Milli mədəniyyətimizin əvəzsiz

bilicisi və yorulmaz təbliğatçısı: Mustafa Çəmənli

 

Mənim üçün xatirə ədəbiyyatı özümün yenidən yaşamağımdır, - desəm həqiqətə bənzər, keçmişə qayıdıram və yaşımın tarixini  hesablayıram.

 

Əlbəttə, qısa ömür tarixçəsində bu, yaddaşın səsidir. Amma hər memuar mənə həqiqəti soraq vermir, sadəcə o dövrün olayları üçün maraq doğurur. Amma yaşadığım illərin bir iştirakçısının canlı şahidinin pıçıltısı özgə aləmin şahididir. Mən, düzü, ötən əsrin 80-ci, 90-cı illərində qısaca desəm: Mətbuat Komitəsində, "Maarif" dövlət tədris nəşriyyatında baş redaktor və direktor əvəzi olduğum səkkiz ildə neçə-neçə həmkarlarımla görüşmüş, dostlaşmış, iclaslarda hövsələmizi basmışıq. Ad çəkmək istəməzdim - unutduğumların yanında utanmış olardım. Amma bu siyahıda olanlar var, zəngin şəxsiyyətlərdir, yaradıcılıq dolu ürəyə malikdirlər və çətin sosial dövrdə də nikbinliyini qorumaqda davam edirlər. Belə yazarlar sırasında paralel eyni komitədə, amma başqa nəşriyyatda çalışanlardan biri də istedadlı yazıçı-tədqiqatçı və publisist, səmimi, canıyanan Mustafa Çəmənlidir. Onunla hər dəfə görüşəndə mən nostalji hisslərimi yenidən yaşayıram, arxaya boylanıram, saçlarımın ağlığına heyfislənirəm, çünki o dövrün naşirləri müəlliflərin gözünün içinə düz baxırdılar, əsərləri üzərində xeyirxahlıqla işləyirdilər, harada rastlaşırdılarsa, o yazarlar irəli gəlib görüşürdülər. (Axı müəllifin qabağına qaçmaq da var!)...

Mustafa Çəmənli o naşir-redaktorlardan idi, hər bir qələm adamının ədəbi-bədii və elmi-nəzəri səviyyəsini düzgün başa düşür, yerini göstərirdi. Qarşı tərəf isə "şıltaqlıq" göstərmirdi, çünki redaktor, yaxud rəyçi Mustafa Çəmənlinin səviyyəsinə bələddir, sözünün çəkisini ölçüb-biçəndir, havayı mübahisəni, söz güləşdirməyi xoşlayan deyil, nəşriyyat sistemində mühüm atributlardan bu "üçlüy”ün yeri vardır.

Mən Mustafa Çəmənlinin bədii və publisist yaradıcılığına qayıtmaq fikrində deyiləm, bu, ayrı bir mövzudur, güman öz tədqiqatçısını tapacaqdır. Bircə onu deyərdim ki, o, bir neçə tarixi romanların, sənədli hekayələrin və povestlərin, musiqiçilər haqqında kitabların müəllifidir. Bir qarabağlı kimi səsinin yerində olub-olmadığına zəmanət verməkdə çətinlik çəkirəm, amma xüsusilə, xalq musiqisinin incəliyinə qədər varid bir şəxsdir. Xan Şuşinski, Seyid Şuşinski, Yaqub Məmmədov, İslam Rzayev, Mənsum İbrahimov, qadın xanəndələrimizdən Şövkət Ələkbərova, Sara Qədimova, Qəndab Quliyeva... haqqında həm yazıb, həm də televerilişlərin müəllif-aparıcısıdır. Daha nə qalır? Mustafa Çəmənli vətənpərvər ovqatı ilə Qarabağın tarixi şəxsiyyətləri, o cümlədən, Möminə Xatun, Cahan Pəhləvan və onun xanımı İnac Xatun, Ağabəyim, xan qızı Xurşidbanu Natəvan, habelə müasirləri haqqında tarixi oçerklərin, təəssürat-məqalələrin müəllifidir, özü də özünəxas üslubu və müşahidə zənginliyi ilə! Ona görə riskə gedir ki, yazdığı yaradıcı dostlarını qəlbdən sevmiş, ünsiyyət bağlamış, onların vaxtsız ölümlərinə acımışdır. "Acımışdır" anlamını yumşaq da deyərdim, lakin elə zamana çıxdıq ağır pillələrin üstündə unutqanlıq fenomeni hakim kəsilmişdir. Bəli, əsrimizin mənəvi faciəsi deyilmi? Bu şəxslərdən Şahmarı, Ağamalı Sadiqi, Bəhruz Axundovu mən də tanımışam, bir dövrdə doğulmuşlardır. Mustafa Çəmənli də xeyirxahlıq, yaddaş dəyəri və xatırlama "üçlüy”ünün bütövlüyü!

