ə.Pepinovun bacısı evində və dayısı Ömər Faiq Nemanzadənin mənzilində belə yığıncaqlar olduğunu bilirəm.

 

Sual: Həmin yığıncaqlarda kimlər iştirak edib?

 

Cavab: Şəxsən mən iştirak etməmişəm. R.Nəcəfovun dediklərinə görə, həmin yığıncaqlarda Səməd Vurğunun, H.Cavidin, Ə.Pepinovun dayısı Ömər Faiqin və Abdulla Şaiqin iştirak etdiklərini bilirəm.

 

Sual: Siz axıradək etiraf edin, təşkilatda sizin əksinqilabi işiniz nədən ibarət idi?

 

Cavab: Azərbaycanın sərhəd rayonlarında, konkret Cəbrayıl və Zəngilan rayonlarında antikolxoz və antisovet təbliğatı aparan, kəndli kütlələr arasında müridizm yayan, təxribatlarla məşğul olan və üsyançı kadrlar hazırlayıb həyata keçirən əksinqilabi üsyançı təşkilat fəaliyyət göstərir".

 

Bundan 5 gün əvvəl isə məşhur türkoloq, dünya şöhrətli dilçi alim professor B.Çobanzadənin dilindən (20-21 iyul 1937-ci il) Ə.Pepinovun ittiham edilməsi üçün əsas olacaq təqribən eyni ifadə alınmışdı. Yaxud Bakıda məhz Ə.Pepinovun köməyi ilə işə düzəlmiş, siyasi istiqamətinə uyğun mühitə zəmanət almış Qubaydulin 1937-ci ilin avqustunda fiziki təzyiq vasitələrindən başqa hansı metodlarla aşağıdakıları deməyə məcbur edilə bilərdi ki: "Ə.Pepinovla görüşlərimizdən birində, təqribən 1926-cı ilin yanvarında mənə Bakıda fəaliyyət göstərən üç əksinqilabi millətçi təşkilatın birləşməsindən ibarət koalisiyalı blok haqqında danışdı. Kommunistlər-millətçilər (əsasən Nərimanovçular), müsavatçılar, yeni millətçilər. Bunlar öz aralarında hansısa taktiki məsələlərdə ayrılsalar da, sovet hakimiyyətinə qarşı mübarizədə vahid cəbhədə çıxış edirdilər. Ə.Pepinov özünü yeni millətçilərdən hesab edirdi...

 

17 mart 1938-ci ildə istintaqın bitdiyi barədə yazılan protokolda göstərilirdi ki, Ə.Pepinovun işi üzrə 74 nəfərin ifadəsi alınıb və adı keçib. Bir işlə əlaqədar bu qədər adamın istintaqa cəlb edilməsi yeni-yeni siyahıların tərtib olunması zərurətindən doğurdu. Artıq elə bir dövr gəlmişdi ki, zorla yıxılmış Azərbaycan milli hökumətinin sağ qalmış bütün kadrları və müstəqillik ideyasının digər potensial daşıyıcısı hesab edilən ziyalılar ucdantutma məhv edilməli idilər. NKVD repressiyaları elə kütləvi həddə çatdırmışdı ki, vəziyyət ÇK dövründəkindən də betər olmuşdu. Moskvada Stalinin, Bakıda Bağırovun adı ilə bağlanan total qorxu, əslində, qanunsuz rejimin qəsdən formalaşdırdığı və özünü yaşatmanın yeganə vasitəsi kimi cəmiyyətin başı üstündən asılmış Demokl qılıncı idi. Kütlədən ayrılan, onun idarə edilməsi üçün cızılmış xətlərdən ayrılanları eyni tale, qaranlıq məhbəs, sürgün, cəmiyyətdən digər üsullarla təcridolunma gözləyirdi.

 

Əhməd bəy bütün bunların nə demək olduğunu, yeni quruluşun mahiyyətini gözəl başa düşürdü. Buna görə də onu nə yaxın silahdaşlarının hansı şəraitdə alındığı yaxşı məlum olan ifadələri, nə də müəyyən adamlar tərəfindən qəsdən təşkil edilən ittihamlar çaşdıra bilməzdi. Hətta indiki vəziyyətində o, bir vaxtlar qorxaqlıqda qınadığı adamları da bağışlamışdı. Çünki əsl günahkar onlardan hər dövrdə müəyyən vasitə kimi istifadə edib, sonra müqəssirə, düşmənə çevirən quruluşda idi. Azərbaycana 11-ci qırmızı ordunun süngüləri üstündə zorla gətirilmiş bu hakimiyyət azərbaycanlılar üçün deyildi və ona da milli olan heç nə lazım deyildi.

