Keçən günlər düşdü yada...

Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda əziz tələbə yoldaşımız, şair Nəsib Nəbioğlunun yaradıcılıq məclisinə, onun "Seçilmiş əsərləri"nin I cildinin təqdimetmə mərasiminə toplaşmışdıq.

Nəsib qardaşımız uzun illərdir ki, Rusiyanın paytaxtı Moskva şəhərində yaşayıb-yaradır və Azərbaycanımızı orada yüksək ləyaqətlə təmsil edir. O, Rusiya Yazıçılar İttifaqının üzvü, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibidir. Nəsib Nəbioğlu bu gün erməni tapdağı altında inləyən Kəlbəcər torpağındandır. O, Bakıya 1975-ci ildə gəlmişdi. Baykonurda əsgəri xidmətini başa vurub, elə əsgər paltarında da həmin il M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı institutunun hazırlıq şöbəsinə daxil olmuşdu. Mən isə həmin instituta bir neçə nəfərlə 1976-cı ildə orta məktəbdən sonra birbaşa girmişdim. Nəsibgil bizdən 4-5 yaş böyük idilər. Nəsib 1-ci kursa da əsgər paltarında gəlirdi. Öyrəndik ki, o, atasını çox erkən itirib və çoxuşaqlı ailə vəziyyətləri ürəkaçan deyil. Buna görə də Nəsib dərslərinə çox böyük məsuliyyətlə yanaşmaqla bərabər, gecələr də işləyirdi. Ecazkar təbiəti, dağı-daşı, qayası, meşəsi, bulağı olan Kəlbəcərdə Nəsib həm də anasından şair doğulmuşdu. Onun bir dəfə dərsdə oxuduğu "A nənəmin cəhrəsi" şeiri onu bir şair kimi hamının gözündə ucaltdı, məşhur elədi. Lakin son dərəcə təvazökar və sadə qardaşımız heç vaxt bununla öyünmürdü, yazdıqlarını çox da oxumurdu. Beləcə günlər gəlib keçdi, biz unudulmaz tələbəlik illərinin 4-cü kursunu bitirdik. Beşinci kursda Nəsib digər bir istedadlı dostumuz Səfər Alışarlı ilə birgə Moskvaya, M.Qorki adına Ədəbiyyat institutuna göndərildi. O vaxtdan bəri mən Nəsibi görmürdüm, ancaq onun xoş sədasını, söhbətini eşidirdim. Eşidirdim ki, institutu əla qiymətlərlə bitirib, müəllimlərinin sevimlisi olub, onların zəmanəti ilə Moskvada yüksək vəzifələrdə çalışıb, bir şair kimi Rusiyada şan-şöhrət tapıb, oradakı azərbaycanlı yazıçıları bir ocağa yığıb onlara böyüklük edir, Səməd Vurğunun, Rəsul Rzanın və digər Azərbaycan dahilərinin, dühalarının yubiley məclislərini keçirir, elə Səməd Vurğunsayağı Moskvada yaşayan, oxuyan istedadlı gənclərimizə dəstək olur, yardım göstərir, müxtəlif məqsədlə Moskvaya gələn Azərbaycan ziyalılarını orada böyük hörmət və səxavətlə qarşılayır və yola salır, son illərdə başımıza gələn müsibətləri, faciələri Rusiya və eləcə də dünya ictimaiyyətinə çatdırır, öz yaradıcılığında böyük uğurlar qazanır və sairə və ilaxır. Bunları eşitdikcə də ürəyim dağa dönür, bir tələbə yoldaşımız kimi ona "əhsən" deyirdim, onunla qürur duyurdum ...

Bir-iki ay bundan qabaq digər bir tələbə yoldaşımız, Nəsiblə daha yaxın olan Sabir Mahmudovdan mənə zəng gəldi. O söylədi ki, Nəsib Bakıdadır və mənimlə görüşmək istəyir. Çox sevindim. Səhəri günü indiyə qədər çalışdığım doğma ocağımız, 2000-ci ilə qədər M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı institutu, ondan bəri isə Bakı Slavyan Universiteti adlanan ali məktəbin foyesində görüşüb qucaqlaşdıq. Universitetin yeməkxanasına düşdük. 38 ildən sonra yenə əvvəlki kimi əyləşib çay gətirtdik, söhbətə başladıq. Bu görüşdə bir neçə tələbə yoldaşımız - bu Universitetin Qiyabi və Əlavə təhsil şöbəsinin dekan müavini Aydın Əliyev, Müasir rus dili kafedrasının dosenti Əli Balakişiyev, indi təqaüddə olan MTN polkovniki Ziyafət Xanbabayev, Qarabağ müharibəsinin odundan-alovundan keçmiş, təqaüdçü hərbçi qardaşımız, gözəl dostumuz Sabir Mahmudov və Nemət Şəfizadə iştirak edirdilər.

