135 yaşlı Naxçıvan teatrı: dünən və bu gün

 

"Yaxın Şərqin ən qocaman sənət ocaqlarından biri olan Naxçıvan teatrı çox şərəfli bir yol keçmişdir. Teatr bu gün zəngin yaradıcılıq ənənəsini şərəflə davam etdirir".

 

Heydər Əliyev

Azərbaycan xalqının Ümummilli lideri

 

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan tarixin ayrı-ayrı dövrlərində Azərbaycan tarixinə, elminə, ədəbiyyat və ictimai fikrinə görkəmli şəxsiyyətlər bəxş etməklə, incəsənət, teatr sahəsində də sürətli inkişaf yolu keçib.

 

Naxçıvanda teatrın yaranması, təşəkkülündə Eynəli bəy Sultanov, Paşa ağa Sultanov, Qurbanəli Şərifov, Fərəculla və Nəsrulla Şeyxov qardaşları, Mirzə Ələkbər Süleymanov, Məmmədqulu bəy Kəngərli, Mirzə Cəlil Şürbi, Mirzalı bəy Bəktaşi və digərlərinin mühüm xidmətləri olub.

 

Qori Müəllimlər Seminariyasında təhsil alan gənclərin-Mirzə Əliməmməd Xəlilov, Məmməd Xəlilov, Hüseyn Xəlilov, Ələsgər Şeyxov, Heydərqulubəy Muradəsilov, Mirzə Ələkbər Süleymanov və Cəlil Məmmədquluzadə 1879-cu ildən başlayaraq yay tətil günlərində doğma şəhərlərinə gəlmələrindən istifadə edən naxçıvanlı ziyalılar demokratik ideyaların xalq arasında yayılmasında onların gücündən də istifadə edirdilər.

 

Yazıçı, şair, dramaturq, publisist, tərcüməçi, pedaqoq, teatr xadimi, teatr tənqidçisi Eynəli bəy Sultanov 1882-ci ildə öz evində "Ziyalılar cəmiyyəti" təşkil edir. "Ziyalılar cəmiyyəti"ndə digər məsələlərlə yanaşı, dünyəvi teatrın yaradılması haqqında məsələlər müzakirə edilirdi. Cəmiyyət üzvlərinin təşəbbüsü və səyi nəticəsində 1883-cü ildə Naxçıvanda ilk dəfə olaraq "Naxçıvan Müsəlman İncəsənəti və Dram Cəmiyyəti" yaradılır. Cəmiyyətin üzvləri Mizə Fətəli Axundovun "Müsyö-Jordan və Dərviş Məstəli şah" əsərini tamaşaya hazırlayırlar və tamaşanın göstərilməsinə icazə almaq üçün İrəvan Xalq Məktəbləri inspektoru U.V.Lovalnikova 1883-cü il aprel ayının 11-də teleqram göndərirlər.

 

135 il bundan əvvəl qədim Naxçıvan şəhərinin "Zaviyyə" məhəlləsində, Hacı Nəcəf Zeynalovun evində Mirzə Fətəli Axundovun "Müsyö-Jordan və Dərviş Məstəli şah" komediyası 1883-cü il may ayının 11-də tamaşaya qoyulur və həmin gün Naxçıvan teatrının təvəllüd tarixinə çevrilir. Naxçıvan şəhərində ilk tarixi teatr tamaşası göstərildikdən sonra Azərbaycan dilində teatr tamaşaları göstərilməsini qadağan edir.

 

