Muğam - beşiyimizdən qəbrimizəcən...   

 

 

 

Dünyada elə şəhərlər var ki, musiqi, səs dedikdə ilk oralar yada düşür. O şəhərlərin hər daşı, hər qayası, suyu, havası, sanasan, musiqi ilə yoğrulub.

 

Bir sıra ad sadalamaq olar dediyim bu səsli-sədalı şəhərlərə misal kimi. Amma mənim üçün bu siyahıda Azərbaycanın sənət beşiyi, ən gözəl güşələrindən biri olan Şuşa şəhəri birinci yerdədir. Muğam dedikdə elə ilk yada düşən bu şəhər haqqında bunu da eşitməmiş deyilik: “Şuşada bələkdəki körpələr muğam üstə ağlardılar”...

Onda hələ dünyadan hali olmayan uşaq idim. Dumanlı xatırlasam da, siqaretdən bığları saralmış o, saqqallı, nurani babamın ayaq altında qalan payız yarpaqları təki xışıldayan radiosunu xatırlayıram. Uçuq-sökük binanın balkonunda hər səhər qırmızı, fənərli radiosunu qoşar, çayından qurtumlayıb, papirosundan dərin bir qüllab vurub fikrə gedərdi. Radiodan avaz yayılırdı:

“Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi”

Sonra yavaş-yavaş digər yaşlılar da buxarı papaqlarını taxıb, həyətə yığışar muğamlara birlikdə qulaq asıb gəncliklərindən danışardılar. Biz uşaqlar üçünsə onların danışdığı qəhrəmanlıqlar maraqlı gələrdi. Öz aramızda babalarımızı yenilməz qəhrəman kimi təqdim edərdik.

Ümumilikdə bu mənzərələr çox xoşuma gəlirdi. Xüsusən babamın radioda muğam dinləməsi. Elə bilirdim ki, radio da bir evdir, balaca adamların evi. Düşünürdüm ki, onun içində kimsə var oxuyan da elə odur. Həmin o radio evimizin çardağında indi qalır. Amma təəssüf ki, daha muğam sədası gəlmir. Çünki o sənətkarların “o evdə yaşamadıqlarına” inanmayacaq qədər böyümüşəm.

Ümumiyyətlə, sənət müstəvisində dünyada müqəddəs saydığım iki nəsnə var. Biri söz, digəri isə səs. Səs dedikdə yəni musiqi. Musiqi nədir? İncəsənətin bir növü. Başqa cür nədir? Həyat.

Bəli, məhz həyat. Biz həmişə ruh halımızdan asılı olaraq dəyişkən musiqilər dinləyirik. Musiqi bir zövqdür. Musiqi mənim üçün həm insanın intellektini müəyyən etmək üçün vasitədir. Yəni bir növ, dostunuzu göstərib kimliyinizi bildirmək kimi. Dinlədiyin musiqini de, bilim kimsən.

Dahi Üzeyir bəy əsas muğam dəstgahlarımızın psixoloji-emosional təsirlərindən söz açıb, “Rast” muğamının insanda mərdlik, fərəh, gümrahlıq, “Şur” muğamının şən əhval-ruhiyyə, “Segah”ın məhəbbət, “Çahargah”ın həyəcan... verdiyini qeyd edib...

Qayıdıram o uçuq-sökük binanın muğamlı günlərinə. Babamın o muğamları dinləyərək fikrə getməsinə. O günlərdən yadımda çox ifalar qalıb. O radiodan, vallardan gəzişmələr, zəngulələr eşitmədim mən?!

Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən Xanın, Xan Şusinskinin, onlardan sonrakı ustadların misilsiz ifaları köçdü yaddaşıma.

Onların radionun içində olduğunu sandığım günlərdən həmişə mənə həyatları özləri maraqlı olub. Xalq mahnılarımızı məxsusi bir şövqlə oxuyan Xan Şuşinski necə olurdu ki, bu cür səslə dillənirdi?

Bunları ən çox ona görə düşünürdüm ki, öz səsim yox idi. Gözümü açanda ətrafımda hər kəsin oxuduğunu görüb oxuya bilməməyim qısqanclıq hissi doğururdu məndə. Deyilənlərə görə, böyük xanəndələr səsini qorumaq üçün ziyanlı yeməklərdən imtina edirmişlər. Cabbar Qaryağdıoğlunun sənət keçmişinə baxıram, bir sözünə rast gəlirəm sənətin, musiqinin, muğamın aliliyini, bəşəriliyini sümüklərimə qədər hiss edirəm.

“Mən əlli yaşıma qədər evlənmədim ki, səsim batar”. Axı sənət həm imtinadır...

İndi hərdən yaşlı insanlar öz dövrlərini, yaşam şəraitlərini xatırlayıb köks ötürəndə nədənsə düşünürəm ki, kaş mən o günlərdə yaşayaydım. Əvvəllər bunu anlamırdım, qəbul etmirdim. Amma bu yaxınlarda bir çəkməçinin yanına gedəsi olmuşdum. Mən içəri girəndə eynəyini burnunun üstünə salıb, isti bir təbəssümlə: “Xoş gəlmisən, ay bala” deyən o qoca çəkməçinin radiosundan gələn səs:

“Vətəni sevməyən insan olmaz,

Olsa da o şəxsdə vicdan olmaz”

- oxuyan xanəndənin ifası o dəqiqələrdə qarışıq düşüncələrdən yorğun düşən zehnimin, ruhumun qidası oldu.

Görkəmli xanəndə Xan Şuşinskinin oxuduqları isə mənə ayrı bir zövq verir. Sanki onun avazı daha yaxındır ruhuma. Dilimin əzbəri olan xalq mahnıları - “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a ceyran bala” mahnıları musiqi dünyamda fərqli bir yer tutub.

Hərdən mənə “sən qocalmısan, bu nədi - ancaq muğama, xalq mahnılarına qulaq asırsan?!” deyə irad tutan adamların qarşısında susuram. Çünki həqiqətən bunun sirrini bilmirəm. Bəzən bu iradlara cavab kimi, böyüdüyüm mühitin təsirini əsas gətirib, yaxamı qurtarmağa çalışıram. Sonra da imkan tapıb Qədir Rüstəmovun ifasında “Sona bülbüllər”i dinləyirəm. Macalım lap gen olanda başqa xanəndələrimizi .

Muğamın işığı, istisi ədəbiyyata da yansıyır. Azərbaycan ədəbiyyatında muğama aid çox əsər yazılıb. Onun təqdimatını, təsvirini Nizami Gəncəvinin “Xosrov Şirin” poemasından Nəsimin qəzəllərinə, Bəxtiyar Vahabzadənin “Muğam”ına qədər bir çox ədəbi nümunədə görə bilərik.

Bu gün muğamın yaşaması, yaşadılması, dünyaya çıxarılması təqdirəlayiqdir. Azərbaycan dövlətinin bu yöndə həyata keçirdiyi tədbirlər sevinib qürurlanmağa əsas verir.

 

Orxan SAFFARİ

 

 

525-ci qəzet.- 2018.- 1 dekar.- S.24.