Naxçıvan Muxtar Respublikası: uğurlar və töhfələr

 

Azərbaycan Respublikası sosial-iqtisadi inkişaf sahəsində artım dinamikasına əminliklə davam etməkdədir.

Bu proseslər milli iqtisadiyyat quruculuğu sahəsində çox mühüm amil olmaqla yanaşı, həm də regional siyasətin səmərəliliyinə xidmət etməkdədir. 2016-cı ilin dekabr ayında ölkə başçısı tərəfindən təsdiq edilən Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələrində müəyyən edilən hədəflərin yerinə yetirilməsində muxtar respublikanın rolu və mövqeyi əhəmiyyətli dərəcədə artmışdır. Qeyri-neft sektorunun inkişaf perspektivlərinin düzgün müəyyənləşdirilməsi bunun üçün həyata keçiriləcək tədbirlərin səmərəliliyinin artırılmasına da imkan vermişdir. Güclü infrastruktur potensialının yaradılması milli iqtisadiyyat üçün çoxşaxəliliyin təmin edilməsini sürətləndirmiş və bu, özünü ayrı-ayrı sahələrin əlaqəli inkişafında göstərməkdədir. İqtisadiyyatın sahə strukturunun keyfiyyətcə təkmilləşməsi həmin istiqamətlərdə dayanıqlı şəbəkə yarada bilmiş, yüksək sosial-iqtisadi səmərə əldə edilmişdir. Belə olan vəziyyətdə isə təmin edilən hər bir inkişaf mərhələsi yenilərinin açılmasını stimullaşdırmışdır.

 

Söz yox ki, bütün bunları qeyd edərkən, ölkənin davamlı, ardıcıl və yüksək mahiyyətli regional siyasəti və həmin fonda Naxçıvan Muxtar Respublikasının verdiyi sosial-iqtisadi töhfələr nəzərimizdə canlanır. Ulu öndər böyük Heydər Əliyev siyasətinə və həmişəyaşar ideyalarına sadiq qalaraq, bazar iqtisadiyyatının obyektiv inkişaf qanunları əsasında sürətli inkişaf yolu keçən muxtar respublika bütün iqtisadi potensialını səfərbər etməklə, ölkənin milli iqtisadi quruculuq proseslərində fəal iştirak etməkdədir. Bunlarla isə təbii ki, qeyri-neft sənayesinin imkanlarının artırılmasında hərəkətverici təsirə malik olmaqdadır.

 

Naxçıvan Muxtar Respublikasında əldə edilən uğurlara diqqət edərkən aydın olur ki, burada sosial-iqtisadi sahədə qətiyyətli idarəetmə mövcuddur və bu, iqtisadi inkişaf üçün güclü təminat yaratmaqdadır. Xüsusən də, son 22 ildən artıq tarixi inkişaf dövründə əsas makroiqtisadi göstərici olan Ümum Daxili Məhsul istehsalının 62 dəfəyə yaxın artması, bunun isə dayanıqlı iqtisadi siyasətə zəmin olması qeyd etdiklərimizə sübutdur.

 

Naxçıvan Muxtar Respublikasında ÜDM-nin həcmi haqqında məlumat (min manat)

 

Yeni iqtisadi şəraitə xas əmək, istehsal, məşğulluq, istehlak və digər istiqamətlər üzrə etibarlı fəaliyyət münasibətlərinin formalaşması, bu sahədəki proseslərin stimullaşdırılmasına imkanlar açmışdır. Nəticədə isə makroiqtisadi siyasətin səmərəliliyi daha da artmışdır ki, bu da çoxsahəli infrastruktur potensialı yaratmışdır.

 

Sənayenin və kənd təsərrüfatının bir-biri ilə əlaqəli inkişafı öz özlüyündə xammal mənbələrinə əlçatanlığı təmin etmiş, emal və istehsal proseslərinin arasıkəsilməzliyinə təminat vermişdir. Muxtar respublikada bu məsələlərin səmərəliliyi onun xüsusilə bütün rayon və kəndlərini əhatə etməkdədir.

