Türkiyədə Xalq yazıçısı Anarın 80 illik yubiley tədbirləri keçirilib

 

Bugünlərdə Türkiyədə Xalq yazıçısı Anarın 80 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib.

 

Aprelin 16-da Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY Xalq yazıçısının 80 illik yubileyi münasibətiylə nəşr olunan Çağdaşlarım kitabının təqdimat mərasimini təşkil edib. Tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyə Cümhuriyyəti prezidentinin baş müşaviri Yalçın Topçu, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Xalq yazıçısı Çingiz Abdullayev, kitabın tərcüməçisi İmdat Avşar, Anar tədqiqatçısı Pərvin, Türkiyə və Azərbaycan yazıçıları, həmçinin, mətbuat nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan TÜRKSOY rəhbəri Düsen Kaseinov Azərbaycan Yazıçılar Birliyinin sədri, müasir Türk ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Anarın anadan olmasının 80-ci ildönümü və TÜRKSOY tərəfindən nəşr olunan Çağdaşlarım kitabının təqdimatının rəhbərlik etdiyi təşkilata böyük şərəf verdiyini söyləyib: TÜRKSOY Türk dilində danışan xalqlar arasındakı qardaşlığı gücləndirmək, Türk mədəniyyətini dünyaya tanıtmaq, qədimlərdən gələn dəyərlərimizi yeni nəsillərə ötürmək üçün çalışır. Bu təbliğatın əsas yollarından biri də ümumitürk ədəbiyyatını tanıtmaqdır. Ömrünü türk mədəniyyətini, ədəbiyyatını ucaltmağa, tanıtmağa, zənginləşdirməyə həsr etmiş Azərbaycan türklərinin fikir və sənət sahəsində haqlı bir şöhrətə çatmış müdrik ağsaqqal Anarın əsərlərinin müxtəlif dillərə çevrilməsi son dərəcə vacibdir. Bu gün 80 yaşını qeyd etdiyimiz Anarın Çağdaşlarım kitabının hər bir türk tərəfindən oxunması vacibdir. Mən kitabın tərcüməçisi İmdat Avşara və bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm.

 

Daha sonra Türkiyə Cümhuriyyəti prezidentinin baş müşaviri Yalçın Topçu çıxış edərək Anarın Azərbaycanın yetişdirdiyi ziyalı bir ədəbiyyat adamı, böyük bir yazıçı olduğunu dilə gətirib: Can Azərbaycanımızın yetişdirdiyi, ədəbiyyat dünyasının böyük adı və əhəmiyyətli ziyalısı Anar bəyin anadan olmasının 80-ci ili münasibətiylə bizləri bir araya gətirən TÜRKSOY Baş katibi cənab Düsen Kaseinova təşəkkür və sayğılarımı bildirirəm. Çağdaş Türk Dünyası ədəbiyyatının əhəmiyyətli nümayəndələrindən olan Anar müəllim kimi yazıçıları layiqincə dəyərləndirmək, yeni nəslə anlatmaq və tanıtmaq bizlərin borcumuzdur. Mən inanıram ki, türkdilli dövlətlər, onların güclü liderləri, qiymətli yazarları və mədəniyyət insanları birlikdə siyasət, birlikdə ticarət, birlikdə mədəniyyət, birlikdə turizm qurmaqla daha yüksək səviyyələrə çatacaqlar. Bu dövlətlər İsmayıl Qaspıralının bizlərə vəsiyyət etdiyi Dildə, fikirdə, işdə birlik hədəfini reallaşdırmış olacaqlar.

 

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Azərbaycanda hər ailədə Anarın kitablarının olduğunu və Azərbaycan gəncliyinin inkişafında müəllifin əsərlərinin böyük təsirini vurğulayıb: Uşaqlığımdan yadımdadır ki, bacılarımın otağındakı kitab rəfində Anar müəllimin kitablarının özəl yeri vardı. Valideynlərim də Rəsul Rza və Nigar Rəfibəylinin kitablarını oxuyurdular, bu ailə haqqında danışırdılar mənə. İndi mən səfirlikdə Anar müəllimin Yaşamaq haqqı kitabını masamın üstündə saxlayıram və tez-tez vərəqləyir, oxuyuram. Anar müəllim müxtəlif nəsillərin yetişməsinə təsir edən vətəndaş bir yazıçıdır. Daha sonra səfir Anarın Yaşamaq haqqı kitabından Şuşa ilə bağlı sətirləri oxuyub.

