Özbəkistanda gördüklərimiz - Daşkənddən reportaj

 

 

Özbəkistan son illər turizm sahəsini inkişaf etdirməyə başlayıb. Yaxın illərdə turist sayının daha da artacağını nəzərə alan hökumət, yeni islahatlar keçirir, bu sahəyə xarici investisiyaların cəlbi üçün yeni addımlar atılır.

 

Xarici investorlar müasir otellərin tikintisinə sərmayə qoymağa başlayıb. Ölkədə əsasən Avropadan gələn turistlərə rast gəlinir. Türkün canlı tarixinin yaşadığı,  Şərqin ən parlaq təkrarsız nümunələrinin mövcud olduğu ölkəyə bir həftəlik səfər zamanı paytaxt Daşkənd, Fərqanə vadisi, Səmərqənd, Buxarada olub, bu tarixlə mümkün qədər tanış olmaq imkanı qazandıq.

Məlumat üçün bildirim ki, Bakıdan paytaxt Daşkəndə həftədə iki dəfə - bazar ertəsi cümə axşamları Özbəkistan Hava Yolları reyslər təşkil edir. Onu da vurğulamaq lazımdır ki, Özbəkistan Hava Yolları ilə uçmaq həm çox rahatdır, həm təhlükəsizdir, xidmət isə yüksək səviyyədədir. Həm gedəndə, həm Bakıya qayıdanda sərnişinlərin çoxluğu iki qardaş ölkə arasında gediş-gəlişin sıx olduğunun göstəricisi idi.

Özbəkistanla tanışlığa ölkənin baş şəhəri Daşkənddən başlayırıq. Daşkənddə vaxtın azlığını nəzərə alaraq şəhərin ən gəzməli görməli yerləri ilə tanış oluruq. İlk təəssüratım isə şəhərin təmizliyi, səliqəsi, yaşıllığa bürünməsidir.

Baxmayaraq ki, paytaxtda 3 milyondan artıq  əhali yaşayır, şəhərdə insan sıxlığı hiss olunmur. Əhali daha çox şəxsi avtomobillərə metroya üstünlük verir. Sərnişin avtobusları az sayda gözə dəyir. Özbəkistanda avtomobil istehsal olunduğundan nisbətən ucuz başa gəldiyindən, demək olar ki, hər bir ailə maşın ala bilir.

Küçələrdə kiçik bir zibil qırıntısına belə rast gəlmək mümkün deyil. Səbəbi ilə maraqlanıram, buna görə hər hansı bir cərimənin olub-olmadığını soruşuram, bəlli olur ki, sadəcə insanlarda artıq belə bir vərdiş formalaşıb. Bununla bağlı maarifləndirmə işləri aparılıb. Bütün məhəllələrdə ağsaqqallar insanları belə hallara yol verməməyə çağırıb. Üstəlik, həftənin müəyyən günlərində hər məhəllədə yerli sakinlər təmizlik günü elan edir səliqə-səhman yaradırlar.

Əgər yolunuz Daşkəndə düşübsə, mütləq baş çəkməli olduğunuz yerlərdən biri dörd su mənasını verən qədim 

Çorsu bazarı

-dır.

Çorsu Daşkəndin qədim hissəsinə yaxın yerləşir, təkcə şəhərin deyil, Orta Asiyanın ən iri qədim bazarıdır. Bura ilk növbədə mavi rəngli nəhəng göy qübbəsi ilə diqqəti çəkir. İki mərtəbəli, dairəvi formada tikilib.

Burada demək olar ki, hər şey satılır. Qarpız, yemiş, pomidor, xiyar, göy-göyərti, ət məhsulları, Özbəkistanın dünyada məşhur quru meyvələri, hər biri ölkənin öz istehsalıdır. Qiymətləri münasibdir. Ümumiyyətlə, Özbəkistanda qiymətlər ucuzdur. Eyni zamanda, məhsullar çox keyfiyyətlidir. Burda kənd təsərrüfatı məhsulları 15-20-50 sent arasındadır. 

"Qədim Daşkənd"də

Paytaxt Daşkənddə baş çəkilməli əsas məkanlardan biri "Qədim Daşkənd"dir. Paytaxtda 1966-cı ildə baş vermiş güclü zəlzələ Daşkəndi dağıtsa da, şəhərdə mövcud olan bənzərsiz memarlıq abidələrinin çox hissəsini məhv etsə , şəhərin arxitekturasını yenidən bərpa etmək mümkün olub. Adına uyğun olaraq qədim Daşkəndin küçələrinə daş döşənib. Daşkəndin qədim hissəsində özünü müasir şəhərdə qədim dövrdə hiss edirsən. Paytaxt sakinləri əsasən axşamlar bu ərazidə istirahətə çıxır, parklarda dincəlirlər.

"Qədim Daşkənd"də hündür müasir binaların tikilməsi qadağan edilib. Əks halda, şəhərin bu hissəsinin görünüşünə xələl gələ bilər.

