Xəzər sabitlik və əməkdaşlıq dənizinə çevrilir

 

"QƏBUL OLUNAN KONVENSİYA BÜTÜN XƏZƏRYANI DÖVLƏTLƏRİN MARAQLARINA CAVAB VERİR"

 

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin prezidentlərinin V zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair qəbul olunan konvensiya tarixi razılaşma olmaqla bərabər, böyük əhəmiyyətə malikdir.

 

Xəzərin konstitusiyası kimi qiymətləndirilən sənəd özündə zəngin təbii sərvətləri cəmləşdirən bu böyük və qapalı su hövzəsinin ətrafındakı dövlətlər arasında bütün ziddiyyətləri aradan qaldırır və geniş əməkdaşlıq əlaqələri üçün yeni imkanlar yaradır.

 

Xarici ekspertlər də hesab edirlər ki, Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması 5 sahil ölkəsi üçün dönüş nöqtəsidir. Bütün ölkələr, xüsusən, Azərbaycan konvensiyadan daha çox iqtisadi fayda əldə edəcək, Xəzərin karobohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlər çəkilməsi üzərində maneə aradan qaldırılacaq.

 

Təsadüfi deyil ki, Azərbaycan hüquqi statusla bağlı danışıqların getdiyi bütün dövr ərzində beynəlxalq hüquqa və qarşılıqlı etimada söykənən milli mənafelərini müdafiə edib və digər qonşu ölkələr də xoş məram nümayiş etdirərərək Azərbaycanın milli maraqlarını müdafiəsi qarşısında müəyyən güzəştlərə gediblər.

 

Prezident İlham Əliyevin konvensiyanın imzalanmasından sonra təşkil olunan birgə mətbuat konfrasında çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib. Ölkə başçısı bildirib ki, Xəzər təhlükəsizlik, sabitlik dənizidir, Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır: "İmzalanmış konvensiya Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır. Azərbaycan Xəzərdə ekoloji vəziyyətin yaxşılaşmasına fəal və böyük töhfə verir, görülən tədbirlər, xüsusən neft-qaz əməliyyatlarının həyata keçirildiyi zaman Xəzər dənizinin çirklənməsinin qarşısını almağa hədəflənib. Azərbaycan mümkün olan hər şeyi edir ki, Xəzər ekoloji inkişaf, ekoloji sabitlik zonasına çevrilsin".

 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan qitələri birləşdirəcək nəqliyyat infrastrukturuna fəal surətdə sərmayə yatırır və reallaşdırdığı layihələr Xəzəri mühüm nəqliyyat arteriyası kimi nəzərdən keçirməyə imkan verir: "Azərbaycanın Qazaxıstana və Türkmənistana öz tranzit xidmətlərini təqdim etdiyi Şərq-Qərb, Azərbaycandan keçməklə İran və Rusiya arasında tranzitin reallaşdırıldığı Şimal-Cənub dəhlizlərii iqtisadi əməkdaşlığı möhkəmləndirən, yeni iş yerləri yaradan, bizi bir-birimizə yaxınlaşdıran, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradan layihələrdir".

 

Məsələ ilə bağlı fikirlərini bildirən Azərbaycan-Qazaxıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri Adil Əliyev qeyd edib ki, Xəzərin statusuna dair razılaşma asanlıqla əldə olunmayıb: "Xəzər sahili ölkələr təxminən, 22 il danışıq aparıblar. Nəhayət, yekun nəticə qardaş Qazaxıstanda əldə olunub".

 

Deputatın sözlərinə görə, Xəzərin statusu ilə bağlı qəbul olunan konvensiya bütün Xəzəryanı dövlətlərin, o cümlədən, Azərbaycanın maraqlarına cavab verir: "Konvensiyaya görə, 5 dövlət Xəzər sahilindən 15 mil məsafəyə, həmçinin, 10 mil məsafədə balıq tutma hüququna malik olacaq. Qalan hissə isə birgə istifadədə olacaq. Ancaq konvensiyanın imzalanması dibin bölüşdürülməsi məsələsindən ayrı tutulur. Dibin bölüşdürülməsi ikitərəfli sazişlər əsasında müəyyənləşdirilir. Xəzərin statusunun müəyyənləşdirilməsi qədər dibin bölüşdürülməsi də Azərbaycan üçün vacibdir. Xəzərin dibinin bölüşdürülməsiylə bağlı Azərbaycanın Qazaxıstan və Rusiya ilə ikitərəfli sazişləri var. Konvensiya imzalanandan sonra Azərbaycan Türkmənistan və İranla da oxşar sazişlər imzalamalıdır".