Oxucularda qəribə görüş yaranmasın ki, mən "Nəşriyyatda keçən günlərim"dən başlamadım, "Ürəyimdən kimlər keçdi"dən başladım; təbii "keçiddir" ayrı-ayrı şəxsiyyətlərin xatirəsini unutmamaqla bütöv bir dünyanın (mənimçün bir aləmdir) ruhi-mənəvi abidəsini yaratmaq, gələcək nəsillərə ötürmək məhz Mustafa Çəmənli simasında böyük (yersiz işlətməyə o qədər alışdırmışlar, kiçiklər başa keçmişdir) qələm sahibinə qismət oldu! Mən bu etirafı pıçıldayanda antik filosof Sokratın kəlamlarını xatırladım: "Məni tutun və saxlayın, sizə lazım olaram".

Mustafa müəllimə  bu prizmadan yanaşmaq daha ədalətli olardı.

İnsan ömrü sabit və nəzəri-ilahi dəyərdir: əvvəli və sonu bir həqiqətdir; deməli, paradoks bir nəsnədir, sanki Allahdan bəndələrini sınağa çəkən varlıqdır, kim bu ömrü-həyatı necə və kim üçün yaşayır. Mən şişirtmək fikrindən uzağam bir yazar olaraq.  Yazıçı, şair ömrü son dərəcə fərqlidir: keçmişi unutmur, hər bir saatını və gününü yaddaşında qoruyur, əzizləyir, həm müasirlərinə, həm də gələcək nəsillərə "təhvil" verir və kövrək pıçıltıyla deyir:

- Mən belə bir ömür idi, yaşadım, necə yaşadım? - Bircə bu suala cavab verməkdə çətinlik çəkir...

Müasirim, uzun illər eyni komitədə çalışdığım, bütöv şəxsiyyət, məhsuldar yazıçı-vətənpərvər Mustafa Çəmənli (Mustafayev) haqqında çox söz demək olar, lakin bu "çoxu" haçansa ortaya qoyan bir ədəbiyyatşünas deyəcəkdir:  inanıram. Hələlik onlar (bütünlüklə şamil etməzdim) dəbdə olan titullular haqqında, onların oturduğu kreslo barədə kitablar qələmə alırlar - yazsınlar, yazılan isə yadigardır. Amma Mustafa Çəmənli kimi ləyaqətli, Vətənini və onun keçmişini sevənləri də insaf meyarından keçirmək yalnız xeyirxahlıq olardı.

Mətləbdən kənarlaşmaq istəməzdim yazıçı və publisistin, naşirin "Xatirə ədəbiyyatı" silsiləsindən "37-ci kitabı ("Xan" nəşriyyatı, layihənin rəhbəri Şamil Sadiq, redaktoru Gülər Ələkbərqızı, naşiri Müşfiq Xan, Bakı, 2017) təəssüratımı yenidən diriltdi, çün xatirə-memuarı xeyirxah "Ədalət" qəzetində oxumuşdum, bir daha ələ keçməyən, arxada yaşanmış günlərin həsrətini çəkmişdim və necə də çəkməyəydim: Bir zaman mən də "Maarif" dövlət tədris nəşriyyatında baş redaktor və redaktor əvəzi (19841992) işləmişəm və Mustafa müəllimin realist qəhrəmanlarının - obrazlarını yox - tanımış, ünsiyyətdə olmuş, Sovet rejiminin "şapalağını" duymuş,  kişi qeyrətilə vəzifələrimizi yerinə yetirmişik. "Kişi" sözünü məcazi mənaya da yozmaq caizdir, məsuliyyətdən yaxamızı çəkməmişik, hər bir kitabın dəyərini qiymətləndirmişik, müəlliflərin yaradıcılığına həssaslıq göstərmişik. Amma çox heyfislənməyə bilmirsən ki, sovet, qismən də müstəqilliyimiz dövründə nəşriyyatlarda vəzifə daşıyan qulluqçu-ziyalılar bəzi məhdud çinovniklər tərəfindən qiymətləndirilmədi, bir ovuc təqaüdlə "istirahətə" göndərildi, mən də istisna deyiləm. Halbuki kadrlara dair uçot vərəqəsində mənsubiyyətimizi "qulluqçu" kimi qeyd etmişik uzun illərlə!

