Azərbaycan tibb elminin fəxri

   

Azərbaycan xalqı həmişə ona şöhrət gətirən öz görkəmli elm xadimləri, bacarıqlı alimləri ilə öyünüb, fəxr edib.

Belə elm xadimləri sırasında ulu öndər Heydər Əliyevin "... Onun bizim üçün və gələcək nəsillər üçün qoyduğu irs milli sərvətimiz, milli iftixarımızdır" - deyə haqqında danışdığı akademik Mustafa bəy Topçubaşovun xüsusi yeri vardır.

Mustafa bəy Ağabəy oğlu Topçubaşov 1895-ci il avqustun 5-də qədim Azərbaycan torpağı olan, sonralar isə erməni daşnakları tərəfindən mənimsənilən və onlar üçün paytaxt elan edilən İrəvanda dünyaya göz açıb. Hələ məktəb illərindən elmi biliklərə yiyələnməyə meyilli olan Mustafa bəy Azərbaycanın maarifpərvər oğulları tərəfindən yaradılan İrəvan gimnaziyasını bitirdikdən sonra Kiyev Darülfünunun tibb fakültəsinə daxil olub.

Gələcək alimin tələbəlik illəri tarixin ən çətin dövrlərindən birinə - I Dünya müharibəsinin getdiyi, Rusiyada çar üsul-idarəsinin devrildiyi və Oktyabr İnqilabının baş verdiyi illərə təsadüf edib. Vətəndən uzaqlarda təhsil alan gənc möhkəm iradə və dözüm nümayiş etdirərək, tibbi biliklərə tam yiyələndikdən sonra - 1919-cu ildə Vətəni Azərbaycana qayıdıb.

Mustafa bəy elə həmin ildə Bakı Dövlət Universitetinin tibb fakültəsində işə dəvət olunub. O dövrdə Azərbaycanda kəskin surətdə milli tibb kadrlarının qıtlığı hökm sürürdü. Mustafa bəy BDU-nun tibb fakültəsində fəaliyyətə cəlb edilən ali tibb təhsilinə malik ilk milli kadr olub.

M.Topçubaşov BDU-nun tibb fakültəsində həm tibb elminin, həm tibbi fənlərin  tədrisinin, həm də həkimlik sənətinin incəlikləri ilə məşğul olmaq iqtidarını özündə təcəssüm etdirə bilən ilk milli kadrlardan biri olmuşdur. Ümumiyyətlə, Azərbaycan səhiyyəsində, cərrahiyyə elmində və onun tədrisində bir sıra "ilk"lər məhz Mustafa bəy Topçubaşova məxsusdur.

M.A.Topçubaşov 1926-cı ildə bir qrup gənc həkimlə birlikdə Almaniyaya elmi ezamiyyətə göndərilən və oradan qayıtdıqdan sonra  doktorluq dissertasiyası  müdafiə edən ilk milli  kadrlardan biri kimi də tarixin yaddaşında qalıb. Gənc alim 1930-cu ildə doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsinə və professor  elmi adına layiq görülüb. Elə həmin ildə o, Azərbaycan Dövlət Tibb  İnstitutunun  (1930-cu il may ayının 9-da artıq BDU-nun tərkibindəki tibb fakültəsi fəaliyyətini dayandırmış və Azərbaycan Dövlət Tibb İnstitutu təşkil edilmişdi) fakültə cərrahlığı kafedrasının müdiri vəzifəsində işləməyə başlamışdı. Bacarıqlı alim 1981-ci ilə qədər həmin kafedranın müdiri vəzifəsini şərəflə yerinə yetirib, bu yolda həm elmi, həm təlim-tərbiyə, həm də ictimai həyatda misilsiz xidmətlər göstərib, adını ölkəmizin səhiyyə tarixinə qızıl hərflərlə  yazdıra bilmişdir.

Müasirimiz olan əfsanəvi cərrah, akademik Mustafa bəy Topçubaşov daim yeniliklərə can atır, bir-birinin ardınca bu sahədə möhtəşəm ixtiralar, yeniliklər edir, dünya tibb elmini yeni nailiyyətlərlə zənginləşdirirdi. O, 1938-ci ildə "Analgezin" adlı efir-yağ ağrıkəsicisini və ondan istifadə üsulunu kəşf etdi. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığının Elmi-Tibbi Şurasının Farmakologiya Komitəsinin  iclasında M.Topçubaşovun  kəşf  etdiyi  sürəkli analgeziyada istifadə olunan  efir-yağ qarışığının "Analgezin" adı altında buraxılmasına icazə verilmişdir. Təklif olunan efir-yağ qarışığı (ağrıkəsici) inyeksiyalarından təkcə cərrahi əməliyyatlarda deyil, həm də öddaşı sancıları, travmatik şok, tetanus, doğuş zamanında  ağrısızlaşdırma vasitəsi kimi istifadə olunurdu. 1964-cü ildə SSRİ miqyasında bu üsulun tətbiqində qazanılan uğurlu nəticələrə görə akademik M.Topçubaşov keçmiş SSRİ dövründə elm adamlarına verilən ən yüksək mükafatlardan olan A.Vişnevski  adına Mükafata layiq  görülərək, xatirə medalı ilə təltif edilmişdir. Sonralar bu kəşf  Nobel mükafatına da təqdim olunmuşdu...

