Yenilməz, yanılmaz və yorulmaz Vaqif Yusifli

 

Yaşar QASIMBƏYLİ

Filologiya elmləri doktoru, AMEA-nın baş elmi işçisi

[email protected]

 

Çağdaş Azərbaycan nəzəri-estetik fikrinin sayılıb-seçilən nümayəndələri haqqında düşünərkən dərhal yadımıza fəal və məhsuldar tənqidçi və ədəbiyyatşünaslarımızdan biri kimi Vaqif Yusifli düşür.

 

Vaqif Yusifli öz yaradıcılığının sanbalına və əsərlərinin sayına görə tənqid və ədəbiyyatşünaslığımızın məşhur nümayəndələri ilə bir sırada durur. Filologiya elmləri doktoru, professor Tahirə Məmməd istedadlı və zəhmətkeş alimin 65 illiyinə həsr etdiyi məqaləsində yazırdı: "23 kitab, 800-dən artıq məqalə müəllifi olan, məqalələri təkcə respublikamızda deyil, Türkiyə, Amerika, Almaniyanın nüfuzlu elmi jurnallarında da işıq üzü görən tənqidçinin imzası hələ tələbəlik illərindən mətbuatda görünməyə başlamışdır. Müəllifi olduğu məqalə və kitablar keçən əsrin ikinci yarısından başlayaraq Azərbaycan nəsrinin, poeziyasının, dramaturgiyasının və ədəbi-tənqidinin inkişaf prosesini, mənzərəsini əks etdirir. Budur, onun çap olunan və ədəbi ictimaiyyətdə rəğbət doğuran kitabları: "Məmməd Araz dünyası", "Tənqid yarpaqları", "Karvanbaşı, yolun hayanadır", "Tənqid və bədii söz", "Tənqid də yaradıcılıqdır", "Yolayrıcı", "Poeziyanın yolları və illəri", "R.Rza və müasir Azərbaycan poeziyası", "Poeziya və zaman" və s.

 

Vaqif Yusifli ədəbi taleyi və yaradıcılıq yolu heç kimə bənzəməyən bir şəxsiyyətdir. Onun ədəbi tərcümeyi-halında dörd onilliyin gərgin zəhmətləri və axtarışları, sevinc və qayğıları cəmləşib. Peşəkar qələm yoldaşları ətrafında çox sıx olduğu 70-80-ci illərdə də, onların sıraları və səfləri seyrəlib, tamamilə yoxa çıxdığı 90-cı illərdə və XXI yüzilin ilk onilliyində də Vaqif Yusifli eyni əzmkarlıq, şücaət və cəsarətlə yazmaqdadır. Dayanmadan və nəfəsini dərmədən yaza-yaza öz taleyini, ədəbiyyatımızın özünəməxsus və gözəl bir əfsanəsini yaratmaqdadır.

 

Vaqif Yusiflinin müqəddəs ədəbiyyat dərgahına qədəm qoyduğu 50 il əvvəlki ədəbi zaman və məkan yadımızdan çıxmayıb. İndi olduğu kimi, o vaxtlar da ziyalılarımızın üç sevimli ədəbi nəşri olardı: "Ədəbiyyat qəzeti", "Azərbaycan" və "Ulduz" jurnalları. Vaqif müəllim bu ədəbi nəşrlərin ən fəal müəlliflərindən və ədəbi sakinlərindən biri idi. Onu da deyim ki, 70-ci illərin əvvəlləri və sonlarında ədəbiyyatımıza şair və nasirlərin yeni dalğasında tənqidçi və ədəbiyyatşünaslar da təşrif buyurmuşdular. Aydın Məmmədov, Kamil Vəli Nəriman oğlu, İsa Həbibbəyli, Teymur Kərimli, Nadir Cabbarlı, Qurban Bayramov, Kamal Abdulla, Kamran Əliyev, Vilayət Quliyev, Şirindil Alışanlı, Rafael Hüseynov, Teymur Kərimli, Nizami Tağısoy, Nizaməddin Şəmsizadə, Nizami Cəfərov, Vəli Nəbioğlu, Muxtar Kazımoğlu və başqaları bu pleyadanın yaddaqalan və parlaq imzaları idi. Vaqif Yusifli tənqidimizin "yetmişincilər" adlanan məşhur nəslinin istedadlı və məhsuldar, tənqid sənətinə ən sədaqətli nümayəndəsidir.

