“Ateizm və onun tarixi də ciddi öyrənilməlidir”

 

İLAHİYYAT İNSTİTUTUNUN REKTORU CEYHUN MƏMMƏDOV: "QARŞIMIZA QOYDUĞUMUZ MƏQSƏDLƏRDƏN BİRİ BUDUR Kİ, AZƏRBAYCANDA TƏHSİL ALAN TƏLƏBƏLƏR KƏNAR TƏSİRLƏRƏ MƏRUZ QALMASINLAR"

 

İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov müsahibəsini ixtisarla oxuculara təqdim edirik.

 

- Ceyhun müəllim, İlahiyyat İnstitutu bu il Prezidentin sərəncamı ilə yaradıldı. Yeni dərs ilinə elə də çox vaxt qalmayıb. Hazırlıqlar necə gedir?

 

- 2018-2019-cu tədris ili üçün  instituta 60 nəfərin qəbulu nəzərdə tutulub. Onlardan 35 nəfəri islamşünaslıq, 25 nəfəri isə dinşünaslıq üzrə nəzərdə tutulub. Artıq Dövlət İmtahan Mərkəzinin xətti ilə tələbələrin müraciətinə başlanılıb. Tələbə olacaq şəxslərin bir qismi ilə müsahibə keçirilib. Eyni zamanda, tədris prosesinə də hazırlıq gedir. Tədris standartları və tədris planları hazırlanıb. Rəsmi fəaliyyətin göstərilməsi üçün lazım olan bütün addımlar atılır. Bunlarla yanaşı, müəllimlərin və digər mütəxəssislərin seçilməsi ilə bağlı da işlər gedir. Hansı ki, növbəti tədris ilində onlarla bir yerdə fəaliyyət göstərəcəyik. Hansı fənlərin tədris olunacağı ilə bağlı da qərar qəbul olunub. Dərsliklərin hazırlanması ilə bağlı işlər gedir, onların konkret qrafiki müəyyənləşdirilib.  İnstitutun tez bir zamanda formalaşması və bütün gücü ilə fəaliyyət göstərməsi üçün zəruri addımlar atılır.

 

- Rektoru olduğunuz təhsil ocağı yeni yaradılıb. Təbii ki, yeni yaradılan bir instituta qəbulun keçid balı 500 olsaydı, bu, bəlkə də etirazlara səbəb olardı. Ancaq keçid balının 200 olması da cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Niyə keçid balı 200 elan olundu?

 

- Təəssüf ki, bəzən bu məsələnin mahiyyətinə  varılmadan  cəmiyyətə yanlış məlumatlar təqdim edilir və fikir çaşqınlığı yaradılır. Məsələ bundan ibarətdir ki, institut yeni yaranıb. Eyni zamanda, bu sahə strateji sahələrdən biridir. Cənab Prezidentin  bu sahəyə böyük qayğısı və diqqəti var. İnstitutun tanınması, formalaşması, cəmiyyətdə öz yerini tutması üçün müəyyən bir müddət lazımdır. Həm də tədris prosesi və digər işlərlə bağlı bəlli bir vaxt lazımdır. Hazırkı dövrdə bütün reallıqları nəzərə alaraq keçid balının 200 olaraq müəyyənləşdirilməsi normaldır. İlkin qəbul üçün bu, normaldır. Gələcəkdə  təbii ki, keçid balının qaldırılması ilə bağlı məsələlərə baxıla bilər. Burada əsas qarşıda duran məqsədlərdən biri institutun fəaliyyətə başlaması, tələbə qəbulunun həyata keçirilməsi, ilk qəbul etdiyimiz tələbələrlə işin qurulması və qarşıya qoyulan məqsədlərə çatılmasıdır.

 

- İlahiyyat İnstitutunda təhsil alacaq tələbələrin portreti ilə xarici ölkələrdə dini təhsil alanların portretini necə müqayisə edərdiniz? Hər halda müəyyən nəticələr əvvəldən hesablanıb deyə, bu sualı verdik.

 

- Bu günə kimi Azərbaycanda 3 minə yaxın tələbə xaricdə dini təhsil alıb. Azərbaycanda təhsil alan tələbələri biz necə görürük? Qarşımıza qoyduğumuz məqsədlərdən biri budur ki, Azərbaycanda təhsil alan tələbələr Azərbaycana sıx bağlı olsunlar, kənar təsirlərə məruz qalmasınlar. Onlar güclü şəxsiyyətə malik olmalı, dövlətlərini  sevməli və onun üçün çalışmalıdırlar.

