Sözün Səsi - Zəmanənin Vaqifi

 

USTAD ƏDƏBİYYATŞÜNAS VAQİF YUSİFLİNİN 70 YAŞINA

 

Vaqif Yusifli şəxsiyyəti haqqında düşünərkən təhtəlşüurumda ilkin yada düşən məfhum SƏSdir.

 

Bu o səsdir ki, birincisi, Ulu Yaradanın ona bəxş etdiyi bioloji, əzəmətli və ecazkar bir səs. İkincisi isə Vaqif Yusiflinin geniş, çoxşaxəli və zəngin yaradıcılığının əsrarəngiz səsidir. İkinci səs təbii ki, birinci səsdən qat-qat böyük bir səsdir ki, onun min bir rəngi və min bir çaları var. Alimin yaradıcılığının rənglərinin bir neçə məqamını sözlə rəsm etmək istərdim. Bəşəri şairimiz dahi Nizami Gəncəvi deyir:

 

Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,

Yer üzünün fatehi ədalətdir, ədalət!

 

Bu səsdə sülhə, ədalətə, əmin-amanlığa çağırış ruhu, çağırış nidası var.

 

Söz mülkünün sultanı, böyük Mövlanəmiz Füzuli yazır ki:

 

Öylə sərməstəm ki,

idrak etməzəm dünya nədir,

Mən kiməm, saqi olan kimdir,

meyi-səhba nədir.

 

Bu səsin rəngində Füzulinin ilahi, sufi eşqinin ucalığı, təmizliyi və ülviliyi ehtiva olunur.

 

Türk dünyasının qüdrətli söz sənətkarı Yunis Əmrə deyir:

 

Məni məndə demə, məndə deyiləm,

Bir Mən vardır məndə, məndən içəri.

 

Vaqif Yusifli yaradıcılığının, ecazkar sənətinin dərin qatlarında Məndən içəri olan o sirli-sehrli aləmin 40-cı otağının açarı var.

 

XX yüzilliyin böyük vətəndaş şairi Məmməd Araz yazır:

 

Dünya mənim, dünya sənin, dünya heç kimin...

 

Fanidən-baqiyə, əbədiyyətə uzanan bu geniş və eniş-yoxuşlu yolda hamıya məxsus olan, fəqət son ucda heç kəsə qalmayan bu cazibədar, təzadlı, mürəkkəb olduğu qədər də sehrkar dünyanın paradoksallığının ən incə məqamlarını, dərin qatlarını açan fəlsəfi düşüncələr var bu böyük sənətin rəngində və səsində.

 

Unudulmaz şairimiz, öz adını və zəngin yaradıcılığını ədəbiyyatımıza şöhrətlə yazan Bəxtiyar Vahabzadə isə deyir:

 

Dəyişməzdir əqidəm, çox da dünya fırlanır.

 

Vaqif Yusifli şəxsiyyətini, sənətini səciyyələndirən ən mühüm keyfiyyətlərindən biri də onun məğrurluğu, xarakterinin bütövlüyü, cəsarəti, əqidə və məslək İnsanı olmasındadır. Nəhayət, azərbaycanlı xarakterinin mahir yaradıcısı, qarlı aşırımları keçsə də, axırıncı aşırımı keçə bilməyən (bu ifadə Vaqif müəllimə məxsusdur) Fərman Kərimzadənin vahid və qüdrətli Azərbaycan dövləti yaratmaq uğrunda fəal mübarizəyə çağırış ideyaları var bu tədqiqatçı alimin səsinin ecazında.

 

Mən Vaqif Yusifli yaradıcılığında təmərküzləşən rənglərin bir qismini təsəvvürümdə canlandırdığım kimi rəsm etməyə çalışdım.

 

Vaqif Yusifli yaradıcılığının başlıca məziyyəti onun səmimiyyətində, sadə və aydın ifadə tərzində, oxuduğu, öyrəndiyi sənətkarların yaradıcılığına bələd olmasındadır. Vaqif müəllim bütün varlığı ilə milli kökə, azərbaycançılıq ideologiyasına bağlı alim kimi bütövlükdə Şərq təfəkkürünün, Türk düşüncə tərzinin daşıyıcısı və təbliğatçısıdır. Alimin ədəbi-tənqidi, publisist yazılarını oxuduqca orada Vaqif müəllimin canlı xalq dilində özünəməxsus üslubu, yazı manerası ilə qarşılaşırsan. Sanki o, oxucu ilə üz-üzə, qarşı-qarşıya əyləşib, onunla dialoq qurur, həmsöhbət olur. Onu razı və narazı salan məqamları bölüşür, fikir mübadiləsi edir.

