Salam, Kamran!

 

Salam, Yuliya”. Mənə “19+1” adlı kitabını bağışlayarkən Azərbaycan nasiri öz arzusunu qısaca belə ifadə eləmişdi. Bəli, bu qiymətli insan mənə təkcə adi salam verməmişdi, bir kəlmə sözlə məhz əmin-amanlıq, sağlamlıq, firavanlıq və uğur arzulamışdı...

 

Onun alicənablığı təkcə qəlbinin istiliyində, söhbətlərində, dialoq aparmaq və dinləmək mədəniyyətində deyildi. Bu nəciblik geniş mənada onun əsərlərinin saf və çoxmənalı çalarlarındadır.  Xəzərin mavi sularında, sarımtıl düzənlərdə, sübh çəninin mirvari dənəciklərində... və nələrdə... Özüçox ciddi sosial mövzularda yazan Kamran Nəzirlinin hekayələrində... O, artıq-əskik moizə və moral oxumadan cəmiyyətin yayılmış yaralarından danışır, onları ustalıqla açır: məsuliyyətsizlik, doğma və yaxın insanlara qarşı həqarət, azğınlıq və hərislik hissi... Misal üçün, yeni həyatın insana bəxş elədikləri haqqında müxtəlif suallar və onların səbəbləri... Müasir qadınlar şıltaq gəncliklərinin nəticələrini düşünürlərmi? Həyat tərzi dəyişmiş qadının şüurundakı mistik mənzərələr... “Dəcəl əcəl” hekayəsində Kamran Nəzirli bətnindəki çağasından yaxa qurtarmaq istəyən qadınla bağlı konkret rəmzləri qabardır: “...O qanadlı uşaq üçüncü dəfə də dövrə vurdu, bu dəfə gözləri təşvişlə doluydu, pırıltıyla uçub düz onun çiyinlərinə qondu; yenə qadını oxşadı, qanadlarını onun sinəsinə, üzünə, qollarına sürtdü. Və bundan sonra uçub getdi o işığa sarı, qeyb oldu. bürüncəkli qadın tər tökə-tökə hönkürdü. Bir azdan onu dəhşətli qorxu hissi bürüdü - işıq gələn tərəfi elə bil kimsə əli ilə örtdü...”

 

Kamran Nəzirli fahişələrdən, eynicinsli adamların biri-birinə olan sevgisindən də yazmaqdan qorxmur... O, eyni zamanda, cəsarətlə Qarabağ problemindən, onun səbəblərindən yazır, sovet dövrünün adamlarının ideallarının aqibətini qələmə alır... “Xalq artisti” hekayəsində sovet Xalq artistinin ailə-məişət çətinliklərindən, “Qoca uşaq” hekayəsində yurd həsrətiylə çadırlarda yaşayan hamilə qadınların çadırda doğulanqoca uşaq”larından yazır... Və nəhayət, müharibədən sonra Vətən xaini olmaq qorxusu ucbatından evə dönməyən atanın iztirablarından... (“Düzgün olmayan həqiqət”). Məgər oğul-ata ayrılığının bu qədər təsirli səhnələrindən sonra susmaq olar? Buya digər mürəkkəb suallara cavab tapmaq istəyən dərin zəkalı nasir Kamran Nəzirli bu həyəcanlı anları və səhnələri təsvir edərkən, görəsən, özü necə hal yaşayıb?

 

Onun hekayələrində bir cəhət də diqqətimi çəkdi: süjet boyu qəfil gedişlər və gəzişmələr, sonra bu gedişləri ana xətlə bağlamaq məharəti, dərin psixologizm, səlis rəmzi detallar... Ailə faciəsi baş verən gün itin özünü hündür mərtəbədən atması və onun qana boyanmış cəsədi, cinayət törətmiş şəxsin uzun illərdən sonra türmədən qayıdarkən sevdiyi qızın (artıq qadının!) bəyazlaşmış saçlarından dəhşətə gəlməsi,  görücü qadının yanına axışan qadınların qulaqlarındakı bərq vuran iri, bahalı sırğaları... Kamran Nəzirlinin təsvir elədiyi çalarlı həyat səhnələri uzun müddət oxucunun yadından çıxmır...

 

Həyatın ən mühüm problemlərindən yazmaq çox çətindir. Gərək çox mahir usta olasan ki, sənin yazdıqların pafosa, yaxud əksinə, quru sənədə çevrilməsin. Lakin müasir Azərbaycan yazıçısının müşahidələrini və sənət baxımından baxışlarını mən həm də  kinematoqrafçılıq adlandırardım: o, müasir dövrün fonundan ümumbəşəri və qlobal mövzuları ustalıqla ayırd edib çıxara bilir və həmçinin, cəlbedici milli, məişət mövzularını da yaddan çıxartmır. İndi biz onun əsərlərindən həm mehriban azərbaycanlı ailəsinin adətən naharda nələr yediyini öyrənirik... Və həm də müharibədən qayıtmayan oğullarının yolunu gözləyən anaların göz yaşlarını unutmuruq.  

 

Yuliya ALEYÇENKO

Belarusda çıxan “Polımya” ədəbi jurnalının məsul katibi, tənqidçi-ədəbiyyatşünas

 

Sentyabr, 2017-ci il

 

525-ci qəzet 2018.- 21 aprel.- S.16.