 

Eyni zamanda, onlarda dini kimlik milli kimliyi üstələməməlidir. Həmçinin, bu tələbələrin şəxsi keyfiyyətləri, dil, dünyəvi bilikləri  yüksək olmalıdır. Bəzi müsəlman ölkələrində dini təhsil verilərkən yalnız dini biliklərə üstünlük verilir. Orada təhsil alanlar daha çox dini bilgilər əldə edirlər.  Xaricdə oxuyan tələbələr bəzən həmin ölkənin ideologiyasının Azərbaycanda təbliğatçısına çevrilirlər. Azərbaycanda oxuyan insanlara gəldikdə isə, düşünürük ki, onlar yüksək dini və dünyəvi biliklərə malik olmalıdır.

 

- Zatən Qumda, Mədinədə təhsil alanların da dini bilikləri yüksək olur. Bəs siz din bilgisinin yüksək səviyyədə olmasını deyərkən nəyi nəzərdə tutursunuz?

 

- Biz öz təhsil sistemimizi elə qurmalıyıq ki, Azərbaycanda oxuyan insanların  dini bilikləri xaricdə oxuyanlardan zəif olmasın. Yəni sabah onlar hər hansı bir yerdə işlədikdə, müəyyən dini məsələlərə münasibət bildirməyi bacarsınlar. Onların dünyəvi bilikləri və natiqlik qabiliyyəti   yüksək olmalıdır ki, fikir mübadiləsi apararkən düşüncələrini yaxşı formada çatdırsınlar.

 

Xaricə gedən tələbələrə sual verəndə ki, niyə başqa ölkədə təhsil almağı seçiblər, onlar bunu daha çox yeməklə, pulsuz təhsil və digər təminatlarla əsaslandırırlar.

 

Bizim institutda da ən böyük təminatlardan biri budur ki, burada təhsil  pulsuz olacaq. Tələbələr yeməklə, geyimlə və gələcəkdə yataqxana ilə təmin olunacaq. Bu da İlahiyyat İnstitutunun üstünlüklərindən sayılır.

 

- İlahiyyat İnstitutunda yeni hansı fənlərin tədrisi gözlənilir ki, bu zamana qədər keçilməyib?

 

- Bu günə kimi Quran, İslam hüququ,  hədis, kəlam və təfsir elmləri tədris olunub.

 

Yeni tədris standartına əsasən, Müqəddəs Kitabların müqayisəsi, Qərbdə islam tədqiqatları, elm və din, Azərbaycanda dini cərəyanlar, islam mədəniyyəti tarixi, multikulturalizmə giriş və Azərbaycan dili və nitq mədəniyyəti və multikulturalizmə bağlı fənlərin geniş tədrisi nəzərdə tutulur.

 

- Bakıda "Şəbnəm" qızlar mədrəsəsi var. Orada dünyəvi biliklər də öyrədilir. Sizin institutda da din sahəsi ilə paralel olaraq elm də tədris olunacaqmı?

 

- Təhsil Nazirliyinin müəyyənləşdirdiyi standartlar var. Qarşımıza qoyulan məqsədlərdən biri də budur ki, mütləq dünyəvi fənlər tədris olunmalıdır. Azərbaycan tarixi, multikulturalizmi, ədəbiyyatı, natiqlik mədəniyyəti, ədəbiyyatın öyrədilməsi qarşıda duran əsas məsələlərdən biridir.

 

Onu da qeyd edim ki, dinşünaslıq ixtisasında sırf Azərbaycanla bağlı  müəyyən fənlərin də tədrisini nəzərdə tutmuşuq. Həmin fənlərdən biri Azərbaycandakı mövcud dini cərəyanlarla bağlıdır. Yəni  əsasən Azərbaycanda  geniş yayılan dini cərəyanlar. Bununla bağlı fənnin tədrisi nəzərdə tutulub. Hansı ki, Azərbaycanda müxtəlif  strukturlarda çalışan insanlar bunları geniş şəkildə bilməlidirlər. Bu həm keçmiş, həm də müasir dövrlə bağlıdır.

 

- Azərbaycanın hansı özünəməxsus təriqəti var?

 

- Burada ancaq özünəməxsusluqdan söhbət getmir. İslama aid müəyyən cərəyanlar var ki, zaman-zaman Azərbaycanda daha geniş yayılıb. Bu qədim dövrlərdə və müasir dövrdə də belədir. Tarixən yaranmış müəyyən təriqətlər var ki, onların öyrənilməsi və bilinməsi xüsusi əhəmiyyət daşıyır.

 

- Fənnin adı nədir?

 

- Azərbaycanda mövcud dini cərəyanlarla bağlı fənn kimi nəzərdə tutulub. Bu istiqamətdə işlər gedir. Mən sizə bəzi fənlərin adların da deyə bilərəm.