E.Sultanov ruhdan düşməyərək "Tatarka" ("Azərbaycan qadını") əsərini rus dilində yazır və 1984-cü ilin fevral ayında Naxçıvan şəhər məktəbinin inspektoru Nikolayevin təşəbbüsü ilə tamaşaya qoyulur. Bundan sonra 1885-ci ildə yerli müəlliflərin yazdıqları "Kəl döyüşü" və "Üsuli-cədid" adlı vedovillər, 1886-cı ildə Mirzə Fətəli Axundovun "Müsyö-Jordan və Dərviş Məstəli şah" komediyası yoxsul şagirdlərin xeyrinə oynanılır. "Naxçıvan müsəlman incəsənəti və dram cəmiyyəti" üzvlərinin təşəbbüsü ilə 1887-ci ilin sentyabr ayının 2-də Naxçıvan şəhər məktəbinin ana dili və şəriət müəllimi Mirzə Sadıq Qulubəyovun vasitəsilə M.F.Axundovun "Molla İbrahim Xəlil kimyagər" komediyası Cəlil Məmmədquluzadə və Mirzə Əliməmməd Xəlilovun rejissorluğu ilə (sufyoru Mirzə Sadıq Qulubəyov) tamaşaya qoyulur. Tamaşada Cəlil Məmmədquluzadə - Molla İbrahim Xəlil, Əkbər (Bəyalı oğlu) Süleymanov - Şeyx Saleh, Məhəmməd Tağı Səfərəlibəyov (Sidqi) - Molla Həmid, Mirzə Əliməmməd Xəlilov - Hacı Kərim Zərgər, Mirzə Əhməd Hüseynov - həkim Ağazaman rollarını oynayırlar. Əsərin tamaşaya qoyulması haqqında 1 sentyabr 1887-ci il tarixdə şəhər deputatı Starov tərəfindən Naxçıvan Qəza rəisinə raport göndərilir. Dövrünün tanınmış ziyalısı Mirzə Əliməmməd Xəlilovun evində 1889-cu il mart ayının 27-də C.Məmmədquluzadə və E.Sultanovun rejissorluğu (suflyoru M.S.Xəlilov) ilə tamaşaya qoyulan "Müsyö-Jordan və Dərviş Məstəli şah" komediyasında isə əsas rolları Müsyö Jordan - Cəlil Məmmədquluzadə, Hatəm xan ağa - Əliqulu Sultanov, Məstəli şah - Mirzə Ələkbər Süleymanov, Şahbaz bəy - Ə.Şeyxov, Şərəfnisə - M.S.Xəlilov ifa edirdilər.

 

XX əsrin ilk illərində Naxçıvan teatrının sənət iqlimində ciddi dönüş yarandı. Bakıda yaşayan teatr xadimləri ilə yaradıcılıq körpüsü salındı. Azərbaycan teatrının qüdrətli sənətkarları Zülfüqar Hacıbəyov, Sidqi Ruhulla, Cəlil Bağdadbəyov, Mirzağa Əliyev, Abbas Mirzə Şərifzadə, Mərziyə xanım Davudova və digərlərinin tez-tez Naxçıvana gəlməsi və yerli aktyorlarla birlikdə tamaşalarda oynamaları yerli aktyorların peşəkarlıq səviyyəsini artırırdı.

 

Naxçıvan teatrının yaranma tarixindən və onun bədii mənzərəsindən söhbət açanda böyük maarifçi-demokrat C.Məmmədquluzadənin adını çəkməmək qeyri mümkündür. Mirzə Cəlil Naxçıvan teatrın banilərindən biridir. 1917-ci ildə dahi sənətkar Rza Təhmasibin rejissorluğu ilə "Ölülər" əsəri tamaşaya qoyuldu, teatrının səhnəsində görünməmiş uğur qazandı və Naxçıvanın mədəni həyatda böyük sensasiyaya səbəb oldu. Tamaşada Rza Təhmasibin və molla nəsrəddinçi şair Əliqulu Qəmküsarın böyük məharətlə yaratdıqları İsgəndər və Şeyx Nəsrullah obrazları Azərbaycan teatr tarixinə qızıl hərflərlə yazıldı. Onun ölməz pyesləri: "Ölülər", "Anamın kitabı", "Dəli yığıncağı", "Qurbanəli bəy" teatrın ən qiymətli tamaşalarından olmuş və bu gün də səhnədə yaşayırlar.

 

1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, Azərbaycanın müstəqil dövlət elan edilməsi Naxçıvan diyarı əhalisində müəyyən ümidlər yaratdı. Naxçıvanlılar misilsiz çətinliklərə, təqiblərə, müsibətlərə sinə gərərək milli ləyaqəti uca tutdular, erməni silahlı quldur dəstələrinə layiqli cavab verdilər.

 

1921-ci ilin axırlarında Naxçıvanın fövqəladə komissarı B.Vəlibəyovun təşəbbüsü ilə Naxçıvanda həvəskar qadınlar tərəfindən Ü.Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası tamaşaya qoyularaq qadınlara göstərilir. Tamaşada Süsən Sultanova-Soltan bəy, Dilbər Sultanova - Gülçöhrə, Gövhər Kəngərli - Xala, Günəş Kəngərli - Əsgər, Tovuz Nəcəfova - Süleyman, Xanım Əliyeva - Vəli, Xavər xanım (Vəlibəyovun həyat yoldaşı) - Asya və Qəmər Nəcəfova (Əliqulu Qəmküsarın qızı) - Telli rollarında iştirak edirlər. O zaman Ü.Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasının Naxçıvanda tamaşaya qoyulması qadın azadlığı və çadraya qarşı mübarizədə, qadınların maarif və mədəniyyətə cəlb edilməsində irəliyə atılan mühüm addım idi.