 

Ə.Pepinov dövrünün hərtərəfli inkişaf etmiş bir ziyalısı idi və o da əksər müasirləri kimi mətbuatda müntəzəm çıxışlar edir, müxtəlif problemlərin qaldırılmasında bu səmərəli vasitədən məharətlə bəhrələnirdi. Onun mətbuatla yaxınlığı yalnız bununla bitmirdi. O,1919-cu ildə "Zarya" qəzetinin redaksiya kollegiyasının üzvü olmuş, vəzifə postunda olduğu illərdə qəzet çıxarmaq təşəbbüslərinə qoşulmuşdur.

 

... Yekun ittihamın məhkəmə hökmünə çevrilməsinə 4 aydan az vaxt qalırdı. Bu müddət ərzində nələr baş verdi. Əhməd bəy dünyanın daha hansı əzablarına dözməli oldu? Bütün bunlara təkadamlıq həbsxana kamerasının dəmir barmaqlıqları, soyuq məzar şahidlik etdi. Üzücü günlərin sonunda 2 iyul 1938-ci il gəlib çatdı və ... Həmin gün Ə.Pepinova ittihamın surətini aldığına imza atdırıldı. Və səhəri gün onun fiziki yaşam baxımından dünyanın son gününü təyin edən qərar çıxarıldı. 3 iyul 1938-ci ildə SSRİ ALİ Məhkəməsi Hərbi Kollegiyasının səyyar sessiyasının qapalı iclası Kolpakov və Kulikin sədrliyi altında saat 21:40-da işə başladı və cəmi 15 dəqiqə ərzində, 21:55-də Ə.Pepinovun ən ağır cəzaya layiq görülməsi ilə əlaqədar mühakimə edilməsi qərarı hazırlandı. Hökm elə həmin gün yerinə yetirilmişdi. Bunu 8-ci cild, səh. 44-də qeyd alınmış arayış və eyni səhifədə saxlanan hökmün yerinə yetirilməsi aktı da sübut edir.

 

O məşum gündən təqribən 17 il keçdikdən sonra, 21 yanvar 1955-ci ildə Əhməd bəyin qızı Sevda xanım Pepinova DTK sədri Quskova atasının əfv edilməsi ilə bağlı ərizə ilə müraciət edir; "Mənim atam ixtisasca iqtisadçı 1937-ci ilin sentyabr ayında Ulyanovsk şəhərində DİN orqanlan tərəfindən həbs edilib və 1938-ci ilin may ayına qədər orada qalıb. 1938-ci ilin mayında o, yazışma hüququ olmadan sürgün edilib. Onun haraya, hansı müddətə, nə üçün sürgün edildiyi barədə öyrənmək sahəsindəki bütün cəhdlərim nəticəsiz qalıb. O vaxtdan atam haqqında heç bir məlumatım yoxdur. Dönə-dönə xahiş edirəm, atamın işini təhqiq edib, mənə onun nədə günahkar olduğu, neçə illiyə sürgünə göndərildiyi və hazırda sağ olub-olmadığı barədə məlumat verəsiniz. Cavabı xahiş edirəm aşağıdakı ünvana göndərəsiniz. Bakı şəhəri, Ostrovski küçəsi ev 23".

 

İllərlə ata həsrəti çəkmiş Sevda xanıma indi onun barəsində bircə kəlmə quru söz də böyük təsəlli idi. Bununla bir vaxt xırdaca əlləri ilə elə bil itirəcəyindən qorxduğu üçün bərk-bərk boynuna sarıldığı, doyunca üzünü görmədiyi atasının qarşısında övladlıq borcunu verəcək, onun adına vurulmuş "xalq düşməni" ləkəsini təmizləyəcəkdi. Axı xalq yolunda fədakarcasına çalışmış bir insan necə ona düşmən sayıla bilərdi? O illərdə Sevda xanımın bu suallara axıradək cavab tapması, yaxud əsl həqiqətləri dilinə gətirməsi heç mümkün də deyildi, istədiyi də əslində, elə bu idi. Ona dərdini az da olsa, ovudacaq atalı günlərinin xatirəsini kiməsə danışmağına, ürəyini boşaltmağına qoyulan qadağalar aradan qaldırılsın. Ağız dolusu "mənim atam Əhməd bəy..." deyə bilsin. Ancaq öz sələflərinin yolu ilə gedən DTK müstəntiqlərini onun taleyindən, istəklərindən daha çox zamanın siyasi sifarişləri maraqlandırırdı. Əhməd bəyə bəraət verilməsi də atılacaq bu addımın həmin sifarişlərə uyğunluğundan asılı idi.