Mustafa bəy Topçubaşov SSRİ-də ilk dəfə olaraq evakohospitalların ixtisaslaşdırılması və növbələşdirilməsinin təşəbbüskarı kimi çıxış etmiş və müharibə illərində (1941-1945) hərbi-səhra cərrahiyyəsi işinin təşkilində bu üsuldan geniş istifadə edilmişdir. Evakohospitallarda apardığı çoxsaylı əməliyyat və müşahidələr M.Topçubaşova öz konstruksiyası əsasında portativ stereoskopik  aparat  yaratmağa imkan vermişdir. O, bir-birinin ardınca mürəkkəb cərrahi əməliyyatlar apararaq, yüzlərlə, minlərlə  döyüşçünü həyata qaytarmışdır. Müharibə illərində periferik sinir zədələnmələrinin cərrahi müalicəsində onun təklif etdiyi bir sıra yeni preparatların tətbiqinə geniş yer verilmişdir. Bütün bunlar onu nəinki respublikamızda və keçmiş SSRİ-də, eləcə də dünya tibb elmi sahəsində məşhurlaşdırmış, virtuoz cərrah kimi tanıtmışdır. 1940-cı ildə M.Topçubaşova Əməkdar elm xadimi fəxri adı verilmiş, 1943-cü ildə isə o, Dövlət (Stalin) mükafatı  laureatı olmuşdur.

Azərbaycan  SSR  Elmlər Akademiyasının ilk 15 həqiqi üzvündən biri olan Mustafa bəy Topçubaşov, eyni zamanda, 1945-ci ildə  Azərbaycan  Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyasının) yaradıcılarından, təsisçilərindən idi.

Akademik M.Topçubaşov  1945-50-ci  illərdə  respublikanın baş cərrahı və Azərbaycan SSR Səhiyyə  Nazirliyi Tibb Xidməti İdarəsinin sədri vəzifəsini yerinə yetirmiş, 1947-49-cu illərdə Eksperimental Təbabət İnstitutuna rəhbərlik etmişdir. O, 1949-cu  ildə SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, 1960-cı ildə isə həqiqi üzvü seçilmişdir.

Mustafa bəy 1951-ci ildən ömrünün sonunadək Azərbaycan Elmlər Akademiyasının  vitse-prezidenti olmuş və 1952-ci  ildə Bolqarıstan Elmlər Akademiyasının  müxbir üzvü, 1954-cü ildə XI Lissabon Konqresində Ümumdünya Cərrahlar Assosiasiyasının üzvü seçilmişdir. O, Ümumittifaq Cərrahlar Cəmiyyətinin üzvü, Vişnevski adına Cərrahlar Cəmiyyətinin fəxri üzvü, Respublikada Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyətin sədri, Azərbaycan Cərrahlar və Uroloqlar Cəmiyyətinin fəxri sədri, SSRİ Böyük Tibb Ensiklopediyasının redaktorlarından  biri, "Abdominal cərrahiyyə" jurnalının redaktoru, respublika və İttifaq miqyaslı elmi-tibb jurnallarının redaksiya heyətlərinin üzvü olmuşdur.

1956-cı ilin sentyabrında M. Topçubaşov Berlində Cərrahların Beynəlxalq Konqresində sovet tibb elmini təmsil edən görkəmli alim, novator-cərrah  kimi çıxış etmişdir. Onun "Öddaşı xəstəliyinin efir-yağ keyitməsi ilə müalicəsi" mövzusundakı məruzəsi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Məruzə əsasında tərtib edilən elmi  məqalə həmin ildə Leypsiqdə çıxan beynəlxalq tibb jurnalında dərc olunmuşdur.

Mustafa bəyin tələbələri respublikada və onun hüdudlarından kənarda bacarıqlı cərrah kimi fəaliyyət göstərir, müəllimlərinin adına layiq çalışırlar. Onun rəhbərlik etdiyi klinikada müasir cərrahiyyənin problemləri, öd yollarının, xərçəng xəstəliyinin cərrahiyyəsi, travma məsələləri, bərpa cərrahiyyəsi və s. problemlər üzərində daim axtarışlar aparılıb.