 

Xalq yazıçısı Çingiz Abdullayev Anarı hər kəsdən yaxşı tanıdığını, işlədikləri müddətdə onun insanlığa sevgisini müşahidə etdiyini söyləyib: Anar müəllimin əsərlərini oxumuşdum, onu yazıçı kimi çox sevirdim. Amma birgə işləməyə başlayandan sonra şəxsi keyfiyyətlərini də bildim. Anar müəllim son dərəcə humanist, insansevər bir adamdı. Türk dünyasına böyük sevgisi, bunu əsərlərinə köçürməsi yeni gələn nəsillərə təsir edir.

 

Yazıçı Elçin Hüseynbəyli çıxışında Anarın illərboyu özünə, qələminə sadiq qalmasını qeyd edib: Anar müəllim haqqında bir neçə yazım işıq üzü görüb. Bu günlərdə 80 illik yubileyi münasibətiylə yeni yazı yazmaq istəyirdim. Amma on il qabaq yazdığım məqaləni oxuyub gördüm ki, Anar müəllim və mənim ona münasibətim heç dəyişməyib. Anar müəllim kimi bir şəxsiyyətin yanında olmaq hər birimiz üçün qürurludur.

 

Çağdaşlarım kitabının ön söz müəllifi Pərvin Anar haqqında yazmağın məsuliyyətindən danışıb: Anar müəllim haqqında kitab, dissertasiya, onlarla ön söz, xeyli məqalə yazmışam. Anar miqyasında yazıçı haqqında yazmağın nə qədər məsuliyyətli olduğunu həmişə başa düşürəm. Bu kitab isə Anarın ustad dərsi hesab oluna bilər. Çağdaşlarım kitabı Anarın bələdçiliyi ilə türk dünyasına səyahətnamədir. Həm siyasi, həm də ədəbi şəxsiyyətləri Anar müəllimin təqdimatında oxumaq, öyrənmək çox vacibdir. Əminəm ki, türk oxucuları bu adamları daha yaxşı tanıyacaq, xeyli faktlara təəccüblənəcəklər. Azərbaycan ədəbiyyatı, musiqisi və mədəniyyətinin tanıdılması üçün böyük işlər görən TÜRKSOYa, onun rəhbəri Düsen Kaseinova bu tarixi hadisə üçün təşəkkür edirəm.

 

Kitabın tərcüməçisi İmdat Avşar isə Anarın bu əsərlə çağdaş sözünün anlamını dəyişdiyini söyləyib: Oxucu kitabı vərəqləyincə təəccüblənəcək. Axı Mövlana necə Anarın çağdaşı ola bilər? Məsələ burasındadır ki, Anar ruhların birliyini, qohumluğunu, ədəbiyyatın zamana, məsafələrə tabe olmamasını göstərir. Ayrı-ayrı əsrlərdə yaşamış insanlar əslində, eyni zamanın, məkanın sakinləridir. Çünki onların dünyaduyumu, düşüncəsi eynidir. Bu mənada Anarın Çağdaşlarım kitabını çevirərkən onunla eyni mərtəbədə olan şəxsiyyətləri daha yaxşı öyrəndim. Buna görə ustadımıza təşəkkür edirəm.

 

Sonra aşıq Səlahəddin Dündar sazla Kitabi Dədə Qorqud dastanından parçalar oxuyub, Anara ithaf etdiyi mahnısı ilə təqdimat mərasiminə rəng qatıb.

 

Tədbirin sonuna doğru TÜRKSOY sədri Düsen Kaseinov yazıçıya hədiyyələrini təqdim edib. İmdat Avşar söylədi ki, bu günlərdə Anar müəllimə Yaşayan Dədə Qorqud ödülü təqdim olunub. Biz də düşündük ki, Dədə Qorqud qopuzsuz, çapansız olmaz... - deyən Düsen Kaseinov yazıçıya xüsusi hazırlanmış musiqi aləti qopuz və qazax milli geyimini hədiyyə edib.

 

Sonda çıxış edən Anar tədbirdə və kitabın nəşrində əməyi keçən hər kəsə təşəkkür edib: Türk respublikalarının müstəqilliklərini qazanmasından sonra Azərbaycanda bir tədbirdə Türk Dünyasının UNESCOsunun yaradılmasının lazım olduğunu demişdim. Çox keçmədi ki, TÜRKSOY yaradıldı. O zaman bu təşkilatdan nə gözləyirdimsə, bu gün yüksək səviyyədə həyata keçirilir. Mən TÜRKSOYa bu qiymətli fəaliyyəti üçün təşəkkür edirəm. Türkiyəyə gəlmək mənim üçün həmişə səadətdir. Uşaqlığımdan Türkiyə sevgisiylə böyüdüm, ikinci vətənim dediyim Türkiyəni hər zaman ürəyimdə daşıyıram. Bu günlərdə Türkiyədə yaşadığım bu unudulmaz günlər üçün, kitabımın nəşri və təqdimatı üçün hamıya öz minnətdarlığımı bildirirəm.