 

Artıq bu tədbirlər həm davamlı xarakter daşıması ilə, həm də yeni iqtisadi potensialın təşkilatlanması ilə öz aktuallığını artırmaqdadır. Bu potensial isə muxtar respublikanın bütün sahələr kimi nəqliyyat sektorunda da innovativ ideyalara əlverişli yol açmış və perspektivliyini artırmışdır. Qeyd edilən tədbirlərin hərəkətverici qüvvəsi olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 16 mart tarixli Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2011-2015-ci illər üzrə inkişaf Proqramı" təsdiq edilmişdir. Bu dövrdən başlayaraq muxtar respublikada dəmir yolu sahəsində daha mütərəqqi infrastruktur quruculuğunda yeni mərhələ başlandı. Bununla da muxtar respublika beynəlxalq iqtisadi münasibətlərin ən sadiq tərəfdaşı kimi məhsuldar ideyalarla çıxış etməklə milli iqtisadi inkişafa verdiyi töhfələrin əhatəsini genişləndirmiş oldu. Məhz bu günlərdə, yəni 2 aprel tarixində "Naxçıvan Dəmir Yolları" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ordubad dəmir yolu stansiyası kompleks quruculuq işlərindən sonra istifadəyə verildi. Bu tədbir muxtar respublikada iqtisadiyyatın müqavimət gücünün və məhsuldarlığının artırılmasına bir başa xidmət edəcəkdir. Digər tərəfdən bu imkan verəcək ki, muxtar respublikanın milli iqtisadiyyatlarını inkişaf etdirən ölkələrlə inteqrasiya proseslərində uğurlu iştirakçı olsun. Buna tam hazır olsun. Dünya iqtisadiyyatına, onun inkişaf qanunauyğunluqlarına, prioritetlər üzrə təcrübələrinə uyğun olaraq, inkişaf etmiş nəqliyyat sektoruna malik olmaq və bu sahə üzrə makro səviyyədə yüksək perspektivliyə malik dəmiryolçular ailəsinə üzv olmaq muxtar respublikanın çevik iqtisadi inkişafına hədəflənib. Blokada vəziyyətinin təsirlərinin və təhdidlərinin məhdudlaşdırılmasına təkan verən bu potensial həm də sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına öz əhəmiyyətli təsirini göstərəcək. Belə ki, istehsalın fasiləsizliyini, onun istehlaka qədər olan qırılmazlığını təmin edəcək bu amillər yükdaşımalar sistemində mal dövriyyəsinin artmasına şərait yaradacaq. Zaman və keyfiyyət itkisinə yol vermədən genişmiqyaslı ticarət dövriyyəsinin formalaşmasını şərtləndirəcək. Nəticədə isə muxtar respublikada ixracyönlü məhsulların istehsalı sahəsində nəzərdə tutulan hədəflər gerçək olacaq. Naxçıvan məhsulları brendləşmə istiqamətində yeni mərhələyə qədəm qoyacaq. Bu, eyni zamanda, muxtar respublikada kəndlərin sosial-iqtisadi inkişafını sürətləndirəcək ki, bununla da hər bir kəndli məhsul istehsalının stimullaşdırılmasında mühüm və fəal iştirakçı olacaq.

 

Bu, strateji layihədir. Ölkəmizin uzaq gələcək üzrə müəyyən etdiyi hədəflər məhz bu dövrdən başlayaraq daha da gerçək olacaq. Strateji Yol Xəritələrində yer alan kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair, eləcə də logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritələrinin inkişafı məqsədlərinə birbaşa xidmət edəcək.

 

Qarşıdakı dövrlər üzrə nəzərdə tutulub ki, Naxçıvan Muxtar Respublikası ilə Bakı şəhəri arasında İran İslam Respublikası ərazisindən keçməklə, dəmir yolu xəttinin açılması təmin edilsin və hazırda bu layihə istiqamətində işlər aparılır. Məhz bu, həm muxtar respublikada kreativ ideyalara əsaslanan sahibkarlığın inkişafına yeni təkan olacaq, həm muxtar respublika ilə tərəfdaş ölkələr arasında iqtisadi işbirliyinin sürətlənməsinə xidmət edəcək, həm də Azərbaycanla İran arasındakı ticarət imkanlarının artmasına səbəb olacaq. Nəticədə isə Azərbaycanın regionda və dünyadakı mövqeyinin daha da güclənməsinə stimul verəcək. Nəzərə alsaq ki, ötən ilin oktyabr ayında Asiya ilə Avropa arasında körpü rolunu oynayan Bakı-Tbilisi-Qars Dəmir Yolu də istifadəyə verildi, onda muxtar respublikanın bu nailiyyətləri həmin tədbirlər üzrə çox strateji dəstək olacaq. İstər beynəlxalq yükdaşımaların, istərsə də sərnişinlərin məntəqələr və ölkələrarası hərəkətinin davamlılığı üçün çox mühüm vasitə olacaq bu potensial ümumilikdə, Azərbaycanın müəllifi olduğu ideya və təşəbbüslərin dünya tərəfindən qəbul edildiyini də göstərməkdədir.