Hamımız çox dəyişmişdik: saçlar ağarmış, tökülmüş, sifətlər solmuş, bozarmışdı, 20-25 yaş hara, 60-65 hara?! Nəsibin də qara şəvə saçları, bığları bəmbəyaz olmuşdu, şair gözlərindən doğma vətən həsrəti, Kəlbəcər dərdi tökülürdü. Uşaqlıqdan kədərli tələbə dostumuz daha da qəmli, nisgilli görünürdü. Ancaq bu görüş bizi xoşbəxt tələbəlik illərinə qaytardı, bir anlıq unutduq qəmi, kədəri, yada saldıq sevimli müəllimlərimizi, tələbə qardaş və bacılarımızı, acılı-şirinli günlərimizi. Ruhumuz təzələndi, könlümüz havalandı. Bir neçə saat oturub danışdıq, gülüşdük, 38-40 il qabaq olduğu kimi. Heyf o günlərdən! Şair demişkən "keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim". Nə isə... Ayrılanda Nəsib bizə bildirdi ki, sentyabrın 27-də saat 14-də Yazıçılar Birliyində tədbir keçirəcək, onun "Seçilmiş əsərlər"inin I cildinin nümayişi olacaq və bizi də o tədbirdə görmək istəyir. Bu dəvəti də biz, əlbəttə, böyük sevinclə qəbul etdik və deyilən vaxtda Yazıçılar Birliyinin "Natəvan" klubunda olduq. Mən əvvəllər də çox olmuşdum bu zalda, ancaq indi görəndə ki, kimlər gəldi Nəsibin bu məclisinə, onun adi bir yazar, şair olmadığı qənaətinə gəldim. Azərbaycan Yazıçılar Birliyinin sədri, sevimli yazıçımız Anar müəllim başda olmaqla onun müavinləri - çox hörmətli Fikrət Qoca, Çingiz Abdullayev, müasir Azərbaycan ədəbiyyatının sayılıb-seçilən nümayəndələri Ramiz Rövşən, Seyran Səxavət, Şirindil Alışanlı, Milli Məclisin bir neçə üzvü, bu tədbirə Qubadan gəlmiş əziz dostumuz, şair Ramiz Qusarçaylı, vaxtilə institutda bizə dərs demiş əziz müəllimimiz, xalqımızın çox hörmətli ziyalısı, folklorşünas Qəzənfər Paşayev, əslən kəlbəcərli olan bir neçə tanınmış ədəbiyyat, incəsənət nümayəndələri Nəsib Nəbioğlunun bu məclisinə yığışmışdı. Nəsibin təqdim olunan "Seçilmiş əsərləri"nin I cildi vətənpərvər ziyalı, "Azərnəşr"in baş redaktoru Əlövsət Ağalarovun təşəbbüsü və dəstəyi hesabına işıq üzü görmüşdü.

Tədbirin aparıcısı, son zamanlar Azərbaycan ədəbiyyatının və mədəniyyətinin təbliğində öndə gedən "525-ci qəzet"in baş redaktoru, gözəl insan və şair Rəşad Məcid idi. O, özünəməxsus sadəlik və səmimiyyətlə bu yığıncağın məqsədindən, məramından söz açdı, Nəsib Nəbioğludan böyük şövqlə, onun yaradıcılığından ağızdolusu danışdı və sözü bir-bir məclisdə iştirak edən görkəmli insanlara verdi. Məclis 3 saata yaxın davam etdi, hamı Nəsib Nəbioğludan ağızdolusu danışdı, onun Moskvada gördüyü işlərdən, Azərbaycan ədəbiyyatını necə təmsil və təbliğ etməsindən söhbət açdı, şeirləri səsləndi. Tələbə dostları, yəni bizim adımızdan Sabir Mahmudov çıxış etdi.

Məclisdə tərif tərif dalınca yağdırıldı və mən bu zaman kəsiyində Nəsibi bir daha kəşf elədim və fikirləşdim: Nəsib nə böyük şair imiş, öz xalqının yolunda bu qədər xidmətin qarşısında görəsən, biz ona nə vermişik, hansı adla, orden və medalla onu sevindirmişik? Mənim bu içi dərd dolu, nisgil dolu şair, alim, böyük ziyalı qardaşıma heç olmasa Bakı şəhərində qürbətdən gələndə yaşamağa bir babat mənzil niyə verməyək? Nə isə...

