Rəşad MƏCİD

 

Azərbaycan jurnalının avqust sayında Rəşad Məcidin şeirləri dərc olunub. Müəllifin ad günü ərəfəsində həmin şeirləri oxucularımıza təqdim edirik.

 

Əvvəl

 

Əvvəl qəlbin çırpınacaq

Tora düşmüş quş kimi,

Sonra gözün yol çəkəcək

Gələnin varmış kimi.

 

Sonra havan çatmayacaq

Daralacaq nəfəsin.

Sənə zindan tək gələcək

Yaşadığın qəfəsin.

 

Qəfil yada salacaqsan

Səsdən gələn istini.

Dəli kimi qaçacaqsan

Telefonun üstünə.

 

Tez-tələsik yazacaqsan:

Planlarım dəyişib...

Bəlkə sabaha keçirək,

Birigünkü görüşü.

 

Sonra ağıl qalmayacaq

Düşünməyə ardını.

Sonra nağıl başlayacaq

Unudassan adını.

 

Qala - adam

 

Hər adamın sığınmağa

Bir qalası olsun gərək.

Bu qaynaşan pis gözlərdən

Bir xilası olsun gərək.

 

Nicat yoxdu bolca vardan -

Hündür divar, dik hasardan!

Adamı daş adamlardan

Qala - Adam alsın gərək!

Bu gələn gözəl əladı

Yeriyən, gəzən qaladı.

Bəlkə təzə bəladı

Dinsin görək, gəlsin görək!!!

 

Bir səhər

 

Bir payız səhəri, bir payız günü

TV-nin səsinə oyanacaqsan.

Bərk-bərk büründüyün yorğanın altdan

Səs gələn tərəfə boylanacaqsan.

 

Gözün dikiləcək səs yiyəsinə

Yaddaşın keçmişi ələyəcəkdir!

Pırtlaşıq xəyallar içindən biri

Səni işığına bələyəcəkdir!

 

Gözün qamaşacaq, nur bürüyəcək

Beynin durulacaq sakit çay kimi.

Axşamkı məclisin haray-həşiri

Qeybə çəkiləcək - bitən yay kimi.

 

Yerdən duracaqsan sevinc içində

Elə biləcəksən körpə uşaqsan!

Unudub keçmişi təmiz beyinlə

Bu səhər yenidən doğulacaqsan!

 

Yuxundakı qonaq

 

Bilsəydim bu gecə necə yatmısan

Yuxunda kim olub, yatağında kim?

Hansı yaxın idi, şipşirin idi?

Yuxundakı, yoxsa yatağındakı?

 

Yuxundan beyninə, qəlbinə sızıb,

Qanında dolaşan qonaq gözəldi!

İsti nəfəsinlə körüklədiyin

Ruhla sığındığın qucaq gözəldi.

 

Yaxınında olmaq, yanında durmaq

Yatağında girmək hələ şərt deyil,

Sənin sədaqətin, mehrin, ülfətin

İsti nəvazişin məhəbbət deyil.

 

Qəlbinin qapısı yuxundan keçir

Röyandan gələn var - buyur qarşıla!

Sən ki söz vermişdin yüyürəcəksən

Di çıx qabağına yüyür, qarşıla.

Yuxun gerçək oldu!

Xəyalındakı

İndi qarşındadı - Qonaq sənindi

Sarıl qollarınla, sığın qoynuna

İstisi əbədi, qucaq sənindi.

 

Gecə zəngi

 

Telefon səssizdə, özüm yuxuda

Gecə zəngin gəlib, eşitməmişəm.

Küsüb incimisən, gileylənmisən

Xəbərsiz olmuşam - kiritməmişəm.

 

İndi ha soruşum səbəbi nəydi,

Məramı necəydi, necə zənginin?

Bilirəm həmişə gizləyəcəksən

Əsil səbəbini gecə zənginin...

 

Gələrəm

 

Bir səhər yuxudan

Sən oyat gələrəm!

Çağırsan o dəqiqə,

O saat gələrəm!

 

Belimdə ağrı var

İkiqat gələrəm!

Önündə dayanıb

Farağat gələrəm!

 

Baxma ki, xəstəyəm

Ya süstəm - gələrəm.

Əmrin var - baş üstə,

Göz üstə - gələrəm.

 

Sözümdə dəqiqəm,

Dürüstəm - gələrəm!

Təki sən arzula

Sən istə gələrəm!

 

Getmək

 

Sakitcə çəkilib getmək zamanıdı

Üsyan etmədən, çığırmadan, söymədən

Barışıb sevginin bitməsiylə

Yox olmaq vaxtıdı.

Duman ağır-ağır çəkildiyitək,

Hava sakitcə qaraldığıtək

İsti havada əl-üzünü yuduğun suyun

Köynəyinə düşən ləkəsi quruduğutək

Sakitcə, xəbərsiz getmək zamanıdı!

 

Üzə çıxacaq...

 

Hirs ki girdi araya

qəzəb ki kükrədi

Bütün pis sözlər, söyüşlər

dildə cimildəşəcək

Onda ilk dəfə corabsız,

dabansız ayaqqabıda

çıxacaqsan qarşıma.

üzə çıxacaq bütün

qüsurlar -

ayağındakı, dilindəki,

ürəyindəki...

 

Gedəcəksən

 

Ruhun gedib, özün

Çəkilib gedəcəksən!

Sis kimi, duman kimi

Seyrəlib itəcəksən.

 

Əzablar güvə kimi

Xoş günləri didəcək.

Qəhər qalacaq, bir

Sızıltı dolu ürək.

 

Ağrıdan qurtulmağa

Min bir çarə gəzəcəm

Tapmayıb qıvrılacam -

Tab eləyib, dözəcəm.

 

Ağrılarla qol-boyun,

Dərdlə həyat sürəcəm!

Başımı qarışdırıb

Ömrü yola verəcəm!

 

Hamınız

 

Məni anlamağa adam tapılmaz

Məni həzm edəcək mədə yoxdu!

Məni sinirməyə yepyekə ürək,

Məni yaşatmağa ölkə yoxdu.

 

Hamınız bir bezin qırağısınız -

Mən ipək axtarıb, qumaş gəzirəm!

Ömrümün qatlanmış varağısınız -

İndi baxıram ki, boşdu Xəzinəm!

 

525-ci qəzet 2018.- 18 avqust. - S.23.