 

Bir yaradıcı şəxsiyyət kimi tənqidçini təhlil etmək və səciyyələndirmək son dərəcə çətindir. Onun özünəməxsusluğunu və bənzərsizliyini kəşf etmək isə ondan da müşküldür. Vaqif Yusifli kimlər haqqında yazıb? Sualı belə qoymaq daha məqsədəuyğundur: Kimlər haqqında yazmayıb? Etiraf edək: Nəsr və poeziya haqqında eyni dərəcədə, eyni uğurla yaza bilmək hər qələm sahibinə nəsib olmur. Vaqif müəllim altmışıncılar haqqında - bütöv bir böyük nəsil haqqında mükəmməl yazmağı bacaran yeganə tənqidçimizdir. Şair altmışıncıları da, nasir altmışıncıları da o, özünəməxsus və sövqi-təbii bir erudusiya ilə təhlil etməyi bacarır. İsa Muğanna, Əlfi Qasımov, Sabir Əhmədli, Anar, İsi Məlikzadə, Yusif Səmədoğlu, Elçin, Sabir Azəri, Mövlud Süleymanlı və b. haqqında necə uğurla yaza bilirsə, həmin nəslin poeziya qolu - Əli Kərim, Məmməd Araz, Xəlil Rza Ulutürk, Fikrət Qoca, Ələkbər Salahzadə, Nəriman Həsənzadə, Hüseyn Kürdoğlu, Fikrət Sadıq, Cabir Novruz, Vaqif Səmədoğlu, Musa Yaqub, Şahmar Əkbərzadə, Abbas Abdulla, İsa İsmayılzadə, Məmməd İsmayıl, Səyavuş Sərxanlı, Çingiz Əlioğlu, Sabir Rüstəmxanlı, Ramiz Rövşən və başqaları barəsində də yüksək səmimiyyət və istedadla yaza bilir.

 

Vaqif Yusifli məhz buna görə də, haqlı olaraq, hərəkətdəki estetikanın ən məhsuldar nümayəndəsidir; o, indiyə kimi 2000-ə yaxın ədəbi-publisist və tənqidi yazı, müxtəlif rəylər, ön sözlər və tərcümələr çap etdirib. Görkəmli alimin yazı manerasında və söz sənətinə yanaşmalarında diqqəti çəkən bariz xüsusiyyətlər hansılardır? Öncə qeyd etməliyik ki, Vaqifin yazı tərzi və səriştəsi öz zərifliyi, cilalılığı və cazibədarlığı ilə seçilir. O, həmişə yazdığı və qaldırdığı məsələlərə dərindən nüfuz edir, bədii mətnə cəsarətlə müdaxilə və müraciət etməkdən çəkinmir. Son dövrlər geniş yayılmış və artıq dəb halına çevrilmiş məşhur elmi-estetik mərəzə onun yazılarında qətiyyən rast gəlməzsiniz; bədii əsər mətnini dərk və təhlil etməyə dərrakəsi çatmayan bir çox müəlliflər konkret təhlil və təlqindən qaçaraq, çox zaman əsər haqqında qeyri-müəyyən fəlsəfi mühakimələr yürütməklə və oxuduqlarını, eşitdiklərini nümayiş etdirməklə kifayətlənirlər. Bununla da öz zövqsüzlüklərini və ümumən, ədəbiyyat adamı olmadıqlarını gizlətməyə, niqablamağa can atırlar. Hazırda ədəbiyyatşünaslıqda və folklorşünaslıqda, xüsusən kompüterlər, internet və yeni texnologiyalarla "silahlanmış" mütəxəssislərin müxtəlif yönlü yaradıcılıq işlərində "mətndən qaçma" və oxuduğu elmi ədəbiyyatları "gözə soxma" tendensiyası getdikcə vüsət almaqdadır. Vaqif Yusiflinin yaradıcılığı isə başdan-ayağa bədii mətn üzərində qurulub. O, nəzmin və nəsrin aurasını, qan dövranını öz vücudundakı damarlar kimi, damarlarındakı qan kimi duymağa və hiss etməyə can atır. Bədii əsərlə öz mənəvi dünyası arasında gözə görünməz əlaqə və rabitə yarada bildiyinə görə də Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza, Süleyman Rüstəm, Osman Sarıvəlli, Əhməd Cəmil, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, İslam Səfərli, Adil Babayev, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qabil, Hüseyn Arif, Əliağa Kürçaylı və başqa böyük şairlərimiz barəsində yazdığı rəngbərəng məqalələr ədəbi tənqid tariximizdə və ədəbiyyatşünaslıqda müəyyən iz buraxmışdır. Özünəməxsus və obyektiv nöqteyi-nəzərinə görə, Mirzə Cəlil, Hüseyn Cavid, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, Əbülhəsən, Mehdi Hüseyn, Sabit Rəhman, Ənvər Məmmədxanlı, Mirzə İbrahimov, Mir Cəlal, İlyas Əfəndiyev, İsmayıl Şıxlı və başqa ədəbi nəhənglər haqqında yazanda da, bugünkü nəsrimizin görkəmli nümayəndələri - Çingiz Abdullayev, Məmməd Oruc, Aqil Abbas, Kamal Abdulla, Afaq Məsud, İradə Tuncay, Elçin Hüseynbəyli, Mustafa Çəmənli, Rəşad Məcid, İlqar Fəhmi və digərlərinin əsərlərini təhlil edəndə də tənqidçi öz estetik nəticə və qənaətlərində səhvə yol vermir.

