"Muğam mühiti dövlətimizin böyük diqqət və qayğısı ilə əhatə olunub"

 

XAN ŞUŞİNSKİ FONDUNUN RƏHBƏRİ, FƏAL MƏDƏNİYYƏT TƏƏSSÜBKEŞİ BƏYİMXANIM CAVANŞİROVA-VERDİYEVA İLƏ HƏYAT VƏ SƏNƏT SÖHBƏTİ

 

Avqustun 20-si dahi sənətkar, Azərbaycan muğam sənətinin nadir incisi, Xalq artisti Xan Şuşinskinin 117 yaşı tamam oldu.

 

Ondan cəmi bir neçə gün öncə, avqustun 5-də isə xanəndənin qızı, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Cavanşirova 60 illik yubileyini qeyd etdi. Cəmi bir neçə gün sonra - sentyabrın 2-də isə həmin ailənin növbəti üzvü, Bəyimxanım Cavanşirovanın həyat yoldaşı, Xalq artisti, tarzən Fikrət Verdiyevin doğum günü qeyd olunacaq. Bu üç əlamətdar hadisə münasibətilə hər iki Xalq artistinin soyadını özündə daşıyan, layiqli övlad, gözəl həyat yoldaşı, Azərbaycan mədəniyyətinin təəssübkeşi Bəyimxanım Cavanşirova-Verdiyeva ilə atası, uşaqlıq xatirələri, ailəsi, Azərbaycan milli musiqi sənəti haqqında söhbət etdik.

"Havalansın Xanın səsi"

"Atam Xan Şuşinski (əsl adı İsfəndiyar Cavanşirovdur) 1901-ci il avqustun 20-də Şuşa şəhərində, Qarabağ xanlığının təməlini qoymuş Pənahəli xan Cavanşirin nəslindən olan Aslan ağanın ailəsində dünyaya göz açıb. Atam, Pənahəli xanın kötücəsidir. Şuşa şəhəri bir zamanlar Qafqazın konservatoriyası adlandırılırdı. Ancaq mən ona Şərqin konservatoriyası deyərdim. Çünki bu qədim şəhər bir əsrdə dünya mədəniyyətinə, tarixinə, elminə yüzlərlə dahi şəxsiyyətlər bəxş edib.

Xan nəslindən olmağı həm babam Aslan ağaya, həm də atama heç də asan həyat yaşatmadı. Sovet hökuməti qurulanda babama məxsus bütün kəndlər, sahələr, var-dövləti müsadirə olundu. Hətta səsi də əlindən alındı. Səsi əlindən alınmaq o demək idi ki, hardasa işləmək hüququ yox idi. Nənəm Bəyimxanım da bir müddət sonra dünyasını dəyişdi. Üç uşaq qaldılar atalarının ümidinə. Mənim atam da evin böyük uşağı idi və onu İtaliyaya vokal sənətinin sirlərini öyrənməyə göndərirdilər. Ancaq atası deyir ki, oğul, sən görürsən ki, bütün var-dövlətim əlimdən çıxıb, heç yerdə işləyə bilmirəm, sən də çıxıb getsən bəs biz nə edəcəyik? Ona görə də atam öz arzularının üstündən xətt çəkməli olur.

O vaxt atamın ustadı dövrünün çox tanınmış xanəndəsi olan İslam Abdullayev olub. Bir gün toy məclislərinin birində o vaxtın çox tanınmış muğam ustadı Əbdülhəsən xan Azər İqbal Soltan "Kürdü-Şahnaz" muğamını ifa edir. Bu o Əbdülhəsən xan idi ki, ustad Şəhriyar onun şagirdi olmuşdu. Bu ifadan sonra İslam Abdullayev üzünü tutur atama ki, İsfəndiyar sən də belə ifa edə bilərsənmi? Atam deyir bir də oxusun, dinləyim, sonra oxuyum. İkinci dəfə qulaq asandan sonra atam elə oxuyub ki, bütün məclis əhli deyib, o, İranın Əbdülhəsən xanıdırsa, sən də buranın. O məclisdəki hər kəs, əlbəttə, yaxın adamlar idi və bilirdilər ki, atam xanın kötücəsidir. Bəlkə də bilərəkdən ona bu adı qoyurlar ki, bu nəsildən ona bir nişanə qalsın. Onda hələ atamın 16 yaşı vardı. Və təbii ki, xan, bəy, ağa adının qadağan edildiyi dövrdə bu adı daşımaq hər adamın işi deyildi. Sovet dövründə "xan", "bəy", "ağa" sözlərinə qadağa qoyulduğu zamanda özü əslən xan nəslindən olmasına baxmayaraq, böyük ustadları tərəfindən ona verilən Xan adını Xan Şuşinski həm səsi, həm sənəti, həm də şəxsiyyəti ilə doğrultdu.