Tədbir qurtardı, biz Nəsiblə bu gündən xatirə şəkilləri çəkdirdik, hərəmiz onun öz avtoqrafı ilə nümayiş olunan kitabının birini götürdük və onunla danışdıq ki, bir-iki gündən sonra yenə görüşək. Düşündük ki, yəqin indi Nəsibin çox yaxın qohumları, eloğluları tədbirdən sonra bu günü hardasa qeyd edəcəklər, biz onlara yük olmayaq: yəqin indi aşığı da götürüb gedəcəklər hansısa bir restorana. Hardan biləydik ki, hamı bizdən sonra bir-bir çəkiləcək, axırda zalda təkcə Nəsiblə Sabir qalacaq və Sabir onu gətirib "28 may" vağzalından avtobusa mindirib Zığa, evinə yola salacaq. Bir neçə gündən sonra mən bunu elə Nəsibin özündən eşidəndə çox pis oldum, qəhərləndim. Dedim, ey dünya, dünya! Nə olaydı Nəsib bir imkanlı məmur və yaxud iş adamı olaydı, onda ona azı bir həftə hər gün qonaqlıq verərdilər, başına dolanardılar. Həzrəti Əli demiş, kasıb öz vətənində də qəribdir. Tez uşaqlara zəng elədim, dedim sabah mütləq Nəsiblə bir yerdə əyləşirik, çörək kəsirik, onun könlünü alırıq, qəlbini oxşayırıq. Elə də etdik, o birisi gün axşam biz gözəl bir məkanda cəm olduq, Allah verəndən süfrəmizə düzüldü, bu süfrənin meyini də Sabirin ömür-gün yoldaşı, bizim də tələbə yoldaşımız Dərcan xanım hədiyyə olaraq göndərmişdi. Beləliklə, Vurğun demiş "tələsmədən, məst olub dünyadan keçmədən, mehriban düşüncələrin isti qucağında qızındıq bir az". Sazın sədaları altında Nəsibin şeirlərini oxudum, çox mənalı bir zaman keçirdik.

Bir-iki gündən sonra Nəsib Moskvaya yollandı, indi o, oradadır, mən isə onun kitabını, "Seçilmiş əsərləri"ni vərəqləyirəm, şeirlərini bir daha gözdən keçirirəm. Və keçirdikcə də bir daha əmin oluram ki, məşhur nasir, ədəbiyyatşünas Çingiz Hüseynov demiş, Nəsib əsl şairdir, nadir şairdi.

Kitabda onun yaradıcılığının müxtəlif dövrlərinə aid olan şeir nümunələri verilib. Onlardan bir neçə yarpağa nəzər salaq:

 

Kələflərin içində boya-başa çatmışam,

Dükcələr qucağında şirin yuxu tapmışam,

Elə bilmə mən səni unutmuşam, atmışam,

Hələ də yadımdadır naxışının düyməsi,

A nənəmin cəhrəsi.

Kəlbəcər, 1976.

Sinəmdə güman, Allah,

Keçmir bu duman, Allah,

Boş qalıb aman, Allah,

Ürəyim yurd yeridi.

 

Moskva, 1993.

 

Neçə ildir qurumur anaların göz yaşı,

Dağların həsrətindən yanıb bağrımın başı,

Qurtar qələbə ilə bu döyüşü, savaşı,

Sevinclə, gülə-gülə açım aydın səhəri,

Sənə əhsən deyirəm, Azərbaycan əsgəri!

Moskva, 05.04. 2016.

Baxın, professionallıq baxımından Nəsibin 42 il bundan öncə yazdığı şeir parçası 2 il bundan qabaq yazdığı misralardan heç də geri qalmır. Bu parçaların hər üçündə sözlərin, səslərin hamısı yerli-yerində, dil rəvan, məzmun aydın, güclü emosiya və konnotasiya. Kitabdakı hər bir şeir bu cürdür, hamısı düşündürücü, təsirlidir, hər bir parçada fikirlər bir-birini tamamlayır, sonda gözəl bir mənzərə, bir süjet yaranır:

 

Nur alıb dağların qaynaqlarından,

Çıxıbdı zamanın sınaqlarından,

Qopub tənqidçinin "caynaq"larından,

Şeirindən dağların ətri gəlir!