 

Bizdə elm və din fənni keçiriləcək. Bu, çox maraqlı fəndir. Azərbaycanda dini cərəyanlar, müqəddəs kitabların müqayisəsi, sosiologiya, əxlaq fəlsəfəsi, müasir İslam mütəfəkkirləri  ilə bağlı fənlər var. Bundan başqa, İslam mədəniyyəti və incəsənəti ilə bağlı fənnin olması nəzərdə tutulub.

 

Bundan əlavə, çox vacib bir fənn var ki, onun adını çəkməliyəm. Bu, dini xitabət və peşə hazırlığıdır. Bu, din xadimlərinin məscidlərdə təşkil etdikləri xütbələr  icra etdikləri dini ayinlərlə bağlıdır.

 

Sosial elmlərin metodologiyası da tədris ediləcək. Biz bu fənləri tədris planına salarkən bir çox dünya ölkələrinin təcrübəsinə baxdıq. Oksford, Kembric universitetlərinin, bizə qonşu Türkiyənin təcrübəsinə baxdıq. Bütün bunları analiz etdikdən sonra, qeyd etdiyimiz fənləri tədrisə saldıq.

 

Fəlsəfənin özü də bizim tədrisdə ən çox üstünlük verdiyimiz fənlərdən biri olacaq.

 

- Sualımız bəlkə də qəribə səslənə bilər. Ateizmin tədrisi gələcəkdə plana salına bilərmi?

 

-  Hesab edirik ki, ateizm və onun tarixi də ciddi  öyrənilməlidir. Sovet dövründə Azərbaycanda ateizmin çox zəngin tarixi olub. Bu gün də ateizmlə bağlı həm Azərbaycan, həm də dünyada müxtəlif təbliğat gedir, fərqli fikirlər mövcuddur. Bu baxımdan da hesab edirik ki, tələbələr də ateizm barədə məlumatlı olmalıdırlar, onun tarixi haqda bilməlidirlər. Çünki sabah bu insanlar bir alim, din xadimi fəaliyyət göstərərkən onların qarşısına bu məsələlər çıxa bilər.  "Ateizm nədir, hansı mərhələləri keçib" - bunları bilməlidirlər.

 

- Dinin predmeti inanca söykənir, elmin predmeti isə fərqlidir. Konkret təcrübəyə gələn dəlillər üzərində araşdırmalar aparılır və müəyyən nəticələr hasil olunur. Bu mənada sizə elə gəlmirmi ki, ziddiyyət elə buradan qaynaqlanır?

 

- Hesab edirəm ki, elm və din bir-birini tamamlayır. Din mənəviyyat tərəfidir, elmdə isə siz dediyiniz məsələlər öz əksini tapır. Problem nədir? Zaman-zaman İslamın geridə qalması ilə bağlı fikirlər səsləndirilir. Bəziləri iddia irəli sürürlər ki, Qərb dindən uzaqlaşdığına görə, inkişaf etdi. İslamin ilkin dövrlərində müsəlmanlar elm sahəsində çox böyük nailiyyətlər əldə ediblər. Hətta yunan mədəniyyətinə aid əsərlər ərəb dilinə, sonra isə Avropa dillərinə tərcümə olunub.

 

İddialar isə yanlış şərhlər və yanlış təsəvvürlərdən irəli gələn məsələdir.  Dinə xürafat və mövhumat daxil olanda, əlbəttə ki, o, elmlə ziddiyyət təşkil edəcək. Çünki elm xürafatı və mövhumatı qəbul etmir. Din əslində, Tanrı ilə bəndə arasında ünsiyyət vasitəsidir. Elm isə daha çox təcrübəyə əsaslanaraq öz rolunu oynayır.

 

Dinlərin fəlsəfəsinə də baxdıqda görürük ki, dinlərin bəşəriyyətə gəlməsində məqsəd insanları saflaşdırmaq və kamilləşdirməkdir, birliyə çağırmaqdır. Dinin özü müasir dövrdə elmin araşdırdığı sahədir. Dünyanın bir çox universitetlərində ilahiyyat fakültələri var.

 

- Həqiqi din deyirlər. Gəlin həqiqi dinə müraciət edək. Məsələn, Quran ayəsində İbrahim peyğəmbərin quşları parça-parça edib, sonra onlara yenidən can verməsi yazılıb. Elm isə bunu sübut edə bilmir. Yaxşı buna necə izah verək?