Mənim yadımdadır ki, atam məni məktəbə yazdırmaq üçün aparanda adımdakı "xanım" hissəsini yazmaq istəmədilər. Dedilər, təkcə Bəyim Cavanşirova getməlidir. Atam isə razılaşmadı, dedi, mən anamın adını vermişəm, Bəyimxanım yazılmalıdır. Əsl familyası Cavanşirov idi, amma Şuşadan olduğundan Şuşinski təxəllüsünü də verirlər. Bəlkə də atam Xan Şuşinski adı ilə özünün əsl kimliyini gizlədə bilmişdi.

Dahi Səməd Vurğunla çox yaxın dost idilər, qardaş kimiydilər. 1920-ci illərin sonunda Gəncədə Xan bağında atamın konsertlərinin birində tanış olmuşdular. Səməd Vəkilov (onda Vurğun ləqəbini götürməmişdi) özünün şeirlərini, qəzəllərini oxumağı üçün atama təqdim etmişdi. O vaxtdan dostluqları başlamışdı. Sonra Səməd Vurğun özünün məşhur "Azərbaycan" şeirini yazanda atama deyir ki, Xan, sənin adını tarixə yazdım, özü də Qarabağla birgə:

Könlüm keçir Qarabağdan,

Gah bu dağdan, gah o dağdan.

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi,

"Qarabağın şikəstəsi".

Cəlil Məmmədquluzadənin xanımı Həmidə xanım Cavanşir babamın əmisi qızı idi. Atamın xeyli şair dostları vardı. Məsələn, Məmməd Rahimlə çox yaxın dost idilər. Onun sözlərinə xeyli mahnılar yazmışdı.

Atamın yazdığı bir sıra mahnılar var ki, hazırda xalq mahnısı kimi tanınır. Onların bir hissəsini hazırlayıb 2004-cü ildə Müəllif Hüquqları Agentliyində təsdiq etdirdik, bir hissəsini də hazırlayıram, onları da təsdiq etdirəcəyəm.

Məsələn, "Apardı sellər Saranı", "Əlində sazın qurbanı", "Ceyran balam" kimi mahnılar var ki, onlar əvvəl aşıq mahnıları olublar. Atam isə xatirələrində söyləyirdi ki, həmin mahnıları eşidib, çox sevib, amma aşıqların oxuduğu formada bəyənməyib, sonradan özü o mahnıları xalq mahnısı formasına gətirib.

Atam çox gözəl insan idi. Sənətdə nə qədər böyük zirvələr qət etmişdisə də, xasiyyətcə həlim, sakit, hər kəsi öz dilində danışdırmağı bacaran insan idi, hər kəsə bacardığı qədər kömək etməyə çalışar, işindən, vəzifəsindən asılı olmayaraq, hamıya eyni gözlə baxardı, hörmətini saxlayardı".

"Atamın 57 yaşında doğulmuşam"

"Mən isə 1958-ci il avqustun 5-də Bakı şəhərində Xan Şuşinskinin ailəsində dünyaya göz açmışam. Atamın ilk övladı olmuşam. Mənə anası Bəyimxanımın adını qoyub. Özümü hər zaman xoşbəxt bir insan hesab etmişəm ki, belə bir məşhur soyadı daşıyıram, belə bir dahi şəxsin övladıyam və onunla bərabər dövrün ən tanınmış, dahi insanlarının ətrafında böyüyüb boya-başa çatmışam. Gözümü açandan evimizdə hər zaman musiqi səsi eşitmişəm. İndi adlarını Azərbaycan və dünya tarixinə yazdırmış dahilərin ətrafında böyümüş, onlarla təmasda olmuşam, söhbətlərini eşidib, canlı ifalarını dinləmişəm. Təbii ki, bu xoşbəxtlik hər kəsə nəsib olmur.

Ailədə dörd uşaq olmuşuq. Atamın 57 yaşında doğulmuşam. Uzun illər övlad həsrəti çəkib. Özünün bir mahnısında da bu həsrətini bildirir:

Süsən, sünbül bitirmişəm,

Ömrü başa yetirmişəm.

Balam hanı?

Mən anadan olanda dünyanın müxtəlif yerlərindən teleqramlar göndərilib, adıma nə qədər qurbanlar kəsilib ki, Xanın da övladı oldu.

