Ərəb yazısı və xəttatlıq sənəti

 

Müsəlman Şərqində digər incəsənət növlərində məharətini sınaya bilməyən sənətkarların bütün istedadlarını yazı sənətində nümayiş etdirməsi xəttatlığın xüsusi önəm kəsb etməsi ilə nəticələndi.

 

Yazı ərəblərə hələ Cahiliyyət dövründən məlum idi. İslamdan öncə Cənubi Ərəbistanda himyər dili və himyər yazısı mövcud olub. Musnəd adlanan himyər yazısı və digər Cənubi Ərəbistan yazıları Sinay xətt qrupuna daxil idi. Bu yazılar yalnız Yəməndə deyil, bütün Ərəbistan yarımadasında, hətta Mesopotamiya, Bizans imperatorluğu və Misirdə də yayılmışdı. Görünüş etibarilə müsnəd yazısı ərəb yazısından daha çox yəhudi yazısını xatırladır. Himyərlərin dili və musnəd yazısı təxminən X əsrə qədər mövcud olmuş, sonra Şimal ərəblərinin dili və yazısı onu üstələyib aradan çıxarmışdır.

Şimalda iki xətt növü mövcud olub: Nabati yazısından əxz edilmiş nəsx və Siryani yazısından götürülmüş kufi xətləri. Kufi xətti Hirədə geniş yayıldığından, ona hiri yazısı da deyilirdi.

İslam yarandıqdan sonra da yazıya, yazı ilə bağlı alətlərə xüsusi önəm verilr. Bunun iki əsas səbəbi var: Birincisi, söz Allah kəlamı olaraq müqəddəs sayılırdı. Allah aləmləri kun deməklə yaratmışdır. Buna görə, sözün vərəq üzərində ifadəsi olan yazı da müqəddəslik kəsb edir. İkincisi, ərəb-İslam dünyasında heykəltəraşlıq, rəssamlıq kimi sənət növləri qadağan olduğundan, yaradıcı insanlar özlərini kalliqrafiyada sınayırdılar.

Ərəb cəmiyyətində yazı sənəti ilə bağlı insanların - katiblərin və xəttatların xüsusi hörməti var idi. Onlar nomenklaturanı təmsil edirdilər. Artıq Xəlifə Ömərin vaxtından divanlar yarandığından, katiblər bir yandan qeydiyyat işləri aparır, digər tərəfdən isə məktublaşmaları həyata keçirirdilər. Zaman-zaman bu sənət inkişaf edir, mühərrirlər, munşilər, katibliyi incəsənət səviyyəsinə qaldıran xəttatlar və b. meydana çıxır.

İslam yarandıqdan sonra nəsx xətti məktublaşmalarda, kufi isə Quran nüsxələrində istifadə olunur. Kufi itibucaqlı xətt idi. Sonradan bir çox başqa xətlər yaransa da, daş oymaları kufi xətti ilə işlənirdi. Məscid və binaların dekorasiyasında ən çox kufi yazısından istifadə olunurdu. Sonradan kufi əsasında tumari xətti yaranır. Tumari kufi ilə müqayisədə ucu daha enli qələmlə yazılırdı. Tumari ən çox hökmdarların yazışmalarında istifadə olunurdu. Abbasilər dövründə bu xəttin daha incə variantı olan sülsi yaranır. Hökmdarların məktubları üçün bəzən tauqi xətt növündən istifadə olunurdu. Ümumiyyətlə, hələ Abbasilərin ilk dövründə müxtəlif yazılarda müxtəlif xətt növlərindən istifadə olunurdu. Bu xətlər bəzən o qədər gözəl olurdu ki, qeyri-ərəbləri heyrətə gətirirdi. Məsələn, xəlifə Məmun Bizans imperatoruna məktub göndərərkən, imperator həmin məktubun gözəlliyini o qədər bəyənir ki, onu bir incəsənət əsəri kimi sarayının divarına asdırır.

Yazı sənətinin təkmilləşməsi, ərəb hərəkələrinin və nöqtələrinin yaranması barədə Quranın yazıya alınması ilə bağlı idi. Məlumdur ki, Quran nazil ola-ola (610-632) səhabələr onu əzbərləmiş, vəhy katibləri Quranı yazıya almışlar. İlk vaxtlar Quran ayələri perqament, papirus, xurma ağacı yarpaqları, heyvanların kürək sümükləri üzərində yazılırdı. İlk nümunələr kufi, bəzən də hicazi xətti ilə yazılıb.

