Nöqtəm də ruhumdan xəbərsiz deyil...

 

Qəşəm NƏCƏFZADƏ

 

Uzun illərdi, şair Nəcməddin Mürvətovu tanıyıram. Tez-tez Azərbaycan Yazıçılar Birliyinə gəlir, kitab təqdimatlarında özünəməxsus sözünü deyir, sonra isə tələsik çıxıb harasa gedər.

Adətən, tədbirlərdən sonra iştirakçılar bəlkə tədbirin çəkdiyi vaxt qədər foyədə, koridorlarda, pilləkənlərdə, ən çox Yazıçılar Birliyinin qarşısında, bir az da ondan o tərəfə "Sahil" bağında iki-bir, üç-bir söhbət edər, hal-əhval tutar, şəkil çəkdirərlər. Belə kadrlarda adətən Nəcməddin müəlim görünməz. Sonradan bildim ki, o uzaq bir rayonda - Siyəzəndə orta məktəb direktorudur, uzaq yolu qət etmək üçün bizlərdən tez ayrılırmış...

 

Hara getsələr, müəllimlər öz doğma ocaqlarına, sinif otaqlarına tez qayıdırlar. Şagirdlərin hərəkət davranışlarını, oyunlarını, lövhə divarları, koridorları, müəllim yoldaşlarının əhval ruhiyyəsini oxumaq müəllim, xüsusən məktəb direktoru üçün əsas şərtdir. Nəcməddin müəllim belədir.

 

Azərbaycan Yazıçılar Birliyində, növbəti görüşlərin birində Nəcməddin müəllim mənə "Səmimiyyət istəyirəm" kitabını verdi. Mən həmin kitabı yol çantama qoydum. Bu kitab bir neçə aydır Mərdəkanın "Günəşli" sanotoriyasında, öz doğma rayonum İmişlidə, Gəncədə indi Daşkəsən rayonunun Xoşbulaq yaylağında mənimlə səfərdədir. Tez-tez vəqələyirəm, oxuyuram, qeydlərimi edirəm.

 

Nəcməddin Mürvətov Siyəzən rayonunun yuxarı Ələz kəndində anadan olub. Respublikanın Əməkdar müəllimidir. Şairin indiyə kimi "İlk sözüm", "Etiraf", "Varım, dövlətim", "Dünyamıza sözüm var", "Həqiqəti axtarıram", "Yaxşılar azalmasın", "İnam zəfərə aparır", "Ömür adlı payım varmış", "Ürəklərin sifarişi sözümdə", "Bircə söz de, şeir yazım", " verdim ki, dünyaya", "Səsim, ünüm, harayım", Dünyamızın zərrəsiyəm", "Şairdə sirr olmur" "Səmimiyyət istəyirəm" şeir kitabları çap olunub. Kitabların adından göründüyü kimi, dünya, həyat fəlsəfəsi şairin yaradıcılığının əsasını təşkil edir. Bütün bunlar Nəcməddin müəllimin fiziki tərcümeyi-halıdır. Əsas tərcümeyi - hal isə onun şeirlərinin ideyası, məqsədi məzmunudur. Şairin şeir dünyası insanlara məhəbbət üzərində qurulub. Hamını xoşbəxt görmək istəyən şair insan sarsıntılarına dözmür, onların ağrı-acılarını özününki hesab edir. Onların kədəri ilə qəmlənir, sevinci ilə şənlənir.

 

Nəcməddin müəllimin şeirlərinin qafiyə sistemi maraqlıdır, daha doğrusu, çətindir. Şair bu çətinliyin öhdəsindən ustalıqla gəlir. Adətən müasir şeirimizdə bəndin birinci misrası ilə üçüncü misra çox vaxt sərbəst olur. Amma Nəcməddin müəllimdə belə deyil, onun bütün misraları qafiyələnir, əsasən kök qafiyə ilə.

 

Şairin şeir dünyası çox çeşidlidir, şeirlərin əsas cəhəti səmimiyyət Azərbaycan dilinin incəliklərindən obrazlı şəkildə qaynaqlanmasıdır. Səmimiyyəti şair oxucu arasında körpü adlandırırlar. Bu mənada şairi oxuculara sevdirən onun şeirlərinin səmimiliyi, şirinliyi hər kəsin özünü həmin şeirlərdə tapmasıdır. Yeri gəlmişkən, şair öz şeirləri haqqında belə deyir:

 

Mənim şeirlərim məktublarımdır,

Dünyaya, cahana, bəşəriyyətə.

(Mənim şeirlərim)

 

Doğurdan da, yaxşı şeir məktubdur, bu məktublar dünyanın hər yerinə gedir, insanların həmdərdi olur, onları sevib-sevimləyə səsləyir, dar ayaqda qəlbinə məlhəmə çevrilir. Bu şeirin içindəki bir misra birdən-birə mənə yol işarəsi kimi göründü şeirin həqiqəti mənə tam aydın oldu.

Nöqtəm ruhumdan xəbərsiz deyil...

 

Demək, şeir ruhun bir parçasıdır, qarşımda səhra kimi açılan bir misra Nəcməddin müəllimin şeir dünyasının bir açarı kimi görünür. Şair deyir ki, nəinki şeir, hətta şeirimin bir nöqtəsi belə ruhumdan halıdır. Nöqtə nədir? Yer kürəsi. Hər şeyin başlanğıcı. Son həqiqət. Dünya bir nöqtədən yaranıb bir nöqtədən dağılacaq. Şairin nöqtə məsələsi çox gizli məqamları özündə ehtiva edir.