 

XX əsrin iyirminci illərində Naxçıvan teatrının ab-havasında, sənət iqlimində ciddi dönüş yarandı. Aktyorlar vahid truppada birləşdi. Naxçıvan Xalq Komissarlar Sovetinin 21 yanvar 1922-ci il tarixi qərarı ilə Milli teatrın qanun layihəsi təsdiq edildi. Naxçıvan Xalq Maarif Komissarlığının 8 fevral 1922-ci il tarixli 28 nömrəli əmri ilə Naxçıvanda bütün teatr işlərini idarə etmək üçün sənaye nəfsə (incəsənət) şöbəsi (Dövlət teatrolar direktoriyası) yaradıldı. Həmin şöbəyə Həsən Səfərov (Səfərli) sədr, Həmid Mahmudov və Əli Xəlilov üzv təyin olunurlar.

 

Müqtədir sənətkar Sidqi Ruhulla Naxçıvan teatrının direktoru və baş rejissoru vəzifəsində fəaliyyət göstərdiyi 1931-1933-cü illərdə tamaşaya qoyduğu "Otello", "Qaçaqlar", "Pəri cadu", "Dağılan tifaq", "Bəxtsiz cavan", "Hacı Qəmbər", "Hacı Qara" tamaşaları özünün profesional həlli ilə diqqəti cəlb edir. Ümumiyyətlə, Sidqi Ruhullanın Naxçıvan teatrının mənəvi inkişafında, aktyorların formalaşmasında mühüm xidmətləri olmuşdur.

 

Yusif Yulduzun quruluşunda 1937-ci ildə Mirzə İbrahimovun "Həyat" pyesinin tamaşaya qoyulması Muxtar Respublikanın mədəni həyatında əlamətdar bir hadisəyə çevrildi. Bu uğurlu tamaşadan sonra 1939-cu ildə Həsən Əliyevin quruluşunda Səməd Vurğunun "Vaqif" mənzum pyesinin tamaşası diqqəti cəlb etdi. İbrahim Həmzəyev, İsa Musayev, Səməd Mövləvi, Mirhəsən Mirişli, Xədicə Qazıyeva, Firuzə Əlixanova, Əyyub Haqverdiyev, Abbas Quliyev, Ruxsarə Ağayeva, Əyyub Abbasov və başqalarının hər iki tamaşadakı gözəl ifaları teatrın uğurları idi.

 

1938-ci ilin mart ayında Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun anadan olmasının 125 illiyi münasibəti ilə Naxçıvan teatrında ədibin "Hacı Qara" komediyası İsa Musayevin quruluşunda tamaşaya qoyuldu. Tamaşada Sadıq Həsənov (Hacı Qara), Səməd Mövləvi (Heydər bəy), Əyyub Haqverdiyev (Kərəməli), Firuzə Əlixanova (Tükəz), Xədicə Qazıyeva (Sona), Rza Tumbullu (Naçalnik) və Əyyub Abbasovun (Həsən ağa, Ohan və Sərkis) yaratdıqları obrazlar diqqəti cəlb edir. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 26 dekabr 1938-ci il tarixli qərarı ilə Naxçıvan Dövlət Dram Teatrına Mirzə Fətəli Axundovun adı verilir.

 

Böyük Vətən Müharibəsi illərində Naxçıvanın teatrının repertuarında qəhrəmanlıq və vətənpərvərlik ideyalı: S.Vurğunun "Fərhad və Şirin", R.Rzanın "Vəfa", M.Təhmasibin "Aslan yatağı", Z.Xəlilin "İntiqam", K.Simonovun "Vətən oğlu", A.Şaiqin "Vətən" və s. əsərlərə üstünlük verməklə tamaşaçılarda vətənə məhəbbət, düşmənlərə qarşı nifrət hissləri aşılanır.

 

Bu qədim sənət məbədi 1964-cü ildən etibarən Cəlil Məmmədquluzadənin adını daşımaqla Naxçıvan Dövlət Müsiqili Dram Teatrı adlandırılır. Teatrın repertuarına olan dramaturqun "Anamın kitabı" əsəri 1965-ci ilin dekabr ayında tamaşaya qoyuldu. Həmin ilin iyul ayında teatr Bakı şəhərində geniş və tələbkeş tamaşaçı qaşısında K.Ağayevanın "Məhsəti", H.Razinin "Odlu diyar", C.Əmirovun "Sahil əməliyyatı" tamaşalarını müvəffəqiyyətlə nümayiş etdirdi.