 

Vaxtilə İranın Xəzərin bərabər hissələrə bölünməsini istədiyini deyən A.Əliyev bildirib ki, bu, beynəlxalq dəniz hüququna zidd olduğuna görə Xəzəryanı dövlətlərdən heç biri bu şərti qəbul etməyib: "Xəzərin statusu ilə bağlı danışıqların bu qədər uzanması məhz İranın mövqeyi ilə bağlı idi. Nəhayət, İranda anladılar ki, mövqeləri yanlışdır və geri çəkildilər. Bu baxımdan İran Xəzərin dibinin beynəlxalq hüquq normalarına görə bölüşdürülməsi məsələsində də Azərbaycanla razılığa gəlməlidir".

 

ABŞ-ın İrana qarşı sərt sanksiyalar tətbiq etdiyini xatırladan deputat qeyd edib ki, Birləşmiş Ştatlar bu sanksiyaları İranla əməkdaşlıq edən ölkələrə və şirkətlərə qarşı da tətbiq etməyə hazırlaşır: "Buna baxmayaraq, Azərbaycan İranla iqtisadi və ticarət əməkdaşlığından imtina etmir, İrana böyük yatırımlarımız var. Ona görə də İran bunun qarşılığında Xəzərin dibinin bölüşdürülməsi məsələsində dost adlandırdığı Azərbaycanla razılığa gəlməlidir".

 

A.Əliyev hesab edir ki, Xəzərin dibinin bölüşdürülməsi Türkmənistanla da razılaşdırılmalıdır: "Qardaş Türkmənistanla problem yaranacağını zənn etmirəm. Müvafiq saziş imzalandıqdan sonra isə Türkmənistan qazının Azərbaycan üzərindən qardaş Türkiyəyə, oradan da Avropaya daşınması aktuallaşacaq. Bunun üçün Xəzərin dibi ilə boru xətti (Transxəzər) çəkilməlidir. Qazaxıstanda imzalanan konvensiya bu məsələnin həllini də yoluna qoyur. Boru xəttinin tikintisi bölgə ölkələrinə gəlir gətirməklə yanaşı Azərbaycanla Türkmənistan və ümumilikdə türk birliyini gücləndirəcək".

 

Azərbaycan-Qazaxıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri əlavə edib ki, prezident İlham Əliyev Qazaxıstana səfəri çərçivəsində qardaş ölkə başçısı Nursultan Nazarbayevlə çox məhsuldar görüş keçirib: "Xəzərin statusunun müəyyənləşməsi bölgə əməkdaşlığını genişləndirmək üçün yeni fürsətlər açır. Birinci növbədə Qazaxıstanla Azərbaycan arasında Xəzər üzərindən ticarət və mal daşımaçılığı artacaq. Təsadüfi deyil ki, Nursultan Nazabyavev İlham Əliyevlə görüşdə xüsusi vurğulayıb ki, Qazaxıstan Çinlə sərhəddə yeni yollar salıb, bu yollar Xəzər sahilində yeni qurulan Kurık limanına qədər uzanacaq. Aktau yaxınlığında tikilən Kurık limanı Ələt limanına bənzəyir. Beləliklə, iki qardaş ölkə limanı İpək Yolunun bərpasında əsas rol oynayacaq. Çindən çıxan mallar Qazaxıstan, Azərbaycan və Türkiyə üzərindən Avropaya daşınacaq. Bu marşrut da Türk birliyinin inkişafında əvəzsiz rol oynacayaq".