Məni hədsiz çox sevirdi. Mən ata laylası ilə böyümüşəm. Hər zaman başımı qoyardı dizinin üstünə, indiyə qədər heç yerdə eşitmədiyim qədim türk mahnılarını başımı sığallaya-sığallaya oxuyardı. Hara getsə, məni özüylə aparardı. Mənimlə söhbət etməyi çox sevərdi.

Evimizdə atama məxsus böyük kitabxana vardı. Orda Şərqin ən tanınmış şairlərinin cild-cild kitabları yer almışdı. Mən uşaqlıqdan kitab oxumağı sevərdim. Onun kitabxanasını başdan-axıra oxuyub bitirmişdim. Şeir kitablarını oxuyurdum, uşaq təfəkkürümlə mənasını anlamadığım sözlər, misralar olardı ki, atam onları mənə səbrlə başa salırdı.

Onu da qeyd edim ki, atam Şuşada realni məktəbi bitirmişdi. Fars, ərəb, kiril, latın əlifbalarında rahatlıqla yazıb-oxuyardı. Ona görə də qəzəllərdə çox çətin, qəliz sözlər vardı ki, onların mənasını açmaq onun üçün çox asan idi.

Bizdən bir küçə aşağıda tarzən Qurban Pirimov yaşayırdı, onların evlərinin yanında böyük kitabxana vardı. Evdəki kitabları oxuyub bitirmişdim deyə, atam hər həftə məni həmin kitabxanaya aparardı".

"Bizim konservatoriyamız evdə idi"

"Musiqiyə marağım böyük idi. Ad günlərimin birində atam mənə pianino almışdı. O vaxtı da Qənbər Hüseynlinin "Cücələrim" mahnısı təzə-təzə məşhurlaşırdı. Mən başladım həmin mahnını çalmağa. Beş yaşlı bir uşağın birdən-birə fortepianoda ifası təbii ki, hamını heyrətləndirdi. Oxumağı, çalmağı çox sevirdim. Təvazökarlıqdan uzaq da olsa, bizim konservatoriyamız evdə idi. Atam Xan Şuşinski başda olmaqla Seyid Şuşinski, Yavər Kələntərli, Həqiqət Rzayeva, Sara Qədimova, Şövkət Ələkbərova, Fikrət Əmirov, Tofiq Quliyev, Bəhram Mansurov, Qurban Pirimov, Əbülfət Əliyev və başqa bu kimi dahi sənətkarlar hər zaman o evin ən əziz qonaqları idilər. Ona görə də mənim musiqi təhsilim öz evimizdən idi. İndiyə qədər də elə mahnılar bilirəm ki, o mahnıları hələ heç yerdə eşitməmişəm.

İlk dəfə 1959-cu ildə atam Moskvada səfərdə olarkən mən onun ifasını televizorda görmüşəm və ekrana barmağımı yaxınlaşdırıb "dədə"- deyə göstərmişəm. Moskvaya xəbər gedir ki, bəs qızın Bəyimxanımın dili açılıb, "dədə" dedi. O da Moskvadan qayıdan kimi mənim şərəfimə "Qəşəng ceyran" mahnısını bəstələyir. Nəqarətda deyilir:

Danış dilinə qurban, bala,

Başda telinə qurban, bala.

Bu cür o mahnı ilə məni əzizləyərdi.

Orta məktəb təhsilimi o dövrdə SSRİ-nin ən tanınmış və yeganə Qırmızı Əmək ordenli 190 nömrəli məktəbdə almışam. Sinif nümayəndəsi olmuşam, əlaçı oxumuşam və hər zaman ictimai işlərdə fəal iştirak etmişəm. Məktəbin tədbirlərində çox böyük həvəslə iştirak edərdim.

Bizim tərbiyəmizdə, təhsilimizdə təbii ki, anamın da çox böyük zəhməti vardı".

"Sənin baban Qurban Pirimovdur"

Söhbətimiz boyunca hiss edirdim ki, müsahibim təkcə atası ilə deyil, o dövrün ən tanınmış, sevilən sənətkarları ilə eyni mühiti bölüşməyin haqlı qürurunu yaşayır. Bunu özü də ara-sıra dilə gətirirdi:

"Atam həm də uşaqlığından gözəl tar çalırmış. Əmim Allahyar Cavanşirov da atamdan tarın sirlərini öyrənib və uşaqlıqdan bir yerdə konsertlərdə iştirak ediblər. 1938-ci ildən ömrünün sonuna kimi əmim Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş, tək atamı deyil, bütün ustad sənətkarları tar ifaçısı olaraq müşayiət etmişdir.

O dövrdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının nəzdində Xan Şuşinski adına muğam studiyası açılmışdı ki, atam orda dövrünün tanınmış sənətkarları başda olmaqla, gənc istedadlara da muğamın sirlərini öyrədərdi.