Kitab mənim yaddaşımda bir çox nüansları oyatdı, açığı, bir ürək hərarətilə qələmə alınmış bədii əsəri, lap tarixi romanı xatırlatdı (ümumiyyətlə, ədəbiyyatda janr məsələsi şərtidir, ortaya atılıb, hey uzanır). Eyni zamanda, mən əsərdə müəllifin psixologiyasını gördüm. Şifahi ünsiyyətlə yazmaq  psixologiyası tamamilə fərqli amillərdir - sonuncu eyni zamanda müəllif şəxsiyyətini ortaya qoyur: çalışdığın peşəyə və obyektə hörmətlə yanaşmaq, əlindən tutub sənə xeyirxahlıq göstərən məsul şəxsiyyətləri qayğı ilə xatırlamaq, yaradıcı kontaktda bulunduğun müəllifləri, ədəbi simalarlı, ictimai və elm xadimlərini hörmətlə yada salmaq və əbədiləşdirmək. Gizlətməyək, nəşriyyatlarda işləmiş müqtədir qələm sahibləri az olmamışdır. Lakin onlar belə bir təşəbbüsə əl atmamışlar: memuar janrından istifadə edib, Mustafa Çəmənlinin böyük işini görsünlər, bir şərtlə: ən xırda - vacib detalları belə unutmamaqla! Bu addımı nəşriyyat tariximizdə, məhz Mustafa müəllim gördü! Yaddaşı və ürəyi ilə! Hər iki dəyərlə!

Kitab (konkret əsər) haqqında düşüncələrimi etiraf edim ki, konkretləşdirməkdə çətinliklərlə üzləşdim; həm mənəvi-ruhi, həm də sosial-ictimai baxımından. Birinci təəssürata tab gətirmək illərdən sonra çətindir, o hissləri mən də yaşamışam. “Maarif”ə işə qəbul olunduğum aprel ayının bir ilk gününü. Son dərəcə təşkilatçılıq və tələbkarlığın yerini bilən, konkret və zabitəli, gənclik görkəmilə seçilən o illərin cizgilərini xatırlayıram. Komitənin sədri Nazim Sadiq oğlu İbrahimovun kollegiya iclasında təqdimatını. Qısa arayışını: - Allahverdi Eminov haqqında geniş məlumat verməyə ehtiyac görmürəm. Necə baxırsız? Və mərhum simalardan Əzizə Əhmədovanın və Əjdər Xanbabayevin müsbət reaksiyalarını. Elə həmin iclasda da Nazim İbrahimov eyni zamanda direktor səlahiyyətlərini erməni naşirdən (Akopcanovdan) alıb mənə həvalə etdiyini rəsmiləşdirdi. Beləliklə, Komitə sədrilə altı ilə yaxın işlədik. Yeri gəlmişkən, Nazim İbrahimov belə də nəşriyyat tariximizdə yeganə simadır ki, onda kitab nəşrini proqnozlaşdırmaq, naşirlərin yerini düzgün göstərmək və yerində otuzdurmağı bacarmaq hökmü vardı. Hər bir rəhbər, yaxud müavinləri səlahiyyətlərini aşmırdılar. Bu gün keçmiş komitə sədrin -   Yazıçılar Birliyində məsul vəzifə daşıyan Nazim müəllimlə görüşürəm, həmin ehtiramı saxlayıram, sanki o kollegiyada: "Eminov, dərsliklərin nəşr vəziyyəti necədir?"  sualını verəcək və müsbət cavab alacaqdır. Hiss etdirmədən "sədrimin" ağaran saçlarını, dəyişməyən məxsusi təbəssümünü, səsini bu günümə qaytarıram. Nazim İbrahimov səviyyəli ictimai xadimlər çox nadir hallarda halal yerində oturur, buna da təəssüflənməmək olmur...