Xəlifə Əbu Bəkrin dövründə Quran Zeyd ibn Sabitin başçılığı ilə kitab halında yazılıb tərtib olunur; yaddaşlarda, perqament, xurma yarpaqları, kətan parça və sümüklər üzərində olan suhufu (səhifələri) kitab halına salırlar. Həmin nüsxə Əbu Bəkrin vəfatından sonra Ömərdə qalmış, Ömər dünyasını dəyişərkən onu saxlamağı Peyğəmbərin dul qadını, öz qızı Hafsəyə tapşırmışdır.

Quranın müxtəlif qiraət formaları uzun müddət cəmiyyətdə çaşqınlıq yaradırdı. Azərbaycanda olan yürüşlərin birində yarısı Abdulla ibn Məsudun, yarısı Ubeyy ibn Kəəbin qiraətini üstün tutan əsgərlər arasında çaxnaşma düşür, nəticədə onlarla əsgər həyatını itirir. Ümmət arasında fikir ayrılığına son qoymaq üçün Quranın vahid bir nüsxəsini yaratmaq zərurəti meydana çıxır. Bu nüsxənin əsasında Ömərin qızı Hafsədəki nüsxə dayanırdı. Osman nüsxəsi adlanan bu nüsxə indi əlimizdə olan müqəddəs kitabımızdır. Onun nüsxələri Kufəyə, Bəsrəyə, Dəməşqə, Məkkəyə, Misir və Orta Asiyaya göndərilir.

Görünür, Quranın Osman tərəfindən vahid nüsxədə tərtibi zamanı səhabədə müqəddəs kitabın səhifələr toplusu deyil, kitab (müshəf) olaraq bir çox nüsxələri olmuşdur. Rəvayətə görə, Osman nüsxəsi tərtib edilməzdən əvvəl peyğəmbərin bəzi zövcələrində, eləcə də Əbu Bəkr, Ömər, Osman və Əlidə, müsəlman təfsir elminin banisi sayılan Abdulla ibn Abbasda, bəzi qarelərdə Quran nüsxələri var idi. Vahid nüsxə tərtib olunduqdan sonra bu nüsxələr Osmana verilmiş və onlar yandırılmışdır. Yalnız məşhur Quran qaresi, şiəliyə meylli Abdulla ibn Məsud öz nüsxəsini verməkdən imtina etmiş, ağzından süd iyi gələn Zeyd ibn Sabitin başçılığı ilə yeni nüsxə tərtib olunmasını bəyənməmişdir. Deyilənə görə, ibn Məsudun nüsxəsində əl-Fatihə surəsi və muavvazatən adlanan əl-Fəlaq və ən-Nəs surələri olmayıb. Kanonik nüsxədən fərqli olaraq, Abdulla ibn Məsudun nüsxəsində doqquzuncu surə bəsmələ ilə başlayır. Ubeyy ibn Kəəbin nüsxəsində isə iki əlavə surə olub; üç ayədən ibarət əl-Xəl (Ayrılma) və yeddi ayədən ibarət əl-Hafd (Tələsmə) surələri. Sonradan yaranmış xarici təriqəti nümayəndələri isə Yusuf surəsini bəyənməyib Qurandan çıxarmışlar.

Quran müshəf olaraq ilk vaxtlar perqament üzərində yazılmışdır. Adətən üst-üstə beş iri dəri qoyulur, ortadan bərkidilir, on səhifəli iri bir Quran alınırdı. Bəzi ilk Quran nüsxələri papirus üzərində hicazi xətlə şaquli yazılıb. Sonra Quranın kufi xətlə üfiqi istiqamətdə yazılmasına başlanıb.