Hər gün məni özüylə Filarmoniyaya aparardı. Orda məşqlər edər, konsertlərə hazırlaşardılar. Mən balaca qız idim, Filarmoniyanın həyətindəki uşaqlarla oynayardım. Bir dəfə gördüm ki, uşaqlardan biri yaşlı bir kişiyə "baba" deyə müraciət elədi. Mən də özlüyümdə fikirləşdim ki, bəs mənim babam kimdir? Yaxınlaşdım atama, ondan soruşdum. O, bircə an belə düşünmədən, tərəddüd etmədən üzünü çevirdi və Qurban Pirimovu göstərdi ki, sənin baban Qurban babadır. Mən həqiqətən də inandım. Çünki Qurban Pirimovdan sözün əsl mənasında babalıq nəvazişi, qayğısı görərdim. Filarmoniyaya atamla birgə getdiklərindən hər səhər bizə gələrdi. Hər ikisinin əlindən tutub Filarmoniyaya gedərkən yol boyunca insanların necə pərəstişlə, hörmətlə, sevgiylə onlara baxdığını görərdim. Sanki insanlar onların qarşısında səcdə edərdilər. Mən də çox sevinərdim, qürurlanardım ki, mənim belə babam, belə atam var".

"Xan Şuşinski zirvəsinə çata bilməyəcəkdiksə, oxumağın mənası yox idi"

Onun həyatında bir çoxları kimi mənim də diqqətimi çəkən əsas məqam təhsilini musiqi, incəsənət üzrə deyil, tamam başqa sahə üzrə alması oldu. Sən demə, bunun da çox kövrək bir səbəbi varmış:

"Orta məktəbi bitirəndən sonra İqtisad Universitetinə, o vaxtkı Xalq Təsərrüfatı İnstitutuna daxil oldum. Hər kəs məndən incəsənət sahəsinə getməyimi gözləyirdi. Çox gözəl səsim vardı. Şövkət xanım həmişə deyərdi, sən oxuyanda elə bilirəm özüməm oxuyan. Hətta bir dəfə televiziyaya da çıxmışdım, oxumuşdum. Qayıdanda gördüm ki, atam da bəyənib, mənə dedi xanəndə olmaq istəyirsənmi? Dedim yox.

Musiqişünas olmağıma gərək yox idi. Çünki gündə altı saat atamın dərslərini dinləyirdim. Musiqi ilə bağlı hər şeyi bilirdim. Xanəndə olmağı da ağlıma gətirmirdim. Təkcə mən yox, biz dörd uşağın və onun nəvələrinin də gözəl səsləri vardı. Ancaq bizim üçün Xan Şuşinski sənətin elə bir zirvəsində dayanıb ki, o zirvə əlçatmazdır. Biz də o zirvəyə, o səviyyəyə çata bilməyəcəyiksə, onun övladı olaraq, ondan az da olsa aşağı səviyyədə oxumağın heç bir mənası yoxdur.

Qəfil gələn məhəbbət

Onun qismətinə bir Xalq artistinin övladı, başqa bir Xalq artistinin isə həyat yoldaşı olmaq yazılıbmış. Tanınmış tarzən Fikrət Verdiyevlə tanışlığı və evlilik əhvalatı isə olduqca maraqlı və bir o qədər də özü demiş, qəribədir:

"Universitetə təzə daxil olmuşdum. Oktyabr ayı idi, atamla birgə Hökumət evinə getmişdim. Orda təsadüfən o vaxtı Gəncə şəhər Göygöl Dövlət Mahnı və Rəqs ansamblı bədii rəhbəri olan tarzən Fikrət Verdiyevlə qarşılaşdıq. Onda mən onu artıq efirdən tanıyırdım. Öz sənətində püxtələşmiş, sözünü demiş sənətkar idi. Yanında da səhv etmirəmsə, o vaxtkı Gəncə Mədəniyyət İdarəsinin rəisi vardı. Fikrət bizə yaxınlaşdı, atamla görüşdü. Dedi ki, mən Gəncə şəhər Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəriyəm. Atam da çox şad olduğunu dedi: "Gəncəni çox sevirəm. Təəssüf ki, bütün regionlardan tarzənlər, musiqiçilər gəlib Bakıda təhsil alır və burda da qalırlar. Amma sən Gəncədə bu cür ansambl yaratmaqla çox adamların görmədiyi böyük bir iş görmüsən".