Mən ona görə bir qədər geniş danışdım ki, keçirdiyim hissləri gənc vaxtı Mustafa Çəmənli də yaşamışdır və yazmışdır: "Nazim İbrahimov özünün fitri qabiliyyəti, böyük təşkilatçılıq bacarığı ilə sübut etdi ki, Mətbuat Komitəsinin sədri kimi heç də təsadüfi adam deyil. Əsas məsələ odur ki, qolunu çırmayıb cani-dildən işləyəsən. Nazim İbrahimov Mətbuat Komitəsinin sədri işlədiyi müddətdə (1980-1989) kifayət qədər unudulmaz işlər gördü". Və M.Çəmənli sədrin xeyirxah və rəsmi yeniliklərini sadalayır. Əgər o, Mustafa Çəmənliyə, Allahverdi Eminova və digər onlarla "dayısız" yazarlara, alimlərə, peşəkarlara həyan durmuşsa nə üçün yaddaşımızda saxlamamalıyıq? Nazim İbrahimov vəzifəsindən sui-istifadə edib təcrübəli naşirləri işindən uzaqlaşdırmamışdır".

Memuar-əsər yalnız müəllifin şəxsi təəssüratı üzərində yazılmamışdır - hərçənd, bu psixoloji amil istisna deyil, lakin sosial faktorlar fonunda biz şərəfli bir dövrün şəxsiyyətlərinin əməli və amalı ilə tanış oluruq, hansı ki, indiki nəsil onları görməmiş, tanımamış, eşitməmişlər. Belə bir "ötürücülük" missiyasını M.Çəmənli səbrlə, obyektivliklə faktlara, canlı müşahidələrə söykənməklə təqdim etmişdir. Deyərdim ki, həmin insanları görənlər, birgə işləyənlər, yaradıcılığından bəhrələnənlər üçün həm qürur yaşadır, həm də kövrəldir - bu cür düşünürəm. Əjdər Xanbabayev - naşirliyin patriarxı - hər şeyin yerini bilən təmkinli, subyektiv mübahisələri səngidən, bədii zövqlü bu şəxsi xatırlamamaq mümkünsüzdür. Faciəli həlak oldu, dünyaya iki qız övladı qoydu, həm də anasız. Onlar böyüdülər, cəmiyyətdə mövqe də tutdular, lakin atalarının yerini heç bir dəyər vermədi. Mən bu cüt bacıların atalarının cənazəsi üstündə acı göz yaşlarını xatırlayıram. Mustafa müəllimin varlığından süzülüb gələn hisslərdir ki, Əjdər Xanbabayev haqqında bilmədiyimiz keyfiyyətləri oxucularına çatdırır. Əjdər Xanbabayevlə munasibətimiz onun komitənin I müavini təyin olunan gündən (1986) yarandı. Mən nəşriyyat işinə tam yiyələnməmişdim, qapısı daima açıq olan bu şəxs təmkinlə izah edir, hətta komitədə işləyən digər bir müavinin haqsız müdaxiləsinə mənim mövqeyimdən yanaşırdı: "Allahverdi müəllim təzə işçidir, ona kömək etməliyik", - deyirdi. Sevindim bir də ona görə ki, Mustafa Çəmənli bu işıqlı simanın müxtəlif kritik situasiyalarda yardımını unutmur. Çünki onun müəlliflər arasında nüfuzu vardı, şərhi yerində idi... Memuarda oxuyuruq: "Onun iş üslubundan, idarəçilik bacarığından çox şey öyrənmişdik. Çünki o, təbiəti etibarilə zəngin adam idi. Əjdər Xanbabayev öz yerinə Faiq Məlikovu təyin etdi. Faiq Məlikov da işgüzar və sülhsevər adamdı".

