Türkoloji dilçiliyimizdə yeni imza

 

Son vaxtlar türkoloji dilçilikdə yeni bir imza tez-tez görünməkdədir: Elçin İbrahimov. Çox geniş tədqiqat obyekti və dərin təhlil gücü ilə seçilən gənc türkoloq alim az vaxtda əsərləri ilə dünyanın bir çox tanınmış türkoloqlarının diqqətini cəlb edə bilmiş, artıq bu sahənin biliciləri sırasında kifayət qədər nüfuzusözü olan bir mütəxəssis kimi yer ala bilmişdir.

 

50-dən artıq elmi əsərin, kitab, məqalə və tezislərin müəllifi olan E.İbrahimov ölkəmizdə və xaricdə, Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Polşa, Bolqarıstan, Kiprs. ölkələrdə keçirilən beynəlxalq qurultaykonfranslarda fəal iştirakçı və təşkilatçılardan biri kimi tanınır. O, eyni zamanda, akademik K.Abdullanın böyük zəhməti və elmi erudisiyası ilə son illərdə yeni ampulada ərsəyə çatan, bu qəbildən olan jurnallar içərisində elmi tutumu və sanbalı ilə seçilən beynəlxalq "Türkologiya" jurnalının məsul katibi kimi də fəaliyyət göstərir.

 

Gənc türkoloq daim axtarışda və türkologiyanın mühüm problemləri üzərində çalışmaqdadır. Bu yaxınlarda geniş elmi ictimaiyyətə təqdim edilən "Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili" adlı monoqrafiyanı müəllifin türkoloji araşdırmalarının çox uğurlu bir nəticəsi kimi dəyərləndirmək olar. Bilindiyi kimi, ümumi kökə və mədəniyyətə sahib olan türk xalqlarının bir-biri ilə sürətli inteqrasiya proseslərinin getdiyi müasir mərhələdə bu xalqların ortaq əlifba, imla və ünsiyyət dilinə sahib olmaqlarının müstəsna əhəmiyyəti vardır. Ortaq türk ədəbi dilinə aparan yolda vahid imla qaydaları və əlifbanın mövcudluğu ilkin şərtlərdəndir.

 

Elmi-təcrübi əsası M.F.Axundov tərəfindən hələ XIX əsrdə qoyulan yeni ortaq əlifba problemi 20-ci əsrin əvvəllərində bir daha aktuallaşdı və türk xalqları arasında birinci olaraq 1922-ci ildə Azərbaycanda ümumtürk səciyyəli latın əlifbasına keçid reallaşdı. Az sonra türkdilli xalqların böyük əksəriyyəti bu əlifbanı qəbul etdi. Lakin siyasi səbəblərdən, daha dəqiq desək, türk xalqlarının bir-birinə daha da yaxınlaşmasına sovet imperiyasının qısqanclığı səbəbindən bu layihəni tam həyata keçirmək mümkün olmadı. Sovet liderlərinin repressiya siyasəti latın qrafikalı ortaq türk əlifbasına münasibətdə də özünü göstərdi. Heç 20 il keçməmiş sovetlər birliyinin daxilində yaşayan türk xalqlarının əlifbası məcburi surətdə rusların istifadə etdiyi kiril əlifbası ilə əvəz edildi. Sovet hakimiyyətinin mövcud olduğu bütün dövr ərzində ümumtürk əlifbası və imlası problemi öz aktuallığını saxlamaqda davam etdiyindən imperiya dağılan kimi bu ideya yenidən aktuallaşdı və bir çox türkdilli dövlətlərdə ortaq türk əlifbasına qayıdış baş tutdu. İftixarla deyə bilərik ki, bu ideyanı ilk dəfə gerçəkləşdirən yenə Azərbaycan dövləti və xalqı oldu.

 

Latın qrafikalı ortaq türk əlifbasına və vahid imlaya keçidin mahiyyəti, əhəmiyyəti, onu vacib edən səbəblər və amillər, əldə ediləcək nəticələr, bu yolda ortaya çıxan çətinliklər, fərqli yanaşmalars. bir sıra həlli vacib suallar doğurmuşdur ki, haqqında bəhs etdiyimiz bu kitab həmin problemlərin həlli yollarına həsr olunmuşdur. Bəri başdan deyək ki, ortaq əlifba, imla, ünsiyyət və türk birliyi kimi çox vacib bir ideyaya xidmət örnəyi kimi bu işi yüksək qiymətləndirmək lazım gəlir.