 

Uzağa düşməyib yaz havasından,

Əzəldən uzaqdı naz havasından,

Tutubdu yükünü saz havasından,

Şeirimdən dağların ətri gəlir!

Doğrudan da, Nəsibin bütün şeirlərindən dağ ətri, gül-çiçək, təbiət ətri gəlir, çünki özü kimi şeirləri də səmimidir, təbiidir, bulaq kimi saf və axıcıdır. Nəsib qafiyə üçün söz axtarıb, şeir yazmır, o, şeirlə danışır, fikir yürüdür. Əsl şair, anadan doğulan şair belə olmalıdır ...

Nəsibin şeirlərinin çoxu onun doğulub boya-başa çatdığı, dağlarında, düzlərində gəzdiyi, indi isə yağılar əlində olan Kəlbəcər torpağına sevgi, həsrət, nisgil hissləri ilə doludur. O, bu torpağın, dağın, düzün, çəmənin yoxluğuna dözə bilmir. Ona görə də onun səsindən, sözündən, gözündən qəm, kədər tökülür, o, dağları, düzləri, sazlı-sözlü Ceyran bulaqlarını, dili laylalı, bayatılı nənələrimizin dizlərini istəyir ki, onlara söykənib şirin-şirin xəyala dalsın, yuxuya getsin. Görəsən, gələcəkmi o günlər?!

 

Başım uca qala zirvələrintək,

Durub görüşünə gələm, a dağlar.

Unudam dünyanın dərdi-qəmini

Qoynunda şənlənəm, güləm, a dağlar!

 

İllər gəlib-keçir, ötüşür vədə,

Həsrətin az qalır köksümü didə.

Qəhərim, kədərim baş alıb gedə,

Sinəmdən nisgili siləm, a dağlar!

 

Nəsibəm qoyaram baş torpağına,

Quru torpağına, yaş torpağına,

Əriyəm, qarışam daş-torpağına,

Sənin qucağında öləm, a dağlar!

 

Dağları görən, dağlarda gəzən, onların ətəyində, qoynunda yaşamış hər bir şairin ən əziz dostu, sirdaşı dağlardı. Dağlar özləri sanki canlı bir varlıq, bir şairdir. Ona görə də, demək olar, bütün şairlərin dağlara müraciəti, dağlardan diləyi, köməyi, dağların vəsfi məzmununda şeiri var. Dağlar onların uman yeri, güman yeri olub, dağlar dərdlərimizi çəkən, onları eşidən, bölüşəndir. Bəlkə ona görə dilimizdə belə bir ifadə də var: ahın dağlara!

Nəsib də əksər şeirlərində Kəlbəcərin şahanə dağlarına üzünü tutur, onlarla danışır, onların "qoynunda dərdi-qəmini unudub şənlənmək; onların qucağında da ölmək" istəyir. Allah-təala sənə o günləri nəsib eyləsin, ay Nəsib!

Nəsib Nəbioğlunun rəhmətlik nənəsinə (kəlbəcərlilər anaya nənə deyir) yazdığı şeirlər də çox təsirli və mənalıdır. Bu şeirlərdə 25-30 ildir ki, öz doğma yurd-yuvasından didərgin düşmüş, öz gözəl həyət-bacalarını, aydın səmalarını, uca dağlarını, geniş düzlərini qoyub gəlmiş, şəhərlərin qara asfalt küçələrində, dar mənzillərində oğul-uşaq da gözünə görünməyib, "vətən, vətən" deyə-deyə dünyalarını dəyişən ata-babalarımızın, ana-bacılarımızın fəryadının ürəkyandırıcı poetik ifadəsini görürük. "Anamı kiridə bilmirəm, Allah", "Qaçqın anam, köçkün anam", "Anama bir müjdə verə bilmədim", "Sən mənim ən əziz didərginimsən", "Qara yaylıq" və s. şeirləri buna misaldır.

Bu kitabda Nəsib Nəbioğlunun Bəxtiyar Vahabzadəyə ("Bəxtiyar"), Məmməd Araza ("Hələ qayalar ağlayır", "Məmməd"), Məmməd Aslana ("Qəbrinin üstündə palıd göyərməz"), Şücaətə, Bəhmən Vətənoğluna, Ramiz Rövşənə ("Sinəni öyrətmə orden, medala") və ona əziz olan digər məşhurlara ünvanladığı şeirlər də çox gözəldir.