Müsahibin dilindən kiçik haşiyə: "Fikrət Verdiyev ilk dəfə 1969-cu ildə konservatoriyada Aqil Gərayın sinfində təhsil alaraq Gəncədə Göygül ansamblını yaradır və 7-8 il ictimai əsaslarla inkişaf etdirir. Həmin ərəfədə Çexoslovakiyada, Rusiyanın müxtəlif şəhərlərində, dövlət tədbirlərində, Filarmoniyada konsert proqramları ilə çıxışlar etmiş, dövrünün tanınmış sənətkarları Fikrət Verdiyevin zəhmətini çox yüksək dəyərləndirərək bu ansamblın müşayiəti ilə böyük konsertlər vermişlər. Ansambl əyalət ansamblı olmasına baxmayaraq, ilk dəfə indiki Heydər Əliyev adına sarayın açılışında da çıxış edib. Dahi Niyazi Filarmoniyada tez-tez bu ansamblın konsertlərini təşkil etmiş, onları Bakıya dəvət etmişdir. Həmçinin, tez-tez televiziya efirlərində maraqlı konsert proqramları ilə çıxışlar etmişlər. 1977-ci ildə Ulu Öndərimiz Heydər Əliyev Fikrət Verdiyevin zəhmətini yüksək dəyərləndirərək onun yaratdığı ansambla Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı statusu verir. 1990-cı ildə həmin ansamblın bazasında Gəncə Dövlət Filarmoniyası yaranır ki, orda da xalq çalğı alətləri orkestri, kamera orkestri həmin filarmoniyanın nəzdində çalışmağa başlayırlar. Həyat yoldaşım Fikrət Verdiyev də uzun illər Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri kimi çalışıb".

"Fikrət bizi maşınla evə ötürməyini təklif elədi. Atam isə evimizin çox yaxın olduğunu dedi. O vaxt Ulu Öndərimiz Heydər Əliyev atama ev vermişdi, mərtəbəsini də özünün seçməyini istəmişdi. Atam da üçüncü mərtəbəni seçmişdi. Həmin evimiz Hökumət evi ilə üz-üzə yerləşirdi. Beləcə, biz Fikrətlə sağollaşıb evimizə getdik. Ordan çıxıb evə gəlməyimiz ən çoxu 10-15 dəqiqə çəkdi. Elə evə təzəcə çatıb qapıdan girirdim ki, gördüm telefon zəng çalır. Şövkət xanım Ələkbərova idi. Şövkət xanım və Sara xanımla çox yaxın idik. Mən onları doğma bibilərim kimi hiss edirdim. Evimizin ən əziz qonaqları idilər. Çox möhkəm dostluqları vardı. Hətta atam danışırdı ki, bibimin cavan övladları rəhmətə gedəndə Şövkət xanım 40 gün işini-gücünü atıb gəlib bibimə doğma bacı kimi dizinin dibində oturub, məclisi onunla bərabər yola verib.

Atamı xəbər aldı, evdə olduğunu dedim. Soruşdu ki, bu gün harasa getmişdi? Dedim bəli, Hökumət evinə getmişdi. Dedi, tək, yoxsa kiminləsə? Dedim mənlə. Amma səsindən həyəcanlı olduğunu hiss edirdim, mənalandıra bilmədim. Dedi heç yerə çıxmasın, bu saat sizə gəlirəm.

Üstündən azca keçdi, Şövkət xanım gəldi. Hər zamankından fərqli olaraq, bu dəfə içəri keçən kimi Şövkət xanım qapını bağladı. Mənə də çox maraqlı gəldi. Təsadüfən qapının yanından keçəndə bircə Şövkət xanımın bu sözlərini eşitdim ki, dedi, Xan, mən Fikrətə başımla cavabdehəm, onun üzərində on mərtəbəli ev tikmək olar.

Yenə də bir şey anlamadım ki, axı, niyə tərifləyir Fikrəti. Şövkət xanım getdi, atam mənlə söhbət elədi, sonradan Şövkət xanımla da danışdıq, Fikrətin niyyətini bildirdilər.

Bir müddət sonra böyüklərin xeyir-duası ilə ailə qurduq. Ailə qurandan sonra Gəncəyə köçdüm. Orada yaşadığımız üçün təhsilimi Gəncə Texnologiya İnstitutunda davam etdirdim. Oxudum, təhsilimi başa vurdum".