 

"Azərbaycan-Qazaxıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri kimi tez-tez qardaş Qazaxıstana səfər edirəm. Qazax rəsmilərlə, deputatlarla və soydaşlarımla çoxsaylı görüşlərdən gəldiyim qənaət budur ki, vaxtilə Ümummilli lider Heydər Əliyev, indi isə onun layiqli davamçısı İlham Əliyevlə Nursultan Nazarbayev və Rəcəb Təyyub Ərdoğanın Türk birliyin formalaşmasında misilsiz xidmətləri var. Türk birliyi yalnız siyasi təmaslar və konfranslar deyil. Türk birliyi həm də bu gün ərsəyə gətirilən və dəyəri on milyardlarla dollar ölçülən regional layihələrdir. Bu layihələr birliyimizi daha da möhkəmləndirəcək", - deyə A.Əliyev fikirlərini tamamlayıb.

 

Milli Məclisin deputatı Sahib Alıyev Xəzərin hüquqi statusu haqda konvensiyanı Azərbaycanla Rusiya arasında dövlət sərhəddi haqqında anlaşma qədər və hətta ondan da önəmli bir sənəd hesab edir: "Hər iki məsələ ətrafında danışıqlara 1996-cı ildə başlanılmışdı. On dörd il davam edən danışıqlardan sonra 2010-cu il sentyabrın 3-də "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədi haqqında" dövlətlərarası müqavilə imzalandı. Moskvanın başında durduğu bütün inteqrasiya modellərində ona ən böyük dəstək verən Qazaxıstanla Rusiya arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası reallaşdırılmadığı halda Azərbaycanın bunu bacarması, əlbəttə, böyük diplomatik uğur idi. Və bir sıra reallıqları göz önünə gətirsək, deməliyik ki, bu heç də asan əldə edilən uğur deyildi. Hətta müqavilə bağlanandan sonra Rusiyada ən müxtəlif səviyyələrdə bunun əleyhinə fikirlər səslənirdi. Ancaq bu ilin fevralında Azərbaycan-Rusiya dövlət sərhədində ilk sərhəd nişanının quraşdırılmasıyla karvanın keçib mənzil başına çatdığını deyə bilərik".

 

Deputat qeyd edib ki, Xəzərin hüquqi statusuyla bağlı konvensiyada bir sıra məsələlərdə tam konkretlik yoxdur: "Ancaq bu konvensiya Azərbaycanın həmin məsələrədə belə daha güclü mövqedən çıxış etməsini təmin edir. İlk növbədə söhbət ondan gedir ki, Xəzərin milli sektorlara bölünməsində nə İranın, nə də Türkmənistanın daha əsassız tələblər irəli sürməyə "arqument"ləri olacaq. Üstəlik, İranın üzləşdiyi indiki durum və Transxəzər qaz kəməri məsələsində Türkmənistanın Azərbaycandan asılılığı hər iki ölkəni daha güzəştli mövqedən çıxış etməyə sövq edəcək".

 

S.Alıyev hesab edir ki, bu anlaşma dövlət başçımızın sammitdəki çıxışında da vurğuladığı kimi, Azərbaycanın materik əhəmiyyətli nəqliyyat qovşağına çevirilməsi prosesində mühüm bir addımdır: "Sənəd ölkəmizin Türkmənistan və İranla Xəzərin milli sektorlara bölünməsi məsələsində razılığa gəlməsinə yol açır. Bu zaman Türkmənistan prezidentinin təbirincə desək, onun ölkəsini çətin danışıqlar gözləyirsə, bizim üçün həmin "çətinlik" aradan qalxıb".

 

Deputat bildirib ki, tarixi razılaşma ilə Transxəzər qaz kəməri reallığa çevrilə bilər ki, bu məsələdə əldə edəcəyimiz mənfəətlə yanaşı, ölkəmizin bir tərəfdən Türkmənistan, digər tərəfdən isə Avropa üzərində təsiri daha da artmış olacaq: "Xəzərin qarşıdurma poliqonu deyil, əməkdaşlıq platforması olması haqda ilk çağırışları edən və bu yolda ilk addımları atan da məhz Azərbaycan olub. Düz 22 illik çək-çevirdən sonra bütün Xəzəryanı dövlətlər bunun daha doğru yanaşma olduğunu dərk edib və qapalı su hövzəsinin hüquqi statusu haqda konvensiyada öz prezidentlərinin imzalarıyla təsdiqləyiblər".

 

Ceyhun ABASOV

 

525-ci qəzet  2018.- 17 avqust.- S.4.