 

1970-1980-ci illərdə Naxçıvan teatrının bədii həyatında ciddi dönüş yaranmış, Baxşı Qələndərli, Vəli Babayev, Vaqif Əsədov və Əliqismət Lalayevin tamaşalara verdiyi quruluşlar daha çox diqqəti cəlb etmişdir. Repertuara daxil edilən əsərlərə qismən nəzər salsaq, bunu aydınlığı ilə görə bilərik. Anarın "Adamın adamı", R.İbrahimbəyovun "Yaşıl qapı arxasında", "Kabinet əhvalatı", İ.Qasımovun "Nağıl başlandı...", R.Rövşənin "Dərs", R.Heydərin "Bahar qız", L.Rəşidzadənin "Toya bir gün, bir günorta qalmış", C.Əfruzun "Qanqın böyük dalğası" və s. tamaşalar özünün əxlaqi-etik problemi, müasirlik duyğusu, ən başlıcası isə maraqlı rejissor təsviri və yaddaqalan aktyor oyunu ilə diqqəti çəkir. Bu illərdə Azərbaycan dramaturgiyası ilə yanaşı, dünya dramaturqlarının - A. Makayenokun "Tribunal", O.Bokayevin "Yetkinlər", G.Midivaninin "Vətən namusu", "Konsulu oğurladılar", N.Dumbadzenin "Darıxma ana", G.Xuqayevin "Arvadımın əri", "Mənim qayınanam", R.Kauqverin "Ağır cəza", Ç.Aytmatov və K.Məhəmmədcanovun "Füdzi dağında qonaqlıq" pyeslərinə də geniş meydan verilirdi. Azərbaycan Respublikasının xalq artisti, istedadlı rejissor Vaqif Əsədovun quruluş verdiyi yunan dramaturqu Sofoklun "Elektra" tamaşası Tiflisdə keçirilən Ümumittifaq teatr festivallarının baş mükafatına layiq görüldü və Ümumittifaq televiziyası ilə yayımlandı.

 

Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Baxşı Qələndərli Naxçıvan teatrında fəaliyyət göstərdiyi (1964-1985) illərdə quruluş verdiyi: K.Ağayevanın "Məhsəti", B.Lavryonovun "Hücum", A.Şirvanzadənin "Nakam qız", Vs.İvanovun "Zirehli qatar 14-19", S.Vurğunun "Vaqif", C.Cabbarlının "Solğun çiçəklər", H.Cavidin "Şeyx Sənan", "Şeyda", H.Razinin "Arxalı dağlar", "Haray səsi", Ə.Yusiflinin "Səadət naminə", "Siz xoşbəxt yaşayın", M.Tarverdiyevin "Qəmküsar", H.Fətullayevin "Alınmaz qala", H.Dumbadzenin "Darıxma ana", N.Nehrəmlinin "Qəmli günlər", S.S.Axundovun "Laçın yuvası", Ə.Yusifovun "Məhəbbət abidəsi", K.Qoldoninin "Məzəli hadisə" və s. tamaşalar zəngin rejissor yozumu onun yüksək peşəkarlığını uğurla nümayiş etdirirdi.

 

Bu illərdə diqqəti cəlb edən ən mühüm cəhət teatrın türk dramaturgiyasına müraciət etməsi oldu. Azərbaycan Respublikasının Əməkdar artisti, rejissor Vəli Babayev dünyaşöhrətli dramaturq Nazim Hikmətin Vera Tulyakova ilə birlikdə yazdıqları "Kor padşah" pyesini (29 dekabr 1968) tamaşaya qoydu. Bundan sonra o, Əziz Nesinin "Toros canavarı" (25 yanvar 1971), Nazim Hikmətin "Bayramın birinci günü" (18 oktyabr 1980), Orxan Kamalın "Yad qızı" (7 yanvar 1984), Turan Oflasoğlunun "Dəli İbrahim" (25 oktyabr 1984), Rəşad Nuri Güntəkinin "Dodaqdan qəlbə" (5 fevral 1988) tamaşalarına quruluş verdi. Əsgər Əsgərovun quruluşunda Nazim Hikmətin "Qəribə adam" (30 may 1989) və Əziz Nesinin "Ölən adam" (29 iyul 1992) tamaşaları da xüsusilə diqqəti cəlb etdi.