 

Naxçıvan Muxtar Respublikası Ümummilli lider böyük Heydər Əliyevin ölkəmizdə müəyyən etdiyi müstəqil iqtisadi siyasətin təminatçısı kimi böyük uğurlara imza atmaqdadır. Təbiidir ki, dövlətlərin siyasi müstəqilliyi onların iqtisadi müstəqilliyini şərtləndirən və ona təminat verən ən mühüm göstəricidir. İqtisadi müstəqillik isə özünün davamlı inkişafı ilə siyasi müstəqilliyin çox zəruri təminat amillərindəndir. Bu, bir həqiqətdir ki, muxtar respublika qazandığı nailiyyətlərlə hər iki istiqamət üzrə təkmil baza formalaşdırmış, öz iqtisadiyyatına, öz təbii sərvətlərinə və bu sahələr üzrə siyasətinə qərar verə bilən bir Muxtar Dövlət olaraq inkişaf etməkdədir.

 

Belə bir vəziyyətdə muxtar respublika sosial-iqtisadi inkişaf göstəricilərinin mühüm ifadəsi olaraq, genişmiqyaslı tikinti-quruculuq işlərilə daha çox üstünlüklər əldə etməkdədir. Ən müasir standartların hətta ən ucqar dağ kəndlərində özünə kök salması, kommunal təminatların genişmiqyaslılığı, xüsusən də dağ kəndlərinin canlanması və bu kimi bir çox tədbirlər muxtar respublikanın milli iqtisadi quruculuq proseslərindəki əhəmiyyətliliyinin təmin edilməsinə güclü təsir etdi. Təkcə onu qeyd edə bilərik ki, 2017-ci ildə bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 5 milyon 761 min manat vəsait yönəldilmişdir ki, bu da 1995-ci ilin müvafiq göstəricindən 330 dəfəyə yaxın artıq olmuşdur.

 

Naxçıvan Muxtar Respublikasında əsas kapitala yönəldilən investisiyaların həcmi (min manat)

 

Yüksək təminat qabiliyyətinə malik infrastruktur quruculuğuna göstərilən diqqət dövlətin ali məqsədlərinə aid olmaqla, istehsal və iqtisadi idarəetmə sahəsində çox mühüm amil olmuşdur. Məlumdur ki, 2004-cü ildən ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları mərhələlər üzrə olmaqla, uğurla icra olunmaqdadır. Bunlarla yanaşı, muxtar respublikanın özünün sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının Ali Məclisin Sədri tərəfindən təsdiq edilməsi çox mühüm sürətləndirici mexanizm olaraq dəyərləndirilməlidir. Hesablamalar göstərir ki, birinci mərhələdə, yəni 2004-2008-ci illərdə əsas kapitala yönəldilən investisiyaların həcmi 4 dəfəyə yaxın, ikinci mərhələdə (2009-2013) 3 dəfəyə yaxın artmışdır. Hazırda üçüncü mərhələsinin (2014-2018) sonlarına yaxınlaşdığımız Dövlət Proqramının icra olunan müddəti ərzində həmin göstərici 2 dəfəyə yaxın artımla müşayiət olunmuşdur. Bu sahədəki proseslərin inkişaf istiqamətli olması müvafiq göstəricinin də artmasına zəmin yaradacaq. Qeyd edək ki, həmin proqramların icrasına başlandığı 2003-cü ildən 2017-ci ilə qədər muxtar respublikada əsas kapitala yönəldilən investisiyaların həcmində 16 dəfəyə yaxın artım olmuşdur.

 

Dövlətin iqtisadi siyasətinin səmərəliliyi əhalinin sosial rifah halının daha da yaxşılaşmasında özünü göstərməkdədir. Firəvanlıqla, əminəmanlıqla yaşamaq, tarixilik və müasirlik baxımdan arxitektur ənənələrinin qorunması muxtar respublikanın hər bir sakininin məmnunluğuna səbəb olmuşdur. Təbii ki, bütün bunlar isə makroiqtisadi tarazlığın təmin edilməsi şəraitində mümkün olmuşdur. Belə ki, 2017-ci ildə muxtar respublikada 236 müxtəlif təyinatlı obyekt tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur. 98 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri isə davam etdirilmişdir. Əlbəttə ki, iqtisadiyyatın sahə strukturu üçün güclü baza olacaq bu göstəricilər uzaq gələcək üçün əsaslı səmərəlilik göstəricilərinə stimul verəcək.

 

Beləliklə, Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi inkişafını Azərbaycanın milli iqtisadiyyatı üçün güclü baza olaraq formalaşdırmaqdadır. Əldə etdiyi nailiyyətlər, yaratdığı və təmin etdiyi dayanıqlıq böyük istehsal və sosial perspektivlər gətirməkdədir.

 

Cavadxan QASIMOV

İqtisad üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet 2018.- 20 aprel.-S.6.