Ömrünün 62 illik əmək fəaliyyəti dövründə akademik M.Topçubaşov 100 mindən artıq uğurlu cərrahiyyə əməliyyatı aparmışdır. Onun gərgin elmi və praktik fəaliyyəti ilə yanaşı, tibb kadrlarının hazırlanması işində böyük xidmətləri vardır. O, 300-dən artıq elmi işin və elmi-kütləvi məqalənin, 8 monoqrafiyanın, "Xüsusi cərrahlıq" adlı beşcildlik dərsliyin və dərs vəsaitlərinin müəllifi olub. Onun rəhbərliyi altında 12 elmlər doktoru və 30 elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.

Bakıda inşa edilən Akademiya şəhərciyi, həmçinin, hazırda akademik M. Topçubaşovun adını daşıyan Elmi-Cərrahiyyə Mərkəzi, AMEA-nın nəşriyyatı və mətbəəsi bilavasitə Mustafa bəyin təşəbbüsü və rəhbərliyi ilə yaradılmışdır.

Akademik M.Topçubaşov görkəmli ictimai xadim və bacarıqlı təşkilatçı kimi respublikada çox əhəmiyyətli işlər görmüşdür. O, uzun müddət respublika Ali Sovetinin sədri vəzifəsində çalışmış, SSRİ  Ali Sovetinin deputatı olmuş, Azərbaycan  KP  MK bürosu üzvlüvünə namizəd seçilmişdir.

Akademik  M. Topçubaşov 1950-ci ildən ömrünün sonunadək Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədri, Sovet Sülhü Müdafiə Komitəsinin, Asiya və Afrika Ölkələri  ilə Həmrəylik Komitəsinin üzvü olmuşdur. Bu sahədə gördüyü ardıcıl və səmərəli fəaliyyətinə görə o, 1959-cu ildə Ümumdünya Sülh Şurasının gümüş medalı və Sovet Sülhü Müdafiə Komitəsinin fəxri fərmanları il təltif edilmişdir.

1975-ci ildə anadan olmasının 80 illik yubileyi ərəfəsində SSRİ-nin ali mükafatına - Sosialist  Əməyi Qəhrəmanı fəxri adına layiq görülən akademik  M. Topçubaşov çoxillik  məhsuldar fəaliyyətinə, xalqın rifahı naminə göstərdiyi əvəzsiz  xidmətlərinə  görə  4 dəfə Lenin ordeni, Bolqarıstan Xalq Respublikasının III dərəcəli "Kirill" və "Mefodi" ordenləri, eləcə də Qırmızı Əmək Bayrağı, "Şərəf Nişanı", "Qızıl Ulduz", "Oktyabr İnqilabı" ordenləri, "Qafqazın müdafiəsinə  görə", "Almaniya üzərində qələbəyə görə", "Fədakar  əməyə  görə" medalları ilə, "SSRİ-nin sanitar müdafiəsi əlaçısı" döş nişanı və çoxsaylı digər mükafatlarla təltif edilmişdir.

1995-ci ilin dekabr ayında Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, Azərbaycan Elmlər Akademiyasının və SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Bolqarıstan Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, Sosialist Əməyi Qəhrəmanı Mustafa bəy Ağabəy oğlu Topçubaşovun anadan olmasının 100 illiyi münasibətilə onun Azərbaycan Tibb Universitetinin fakültə cərrahlığı kafedrasında çalışdığı iş otağında Xatirə muzeyinin təntənəli açılışı olmuşdur. Görkəmli alimin adını daşıyan indiki III cərrahi xəstəliklər kafedrasında keçirilən rəsmi açılışda Azərbaycan Respublikasının səhiyyə naziri, N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin rektoru və başqaları çıxış  etmiş, görkəmli alim və ictimai xadim M.Topçubaşovun həyat və fəaliyyətindən, insani keyfiyyətlərindən danışmışlar. Alimin qızı dosent Zemfira xanım Topçubaşova ailəsi adından muzeyin təşkilatçılarına öz minnətdarlığını bildirmişdir. Muzey hazırda da öz fəaliyyətini davam etdirir və həmin muzeyə akademik M.Topçubaşovun tələbələrindən olan dosent Ş.Əliyev rəhbərlik edir.

Görkəmli alim, ictimai-siyasi və dövlət xadimi, akademik Mustafa bəy Topçubaşovun həm indiki, həm də gələcək nəsillərə örnək olan zəngin irsi daim yaşayır və yaşayacaqdır.

 

Fariz CAMALOV

professor, ATU-nun III cərrahi

xəstəliklər kafedrasının müdiri,

Şəfa ƏLİYEV

Əməkdar müəllim, III cərrahi xəstəliklər

kafedrasının dosenti, akademik

M.A.Topçubaşovun Xatirə muzeyinin rəhbəri

 

525-ci qəzet.- 2018.- 3 avqust.- S.8.