 

Naxçıvan teatrının tarixinə nəzər salarkən sanballı rejissorlar: Böyükxan Naxçıvanski, Rza Təhmasib, Kazım Ziya, Həsən Səfərli, Səməd Mövləvi, İbrahim Həmzəyev, İsa Musayev, Əli Hüseynov, Həsən Ağayev, Baxşı Qələndərli, Vəli Babayev, Nəsir Sadıqzadə, Vaqif Əsədov, Əliqismət Lalayev, Kamran Quliyev, Yasəmən Ramazanova, Rövşən Hüseynov, rəssamlar - Bəhruz Kəngərli, Adil Qazıyev, Şamil Qazıyev, Əyyub Hüseynov, Məmməd Qasımov, Yuran Məmmədov, Mircəlil Seyidov, Sabir Qədimov, Məmmədli İsmayılov, Hüseynqulu Əliyev, Əbülfəz Axundov, Səyyad Bayramov, Əli Səfərli, bəstəkarlar - Mənsur Sultanov, Tapdıq Hüseynov, Ənvər Hüseynov, Adil Kəngərli, Səfər Rəcəbli, Məmməd Cavadov, Məmməd Ələkbərov, Rəşid Məmmədov, Ramiz Mirişli, Nəriman Məmmədov, Yüsif Əsgərov, Şəmsəddin Qasımov, Əkrəm Məmmədov, Əqidə Ələkbərova, Yaşar Xəlilov və bu kimi sənətkarlar nəslinin yetişdiyinin şahidi oluruq.

 

Naxçıvan teatrında 1910-cu ildən bu günədək Azərbaycan bəstəkarlarının - Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "Əsli və Kərəm", "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan", Zülfüqar Hacıbəyovun "Aşıq Qərib", "Evliykən subay", "50 yaşında cavan", Fikrət Əmirovun "Gözün aydın", Səid Rüstəmovun "Beş manatlıq gəlin", "Durna", Ağası Məşədibəyovun "Toy kimindir", Süleyman Ələsgərovun "Ulduz", "Özümüz bilərik", "Olmadı elə, oldu belə", Vasif Adıgözəlovun "Boşanaq-evlənərik", Emin Sabitoğlunun "Hicran" və başqa opera və operettalar böyük uğurla tamaşaya qoyulmuşdur.

 

Naxçıvan teatrında yerli müəlliflərin pyeslərinə həmişə böyük diqqət verilmişdir. 1929-cu ildə Müzəffər Nəsirlinin "Azadlıq günəşi" pyesinin tamaşaya qoyulması gələcək yerli dramaturqların yetişməsinə zəmin yaratdı. Sonrakı illərdə Qurban Qurbanovun "Ayrım", "Xosrov və Şirin", Əbülfəz Abbasquliyevin "Günəş doğur", İslam Səfərlinin "Göz həkimi", "Ana ürəyi", Hüseyn İbrahimovun "Torpaq təslim olur", "İtirilən sağlıq", Əliyar Yusiflinin "Vicdan əzabı", "Səadət naminə", "Gözüm yollarda qaldı", "Siz xoşbəxt yaşayın", Hüseyn Razinin "Günəş", "Odlu diyar", "Arxalı dağlar", "Haray səsi", Kəmalə Ağayevanın "Məhsəti", "İsmət", "Apardı sellər Saranı", Süleyman Rəşidinin "İki ananın bir oğlu", " Mən onu axtarıram", "Canlı heykəl", Həsən Elsevərin "Vüqarlı gözəl", "Alınmaz qala", "Koroğlu nəsli", "Qorxulu oyun" Məmmədli Tarverdiyevin "Kölgəli dağ", "Qəmküsar", Ramiq Muxtarın "Üfüqlər qızaranda", "Əgər sevirsə", "Şəhərli kürəkən", Novruz Nehrəmlinin "Qəmli günlər", Həmid Arzulunun "İnam", "Əlincə qalası", "İtilənən xənçəllər", "Ərsizlər və arsızlar", "Məhəbbət mərhəmət deyil", Adil Qasımovun "Aylı gecənin qaranlığında", Elman Həbibin "Sahilsiz çaylar", Əliheydər Qəmbərovun "İlan yuvasında fırtına" səhnə əsərləri müxtəlif illərdə tamaşaya qoyuldu.

 

(Ardı var)

 

Əli QƏHRƏMANOV

AMEA Naxçıvan Bölməsi, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Musiqi və teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

[email protected]

 

525-ci qəzet 2018.- 26 aprel.- S.6.