 

Vaqif Yusifli Füzuli sənətinin vurğunu və pərəstişkarıdır. Daxili dünyası Füzulinin qeyri-adi poetikasının orbitində, əlçatmaz cazibəsində dövr edən alimin yaradıcılığındakı xeyirxahlığa, alicənablığa, bütövlükdə İnsanlığa çağırış ruhu da elə ustad sənətkarın söz xəzinəsindən süzülüb gələn ülvi hiss və duyğuların məntiqi nəticəsidir.

 

Vaqif müəllim klassik irsimizə hörmətlə yanaşan tədqiqatçılarımızdandır. O, bir dəfə, söhbət əsnasında ədəbi tənqidə gəlişinin tarixçəsindən söhbət açaraq bildirdi ki, orta məktəbdə oxuduğum zaman böyük yazıçı və ədəbi tənqidçi Mehdi Hüseynin yaradıcılığını maraqla izləyir və sənətinə dərin hörmət bəsləyirdim. Mehdi Hüseynin çıxışlarını dinlədikcə mən də öz-özlüyümdə tənqidçi olacağımı qərarlaşdırdım. Lakin orta məktəbin son sinfində oxuyarkən ustadımız Mehdi Hüseynin ölüm xəbəri məni sarsıtdı, qeyri-ixtiyari gözlərimdən yaş axmağa başladı... Ancaq illər ötdü, mən öz idealımın yolunu davam etdirdim.

 

Bu şərəfli və məsuliyyətli vəzifəni ləyaqətlə yerinə yetirən Vaqif müəllim az qala ömrünün yarım əsrini Azərbaycan ədəbiyyatının inkişafına həsr edib. Böyük bir ədəbi nəslin yaradıcılığına obyektiv qiymət verərək geniş tədqiqat obyektinə çevirib. Vaqif müəllim 300-dən artıq ədəbi-tənqidi, publisistik məqalənin, 20-yə yaxın kitabın müəllifidir. Nəsr, konfliktlər, xarakterlər (1986), Məmməd Araz dünyası (1994), Ürəyimi sərdim günəşə (Fikrət Qocanın yaradıcılığı. 1997), Tənqid yarpaqları (1998), Karvanbaşı, yolun hayanadır (1998), Yollar hayana aparır (1999), Bu nə sehrdir belə (Elçin haqqında əlli altı söz, 1999), Tənqid və bədii söz (məqalələr, 2002), Tənqid də yaradıcılıqdır (2003), Yolayrıcı (məqalələr, 2004), Fikrət Qoca-70 il (monoqrafiya, 2005), Yaxşı ki sən varsan (Musa Yaqubun yaradıcılığı, 2007), Sındır qəfəsi (məqalələr, 2008), Poeziyanın yolları və illəri - 1960-2000-ci illər (monoqrafiya, 2009), Rəsul Rza və müasir Azərbaycan poeziyası (2010), Şeirimizin Nərimanı (monoqrafiya - Nəriman Həsənzadənin yaradıcılığı, 2011), Poeziya və zaman (2012), Bölgələrdə ədəbi həyat (2017) və s. kitablar Vaqif Yusiflinin zəngin və məhsuldar yaradıcılığından xəbər verir. Bu kitablardan bir neçəsini də öz dəst-xətti ilə yazıb mənə hədiyyə verib. Bu gün də mütaliə etdiyim, yaradıcılıqla bəhrələndiyim tədqiqat əsərləri ustad qələm sahibinin mənə ən qiymətli töhfəsidir.

 

Azərbaycan ədəbi tənqidi ədəbiyyatşünaslığın digər sahələri ilə müqayisədə cavan olsa da, XX yüzillikdə onun tarixini yazan Kamal Talıbzadə, Məmməd Arif, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Yaşar Qarayev kimi böyük alimlərimiz bu istiqamətdə fundamental ədəbi məktəblər yaratdılar. Sonralar bu ənənə Aydın Məmmədov, Kamil Vəliyev, Nadir Cabbarov, Akif Hüseynov, Vilayət Quliyev, Kamal Abdulla və başqaları tərəfindən uğurla davam etdirildi. Keçən əsrin 70-80-ci illərindən bu cəbhəyə qoşulan Vaqif Yusifli çağdaş qələm dostları arasında ədəbi hadisələrə, poeziya və nəsr nümunələrinə daha operativ və fəal münasibətilə diqqəti cəlb edir. Bu mənada (özünün etiraf etdiyi kimi) Yazıçılar Birliyinin təcili yardımı olan Vaqif müəllim müxtəlif mətbuat orqanlarında dərc olunan ədəbi-bədii yazıları, kitabları oxuyub onlar haqqında öz fikir və mülahizələrini oxuculara çatdıran dinamik bir tənqidçidir.