Quran-i Kərim yazı sənətinin inkişafına təkan verir. Quranın yazıya alınması ilə ilk öncə ərəb orfoqrafiyası təkamül etdi. Əvvəllər ərəb yazısında nöqtə və hərəkələr yox idi. Bu, bir sözün bir neçə oxunuşunu yaradır və Quranın düzgün qiraətini çətinləşdirirdi. Əbu l-Əsvad əd-Duali (v. 688) hərəkələri qırmızı mürəkkəblə nöqtələr şəklində təsvir edir; fəthəni hərfin üzərində, kəsrəni hərfin altında, dammanı hərfin yanındakı qırmızı nöqtə bildirirdi. Deyilənə görə, ona bu dəyişiklikləri etməyi Əli ibn Əbi Talib (v. 661), başqa bir versiyaya görə, əməvi valisi Ziyad ibn Əbihi (v. 673) tapşırmışdır. Kufi əlifbası ilə iri hərflərlə yazılan qədim Quran nüsxələrində əd-Dualinin yazı sistemi müşahidə edilir. Ərəb orfoqrafiyasında ikinci böyük dəyişiklik hərflərin nöqtələrlə fərqləndirilməsi oldu. İlk nöqtələrin də əd-Duali tərəfindən tətbiqi göstərilir, amma indiki işlətdiyimiz şəkildə nöqtələmə sisteminin əməvi valisi Həccac ibn Yusufin göstərişi ilə Nasir ibn Asimin (v.708) tərtib etməsi bildirilir. Üçüncü dəyişiklik Xəlil ibn Əhməd əl-Fərahidi ( v. 791) tərəfindən edildi. O, Əbu l-Əsvad əd-Dualinin nöqtələri əvəzinə indi işlətdiyimiz hərəkələri - fəthə, kəsrə, damma, sukun, şəddə və məddəni yaratdı.

İlk vaxtlar katiblik sənəti ilə bağlı olan yazı işləri zaman keçdikcə incəsənətin bir növünün - xəttatlığın yaranması ilə yeni mərhələyə qədəm qoydu. Xəttatlıq katiblikdən yaranan xüsusi sənət növü olub yazıya estetik gözəllik ünsürləri daxil edir. Hər bir xəttat həm də katib olduğu halda, hər katib xəttat sayılmırdı. Xəttatlıq bir sənət növü kimi Abbasilər dövründə ərəb dünyasında, xüsusilə Bağdadda, sonra isə fars əyalətlərində, xüsusilə İsfahan, Herat, Təbriz kimi şəhərlərdə inkişaf etmişdi. Yazı sənətinin inkişafında ibn Əbu Əli Muhamməd ibn Muqla əş-Şirazinin (885-940) xidməti böyük idi. O, xəlifə Muqtədirin vəziri idi. İbn Muqlanın həyatı çətin keçmiş, siyasi intriqaların qaynadığı Abbasilər dönəmində o, təqib və təhdidlərlə üzləşmişdir; düşmənləri onun sağ əlini kəsmiş, bundan sonra o, sol əli ilə yazmışdır.

İbn Muqla ərəb xəttinin on dörd növünü müəyyənləşdirdi. O, eləcə də, müxtəlif yazı növlərində fərqli qələmlərin işlənməsi, yazıya dairə ünsürlərinin daxil edilməsi ilə bağlı məsələləri gündəmə gətirdi. İbn Muqla qələmin yonulması və mürəkkəbin seçilməsi ilə bağlı bir sıra yeniliklər etdi. O, yazıya hərflərin ölçü mütənasibliyini gətirmişdir. Belə ki, hərflərin ölçüsü - əlif və ləmin uzunluğu, dairələrin ölçüsü ilə bağlı məsələni də məhz ibn Muqla gündəmə gətirdi. Ölçü vahidi kimi o, yan-yana düzülən nöqtələrin sayını əsas götürürdü. İbn Muqlanın Risalət əl-xətt va l-qaləm əsəri kalliqrafiya məsələlərini əks etdirən dəyərli mənbə rolunu oynadı. O, əsəri mürəkkəbin hazırlanması ilə başlayır, sonra qələmdən bəhs edir və onun yonulması qaydalarını göstərir. Daha sonra o, əlifbanın hər bir hərfinin yazı tərzini izah edir və hərflər arasında mütənasiblikdən bəhs edirdi. O, xəttatlığın on iki mühüm qaydasını müəyyənləşdirdi.

İbn əl-Bəvvab əl-Bağdadi (961-1022) ibn Muqlanın davamçısı kimi xəttatlıq sənətini daha da inkişaf etdirdi. Bağdadda dünyaya gələn ibn əl-Bəvvab ərəb dilini və ədəbiyyatını görkəmli dilçi alim ibn Cinnidən (v. 1002), xəttatlıq sənətini isə o dövrün görkəmli xəttatı ibn Əsəd əl-Xəttatdan öyrənmişdi. O, ilk vaxtlar evlərin divarlarını bəzəməklə məşğul olur. Zaman-zaman həm xəttat, həm də katib kimi məşhurlaşır.