"Respublikada yeganə bizim ailədir ki, üç nəfər Xalq artisti var"

"Evliliyimizdən üç övladımız oldu. Böyük qızım Nigar xanım hüquqşünasdır, iki övladı var. İkinci övladım Süleymandır. O da hüquq fakültəsini bitirib. Universitetdə oxuyarkən qəzetə gözəl məqalələr yazırdı. Hər ikisi hələ uşaq ikən ingilis dilində sərrast danışırdılar. Həyat yoldaşım Fikrət müəllim onların təhsilinə çox böyük önəm verirdi. Hətta o vaxt bir evin puluna kitabxana almışdı onlar üçün. Uşaqlar rus dilində oxuyurdular, 6 yaşlarında ingilis dili müəlliminin yanına gedirdilər. Evdə isə öz ana dilimizdə danışırdıq. Onlar hər üç dili mükəmməl bilirdilər.

Sonradan oğlum Londonda turizm üzrə magistraturanı bitirdi. Fransada, İspaniyada, İsveçdə təhsil alıb. İngilis, fransız, ispan, alman, italyan, rus, türk dillərində sərbəst danışır. Təbii ki, öz ana dili başda olmaqla. O, 12 il Avropada yaşadı, İspaniyanın Barselona şəhərində işləyirdi, dünyanın 62 ölkəsində olub. Gəzdiyi ölkələr haqqında Barselonada böyük bir kataloq nəşr etdirib. Kataloqda həmin ölkələrin tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, mətbəxi haqqında geniş məlumatlar əksini tapıb. Təbii ki, ondan ayrılmaq mənimçün çətin idi. Amma onun arzuları qarşısında sədd çəkmək də istəmirdim. Bir tərəfdən də düşünürdüm ki, onu mən vətənpərvər şəxsiyyət kimi yetişdirə bilmişəmsə, nə zamansa geri qayıdacaq. Həqiqətən də o, öz arzusuyla vətənə döndü. Dedi ki, mən axşam evə dönəndə bir nəfər tapmırdım ki, ona öz dilimdə "salam" verim.

Üçüncü övladım Məryəm isə Bülbül adına orta ixtisas məktəbini fortepiano ixtisası üzrə bitirdi. Sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında oxudu və paralel olaraq, SSRİ Xalq Artisti, gözəl vokal ustası Fidan Qasımovanın vokal sinfini də bitirdi. Çox gözəl səsi, musiqi duyumu var. Ailəlidir, iki övladı var. Həyat yoldaşı Xalq artisti, pianoçu Murad Hüseynovdur.

Musiqi ilə dolu ailəyik. Təvazökarlıqdan uzaq da olsa, respublikada yeganə ailəyik ki, üç nəfər Xalq artisti var. Bununla təbii ki, çox böyük qürur duyuram".

"Dövlətimiz hər zaman sənətə, sənətkara dəstək olub"

"Ağlım kəsəndən Xan Şuşinskinin qızı olmağımla çox böyük şərəf duymuşam və üstümdə həmişə böyük bir məsuliyyət hiss etmişəm. Hər sözümdə, hər hərəkətimdə özümə xatırlatmışam ki, mən Xanın qızıyam.

Əgər bu gün mən küçədə gedərkən tanımadığım insanlar məndən Xan əminin qızı olub-olmamağımı xəbər alır və "Allah o gözəl atanıza rəhmət eləsin"- deyirlərsə və yaxud hara da getsək, biləndə ki, biz Xan Şuşinskinin övladlarıyıq, hər zaman hörmətlə, sevgiylə qarşılanırıqsa deməli xoşbəxtik. Dövlətimiz, xalqımız tərəfindən Xan Şuşinski hər zaman sevilir, yad edilir. Bu gün mən hiss edirəm ki, atam yaşayır. Elə bir gün yoxdur ki, onun səsi radio dalğalarında eşidilməsin. Bundan böyük fəxr varmı?! Tək mən deyil, onun dörd övladı hamımız bu məsuliyyəti hiss edib, fəxr eləmişik, bu ada layiq olmağa çalışmışıq.

Atam deyərdi ki, mən uzun və şərəfli ömür yaşadım, bu illər ərzində çox rəhbərlər gördüm, ancaq Heydər Əliyev qədər sənətə, sənətkara dəyər verən ikinci rəhbər görmədim.

1971-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Qurban Pirimovun sözü ilə desək, 55-60 il Azərbaycan musiqisində Fərhad kimi külüng çalan atamın 70 illik yubiley tədbiri keçirilirdi. Bu tədbir ərəfəsində Ulu Öndərimiz Heydər Əliyev Moskvaya, Mərkəzi Komitəyə belə bir məktubla müraciət edib ki, Azərbaycan xalqının dahi muğam ustadı Xan Şuşinskinin anadan olmasının 70 illiyi ilə əlaqədar ona SSRİ-nin ən böyük mükafatlarından olan Qırmızı Əmək Bayrağı Ordeninin təqdim olunması məqsədəuyğundur. Biz bu məktubu bu yaxınlarda əldə etdik.