Nəsibin məhəbbət lirikası da güclüdür, orijinaldır. Bu şeirlərin çoxu, əlbəttə, onun gənclik dövrlərinin məhsuludur, lakin sonradan yazdığı şeirlərdə də Nəsib bir şair kimi gözəlliyi və gözəllərimizi özünəməxsus məharətlə vəsf edir.

Digər bir şeirində görün şair xalqımızın yalvarışlarından birini, "ayağının altında ölüm" ifadəsini necə gözəl işlədir:

 

Səni yaman küsdürmüşəm,

Gülüm incimə-incimə

Göz yaşını nəfəsimlə

Silim incimə-incimə...

 

Həzin-həzin qəlbim dindi

Dərdimiz düyün-düyündü

Ayağının altda indi

Ölüm incimə-incimə.

Belə misraları ancaq Azərbaycan dilinə, bu xalqın folkloruna, aşıq poeziyasına yaxından bələd olan bir el şairi, bir xalq şairi deyə bilər.

Əziz oxucular, Nəsib Nəbioğlunun "Seçilmiş əsərləri"nin I cildindən çox yazmaq olar, ancaq mən burda fikrimi tamamlayıb, onun elə axırıncı görüşümüzdə mənə bağışladığı bir kitabı haqqında da bir neçə kəlmə söz demək istəyirəm. Bu kitab "Siyala zvezda nad skaloy" adlı Nəsibin Azərbaycanı ürəkdən sevən şair və tərcüməçi dostu Nikolay Qoroxovun rus dilinə tərcüməsində şeirlər kitabıdır.

 

Bu, 2014-cü ildə, Nəsib Nəbioğlunun ömrünün 60-cı ildönümündə işıq üzü görmüş, ümumxalq, ümumbəşəri hisslərlə dolu yeni poeziya, lirika kitabıdır.

Elə Nikolay Qoroxovun ön söz əvəzi kimi yazdığı ürək sözlərini oxuduqca Nəsib Nəbioğlunun Rusiyanın ədəbi mühitində nə qədər hörmət və nüfuz sahibi olduğunu, Moskvada nələr etdiyini görüb heyrətə gəlirəm, onunla qürur duyuram. Bir rus dili müəllimi kimi şeirlərini oxuyuram, müəllifə də, onun tərcüməçisinə də "Əhsən!" deyirəm. Azərbaycan dilində olduğu kimi, rus dilində də şeirlər o qədər gözəl səslənir ki, sanki Nəsib onların hamısını rus dilində özü yazıb: forma, məzmun, intonasiya - hamısı öz yerində.

Onu da bildirim ki, 2012-ci ildə Nəsib Nəbioğlu Rusiyada çap olunmuş "Poyuşiy voin" ("Nəğməkar döyüşçü") kitabına görə Yuriy Dolqorukiy adına beynəlxalq ədəbi mükafatına layiq görülmüşdü. O kitabın ön sözünü sovet və rus poeziyasının klassiki, Sosialist Əməyi qəhrəmanı, Lenin və Dövlət mükafatı laureatı, Rusiya Təhsil Akademiyasının akademiki Sergey Mixalkov yazmış və Nəsibin Moskvada keçirilən yubiley mərasimini də o, özü aparmışdı. Həmin kitabın ön sözündə və həmin məclisdə yüksək tribunadan S. Mixalkov həmyerlimiz haqqında bu sözləri demişdi:

"... İndiki dövrdə, bizim böyük ədəbiyyatın xarabazarlığında - Azərbaycan şairinin cəsarətli yaradıclıq ilhamı ruhdan düşmür - mərdi-mərdanə xeyirxahlıq, insani hisslərin səmimiyyətini, kişi dostluğunun böyüklüyünü, qardaşlıq sevgisini və insanlar, xalqlar arasında mehriban qonşuluq münasibətlərini təbliğ edir. Bu gün bu çox dəyərlidir ..."

Eşq olsun sənə, əziz dostumuz, tələbə yoldaşımız! Ey böyük şair, böyük Azərbaycan oğlu! Səninlə fəxr edirik! Vətənimizi, Azərbaycanımızı belə təbliğ etdiyinə görə sənə dərin təşəkkürümüzü bildiririk. Əmin olmaq istəyirik ki, xalqımız da, onun rəhbərliyi də sənin dünyanın gözü olan Rusiyanın başkəndində göstərdiyin xidmətləri layiqincə qiymətləndirəcək.

 

Valeh NƏSİBLİ

Filologiya elmləri doktoru, professor

525-ci qəzet.-2018.-5 dekabr.-S.7-8.