 

Əsər təkcə faktoloji zənginlik nöqteyi-nəzərindən deyil, həm də ictimai-siyasi əhəmiyyəti ilə də diqqətəlayiqdir.

 

Monoqrafiya ənənəvi struktura giriş, 3 fəsil, nəticə və ədəbiyyat hissələrinə malik olsa da, mövzu bütövlüyü və problemə konseptual yanaşma baxımından dolğun və mürəkkəb bir cümləyə bənzəyir.

 

Əsərin 1-ci fəsli "Türk xalqlarının əlifba problemi tarixi aspektdə" adlanır. Yeddi yarımfəsildən ibarət olan bu bölmədə türklərin tarixən istifadə etdikləri əlifbalara dair kifayət qədər geniş bilgilər öz əskini tapmışdır. Türklərin ilk əlifbası olan Göytürk əlifbasından başlamış, burada manı, soğdi, uyğur, brahmi, tibet, süryani, ibrani, qrek (yunan), ərəb, kiril, latın qrafikalı əlifbaya qədər bir çox əlifbalar, onların türk fonem sistemini ifadə edə bilmək imkanları, özəl xüsusiyyətləri barədə dolğun məlumat verilmişdir. Sonra isə müxtəlif türk xalqlarının latın qrafikasına keçidlə bağlı apardıqları mücadilə tarixi elmi təhlilə cəlb edilmişdir. Yarımfəsillərdə ardıcıl olaraq Azərbaycanda, Türkiyədə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan və Özbəkistanda latın əlifbasına keçidin tarixi, bu yolda qarşıya çıxan elmi, ictimai-siyasi problemlər barədə şərhlər, mülahizələr diqqətə yetirilmişdir. I fəsil monoqrafiyanın faktoloji baxımdan çox zəngin və maraqla oxunan bir fəslidir. Burada türkoloji dilçilikdə hələ tam elmi həllini tapmamış, bir sıra problemlərə aydınlıq gətirilmiş, əsaslandırılmış şərhlər və izahlar təqdim olunmuşdur.

 

Monoqrafiyanın "Türk dillərində imla problemləri" adlanan 2-ci fəsli adından göründüyü kimi, düzgün yazı problemlərinə həsr edilmişdir. Müəllif əvvəlcə "İmla" termininin mahiyyətinə aydınlıq gətirmiş, bununla müvazi işlənən "imla qaydaları", "orfoqrafik qaydalar" terminlərindən də bəhs etmişdir. B.Çobanzadəyə istinadən belə bir nəticəyə gəlmişdir ki, birincisi ərəb, ikincisi Avropa mənşəli olan hər iki termin "düz yazmaq, doğru yazmaq" anlamına gəlir. Yəni istər imla, istərsə də orfoqrafiya yazılı nitqdə dil vahidlərinin yazılışını tənzimləyən qaydalar sistemidir.

 

Tədqiqatçı bu fəsildə türk dillərinin ümumi dil qaydalarına aid mövcud elmi fikri araşdıraraq, öz mülahizələrini  də əlavə etmiş və belə bir yekun fikrə gəlmişdir ki, başlanğıcda eyni bir kökdən meydana gəlsələr də, müxtəlif türk dillərində sonradan ictimai, siyasi, coğrafi amillər ucbatından müəyyən fərqliliklər meydana çıxmışdır. Bu fərqlər daha çox fonetikaleksikologiyada özünü göstərmişdir. Təbiidir ki, fərqli fonetikleksik quruluş fərqli imlaya səbəb olmuşdur.

 

Müəllif sinxrondiaxron aspektlərdə əvvəlcə oğuz, qıpçaq, qarluq qrupu türk dillərində ümumi imla qanunauyğunluqlarını araşdırmış, sonra isə bu dillərin imlalarında mövcud olan fərqli qaydaları təhlilə cəlb etmişdir. Bir sıra samitlərin müxtəlif türk dillərində özünəməxsus bir tövrdə səslənmələri və yazılmaları (məsələn, y-ç-s fərqləşməsi), bəzi türk dillərində 8 qısa və uzun saitin olması kimi məsələlər fərqli imla qaydalarını doğuran səbəblər kimi göstərilmişdir. Tədqiqatçı müxtəlif türk dillərində mövcud olan imla özəlliklərini araşdıraraq belə bir doğru qənaətə gəlmişdir ki, həmin fərqli cəhətlər qaldıqca, hamı üçün tam uyğun türk ortaq imlasına nail olmaq problemi öz həllini tapa bilməyəcəkdir.