Atam tədbirin sonunda möhtəşəm "Qarabağ şikəstəsi"ni ifa edib üzünü tamaşaçılara tutaraq demişdi: "Əzizlərim, muğamlarımızı, xalq musiqimizi uzun illər yad əllərdən, yad nəfəslərdən qoruyaraq bu gün də estafeti verirəm gənclərə. Sizdən bir ricam var: qoruyun muğamatı!"

2001-ci ildə Ulu Öndərimizin sərəncamı ilə atamın yüz illik yubileyi ölkənin hər guşəsində keçirildi. Bu, sənətə verilən böyük dəyərdi.

Onu da deyim ki, atam Azərbaycan musiqi mədəniyyəti tarixində yeganə sənətkardır ki, Əməkdar artist adını almadan, birbaşa 1943-cü ildə Xalq artisti fəxri adı və Şərəf ordeni ilə təltif olunmuşdu.

Bu gün isə mən, böyük ustad sənətkarın övladı olaraq deyirəm, ruhun şad olsun, ata! Bu gün bizim zəngin mədəniyyətimiz, sənət xadimlərimiz eyni qayğını Azərbaycan Prezidenti cənab İlham Əliyevdən görürlər. Milli sərvətimiz olan muğamlarımızın, xalq musiqimizin keşiyində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva çox böyük dəyanətlə, mətanətlə duraraq, muğamlarımızı tanıdır, onların yaşamasına dəstək verir. Bütövlükdə muğam mühiti bu gün dövlətimizin güclü diqqət və qayğısı ilə əhatə olunub.

Dünyada analoqu olmayan, Bakının yaraşığına, mədəniyyət ünvanına çevrilmiş Beynəlxalq Muğam Mərkəzinin yaradılması, fəaliyyət göstərilməsi, Azərbaycanda beynəlxalq muğam müsabiqələrinin, festivallarının keçirilməsi də bu şəfqət və qayğının nəticəsidir".

Xan Şuşinski fondu

Qeyd etdiyimiz kimi, Bəyimxanım Cavanşirova həm də 2011-ci ildə dahi sənərkarın 110 illik yubileyi münasibətilə yaradılmış Xan Şuşinski Fondunun rəhbəridir. Onun sözlərinə görə, fondun əsas məqsədi dahi muğam ustadı Xan Şuşinskinin həyat və yaradıcılığını yaşatmaq, gənc nəslə çatdırmaq, Azərbaycan musiqisini, muğamını xarici ölkələrdə təbliğ etmək, bölgələrdəki istedadlı gənclərimizi tapıb üzə çıxartmaq, böyük ustadlarımızın xatirə tədbirlərini, gecələrini keçirməkdir. Fond yarandığı gündən etibarən bu amalına sədaqətlə xidmət etməkdədir. Bu günə qədər ölkə daxilində və xaricdə keçirdikləri tədbirlər buna əsl nümunədir.

"2011-ci ildə də atamın 110 illik yubileyi dövlətimiz tərəfindən Beynəlxalq Muğam Mərkəzində çox böyük təmtəraqla qeyd olundu və bu əsnada biz ailə üzvləri olaraq, atamın adını daşıyan fondu yaratdıq. Fond həmin il noyabrın 29-da Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək şəhadətnamə aldı, 2012-ci ildən isə fəaliyyətə başladıq.

Fondumuz yarandığı ilk gündən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə fəaliyyət göstərir.

2012-ci ildə İctimai Televiziyada "Milli musiqimizin dünəni, bu günü, sabahı" adlı gözəl bir tədbir keçirdik. Bu tədbirdə Azərbaycanın ən böyük tanınmış incəsənət xadimləri iştirak etdilər, bizə dəstək oldular.

2013-cü ildə Şuranın maliyyə dəstəyi ilə məktəbli gənclər arasında milli musiqiyə marağın artırılması məqsədi ilə keçirdiyimiz layihədə Respublika üzrə Fikrət Verdiyevin rəhbərliyi ilə istedadlı gəncləri üzə çıxardıq. Seçim tədbirimiz Gəncəbasar zonası üzrə oldu. Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyev Gəncə Dövlət Dram Teatrında ilk seçim turunun keçirilməsi üçün layiqli şərait yaratmışdı. İkinci seçim turumuz Asəf Zeynallı adına Musiqi kollecində Bakıda, sonra Xan Şuşinski adına muğam məktəbində keçirildi. Hesabat konserti isə Beynəlxalq Muğam Mərkəzində keçirildi. Çox istedadlı gənclərimiz üzə çıxarıldı, qaliblər pul mükafatları, fəxri fərmanlarla təltif olundular.