Yeri gəlmişkən, mən Faiq müəllimi çoxdan tanıyırdım, bacısı Bakıda nüfuzlu məktəb direktoru idi - Fəridə Səmədova - məşhur pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Qüdrət Aşur oğlu Səmədovun gəlini idi. Faiq Məlikov ilk povestlər kitabımı "Yazıçı"da nəşr əngəllərindən xilas etmişdi, həcmin azaldılmasına imkan verməmişdi ("Sarı çiçək"; "Yazıçı", 1990 və yaxşı qonorar da yazmışdı).

"Nəşriyyatda keçən ömrüm" kitabı, həqiqətən, olmuşlar haqqında bədii-tarixi bir salnamə-esse təsiri bağışlayır və mənim üçün memuar janrının bəzi cəhətlərinə aydınlıq gətirir. Və müəllifin dərin müşahidəçilik qabiliyyəti, sənətkarlıq məziyyətləri konkret şəxsiyyətlərin timsalında gerçəkləşir. Vurğuladığım kimi: o simaların həm də görünməyən cizgilərini xatırladır; maraqlıdır ki, gənc Mustafanın xarakterindəki xeyirxahlıq, diqqətlilik, peşəkarlıq o vaxtın yaşlı və tanınmış ədəbi simalarında rəğbət və inam hissi yaratmışdır. Bu fikrimi çox-çox istedadlı şair, mahir tərcüməçi, az ömür sürmüş Əliağa Kürçaylıya şamil edərdim. M.Çəmənlinin "Yazıçı"da işlədiyi vaxtda baş redaktor vəzifəsinə təyin olunandan (1978) görkəmli sənətkarlarla iş yaxınlığı səmimiyyət və inam üzərində qurulmuşdur. O, gənc redaktorun səriştəsinə inanmış və etibar etmişdir, özü də ağır, sağalmaz xəstəliyə düçar olduğu aylarda, Mustafa da təmiz ürəklə, sənətə dərin hörmətilə Ə.Kürçaylının zövqünə "haram" qatmamışdır. Müəllif şairin xarakterindən irəli gələn zabitəliyi, konkretliyi, özünə inamını oxuculara çatdırır: "Əliağa Kürçaylı ucaboylu, qartal baxışlı, sağlam vücudlu bir şəxsiyyət idi. İş əsnasında onun savadlı, sözübütöv mövqeyi aydın bir insan kimi tanıyıb sevdik. Əliağa müəllimin ərizələrin üstünə yazdığı dərkənarlar heyrət ediləcək qədər dəqiq və aydın olardı. Bunlar bizim adət etdiyimiz dərkənarlara bənzəmirdi, əlyazmanın məğzini açıqlayan, sabahkı taleyinə aydınlıq gətirən qısa, lakonik fikirlər idi" - yazan Mustafa Çəmənli dərin müşahidəsinə arxalanıb həqiqəti çatdırır.

Ə.Kürçaylını mən hələ şagird ikən görmüşdüm, bacısı Sədəf ana və yeznəsi Hənifə kişi bizimlə qonşu olmuşdu əllinci illərdə, bacısını tez-tez yoluxar və yaşadığımız Qırmızıkənd kəndinə (Salyan rayonuna daxil idi) gələrdi. Böyük dayım Cahandar Eminovla yoldaşlıq edərdi. İllər keçdi, Əliağa Kürçaylının böyük şair olduğunu əyani gördüm. Ötən əsrin Qabil, Bəxtiyar Vahabzadə, Əli Kərim, Nəbi Xəzri kimi şairləri ilə çəkinmədən yanaşı durmağa qabil idi, heyif ki, ömür ona lazım olan illəri əsirgədi. Mən Ə.Kürçaylının poeziyasına laqeyd qalmadım və şairin "Daşlar" silsiləli şeirlərinə silsilə məqalələr yazıb çap etdirdim. Yüksək fəlsəfi yükü daşıyan "Daşlar" şeirindən bir nümunə xatırlatmaq yerinə düşərdi.

 

Daşlar bünövrədə olaydı möhkəm,

Pıtılı, kövrəyi, kaş, olmayaydı.

İnsan sinəsində ancaq deyirəm

Ürəyin yerində daş olmayaydı.