 

- Dini həqiqi və qeyri-həqiqi dinə bölmək yanlışdır. Həqiqi din və qeyri-həqiqi din anlayışı yanlışdır. Quranda ilk nazil olan ayələrdə "oxu" deyilir. Orada "Dəmir" surəsi var. Başqa surələr var ki, elmi həqiqətlərlə bağlıdır. Müqəddəs kitabımızda arılarla  bağlı ayələr var. Quran 14 əsr bundan əvvəl nazil olanda orada Yerin kürə şəklində olması öz əksini tapıb. Lakin bir zamanlar insanlar bu həqiqətləri qəbul etmirdilər.

 

Bu gün isə həqiqətən də elə məqamlar var ki, insan ağlı onu dərk etməkdə çətinlik çəkir.

 

Quranda, hədislərdə müəyyən fikirlərə rast gəlirik ki, orada elmə çağırış var. Hədislərdə buyurulur ki, elm öyrənmək hər bir müsəlman kişiyə və qadına vacibdir.

 

- İlahiyyat İnstitutuna qəbul üçün 60 yer ayrılıb. Gender məsələsi necə, balanslaşdırıla bilər?

 

- Bizim son statistikaya baxsaq görərik ki, xeyli sayda xanım da qəbul üçün müraciət edib. Onlar ilahiyyatçı, dinşünas olmaq istəyirlər. Bizim təhlillər göstərir ki, xanımlar daha çox ilahiyyat sahəsinə meyillidirlər. Bu baxımdan heç bir problem yoxdur. Sizə bir şeyi də deyim ki, bir çox müsəlman ölkəsində kişilər və qadınlar ayrı-ayrı qruplarda təhsil alırlar. Azərbaycanda isə tam fərqli bir sistem və yanaşma mövcuddur. Biz də bu məsələləri nəzərə almışıq. Həm müəllimlərdə, həm də tələbələrdə gender bərabərliyi məsələsini qorumağa çalışırıq. Biz düşünürük ki, bu gün Azərbaycan cəmiyyətində eyni zamanda zəngin dini biliklərə malik olan dinşünas qadınlara da ehtiyac var.

 

- Müsahibə mərhələsindən nə qədər şəxs keçib?

 

- Üçüncü qrupa imtahandan sonra yenidən Psixoloji Komissiyanın ilk iclasları başladı. Biz islamşünaslığı seçən abituriyentlərlə müsahibələr apardıq. Onların bir hissəsi Psixoloji Komissiyadan keçdilər, seçildilər.  İlkin olaraq 15 nəfər onların arasından seçilib. Hazırda bu istiqamətdə iş gedir.

 

- Uzun müddət sizin məmur kimliyiniz də olub. Hansı məmurla əlaqələriniz var? Sözsüz ki, ilk növbədə də bəlkə də Dini Komitənin sədri Mübariz Qurbanlının adını qeyd edəcəksiniz.

 

- Uzun müddət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində çalışmışam. 2001-ci ildən komitənin yaranmasında, formalaşmasında fəal iştirak etmişəm. Komitəyə ilk illər bildiyiniz kimi, Rafiq Əliyev rəhbərlik edirdi. Sonrakı dövrlərdə də başqa rəhbərlər oldu. Bu rəhbərlərin hamısı ilə işləmişəm. Bu gün də rəhbər Mübariz müəllimdir. Mübariz müəllim  hər bir əməkdaşa xüsusi diqqətlə yanaşır.

 

Bu gün din sahəsində çalışan bir qurumlarla sıx əlaqəli şəkildə işləyir və əməkdaşlıq edirik.

 

- Prezident sizi rektor təyin etdi. Maraqlıdır, bundan sonra Mübariz Qurbanlı sizi yanına çağırıb nələr dedi?

 

- Əvvəla onu qeyd edim ki, təyinatdan sonra Mübariz müəllimlə  görüşdə o, öz tövsiyələrini, məsləhətlərini, institutun qarşısında hansı məqsədlərin durduğu barədə ətraflı məlumat verdi. Qarşıda böyük vəzifələrin durduğunu, tez bir zamanda institutun fəaliyyətə başlamasının zəruriliyin qeyd etdi.

 

- Ceyhun müəllim, rektor olaraq özünüz hansı fənni tədris edəcəksiniz?

 

- Mənim ixtisasım ərəb dili və ilahiyyat elmləridir.  Son illər isə mənim fəaliyyətimlə bağlı olduğuna görə, multikulturalizm fənnini tədris etməyi düşünürəm. Yəqin ki, Azərbaycan multikulturalizmi fənnini mən özüm tədris etmək barədə qərarımı verəcəyəm. Hesab edirəm ki, universitetdəki ab-havanı, tələbələrin dərsə münasibətini və bilik səviyyəsini bilmək baxımından  auditoriyaya girmək çox önəmlidir.

 

Modern.az

 

525-ci qəzet 2018.- 8 avqust .- S.5.