 

Aprelin 18-də Türk dünyasının mədəniyyət paytaxtı Kastamonuda Avrasiya Yazarlar Birliyinin Ədəbiyyat Dərgiləri Konqresində Anarın kitabları təqdim olunub. Türk dünyasından müxtəlif dərgilərin redaktorlarının, yazıçı və şairlərin qatıldığı tədbirdə Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu çıxış edərək Anarın 80 illik yubileyinin bütün türk dünyası üçün bir ədəbiyyat bayramı olduğunu dilə gətirib: Artıq 9-cu dəfə düzənlənən Ədəbiyyat Dərgiləri Konqresi bu il xoş bir hadisə ilə, türk dünyasının böyük yazarı Anarın yubileyi ilə üst-üstə düşüb. Anar müəllimin əsərləri türk coğrafiyasında deyil, bütün dünyada tanınır. Anar türk dünyasının simvoluna, ziyalı etalonuna çevrilib. Ona görə biz TÜRKSOY rəhbərimiz Düsen bəylə qərara gəldik ki, məhz müxtəlif ədəbi orqanların iştirak etdiyi bu konqresdə Anar Ustadın yubileyini keçirək.

 

Sonra Düsen Kaseinov xalq yazıçısı Anara TÜRKSOYun fəxri medalını təqdim edib. Qızıldan hazırlanan və qiymətli qaşlarla bəzədilmiş medal indiyə kimi çox az sayda insana verilib. Anar müəllim bütün fəaliyyəti, türk dünyasına xidməti və böyük sevgisi ilə bu medala layiqdir - söyləyib. Daha sonra Qazaxıstan Yazıçılar Birliyi sədri Esdövlət Uluqbəy, Şimali Kipr Türk Cümhuriyyətindən İsmayıl Bozqurd, tatar şairi Zinnur Mənsurov, Türkiyə höküməti rəsmiləri, Kastamonu Valisi Yaşar Qaradəniz və b. çıxış edərək ümumtürk ədəbiyyatının təbliğatı, həmçinin, türk xalqları ədəbiyyatlarının yaxınlaşması üçün bu cür tədbirlərin vacibliyindən söz açıblar. Daha sonra Qazaxıstan Yazıçılar Birliyinin, Tatarıstan yazıçılarının Anara hədiyyələri təqdim olunub.

 

Növbəti gün Ankarada Çingiz Aytmatov ilinin açılış mərasimində müxtəlif hökümət rəsmiləri, ədəbiyyat nümayəndələri, Qırğızıstandan gələn alimlər, yazıçılar, Çingiz Aytmatovun oğlu Əskər Aytmatov iştirak ediblər. Xalq yazıçısı Anar çıxışında Çingiz Aytmatovla bağlı düşüncələrini bölüşüb: Çingiz Aytmatov Allah vergisiylə yazıçıdır, amma ixtisası üzrə zootexnikdir, baytarlıq fakültəsini bitirib. Bu, onun yaradıcılığına da təsir göstərib. Az yazıçı adı çəkrnək olar ki, Aytmatov kimi yer üzündəki bütün canlı məxluqları bu qədər dərindən və dəqiq tanısın, insan iztirablarının bütün varlıqlarla sirli vəhdətini duya bilsin - kəhər Gülsarının, ya qara nərin taleyini bəşər övladının ömrüylə əlaqələndirməyi bacarsın. Panteist dünya duyumu, Ana Maral, ya qurd Bozdon, qırğız çöllərinin genişliyi və dağlarının əzəməti, İssık-Gölün müqəddəs suları, Manasın və Çingizin özünün vətəni Talas vadisində bitən hər ot, hər çiçək, Boranlı qatar dayanacağı və yazıçının doğulduğu Şəkər aulu, kosmik fantaziyalar və Tövrat, İncil süjetləri - Aytmatov bədii kəhkəşanının mərkəzində üzvü ünsürlərdir. Təbii ki, bu kəhkəşanın mərkəzində XX yüz il insanının taleyi durur. Əsrin bütün mürəkkəb problemlərini ehtiva edən insan taleyi. Daha sonra yazıçı Çingiz Aytmatovla bağlı şəxsi xatirələrini də dilə gətirib: Çingiz Aytmatov mənə kiçik qardaşım deyirdi, mən də onu hər zaman böyük qardaşım bilirdim və onunla fəxr edirdim.