Üçüncü tədbirimiz Fransanın Lion şəhərində keçirildi. "Milli musiqimizin və musiqi alətlərimizin qorunması" adlı çox möhtəşəm bir layihə idi. Bu tədbirdə Fransa-Azərbaycan evinin rəhbəri Mirvari xanım Fətəliyeva bizə yaxından dəstək oldu. Tədbir həmin şəhərdəki qədim bir kilsədə keçirildi. Biz orada Azərbaycan milli musiqi alətləri haqqında geniş məlumat verdik, milli musiqimizdən danışdıq, o cümlədən tədbirdə iştirak edən sənətkarlarımız "Sarı gəlin, "Qarabağ şikəstəsi", "İrəvanda xal qalmadı", "Şuşanın dağları" mahnılarını ifa etdilər. Tədbirimiz çox böyük maraqla qarşılandı.

Növbəti tədbirimiz İtaliyanın Milan şəhərində keçirildi. O da şuranın maliyyə dəstəyi, Xan Şuşinski fondunun təşkilatçılığı ilə "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılması" layihəsi idi. Çox yüksək səviyyədə tədbir keçirildi.

Bir zamanlar Fikrət Verdiyevin bədii rəhbəri olduğu Göygöl ansamblında baletmeyster kimi çalışmış, hazırda isə Milanda yaşayan Mais Nuriyev orada çox gözəl rəqs qrupu yaradıb. İtalyan qızlar dünya xalqlarının rəqslərini ifa edirlər. Xanəndə Ehtiram Hüseynovun ifasında "Sarı gəlin" mahnısının müşayiəti ilə həmin qrup Xocalı faciəsini çox möhtəşəm şəkildə nümayiş etdirdilər. Deməli, musiqinin dili yoxdur. Qonaqlar da heyrətə gəlmişdilər.

Bizim xarici ölkələrdə keçirilən bütün tədbirlərimizdə Fikrət müəllimin tapıntısı, əslən Ağcabədi rayonundan olan Anar Quliyev, Kamilə Nəbiyeva, Əməkdar artistlər Ehtiram Hüseynov və Sevinc Sarıyeva da iştirak edirlər.

Biz hər tədbirə gedəndə Qarabağ həqiqətlərini əks etdirən, xarici dillərə tərcümə olunmuş kitablar, broşürlər aparırıq, orada böyük bir sərgi yaradırıq.

Sonra Macarıstanın Budapeşt şəhərində "Xaricdə yaşayan azərbaycanlılar arasında vətənpərvərlik" mövzusunda tədbir keçirmişik. Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bizə çox yaxından dəstək oldu, tədbirimizdə iştirak etdi.

Keçən il Avstriyanın Vyana şəhərində "Könlüm keçir Qarabağdan" adlı çox uğurlu bir layihəni gerçəkləşdirdik. Tədbirimiz Vyana şəhərində yerləşən Azərbaycan Mədəniyyət mərkəzində keçirildi. Onu da qeyd etməliyəm ki, mərkəzin rəhbəri Leyla xanım Qasımova bizə yaxından dəstək oldu. Tədbirdə 200-dən çox qonağımız vardı.

Oktyabrın 30-da Çexiyanın Praqa şəhərində "Könlüm keçir Qarabağdan" adlı tədbirimiz gerçəkləşəcək. Bu tədbir də Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Xan Şuşinski fondunun təşkilatçılığı ilə baş tutacaq.

Bundan başqa keçən il biz Xaçmazda, Lənkəranda əslən həmin rayonlardan olan, vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirələrini yad edib, onlar haqqında tədbirlər keçirmişik. Belə bir tədbirin bu il də Quba şəhərində keçirilməsini nəzərdə tutmuşuq.

Digər tərəfdən Mədəniyyət Nazirliyinin tədbirlərində iştirak edirik, bir sıra sənətkarlarımızın xatirə gecələrini, yubiley tədbirlərini keçiririk. Bir sənətkar övladı və sənətkar xanımı olaraq bütün bu işlərdə yaxından iştirakımdan, əlimdən gəldiyi qədər edə bildiklərimizdən qürur duyuram.

Fürsətdən istifadə edərək bizim fondumuzun fəaliyyətinə hər zaman dəstək göstərən Mədəniyyət Nazirliyinə, şəxsən nazir Əbülfəs Qarayevə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevə, icraçı direktor Fərasət Qurbanova, hər zaman bizim fəaliyyətimizi işıqlandıraraq, bizi daha da həvəsləndirən mediamıza, xüsusən "525-ci qəzet"ə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm".

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2018.- 31 avqust.- S.6;8.