Dəhşət də, qiyamət də qürbətdə...

 

Teymur BÜNYADOV

Xalqşünas

 

Ağla məni, ağla məni,

Qoy çaylar da çağlasınlar.

Ağla məni, ağla məni,

Yer , göy ağlasınlar...

 

Qürbətdə qalan qərib,

Od tutan, yanan qərib.

Ağlamaqdan kor oldu

Yedəkdə qalan qərib.

 

Ah çəkdirər, ağladar qürbət. Dağ çəkər, dağladar qürbət. Qürbətdə vətəni ürəyinin başında gəzdirər, gözlərində nurlandırarsan. Müdam düşüncələrində, fikrində, xəyalında canlandırarsan. Yuxularında zənciri qırmış kimi vətəninə qanad alarsan. Yurdu qucaqlarsan, sönən ocağı ocaqlarsan. Sönən şamı yandırarsan. Qohum-qardaşı, yar-yoldaşı bağrına basarsan. Ana məzarına baş əyər, diz çökərsən. Qəfildən gözlərin açılanda ah çəkərsən, ağlarsan, qəm sinəni dağlarsan. Arxası üstə ölü kimi qalarsan...

 

Qürbətin üzü boz, qəlbi bum-buzdu. Açılmayan tilsimdi, sirdi-sehirdi. Boynuna dolanan heç vaxt qırılmayan, parçalanmayan zəncirdi. Sağalmaz yaman yarasıdı. təbibi, məlhəmi. Ürək yanğısı, sinə dağı, göz yaşlarının selidi. Bitməz, tükənməz, sonu görünməyən zülmətdi, zillətdi, dəhşətdi. Eh, daha nələr, nələrdi...

 

Qaydadı, vətənin qədri-qiymətı odda yanan, külə dönən qürbətdə daha çox bilinər. Aşar, daşar, sellənər vətənə sarı, baş alar yurda doğru. Bəli, vətəndə dünyaya göz açarsan, qürbətdə kor olar, yedəkdə qalarsan. Vətəndə ad alarsan, od alarsan, qürbətdə adsız qalar, şamsız yanarsan. Vətəndə nər, qürbətdə qəhər. Vətəndə hörmət, ehtiram, qürbətdə töhmət, min bir möhnət. Vətəndə qohumlu-qardaşlı, qürbətdə gözü yaşlı. Vətəndə şahlıq, sultanlıq, qürbətdə qorxaqlıq, dustaqlıq. Vətən candı, qürbət zindan. Vətən laləzardı, qürbət borandı, qardı, bir ayrı dövrandı...

 

Dəhşət qürbətdə, qiyamət qürbətdə qopar. Qürbət insanı yarımcan eylər. ölülüyü, diriliyi bilinər. Candan bezar, diriykən məzar. Qürbət sıxar-sındırar, didər-parçalar insanı. Qürbətdə qəribin qəlbi qəmli, gözü nəmli. Tez dolar, tez boşalar.

 

Ayırdı,

Ayrı saldı, ayırdı.

Araza dedim ki,

Canı candan ayırdı.

 

Anam gəlsin,

Yaralı canam, gəlsin.

Qəbrim qürbətdə qalıb,

Yad gəlməz, anam gəlsin.

 

A dağlar,

Qarlı dağlar, a dağlar,

Gecə-gündüz ağlaram

Sənsiz, yarsız, a dağlar.

 

Ağlayar,

Yas saxlayar, ağlayar.

Ümidim bir dağlardı,

Dağlar məni ağlayar.

 

Acı həsrət,

Qəm dağı - acı həsrət.

Hey əridər, çürüdər

İnsanı acı həsrət.

 

Ağlaram,

Ah çəkərəm, ağlaram.

Yardan aralı canım,

Qəm sinəmi dağlaram.

 

Bəs neynim,

Bəs yanmayım, bəs neynim?

Qürbətdə elsiz, yarsız

De ölməyim, bəs neynim?

 

Buralar da,

Qürbətdi buralar da.

Ana deyib ağlaram,

Qalmam mən buralarda.

 

Bulanmışam,

Dəryayam, bulanmışam.

Hicran məni öldürür.

Yarası sulanmışam.

 

Bəxti qara,

Gün görməz bəxti qara.

Yarsız-diyarsız qaldım,

Mən bədbəxt, bəxti qara.

 

Buralarda,

Ah-aman buralarda...

Qəriblik qəm yuvası,

Qalamam buralarda.

 

Bağlıdı,

Təbriz yolu bağlıdı.

Həsrət öldürür məni,

Sinəm çarpaz dağlıdı.

 

Çatdırın,

Çatdar bağrım, çatdırın.

Yerlər dərdimə dözmür,

O göylərə çatdırın.

 

Çağır gəlim,

Bir səslən, çağır gəlim.

Sənsiz burda başıma

Od-alov yağır, gülüm.

 

Çeşmələr,

Axar çaylar, çeşmələr.

Qürbətdə can üstəyəm,

Ağlayarmı çeşmələr?

 

Çən gəldi,

Dağ başına çən gəldi.

Qovurdu yurd həsrəti,

Saçlarıma dən gəldi.

Dağlar məni,

Gözləyər dağlar məni.

Bu həsrət, acı qürbət

Dağ çəkər, dağlar məni.

 

Dağlar məni,

Dağ çəkər, dağlar məni.

Qürbətdə can verirəm,

Kim gələr ağlar məni?

 

Dağlar məni,

Bu həsrət dağlar məni.

anam var, bacım,

Ölsəm, kim ağlar məni?

Daşı var,

Qayası var, daşı var.