 

Artıq dəyişmiş zaman rejimi Əhməd bəyi düşündürmürdü. Dəyişmiş zamanda rejim törətdiyi cinayətlərdən bəraət yolları arayırdı. İndi Bağırovu ittiham etmək lazım idi və yuxarıdan göstəriş almış istintaq nəyin bahasına olsa, bu şəxsin xalq düşməni olduğunu, dövlətin yeritdiyi siyasətdə kənarlaşmalara yol verməklə ona ağır zərbələr vurduğunu sübuta yetirməliydi. Bu gün ittihamların dünənki ilhamçısının özü müstəntiqlər qarşısında ifadə verirdi. Öz ömrünü uzatmaq xatirinə Ə.Pepinova bəraət verməyə hazır olan rejim yeridəcəyi yeni siyasətin ilk əsaslarını formalaşdırmaq üçün şəxsiyyətə pərəstişi pisləyir, bütün günahları tək-tək rəhbərlərin adı ilə bağlayırdı. Xalqa zidd mahiyyətli rejimin növbəti mərhələdə oynanılacaq tamaşalar üçün yeni dekorasiyalar hazırlamasından başqa bir şey olmayan bu bəraətlər milli şüurun oyanmasına qarşı tamamilə yeni səciyyəli təxribat idi.

 

1955-ci il iyun ayının 1-də Ə.Pepinovun kiçik bacısı ixtisasca həkim Cavadova Kəbirə Ömər qızı, iki gün sonra, iyun ayının 3-də isə ikinci bacısı Mirzəbəyova Nəzirə Ə.Pepinovun işi ilə bağlı şahid qismində dindirilir. Hər ikisi qardaşlarının günahsız olduğunu və Bağırova görə Azərbaycandan getmək məcburiyyətində qaldığını bildirirlər. Ə.Pepinovla birgə işləmiş Rəhman Hüseynov, Olqa Calalbəyova, Əlibəy Əlibəyovdan da şahid qismində dindirilirlər.

 

Nəhayət, 1955-ci il avqust ayının 8-də Ə.Pepinovun ittiham edilməsi ilə bağlı arxiv-istintaq işinə baxılaraq müəyyən edilir: "...Ə.Pepinovun hərəkətlərində cinayət tərkibi olmadığına görə, SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 1938-ci il iyul ayının 3-dəki qərarının ləğv edilməsi barədə Baş Prokurorluq qarşısında vəsatət qaldırılsın..

 

14 sentyabr 1957-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası işə baxır və Ə.Pepinova bəraət verir.

 

... 1938-ci ilin iyul ayı idi. Qatı millətçi, əksinqilabçı pantürkist Əhməd bəy Pepinova ən ağır cəza - güllələnmə cəzası kəsilmişdi. Əhməd bəy ölüm kamerasında onu bu dünya ilə bağlayan son bağın qırılacağı anı gözləyirdi. Əhməd bəy gözləyirdi. Tək təsəllisi olan ümiddən asılmış xatirələrinin işığına sığınıb ölümünü gözləyirdi. Dünyada insanın öz ölümünün yaxın olduğunu bilə-bilə onu hər an gözləməsindən daha dəhşətli bir duyğu olmadığını bilə-bilə, doğmalarının və Vətənin taleyindən nigaran-nigaran gözləyirdi. Yəqin bütün bunların bir sonu olacaq, yoxsa onun sonuncu ümidi də yarımçıq arzuları kimi çilik-çilik ediləcəkdi. Ancaq Əhməd bəy həmin o ən talesiz günündə də milyonları sosial ədalət şüurları ilə aldatmış bir rejimin sonunun çatacağına inanırdı. Və daxilində bu inamla, o ümidsizliyin haçalanmasmdan doğan bir qeyri-müəyyənliklə, Əhməd bəy iyul ayının 3-də bitəcək o sonuncu anı gözləyirdi...

 

Lətif ŞÜKÜROĞLU

Tarix üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2018.- 19 aprel.- S.6.