Mərkəzdəki kəsmə daşlar döşənmiş böyük meydanda üç tarixi abidənin olduğu kompleks yerləşir. Bunların biri  sol hissəsədəki Həzrət İmam məscididir (bura Xəst İmam da deyirlər). Burada X əsrdə Bizans imperatoruna şeir formasında məktub yazmaqla məşhurlaşan, əsl adı Əbubəkr Məhəmməd Kafali Şaşi (903-976-cı illər) olan Həzrət İmamın türbəsi yerləşir. Şafi məzhəbinin Orta Asiyada yayılmasında böyük rol oynayan İslam liderlərindən olub. Qəbri üzərində türbə isə 1541-1542-ci illərdə Şeybanilər tərəfindən tikilib.

Sağda Barak Xan mədrəsəsi, mərkəzdə isə hazırda Özbəkistan Müsəlmanlar İdarəsinin balansında olan kitabxana-muzeydir (keçmişdə Muyi-Mübarək Cümə camesi).

Dünyanın ilk ən qədim Quranı 

Dünyanın ilk ən qədim Quran kitablarından biri Daşkənddə - Muyi-Mübarək mədərəsində saxlanılır. XVI əsrdə tikilmiş bu kompleksdəki 30 min qiymətli əlyazmanın yer aldığı kitabxanada ən dəyərli qiymətli əşya dünyanın ilk ən qədim Quranlarından biri saxlanılır. Həmin Quranın üzərində isə üçüncü xəlifə Osmanın qanının damcıları hələ qalır. Rəvayətə görə, Quran oxuyarkən sui-qəsdçi onu xəncərlə vurub axan qan müqəddəs kitabın ceyran dərisindən hazırlanmış vərəqlərinə hopub.

Sonradan Əmir Teymur Kufəni zəbt edəndə həmin kitabı Səmərqəndə gətirib, burada bir neçə yüz il saxlandıqdan sonra ruslar işğal zamanı, 1869-cu ildə onu aparıblar. Həmin Quran kitabı sovet illərində Özbəkistana qaytarılsa da, açıq sərgilənməyib, zirzəmidə saxlanılıb. Özbəkistan müstəqillik əldə etdikdən sonra isə Quran kitabı muzeydə yerləşdirilib. Daşkəndə gələn turistlər mütləq şəkildə bu kitabı görürlər. Bura giriş 10 min sum, 1 dollardan bir qədər artıqdır.

Xatırladım ki, xəlifə Osmanın adı ilə bağlı dörd orijinal Quran kitabı var. Onlardan biri haqqında söz açdığımız bu kitabxanada, ikincisi İstanbulda, üçüncüsü Qahirədə, dördüncüsü isə Londonda saxlanılır

1529-1563-cü illər arasında Şeybanilər tərəfindən tikilmiş Barak Xan (Barak Xanya əsl adıyla Novruz Əhməd Daşkəndin hakimi olub) mədrəsəsinin həyətinin divarların dibində sıralanmış qədim hücrələrdə əl işləri satış sərgisi nümayiş olunur. Sənətkarlar burda müxtəlif əl işləri hazırlayıb həm satırlar həm də nümayiş etdirirlər. Əraziyə baş çəkən turistlər mütləq yadigar olaraq həmin suvenerlərdən, əl işlərindən alırlar. 

İnsanlıq simvolu

"Xalqlar dostluğu" parkı da Daşkənddə ən çox baş çəkilən ərazilərdəndir. Ərazidə eyniadlı Mədəniyyət Sarayı da yerləşir. Parkın ortasında isə böyük bir ailənin təsvir olunduğu abidə-kompleksi yaradılıb. Əsərin tarixi də maraqlıdır. Belə ki, II Dünya müharibəsi zamanı ölkədə aclıq hökm sürürmüş. Bu zaman abidədə əks olunan bir ailə müharibədə yaxınlarını itirmiş, kimsəsiz uşaqlara sahib çıxır, onları övladlığa götürüb və böyüdürlər. Həmin uşaqların arasında müxtəlif millətlər olub. Dövlət bu mərhəmətli ailənin şərəfinə abidə kompleksi ucaldıb.

Müstəqillik meydanı

Müstəqillik meydanı adından da göründüyü kimi, özbək xalqı üçün xüsusi əhəmiyyət kəsb edir və şəhərin simvolu sayılır. Ölkənin milli bayramları bu meydanda keçirilir, insanların əsas gəzinti, istirahət yerlərindən biridir.

Meydanda Özbəkistanın müstəqillik abidəsi (1991) ucaldılıb. Qranit obelisk (dikili daş) üzərindəki kürə ölkənin inkişafını və müstəqil dövlət kimi dünya ictimaiyyətinin tam hüquqlu üzvü olmasını simvolizə edir.

Müstəqillik meydanı Daşkəndin əsas ziyarət edilən ərazilərindən biridir. Burada Prezident sarayı, Nazirlər Kabineti, parlament binası və digər dövlət qurumlarının binaları yerləşir. Özbəklər axşam işdən sonra ailəvi olaraq parklarda gəzir, istirahət edirlər. Ona görə, Daşkənddə gecələr daha qələbəlik olur.

Daşkəndlə tanışlığımız başa çatır, qarşıda Fərqanə vadisi var. O Fərqanə vadisi ki, təkcə Özbəkistan üçün deyil, qonşu ölkələr, ümumilikdə, Mərkəzi Asiya üçün böyük əhəmiyyət daşıyır...

Pərvanə SULTANOVA

 

525-ci qəzet.- 2018.- 31 avqust.- S.4.