 

Mustafa Çəmənli ədəbiyyat təmayüllü nəşriyyatda fəaliyyət göstərdiyi üçün şairlər, yazıçılar, ədəbiyyatşünasları daha çox xatırlayır, çünki onlar ya "Yazıçı"da çalışıblar, ya da gəlib-gediblər. Tofiq Bayram, Məmməd İsmayıl, Müzəffər Şükür, Mustafa İsgəndərzadə, İsmayıl Vəliyev və başqaları hər bir cizgisilə yada düşür.

Mən Tofiq Bayramı gözəl xatırlayıram. Hələ "Ulduz" jurnalı yenicə təsis olunmuşdu. Orada Yasif Nəsirli, Cabir Novruz, T.Bayram, Abbas Abdulla, Məmməd Araz, Səyavuş Sərxanlı, Ədalət Həsənov (rəssam) çalışırdılar. Gənclik dostum Abbas Abdullanın yanına müntəzəm gəlirdim, aspirant vaxtımdı. Tofiq Bayram şöbə müdiriydi. Güclü siqaret çəkirdi, maraqlı söhbətlər danışırdı. Hələ o vaxtlar o, tanınmış şair, tərcüməçiydi. Pafosla şeir söyləməyi vardı,  gur səsi hələ də qulaqlarımdadır....

Xatirələrin işığında Mustafa Çəmənli, Məmməd İsmayıllı, İsmayıl Vəliyevi, İ.Mustafanı da səmimiyyətilə yaddaşa gətirir. Eyni zamanda, o vaxt nisbətən yaşlı nəsildən Ənvər Yusifoğlu, Seyfəddin Dağlı, Cəmil Əlibəyov, Bayram Bayramov, Manaf Süleymanov xatırlanır; mən bu məqamda demək istərdim ki, naşir Mustafa Çəmənli yazıçılığından irəli gələrək bu şəxsləri və adını çəkmədiyim ədəbiyyat və incəsənət adamları haqqında bir neçə detalı xatırlatmaqla öz proqnozuna inandırır ki, bu şəxslər nə üçün unudulmuşdur? Mən də həmin mühitin iştirakçısı olaraq tam təsdiqləyirəm ki, B.Bayramov, Manaf Süleymanov, C.Əlibəyov, S.Dağlı, Ə.Yusifoğlu, Firudin Şuşinski, Əlfi Qasımov və digərlərinin yubileyləri yada düşmür, olsa-olsa bir-iki məqalə ilə kifayətlənilir. Olmaz: Cəmil Əlibəyov mətbuatımızın patriarxı idi, bir komitədə işləmişik, gözəl romanlar yazmışdı. Bayram Bayramov məhz Mətbuat Komitəsində məsul vəzifə də daşımışdı. Mən tələbə və kənd müəllimi işlərkən Xalq yazıçısının "Sərinlik", "Yarpaqlar", "Mən ki, gözəl deyirdim" səviyyəli nəsr əsərlərini oxumuşdum. Eləcə də "yaddaş xəzinəsi"nə malik musiqişünas Firudin Şuşinski, onun dövlət televiziyasında müntəzəm apardığı musiqi xəzinəmizi əks etdirən verilişləri hələ də unudulmamışdır. Obyektivliyi, həqiqəti heç kimə güzəştə getməməyi ucbatından böyük musiqişünas hətta bəsit oxuyanlar və çalanlar tərəfindən sıxışdırıldı, infarkt həddinə çatdırıldı. Mən bu faktları, ona görə qabarıq verirəm ki, Mustafa Çəmənli şəxsiyyətindən irəli gələn xeyirxahlığı və obyektivliyini, istedadından qaynaqlanan qələmilə onları yeni və gələcək nəslə çatdırır - qalır onların vicdanına! Yeri gəlmişkən, M.Çəmənli təqdirəlayiq musiqi bilicisidir, musiqinin nəzəri məsələlərini araşdırır, "oğurlanmış" bəstəkar mahnılarının əsl sahibini xatırladır. Bu, son dərəcə vacib təşəbbüsdür. Bu gün gizli deyil ki, Hacıbaba Həsənov, Qulu Əsgərov, Şahid Əbdülkərimov, Bəxtiyar Kərimov kimi "həvəskar" bəstəkarların unudulmaz mahnılarını dəqiqliyilə ortaya qoyur; böyük xidmət deyilmi? M.Çəmənlinin kitabında oxucu onun naşirliyi bir yana - xalqımızın milli-mənəvi dəyərlərinə xidmət göstərmiş, lakin nəşrinə əngəllər törədilmişlərə yardımçı olmuşdur. Məsələn, dahi "Məcnun" (!), nadir koloribli səsə malik Hüseynqulu Sarabskinin "Köhnə Bakı" əsəri vaxtilə çapdan çıxmışdı və unudulmuşdu. Halbuki lazımlı kitabdı, yenidən nəşri üçün canüzü rəsmi əngəllər yox deyildi (naşirlərə bəllidir). Mustafa bəyin (bu işi bəylik xarakterli ziyalılar edər) "Köhnə Bakı"nın nəşri, xüsusilə, görkəmli satirik ruhlu rəssam Əzim Əzimzadənin əsərin əlyazmasına çəkdiyi şəkilləri muzeydən tapması, redaktəsi və s.  bir tarixdir, yalnız alqışlamalıyıq. Lakin naşirin yaddaşa düşməyən, bir təsadüflə əlyazmanı  "qlavlitin" iyrənc qayğısından xilas edən Səməd Vurğun haqqında aktyorun oğlu Azər Sarabskinin həqiqəti xatırlamasını oxuculara çatdırmaqla da xeyirxah bir işə imza atmışdır, Səməd Vurğunun mərd, paxıllıqdan uzaq xeyirxahlığı!