 

Biz müəllifin bu fikrinə də şərikik ki, ortaq əlifba məsələsi öz müsbət həllini tapsa, zamanla ortaq imla və ünsiyyət dili probleminixeyli dərəcədə reallaşdırmaq olar. Təbii ki, oğuz qrupu dilləri örnək olmaqla. Ortaq türkcə ideyasını zəruri edən səbəblərə toxunan tədqiqatçı qeyd edir ki, dünyanın fərqli məkanlarında yaşayan və fərqli ləhcələrdə danışan türklər bir-birini tam anlaya bilməsələr, vahid türk ailə birliyindən danışmağın yeri yoxdur. Bu məsələnin həlli isə bir sıra zəruri tədbirlərin həyata keçirilməsindən asılıdır. Bunlara ortaq əlifba və ortaq orfoqrafiya sözlüyünün hazırlanması və bu sözlükdə bütün türk dillərindəki ümumişlək söz və ifadələrin əks olunması, ümumi dəyərlərin daşıyıcısı olan türkçülüyün şah əsərləri, folklor nümunələrinin ortaq əlifba ilə nəşri, məktəblərdə türk xalqları ədəbiyyatından  nümunələrin tədrisi, türk cümhuriyyətlərinin radioteleviziya verilişlərinin bütün türk məkanlarında izlənməsinin mümkünlüyü, internet resurslarından geniş istifadə, mədəniyyət və incəsənət əlaqələrinin daha da inkişaf etdirilməsi və s. kimi tədbirlər aiddir. Buraya türk dil birliyinin əldə olunmasında dövlətlərarası siyasiiqtisadi əlaqələr, ortaq elmi terminologiyanın hazırlanması və s. məsələlər də əlavə edilmişdir.

 

Monoqrafiyanın ən maraqla oxunan hissələrindən biri türk xalqları arasında ortaq ünsiyyət dili problemi ilə bağlı söylənənlərdir. Bu gün türk xalqlarının daha dərin inteqrasiyası üçün vacib olan şərtlərdən biri bütün türk xalqlarının anlaya biləcəyi ortaq ünsiyyət dilinin yaradılmasıdır. Bu problemin yaşı yüz ildən artıq olub, müəyyən nailiyyətlər əldə olunsa da, təəssüflə bildirməliyik ki, hələ də istənilən səviyyədə ümumi razılaşmaya nail olunmamışdır.

 

Müəllif keçən əsrin əvvəllərindən başlayan türkçülük hərəkatının mahiyyəti, bu yolda ortaya çıxan çətinliklər və bunların aradan qaldırılması yolları barədə obyektiv, realelmi əsaslara söykənən bir çox maraqlı və orijinal fikirlər irəli sürmüşdür. Bütün türk dünyası üçün ortaq ünsiyyət dilinin yaradılmasını bu günün ən prioritet məsələlərindən biri sayan müəllif bu işə mane olan səbəblər üzərində də xüsusi dayanmışdır. Bunlara məhdud mənafeyin ümumi mənafedən üstün tutulması, bir-birinə qısqanclıq, inteqrasiyaya  meyildə süstlük, xarici dillərin öyrənilməsinə vasitə kimi deyil, məqsəd kimi yanaşmaqs. aid etmək olar. Türkiyə türkcəsinin ümumi ünsiyyət dili kimi qəbul edilməsinin tərəfdarları və əleyhdarlarının da arqumentlərinə münasibət bildirən müəllif bu dildə bir sıra qondarma sözlərin mövcudluğunu, latın qrafikalı əlifbalarda bəzi hərflərin yoxluğunu mənfi hal kimi səciyyələndirmişdir.

 

Monoqrafiyanın hazırlanmasında geniş elmi, bədii və publisistik dildilçilik materiallarına istinad edilmişdir. Əldə etdiyimiz yekun qənaət belədir ki, tədqiqatın mövzusu olduqca aktualdır, müəllifin tədqiq etdiyi mövzu ilə bağlı kifayət qədər yeniorijinal mülahizələri vardır və bu tədqiqat işi türkoloji tədqiqatlar cərgəsində layiqli bir əsər kimi sonrakı tədqiqatlara stimul verəcəkdir.

 

Akademik M.Nağısoylunun kitaba yazdığı ön sözdə qeyd etdiyi kimi, "Türk xalqlarının ortaq əlifba, imla və ünsiyyət dili" əsəri ümumilikdə türkologiya elmi üçün dəyərli töhfə sayıla bilər.

 

Kamil BƏŞİROV

Filologiya üzrə elmlər doktoru, professor

 

525-ci qəzet  2018.- 26 aprel.- S.7.