Maestro Niyazinin xatirəsi yad olundu

 

Avqustun 2-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin mənzil muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət Mükafatları laureatı, C.Nehru adına Beynəlxalq Mükafat laureatı Maestro Niyazinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Niyazinin Fəxri xiyabandakı məzarı və yeni inşa olunmuş abidəsi ziyarət edilib, önünə əklillər qoyulub.

Tədbirdə Niyazinin mənzil muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov Niyazinin dünya musiqi tarixində tutduğu yerverdiyi töhfələr haqqında məlumat verib.

Muzeyin elmi işçisi Əzirə Abdullayevanın Niyazi yaradıcılığında kino musiqisi adlı məruzəsi dinlənilib.

Sonra bəstəkar, Əməkdar incəsənət xadimi Məmmədağa Umudov Niyazi ilə bağlı xatirələrini bölüşüb.

Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış Niyazinin həyat və yaradıcılığını əks etdirən videoçarx və kinofilmlərdən fraqmentlərlə müşayiət olunub.

Tədbirin bədii hissəsində vokalçı, musiqişünas Sevinc İbrahimova və Beynəlxalq müsabiqələr laureatı Nəriman Əmiraslanov Niyazinin Arzu, Vətən nəğməsi, Q.Qarayevin Mən sizi sevmişdim, Ə.Abbasovun Qurban olduğum, Ədilə Hüseynzadənin Məhəbbətlə doğulmuşam və digər görkəmli Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı ilə çıxış edib.

Eyni zamanda, muzeydə Açıq qapı günü də təşkil olunub.

 

ŞAHANƏ

 

525-ci qəzet.- 2018.- 4 avqust.- S.19.