İbn əl-Bəvvab müxtəlif xəttatların yazı tərzini mənimsədiyindən yeni yazılmış kitab nüsxələrini qədim xəttatlara məxsus nüsxə kimi qələmə verə bilirdi. Sonra xəttatlıqda bu hal geniş yayılır və xəttatlar köhnə vərəqlərdə məşhur xəttatların üslubunda yazıb saxta antik nümunələr yaradırdılar.

İbn əl-Bəvvabın kalliqrafiya ilə bağlı görüşləri Raiyyə fi l-xətt qəsidəsində əks olunub. Qəsidə bir çox görkəmli İslam alimlərinin, o cümlədən, ibn Xaldunun diqqətini cəlb edib.

Ey təhrir sənətinə yaxşı bələd olmaq istəyən, bunun üçün hüsn-xətti və hərflərin surətini çəkməyi öyrənmək arzusunda olan!

Əgər katiblikdə həqiqətən əzmlisənsə, əvvəl Rəbbindən bu işi sənin üçün asan etməyi dilə.

Sən əvvəl yaxşı və möhkəm qələm hazırla ki, mürəkkəblə yazı sənətini yaxşı bacarasan.

Onun ucunu elə yon ki, ölçüdə mütənasib olsun.

Onun hər iki ucuna bax və hamar və zərif tərəfindən yon.

Qələmin yonulan hissəsi gərək bərk olsun. Nə çox uzun, nə də çox gödək olsun.

Düz ortadan böl ki, şəkli yaxşı alınsın.

Bütün bunları bacarıqla etdikdən sonra qələmin ucunun kəsilməsi qayğısına qalmalısan.

Onun sirrini sənə açacağımın arzusuna düşmə. Mən bu gizli sirri açmaqda xəsislik edirəm.

Ancaq onu deyə bilərəm ki, qələmin ucu bir az üfiqi əyilib dairəyə meylli olmalıdır.

Mürəkkəbi qabaqcadan hazırlanmış hisin içində saxla, ona sirkə və kal üzüm şirəsi qat.

Sonra ona qırmızı dəmir tozu, sarı zərnix (?) və kafur qat.

Bunlar qıcqırıb hazır olduqda və yumşaq bir vərəq hazırla.

Vərəqin kənarlarını elə hamar kəs ki, əyrisi, çıxıntısı olmasın.

Bundan sonra olduqca səbirli tərpən. Hər şeyə səbirlə çatılır.

Tələsməkdən uzaq olub lövhəni çıxar və yazıya başla.

Əgər başlanğıc sətirlərdə səhvin olsa, pərt olma.

Hər bir iş əvvəl çətin olub sonra yüngülləşir. Yüngüllük çətinlikdən sonra başlayır.

Arzuna çatdıqda səni sevinc və şadlıq bürüyər.

Bu zaman Allaha şükür et, onun rizasını qazan. Hər bir işdə şükür sahibi Allahdır.

Əllərin və barmaqların qoy həmişə xeyir olanı yazsın. Yalanı bir kənara atsın.

İnsanın əməlləri bir gün qarşısına çıxır. İnsan Qiyamət günündə əzab içərisində olarkən öz əməlləri ilə üzləşir.

İbn əl-Bəvvabın əli ilə 90-dan artıq müshəf nüsxəsi yazılsa da, onlardan yalnız biri zəmanəmizədək gəlib çatıb. Bu, Dublində Çester Betti kitabxanasında saxlanılan nüsxədir.

Növbəti iki əsrdə ibn əl-Bəvvabın tələbələrinin sayəsində kalliqafiya daha da inkişaf etdi. XIII əsrin görkəmli xəttatı Yaqut əl-Mustəsimi oldu. Xəttatlıq sənətində onun adı altı xətt növünü inkişaf etdirməklə bağlıdır. Bunlar nəsx, reyhani, sulsi, muhaqqaq, tauqi, ruqixətləridir. Bu xətt növləri əs-sittə əl-yaqutiyyə kimi tanınır. Yaqut hərflərin ölçü uyğunluğu ilə bağlı özündən əvvəlki xəttatların nəzəriyyəsini daha da inkişaf etdirmişdir.