 

Yuxarıda söylədiklərimizi təsdiq və isbat etmək üçün Vaqif Yusiflinin əsərlərindən, onlarla kitablarından, yüzlərlə məqalə və esselərindən istənilən qədər dəlil-sübut, misallar gətirmək olar. Amma mən oxucunun təsəvvürlərində bir az müəyyənlik və əyanilik hasil etmək üçün cəmi bir-iki nümunə ilə kifəyətlənəcəyəm. Baxın, görün, həssas və nəfis üslublu münəqqid müraciət etdiyi şairlərin dünyasına - son dərəcə məhrəm və yalnız nadir hallarda bəni-adam nəzəri və nəfəsi yetəcək aləmlərinə necə ehtiyatla daxil olur: "Poeziyamızın iki görkəmli nümayəndəsinin - Musa Yaqubun və Məmməd İsmayılın son illərdə yazdığı şeirlərə üz tutmaq istəyirəm. Niyə məhz onların yaradıcılığına? Mənim fikrimcə, yaşı yetmişi keçmiş bu iki şair hələ də sözün cazibəsindən uzaqlaşmamışlar. Onların yaradıcılığına birtərəfli yanaşan hər kəs düşünə bilər ki, Musanın da, Məmmədin də ən gözəl şeirlərinin yazıldığı illər arxada qalıb, daha onların poetik gücü tükənib və Musa da, Məmməd də öz köhnə şeirlərinin havasında yaşayırlar: "Zəmilərim, xırmanlarım sovrulub, Təndə canım, saçda dənim qovrulub, Xəzəl altda gül otlarım qıvrılıb, Bundan sonra nə olacaq, olacaq. Mən dərdimi pıçıldadım dağlara, Dağlar alıb payladı oymaqlara. Dövrüm verdi haqqımı nahaqlara, Bundan sonra nə olacaq, olacaq". - Bu şeir, əgər belə demək mümkünsə, payız lirikası nümunəsidir. Musanın son illərdə yazdığı şeirlərdə ömrün o tayı ilə bu tayı - cavanlıqla qocalıq, baharla payız çox tez-tez qarşılaşdırılır və şairin səsində bir hüzn, bir təəssüf nidası duyursan... Deyək ki, bizim poeziyada ömrün ötən illəri ilə bu günün qarşılaşdırılmasına az təsadüf etməmişik, təəssüfedici notlar səslənib. Halbuki keçmişi xatırlamaq, ömrün gözəl çağları üçün bir nisgil duyğusuyla yaşamaq özü də gözəldir. Vaxt vardı ki, Musa Yaqubun şeirlərində təbiət də, bu təbiətin bütün atributları da üzə gülürdü..." Tənqidçinin bu emosional misallara və yaşantılara münasibəti qəlbinizi riqqətə gətirir. Şair dünyası ilə münəqqid dünyası arasındakı həmahənglik məni bir oxucu kimi sevindirir. Tənqidçi insanla təbiət arasındakı harmoniyadan söz açıb heyrətlənirsə, məni Musa Yaqub və Vaqif Yusifli dünyalarının doğmalığı, həmahəngliyi heyrətləndirir: "Əlbəttə, Musa Yaqubun "Dostlarını aparan qatar" gedib, özü isə yalqızdı və bu yalqızlığı, tənhalığı biz onun ikimininci illərin əvvəllərindən indiyə qədər yazdığı şeirlərinin əksəriyyətində hiss edirik. Musaya haqlı olaraq "təbiət şairi" deyirlər, o, təbiətdən cəmiyyətə, cəmiyyətdən də təbiətə boylanan, insanla təbiət arasında harmoniyanı şeirlərində böyük sənətkarlıqla canlandıran şairdir. Doğrudan da, Azərbaycanın balaca bir cənnətində oturub, təbiətin bitib-tükənməyən möcüzələrindən gözəl şeirlər yazan bir şairin indi qəm-qüssəyə batması, öz kədərini şeirlərində yaşaması heç də təəccüblü deyil. Şair yaşlaşanda, onun içindəki filosof da yaşa dolur, gedən ömürə, bir də qayıtmayan illərə, aylara boylanır, başlayır ruhu ilə söhbətə..."