Memuarın zənginliyinə, həm onun müəllifinin, həm də yaradıcılıq mühitinə verilən qiymətin dəyərinə biganə qalmaq ədalətsizlik olardı. Belə janrlı əsərlərdə yalnız faktların (illərin, adların, sənədlərin və s.) sadalanması, təsviri oxucuda elə bir maraq doğurmur, bir qəzet məqaləsi kimi oxunur və bazarlara - satanlara ötürülür. Belə əsərlər o halda memuarlaşır - müəllifin dil-üslub əlvanlığı, obrazlı təfəkkürü, zəngin müşahidəçiliyi birləşir. Mustafa bəy publisistikası ilə nasirliyini elə səmimi, aydın, müqayisəli ricətlərlə təqdim edir - intizarla xatirənin sonunu gözləyirsən, başqa necə ola bilər? Söhbət fərdi yaradıcılıq üslublu Mustafa Çəmənlidən gedir. Redaktənin özünün də üslubi yanaşması mövcuddur, ilk sözə hansı ovqatdan və hansı intellektdən toxunursan, elə toxunasan ki, sözdəki hərflərin xətrinə dəyməyəsən - müəllifinə "şikayət" getməsin. Bəlkə də hissiyyata qapılmağımdan idi - Mustafa Çəmənlinin tanıdığı hər bir ədəbi simaya nə yaşından, nə də titulundan asılı olmayaraq istedadına söykənməsi obyektivliyidir, hərçənd, ötəri toxunmuşdum. Bunlardan ikisini xatırlamaq yerinə düşərdi ki, onlarla mən yaxın ünsiyyətdə olmuşam, yaradıcılıqlarını izləmişəm. Müəllifin yanaşması kontekstindən onu deyərdim: Mərhum Çingiz Ələkbərzadə və Əlisa Nicatdır. Çingizlə keçmiş Əli Bayramlının "İşıq" qəzetində işlərkən (1960-cı illərin sonlarından) tanış olmuşdum və "Ulduz"da məşhur "Bəri bax" hekayəsi (böyük sərkərdəmiz Həzi Aslanova həsr olunmuşdu) səs-küylə qarşılanmışdı. Mən şəhərə qonşu olan Kərimbəyli kənd orta məktəbində müəllimdim. Çingiz şöbə müdiriydi, "İlk və son mahnı" hekayəmi oxudu, bəzi məsləhətlər verdi və qəzetdə çıxdı (1968), sonralar Bakıda münasibətlərimiz genişləndi. O illərdə Ç.Ələkbərzadənin "Çılpaqlı" romanı da yaxşı əhvalla oxunurdu.