 

Dünya müharibələri və inqilablarla müşayiət olunan XX əsrin totalitar rejimindən keçib gələn, müxtəlif ədəbi cərəyan və təmayülləri (realizm, romantizm, modernizm, postmodernizm, dekadentizm və s.) özündə ehtiva edən ədəbiyyat haqqında doğru, dürüst, obyektiv söz demək və oxucunu inandırmaq, əlbəttə, tənqidçidən geniş erudusiya, intellektual səviyyə və böyük məsuliyyət tələb edir. Vaqif müəllim bu polifoniklik içərisində iki əsrin qovuşağının tendensiyasını, mürəkkəblik və paradoksallığını, müstəqillik illərinin yeni ab-havasını yazıb göstərən söz sənətkarlarının yaradıcılığının ən dərin qatlarına enməyi bacaran tədqiqatçılarımızdandır. Nəsri nasir qədər, şeiri şair qədər bilən Vaqif Yusifli bugünkü ədəbi tənqidimizə qayğı ilə, məsuliyyətlə yanaşır. Ədəbi tənqidin keyfiyyətli və ciddi araşdırıcılarını göz önünə gətirir: Azərbaycanda bu gün peşəkar mənada 10-12 tənqidçi var: Nərgiz Cabbarlı, Cavanşir Yusifli, Rüstəm Kamal, Əsəd Cahangir, Elnarə Akimova, Bəsti Əlibəyli, Nizaməddin Şəmsizadə, Rəhim Əliyev, Tehran Əlişanoğlu və b.

 

Vaqif Yusifli geniş yaradıcılığında artıq ədəbiyyatda öz sözünü demiş təcrübəli, səriştəli yazıçılarımızla yanaşı, yeni ədəbi qüvvələri də diqqət mərkəzində saxlayır. O, müsahibələrinin birində qeyd edir ki, mən dörd ədəbi nəslin nümayəndələri ilə bağlı çoxsaylı məqalələrin müəllifiyəm. Vaqif müəllimin Ədəbi gəncliklə bağlı 1997-ci ildə Ulu Öndərimiz Heydər Əliyev qarşısında və Yazıçıların X Qurultayında etdiyi məruzələrin əsasında da gənc ədəbi qüvvələrin tanıdılması kimi önəmli və perspektivli məsələlər dururdu. O, istedadlı gənclərin geniş oxucu auditoriyasına tanıdılmasının zəruriliyini həmişə ön plana çəkir.

 

Vaqif Yusiflinin yaradıcılığında hər bir tədqiqat əsərinin xüsusi çəkisi var. Alimin digər əsərləri ilə yanaşı, 2017-ci ildə akademik İsa Həbibbəylinin elmi redaktorluğu, professor Qəzənfər Paşayevin tərtibçiliyi və ön sözü ilə işıq üzü görən Bölgələrdə ədəbi həyat kitabı onun yaradıcılığında mühüm yer tutur. Tədqiqatçının uzunmüddətli və ciddi araşdırmalarının nəticəsi kimi ərsəyə gələn bu kitab çağdaş dövrümüzdə Azərbaycan ədəbiyyatının mərhələləri, zənginliyi və inkişaf yolu haqqında maraqlı məlumatları, analitik təhlilləri özündə əks etdirir. Bu əsər ədəbiyyatımızın real durumunu, bölgələrdə, ayrı-ayrı əyalətlərdə yaşayıb-yaradan istedadlı insanların söz dünyasını oxuculara tanıtmaq istiqamətlində Vaqif Yusiflinin böyük xidmətidir.

 

Vaqif Yusifli yaradıcılığı ilə orta məktəb illərindən tanışam. Onun dövri mətbuatda dərc olunmuş məqalələrini oxumuş, televiziya ilə çıxışlarına maraqla baxmışam. Sonralar tale elə gətirdi ki, mən Vaqif müəllimi daha yaxından tanıya bildim. Fərman Kərimzadənin yaradıcılıq yolu adlı dissertasiya müdafiə edərkən Vaqif Yusifli mənim opponentim oldu. O, yaradıcılığına həmişə yüksək dəyər verdiyi Fərman Kərimzadə haqqında yazdığım tədqiqat işimə müsbət rəy vermiş, gələcəyimə inam ifadə etmiş və mənə uğurlar arzulamışdı. Elmi rəhbərim AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov rəylə tanış olduqdan sonra bildirdi ki, sən qəhrəmansan. Çünki Vaqif müəllimdən müsbət rəy almaq asan məsələ deyildi. Doğrudan da, Vaqif müəllim öz işinə məsuliyyətlə, diqqətlə yanaşan alimdir.