 

Aprelin 20-də Türkiyənin Qazi Universitetində Anarın Türkiyə - ikinci vətən adlı müsahibələr kitabının təqdimat mərasimi keçirilib. Kitab Avrasiya Yazarlar Birliyinin təşəbbüsü ilə Bengü yayınlarında işıq üzü görüb. Tərtib edəni Pərvin, ön söz müəllifi Lütfü Şahsuvaroğludur. Universitet alimlərinin, müəllimlərinin və tələbələrinin iştirak etdiyi təqdimat mərasimində Türk ədəbiyyatları fakültəsinin dekanı professor Fatih Mehmed Kirişçioğlu bu cür görüşlərin gənclər üçün xüsusi əhəmiyyətini vurğulayıb: Bizlər üçün Anar əlçatmaz bir yazıçı olub hər zaman. Azərbaycanla, ordakı universitetlərlə əlaqələrim çox olsa da, Bakıya gedəndə Yazıçılar Birliyində olmaq, Anar Ustadla görüşmək fürsətim olmadı. İndi Anar bu müsahibələr kitabı ilə bizlərlədir. Əminəm ki, gənclər üçün bu görüş unudulmaz olacaq. Ona görə də Avrasiya Yazarlar Birliyinə, Bəngü yayınlarına, kitabın tərtibçisi gənc yazıçı Pərvinə, ön söz müəllifi Lütfü bəyə təşəkkür edirəm.

 

Daha sonra Avrasiya Yazarlar Birliyi sədri Yaqub Öməroğlu çıxış edərək Anarın bu müsahibələrinin özəlliklərindən danışıb: Avrasiya Yazarlar Birliyi olaraq Anar müəllimin Kərəm kimi, Göz muncuğu kitablarını daha öncələr yayımladıq. Bu dəfə də bu müsahibələr kitabı oxucularımızın marağına səbəb olacaq. Çünki burda çox professional jurnalistlərin söhbətləri var və yazıçını onların sualları vasitəsiylə tanımaq çox maraqlıdır.

 

Kitabın ön söz müəllifi Lütfi Şahsuvaroğlu isə Anarın kinolarının türk dünyası üçün əhəmiyyətindən danışıb: Məqaləmin bu kitaba ön söz olaraq seçilməsindən məmnunam. Anar müəllimin sayəsində Nazim Hikməti daha dərindən öyrəndik, tanıdıq. Amma onun film yaradıcılığı da son dərəcə mühümdür. Kitabi Dədə Qorqud dastanı əsasında yazdığı ssenariylə çəkilən film gerçək bir türkçülük dərsi hesab oluna bilər. Elə bu müsahibələr kitabında da Anarın türk dünyasına, turan ellərinə böyük sevgisini görürük.

 

Türkiyə - ikinci vətən kitabının tərtibçisi Pərvin burdakı müsahibələrin yazıçının əsərlərini anlamaq üçün açar rolu oynadığını söyləyib: Bu müsahibələri ardıcıl oxuyanda başa düşürsən ki, Anar müəllimin əsas ideyası dəyişilməzdir. Onun Türkiyəyə, türk dünyasına sevgisindən başqa, həm də yazıçı olaraq əsas niyyətini görə bilirik. Bu fürsət üçün Avrasiya Yazarlar Birliyinə, rəhbəri Yaqub Öməroğluna təşəkkür edirəm. Xatırlayıram ki, Yaqub bəy bir neçə il öncə Bakıda tədbirlərdən birində çıxışında söylədi ki, tez bir zamanda Azərbaycan ədəbiyyatından ən vacib əsərlər türkcəyə çevrilib yayımlanacaq. Elə də oldu. Bu gün bir çox əsərlərimizin türk oxucusuna təqdim olunması məhz bu təşkilatın, Bengü yayınlarının xidmətidir.

 

Daha sonra Türk ocaqlarının rəhbəri dr.Cəzmi Bayram Anara Türk dünyasına xidmət mükafatını təqdim edib. Həmçinin, Xalq yazıçısı Anar TÜRKSOYun Azərbaycan nümayəndəsi Elçin Qafarlıya Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlük vəsiqəsini təqdim edib.

 

Sonda çıxış edən yazıçı kitabın nəşrində əməyi keçənlərə, tədbirin təşkilatçılarına təşəkkürlərini bildirib: Mən türk dünyasını bir bütün olaraq görürəm, o cür sevirəm. Mənim üçün sənətə münasibətdə siyasi düşüncənin, sağçı, ya da solçu olmanın önəmi yoxdur. Sənəti siyasətdən ayrı qəbul edir, o cür sevirəm. Türkiyədə yayımlanan yazılarımda da, elə bu müsahibələrdə də bu yanaşmamı görə bilərsiniz. Azərbaycan ədəbiyyatına və mənə bu böyük sayğısına, diqqətinə görə Avrasiya Yazarlar Birliyinə, dostum Yaqub bəyə təşəkkür edirəm.

 

Sonda xatirə şəkli çəkilib, yazıçı tələbələr üçün kitablarını imzalayıb.

 

NƏZRİN

 

525-ci qəzet 2018.- 21 aprel.- S.14.