Əlisa Nicatla (Hüseynov) hələ Lənkəranda orta məktəbdə oxuyarkən qiyabi tanış idim, şeirlər yazırdı, yerli "Leninçi" qəzetində çap olunurdu. O vaxt Lənkəranda yetərli ədəbi mühit vardı, xatırlayıram: Əliş Nəbiyev (qəzetin redaktoru idi), Şəkər Aslan, İltifat Saleh, Əlisa Hüseynov, Məmməd Kazım, Mirhaşım Talışlı, Mirhafiz Bahadır, Vaqif Hüseynov və b.

Əlisa sonralar nəsrə keçdi, gözəl tarixi romanlar qələmə aldı, "Qızılbaşlar", "Gəncəli müdrik", "Tarixin sübh çağı" və sair misilsiz romanları nəşr edildi və mən Əlisa Nicatın ilk şeirlər kitabına resenziya yazıb "İşıq" qəzetində çap etdirdim. Bu kitabı avtoqrafı ilə mənə bağışlamışdı, qorumamışam. Amma Mustafa bəyin həssaslığı, saxlanclığı, təqdirəlayiq xarakteri. Memuarda  oxuyuram və nümunə gətirirəm bir örnək kimi. Ünvanlarımıza yazılanların və ünvanlara göndərdiklərimizin qədrini sonralar bilirik, onda da gec olur. Ə.Nicat haqqında xoş sözlər deyən Mustafa Çəmənli və haqqında Əlisa Nicatın qısa, amma proqnozlu diqqətliliyi, "Zövqünə dərindən hörmət etdiyim, ilk romanlarını hədsiz intizarla gözlədiyim və bütün yazılarıma redaktor olmasını arzuladığım yazıçı dostum Mustafa Çəmənliyə hörmətlə. Əlisa Nicat. 14.02.1990".

M.Çəmənli də müdrik yazıçı proqnozunu doğrultdu. Beləcə ürək genişliyi və yaddaş etibarlılığı ilə yazılmış bir memuarın "Xatirələri" və "Nəşriyyatda keçən ömrüm" bölümlərini bir də oxudum. Bəlkə də bu o hisslər idi, bir vaxt mən də eyni bir komitənin "Maarif" nəşriyyatında çalışmış, bu çətin və məsuliyyətli dünyanın sevincini və əzabını yaşamışam, müxtəlif emosiyalı və intellektual əməkdaşları, habelə müəlliflərilə illəri yola salmışam. İndi onlardan dünyasını dəyişənlər az deyil, Allahdan onlara rəhmət diləyirəm. Onlar bu real dünyaya nə qoyub getdilər, hansı xatirələri əmanət verib ayrıldılar? Əlbəttə, yaxşı nəsnələr, dəyərli kitablar yadigar qaldı. Bu simaları xatırlayan olacaqmı? Bax, bu suala cavab axtarmaq necə də yerinə düşərdi. Çağdaş oxuculara  elə görünməsin ki, naşir ömrü səhərlər işə gəlib, günün son saatlarında getməkdir, xeyr. Bizləri o dövrün rejimi zəhərli böcəklər kimi sancmış, şıltaq müəlliflər əsəblərimizlə oynamış, amma təmkinimizi, hövsələmizi oğurlaya bilməmişlər. Bunun bir səbəbi də görkəmli dövlət xadimi Y.Çörçilin sözlərilə üst-üstə düşən, xarakter möhkəmliyidir: "Mən öyrənməyi çox sevirəm, ancaq başqasının mənə nəsə öyrətməsinə dözə bilmirəm".

Bəli, olmuşları bir daha xatırlayan yazıçı və naşir Mustafa Çəmənli belə bir xeyirxahlığın ilk cığırını açdı, yəqin ki, yüngülləşdi, bir ömrü fəna vermədiyi üçün yazdı: "Duman Çəmənliyə çökən sayaq redaktor, korrektor, çapçı ömrü də kitabların səhifələrinə eləcə hopur. Redaktor, naşir ömrü də gecələr şamın başına dolanan pərvanəyə bənzəyir. Mənim də nəşriyyatlarda keçən ömrüm eləcə!"

 

30.06.2018.

 

Allahverdi EMİNOV

 

525-ci qəzet.- 2018.- 1 avqust.- S.6.