 

Mən müdafiə etdikdən xeyli sonra Vaqif müəllimlə Azərbaycan Dillər Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında birgə işləmişik. O, tələbələrə ədəbi tənqiddən dərs deyir, gələcəyin tədqiqatçılarına inamla yanaşırdı.

 

Vaqif Yusifli bu gün AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinə rəhbərlik edir. Eyni zamanda, akademik İsa Həbibbəylinin şəxsi təşəbbüsü ilə institutda təşkil edilən elmi mühazirələrdə bu günün doktorantları və gələcəyin alimlərinə ədəbi tənqidin tarixi, inkişaf mərhələləri, tendensiyası, hazırkı mərhələdəki yeri haqqında dəyərli məlumatlar verir. O, ədəbiyyatşünaslığın əsas istiqamətlərindən olan ədəbi tənqidin yükünü çağdaş dövrümüzdə çiyinlərində daşıyan qayğıkeş və məsuliyyətli alim kimi gənclərimizə ustad dərsləri verməklə onlarda Azərbaycan ədəbiyyatına, onun böyük yaradıcılarına məhəbbət hissi aşılayır.

 

Bu günlərdə 70 yaşını qeyd edəcəyimiz ustadımız bəlkə də öz-özünə sual verir ki, bu illər nə tez ötüb keçdi, 70-ə nə vaxt gəlib çatdım? Doğrudan da, sanki bizi bizdən alan zaman bir göz qırpımında ömrümüzdən, günümüzdən keçib gedir. Onu durdurmaq olmur. Xalqda belə bir deyim var: Hər şey zamana baxsa da, zaman heç nəyə baxmır. Bu, bəlkə də belədir. Ancaq bir az məntiqlə, fərqli aspektdən yanaşdıqda başqa bir həqiqət də ortaya çıxır. Axı zamanın yerini, məqamını, ölçüsünü müəyyənləşdirən insan təfəkkürü, insan idrakıdır. Zaman özünün hansı mənzilədə (Firidun bəy Köçərlinin təbirincə) olduğunu ayırd etmək bacarığına qabil deyil, hər anın dəyərini verən, saniyədən, dəqiqədən - əsrə, eraya qədər zamanı təyin etmək insan ağlının, qüdrətinin sayəsində mümkün olmuşdur və olmaqdadır. Buna görə də inamla deyə bilərik ki, zaman bizim daxilimizdə, batinimizdədir, biz zamanın daxilində, çərçivəsində deyilik. O, bizdən asılıdır, biz ondan yox. Bu mənada yaş məsələsi şərti və ovqata bağlı bir məsələdir. Kim hansı ovqatda, hansı əhval-ruhiyyədədirsə, deməli, o yaşdadır. Bəxtiyar Vahabzadə çox gözəl deyir:

 

Mən əlli yaşımda, altmış yaşımda

elə bilirdim ki, yüz qocalıqdır.

Sən demə, heç yüz də qocalıq deyilmiş!

 

Biz inanırıq ki, Vaqif Yusifli ömrünün 70-ci baharında 25 yaşın haləsində, çevrəsindədir. Çünki onun məhsuldar və çoxşaxəli yaradıcılığı, yazdığı tədqiqat əsərləri və ən başlıcası isə xalqına xidmətdən aldığı zövq bunu deməyə əsas verir.

 

Vaqif Yusifli xoşbəxt bir alim, istedadlı tənqidçi kimi ildırım sürətilə axıb gedən Zamanın səhifəsinə öz adını, imzasını ilmə-ilmə, naxış-naxış nəqş edə bilib. O, öz sələflərinin layiqli davamçısı kimi bu gün ədəbi tənqidin mühüm və aparıcı bir mərhələsində qərarlaşıb və zəmanəsinin Vaqifinə çevrilib. Arzu edirəm ki, Vaqif müəllim ZAMANı öz arxasınca apara bilsin. Ulu Tanrı onu sözünün, səsinin sehrindən, bizləri isə bu ecazkar SƏSi dinləməkdən məhrum etməsin!!!

 

Gülbəniz BABAYEVA

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet 2018.- 21 aprel.- S.17.