Bu həsrətdən yanğılı

Gözəlin göz yaşı var.

 

Doldum mən,

Bulud kimi doldum mən.

Yolum qürbətə düşdü,

Saraldım mən, soldum mən.

 

Dözülməz,

Dözüm olmaz, dözülməz.

Vətən dərdi çəkilməz,

Vətənsizlik dözülməz.

 

Elə dön,

Elin oğlu, elə dön.

Yazıq günə qalarsan,

Yığıl, yığış, elə dön.

 

Gedirəm,

Gedərgiyəm, gedirəm.

Mənimki belə gəldi,

Qürbət sarı gedirəm.

 

Gələn yox,

bir gedən, gələn yox.

Mən burda can verirəm,

Heç yazığı gələn yox.

 

Gələnim yox,

Gedənim, gələnim yox.

Qürbətdə can üstəyəm,

Halıma yananım yox.

 

Gözün aydın,

Könül, gül, gözün aydın.

Yar ım qürbətdən gəlir,

Gözlərim, gözün aydın.

 

Haçandı,

Yanır canım haçandı.

Yeddi yol ayrıcında

Gözləyirəm haçandı?!

 

Hara gəldim,

Hardaydım, hara gəldim?

Vətəndən qürbət adlı

Yağışa, qara gəldim.

Həsrətində,

Qürbətdə, həsrətində

Can verirəm, ölürəm

Bir vətən həsrətində.

 

Haram var?

Haram qalıb, haram var?

Qürbətdə can üstəyəm,

Sağalmayan yaram var.

 

Hönkür-hönkür,

Can vətən, hönkür, hönkür.

Qürbətdə can üstəyəm,

Ağlaram hönkür-hönkür.

 

Haylaram,

Haraylaram, haylaram.

Arazdan yurda baxıb,

Qohumları haylaram.

 

Xəbər ver,

Qurban sənə, xəbər ver.

Mənim qürbət naləmi

El-obaya xəbər ver.

 

Xoş həyat,

Bir xoş dövran, xoş həyat.

Qürbət behişt olsa da,

Sür vətəndə xoş həyat.

 

Kimlər var,

Söylə görək, kimlər var?

Qürbətdə qalanlardan

Kimlər sağdı, kimlər var?

 

Keçə biləm,

Sərhədi keçə billəm.

Kürü arxada qoyub,

Arazı keçə biləm.

Kərküklər,

Can, qanımdı Kərküklər.

Bayatıya şam-çıraq,

Tutanlardı Kərküklər.

 

Qalarsan,

Yol alarsan, qalarsan.

Ay vətəni tərk edən,

Ağlar günə qalarsan.

 

Qaralı qürbət,

Ağlı-qaralı qürbət,

sağalmaz yarasan,

Qaldım yaralı, qürbət.

 

Qürbətdə,

Həsrət dağı qürbətdə.

Qaçaq Kərəm uyuyur

Üzü dönük qürbətdə.

 

Qor oldum,

Kösöy oldum, qor oldum.

Qürbət üzdü canımı,

Ağlamaqdan kor oldum.

 

Qürbət eldə,

Qərib el, qürbət eldə

Gəl qoyma ölüm, qalım,

Vətənsiz qürbət eldə.

 

Qanad aldı,

Tanrıdan qanad aldı.

Qürbətdə can çürüdən

Vətənə qanad aldı.

 

Qəhər məni,

Kəsir dərd, qəhər məni.

Həsrət yaram sağalmır,

Boğur qəm, qəhər məni.

 

Olmaya,

Həsrət, qürbət olmaya.

Ölüm haqdı, qoy olsun,

Yarsız həyat olmaya.

 

Salmasın,

Tərsliyinə salmasın.

Ölüm-itim dünyadı,

Qürbət eldə qalmasın.

 

Salam de,

Salam apar, salam de.

Qürbətdə qalanlara

Həsrət eldən salam de.

Sağalmaz,

Yox çarəsi, sağalmaz.

Elə həsrət qalanın

Qürbət dərdi sağalmaz.

 

Sarı tel,

Göy, ala göz, sarı tel.

Yolum qürbətə sarı,

Ağla məni, Sarıtel.

 

Toxuyur,

Qızlar xalı toxuyur.

Mən qürbətdə can çəkir,

Quşlar nəğmə oxuyur.

 

Toy çaldır,

Nişan göndər, toy çaldır.

Səssizdi qürbət toyu,

Gəl vətəndə toy çaldır.

 

Tacım hanı,

Düşübdü, tacım hanı?

Yiyəsiz can verirəm,

Çağırın, bacım hanı?

 

Uzaqda,

Ağlar gözdü uzaq da.

Eşqim, yarım, dildarım

Qaldı məndən uzaqda.

 

Varaq gedək,

Ürəyim, varaq gedək.

Vətən gözləyir bizi,

Vətənə varaq gedək.

 

Varaq gedək,

Hazırlaş varaq gedək.

Bu ölkə qərib ölkə,

Vətənə varaq gedək.

 

Yurda dön,

Yurd yerinə, yurda dön.

Şənləndir ata evin,

Ocağa dön, yurda dön.

 

Yaralı,

Qəlbim sınıq, yaralı...

Bu mənəm - bəxti qara,

Düşdüm eldən aralı.

 

Yorma məni,

Yorğunam, yorma məni.

Gəl-get dərdimdən soruş,

Özümdən sorma məni.

 

Yaramı sarı,

Qalım yaramı sarı?

Qürbətdə xəstə düşdüm,

Vətən, yaramı sarı.

 

525-ci qəzet 2018.- 24 aprel.- S.7.