 

Aşağıdakı şeirin ifadə tərzi, səslənişi, sait səslərinin düzülüşü qədər axıcı gözəldir. Şair yenə ehtiyatlıdır. "Xətrinə dəyməsin qoy bunu deyim" deməsi göstərir ki, o, sevgisindən sevgilisindən uzun müddətdir nigaran həm narahatdır. Birdən sevgili inciyə bilər. Amma həm könüldəki nigarançılığı məşuqəyə çatdırmalıdır. Ehtiyat sevgi ilə birləşəndə hər şey uğurlu alınır

 

Sözlər həmin sözlər deyim, qoy deyim,

Sehirli nəvaziş itib səsində.

Xətrinə dəyməsin, qoy bunu deyim,

Deyilsən o sevgi, şövq həvəsində.

Dilindən çıxanı ürəyin demir,

Sönüb baxışında sirli nur, işıq.

Sorub aramasam, səndən səs-səmir

Çıxmır, sarır köksü bir hiss qarışıq.

(Dəyişmisən)

 

Nəcməddin müəllimin şeirlərinin səmimiyyyəti romantika ilə özünü buruzə vermir. Bu şeirlərin ayağı yerdən üzülmür, təkcə ulduz, Ay buludlarla əlləşmir. Təkcə sevgilinin hüsn-camalına aşiq olub ağlını itirmir. Bu hisslərin alt qatında dərin bir ağıl var. Xalqın hikməti, folkloru, olub-keçənlərin təcrübəsi var. Aşağıdakı bəndə diqqət yetirək.

 

Çıxdığın qapını çırpıb getmə yox,

Olar ki, döyməyə dönəsən geri.

Hirsinlə, hikkənlə həddi aşma çox,

Dilindən sözünlə qoy bir üz yeri.

(Səbr, səbr)

 

Məhz iki dəfə təkrarlanan "səbr" sözü onu deməyə imkan verir ki, şairin lirik düyğuları ağıldan kənarda yaşamır. Çünki bu lirik duyğular min illər yaşı olan Azərbaycan lirikasının təcrübəsinə söykənir, ondan başlanğıc götürür. Şair haqlı olaraq deyir ki, olursa olsun həmişə "dilindən üz yeri" qoy, çünki vaxtsa bir gün çırpdığın qapını dönüb açacaqsan.

 

Aşağıdakı şeirin quruluşu diqqətimi cəlb etdi. Əsasən bu şeir qəzəl abı-havasını xatırlatsa da, aşiqin əğyara münasibət məsələsi orijinal olduğu üçün çox maraqlıdır.

 

Sevdiyinin kimliyini de mənə,

Baxım onun ürəyi var, ya ki, yox?

Say-hesabsız söz qoşmusan şəninə,

Görmür gülür, ona əğyar ya ki, yox?

Yandırmısan, mum olmayıb, ay aman,

Ovulmayıb, qum olmayıb, ay aman.

Bağrı şan-şan, şum olmayıb, ay aman,

O ağıldan kəmdir, bimar ya ki, yox?

(Ya ki, yox?)

 

Hər iki aşiq bir-birinə müxalifətdədir, yəni bir-birinə əğyardır. Əğyarın mövcudluğu sevginin şöhrəti təsdiqidir. Əğyar olmasa, böyük sevgi yarana bilməz. Ancaq müasir qəzəliyyatda bəzi şairlər əğyara düşmən münasibəti bəsləyirlər. Sanki aşiq əğyarı bir anda parçalamağa hazırdır. Bəs onda gör Məcnun edir? Zeyd gəlib Məcnuna xəbər verəndə ki, İbn Səlam ölüb, gəl Leylini özünə arvad elə. Onda Məcnun deyir ki, ey Zeyd, səndə ar-namus yoxdurmu? Sən bilmirsənmi ki, Leylini sevənlərin biri azalıb. Əsl aşiq odur ki, canını canana verib vəslə yetibdir. Amma mən neçə illərdir bir can nədir ki, onu Leyliyə fəda edib onun (Allahın) vəslinə yetə bilmirəm. Budur Əğyara orijinal, ilahi münasibət!

 

Nəcməddin müəllimin yuxarıdakı şeirində əğyara həlim, bir az yumşaq, bir az da onun halını xəbər almaq, halına yanmaq, ağıldan kəm (dəli) ya bimar olduğunu bilmək hissi var. Bu, gözəldir.

 

Nəcməddin müəllimin "Səmimiyyət istəyirəm" kitabında "Qəzəllər" "Düşüncələr" başlığı altında yeni ədəbi nümunələri geniş yer tutur. Burada da müəllif öz ədəbi məninə aşiqi- sadiqdir. Qəzəl "düşüncə"lərinin əksəriyyəti satirik ruhludur. Bu da müasir ədəbiyyatımız üçün çox maraqlıdır.

 

İnanıram ki, tanınmış şair Nəcməddin Mürvətovun "Səmimiyyət istəyirəm" kitabı qədirbilən oxucularımız tərəfindən maraqla qarşılanacaq.

 

 

525-ci qəzet 2018.- 8 avqust.- S.8.