 

Azərbaycan ədəbi məkanında ədəbi-tənqidi məqalə janrının hal-hazırkı vəziyyətini müəyyənləşdirən münəqqidlərimizdən biri və bəlkə də, birincisi Vaqif Yusiflidir. Onun yaradıcılığının müxtəlif dövrlərinə aid olan əsərlərinə müraciət etsək, görərik ki, o, hər bir yazının özünəməxsusluğu və emosional-estetik dəyər qazanması üçün can atır. Bütün düşüncəsini və mənəvi enerjisini məhz bu məqsədə - baş ədəbi-estetik janrın müstəqilliyini və nüfuzunu qorumağa yönəldir. Elə bu səbəbdən də alimin hər bir yaxşı məqaləsində hər dəfə janrın poetikasının təkrarsız komponentləri - orijinal proloq və təzə-tər, təravətli epiloqlarla, ədəbi-nəzəri fikrin və təhlilin yeni, gözlənilməz və rəngbərəng dinamikası ilə rastlaşırıq.

 

Vaqif Yusifli az qala yarım əsrə yaxındır ki, ilhamla və sonsuz məhəbbətlə yazıb-yaratmaqdadır. Onun təxminən 70-ci illərin ortalarından Azərbaycanın baş jurnalı "Azərbaycan"da ədəbi fəaliyyətə başlamasını nəzərə alsaq, əminliklə söyləmək olar ki, düz 40 ilə yaxındır ki, zəhmətkeş alim peşəkar Azərbaycan ədəbi-tənqidi fikrini təkcə redaktə etməklə yox, eyni zamanda, cilalamaq, zənginləşdirmək və yeni zirvələrə yüksəltməklə məşğuldur. Elə bu səbəbdən də peşəkar tənqidçinin məqalələrində dərinlik, yüksək elmi səviyyə, axıcı və nəzakətli təhkiyə tərzi, heç kimlə müqayisə olunmayan professionalizm ilk baxışdanca nəzərə çarpır.

 

Vaqif Yusifli "Ağ saçların hekayəti" məqaləsində tanınmış yazıçımız Aqil Abbasın özünəməxsus bədii dünyasını açmaq, kəşf etmək və səciyyələndirməklə kifayətlənmir, eyni zamanda, onun çağdaş Azərbaycan ədəbiyyatı tarixindəki yerini və mövqeyini də təyin etməyə müvəffəq olur. Bu məqalə alimin elmi-estetik niyyətinin və konsepsiyasının açılmasına, aydınlaşdırılmasına xidmət edir.

 

Vaqif Yusiflinin 70 yaşı! Ömrün və yaradıcılıq yolunun kamillik zirvəsi! Əgər biz bu zirvədən keçən illərə və yollara nəzər salsaq, böyük zəhmətlərin və uğurların bir-birini əvəz etdiyini görərik. Təsadüfi deyil ki, görkəmli alim filologiya elmləri doktoru Vaqif Yusifli son illərdə nəşr etdirdiyi fundamental kitablarında məhz illərin və yolların yaddaşını ("Poeziyanın illəri və yolları", Bakı, 2009) və əlahəzrət zamanın poeziyadakı izlərini ("Poeziya və Zaman", Bakı, 2012) açıb göstərməyə çalışıb.

 

Vaqif Yusiflinin həyat və yaradıcılıq yolunu bir neçə kəlmə ilə ümumiləşdirmək zərurəti doğulsaydı, mən onu mübarizlik və cəsurluq örnəyi adlandırardım. Bir də söz sənətinə sonsuz sevgi və sədaqət nümunəsi deyərdim.

 

Dahi rus yazıçısı Anton Pavloviç Çexov öz məşhur hekayələrinin birinin qəhrəmanını "istedadlı insan" adlandırır. Mənə elə gəlir ki, tənqidçi dostum və həmkarım Vaqif Yusifli məhz böyük hərflərlə yazılan İstedadlı İnsandır. Bu istedadlı insanın yorulmaz və mübariz qəlbi Azərbaycan ədəbiyyatını yeni bir əfsanə ilə zənginləşdirməkdədir. Bu isə Azərbaycan bədii sözünü sevmək və sevdirmək eşqi ilə yaşayan zəhmətkeş bir insanın, mərd və mətanətli bir qələm sahibinin yaratdığı əfsanədir.

 

Azərbaycanın bədii sözünü ürəkdən sevən və öz sevgisini könüllərə paylaşmaqdan yorulmayan, yanılmaz və yenilməz zəhmətkeş alimə can sağlığı və uzun ömür arzulayırıq.

 

525-ci qəzet 2018.- 20 aprel.- S.6.