Gənc Tamaşaçılar Teatrının aktyoru Gürcüstan görüşlərində

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Kalmıkiya Respublikasının Əməkdar artisti İlham Əsədov Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının 90 illik yubiley tədbirlərində iştirak edib.

 

Aktyor Gürcüstanın mədəniyyət abidələrin mühafizəsi naziri Mixail Georqadze, Tiflisdə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Dram Teatrının direktoru Varlam Nikoladze ilə görüşüb. Görüş zamanı aktyor təmsil etdiyi sənət ocağı ilə qarşılıqlı yaradıcılıq əlaqələrinin qurulması inkişaf etdirilməsi məqsədilə aparılan layihələr 145 yaşlı Azərbaycan teatrı haqqında geniş məlumatlar verib.

 

Tiflis Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Azərbaycan dostları" otağının rəhbəri Leyla Əmrahova, "Aktiv qadınlar" assosiasiyasının rəhbəri Gültəkin Mustafayeva ilə keçirilən görüşdə Azərbaycan teatrının perspektivləri haqqında fikirlər səsləndirilib.

 

Yubiley çərçivəsində keçirilmiş müzakirədə çıxış edən aktyor, Almaniya, Hindistan, Polşa, Belarus, Ukrayna, Estoniya, Macarıstan, İsrail, Özbəkistan, Latviya, Litvadan olan həmkarlarına Gənc Tamaşaçılar Teatrı ilə bağlı məlumat verərək bildirib ki, sənət ocağı qonşu dövlətlərin teatrları ilə sıx yaradıcılıq əlaqələri qurub. Görüşlər zamanı qarşılıqlı yaradıcılıq mübadiləsi ilə bağlı məsələlər müzakirə edilib.

 

XƏDİCƏ

 

525-ci qəzet.-2018.-25 aprel.-S.7.