Yaqut olduqca məhsuldar xəttat idi. O, hər gün iki cüz Quran yazır, beləliklə, ayda iki Quran tamamlayırmış. O, üzünü köçürdüyü Quranların hamısını sıralayırdı. XVI əsr müəllifi Qazi Əhməd onun 364 saylı Quranını öz gözü ilə gördüyünü bildirir.

Yaqutun həyatı ağır olub. O, axırıncı Abbasi xəlifəsi Mustəsimin məvalisi idi. Hülakü xan Bağdadı tutarkən Yaqut qaçıb məscidin minarəsində gizlənir. Özü ilə qələm və mürəkkəb götürür, amma vərəqi olmadığından kətan üzərində yazır. Qazi Əhməd həmin parçanı gördüyünü bildirir. Yaqut uzun ömür sürüb, 1296-cı ildə vəfat edib. Yaqut yazı sirlərini İbn əl-Bəvvabdan öyrənsə də, ona bəzi yeniliklər gətirir. O, qələmi çəpinə elə yonurdu ki, qələmdən yazı zamanı səs çıxırdı. Bu cür səsli qələmə meyl ola bilsin ki, merac rəvayətlərində Peyğəmbərin Tanrı dərgahına yaxınlaşakən qələm səsi eşitməsi ilə əlaqəli deyimlə bağlıdır.

Yaqutun altı şagirdi olub. Birincisi Suhrəverdi idi. Suhrəverdinin üzünü köçürdüyü bir Quran nüsxəsi (1318) Aya-Sofiyadadır. O, Bağdad məscidlərinin birinin divarında əl-Kəhf surəsini yazıb. Yaqutun ikinci şagirdi Abdulla Arğun Kamili (v. 1343) idi. Üçüncü tələbəsi Nəsrullah həm də həkim idi. O, Bağdadın bəzi binalarını bəzəmişdir. Dördüncü və ən məşhur davamçısı Mübarək-şah Zərrinqələm idi. O, Təbrizdən idi. Rəvayət olunur ki, Cəlairi hakimi Uveys (1358-1374) bir gecə yuxusunda İmam Əlini görür. Əli ona tapşırır ki, Nəcəfdə tikdirdiyi məscidin divarlarını Mübarək-şaha yazdırsın. Uveys Mübarək-şahı tapdırır. Bundan sonra onun adı Zərrinqələm qalır.

Yaqutun beşinci şagirdi Yusif Məşhədi idi. Uzun müddət Yaqutun yanında qalıb ona xidmət etmişdir. O, Yaqutun ölümündən sonra Təbrizdə yaşamışdır. Təbrizin məşhur xəttatı Abdulla Seyrəfi onun tələbəsi olub (v.1346). Seyrəfi bütün ömrünü Təbrizdə keçirib. Onun muhaqqaq xətti ilə yazdığı Quran nüsxəsi Çester Betti kitabxanasında saxlanılır. O, Yaqutun altıncı tələbəsi Seyyid Heydərlə birlikdə memarlıq abidələrinin bəzədilməsində misilsiz sənətkar idi. Deyilənə görə, o, xəttatlığa o qədər aludə idi ki, yazı prosesində ekstaz yaşayardı. Ümumiyyətlə, xəttatlara arasında sufilər çox olmuşdur. Zərrinqələmin tələbəsi Yəhya sufi olmuşdur. Nəcəfin bir çox binalarında Yəhyanın izləri var. Sufilər arasında ekstaz yaşayanlardan biri də Baba Nurbəxş idi. Bəzi xəttatlar hürufiliyə meylli olub. Bunlardan biri Mövlanə Məruf idi. Məlumdur ki, 1427-ci ildə Heratda Əhməd Lur Şahruxa sui-qəsd edir. Həbs olunanlar arasında Mövlanə Məruf da var idi. Onu altı dəfə dar ağacına qaldırıb asılmaq qorxusu yaşadır, amma asmır, sonda həbsxanaya salırlar.

Məşhur xəttatlardan biri Ömər Əqta idi. Sağ qolu kəsildiyi üçün o, sol əli ilə yazırdı. O, ğubari xətlə bir üzük qaşına yerləşən Quran yazıb Teymura aparır. Teymur onun bu işini bəyənmir. Bu zaman o, çox iri bir Quran yazır və onu arabaya qoyub Teymura aparır. Teymur saray əyanlarını yığıb Əqtanın qarşısına çıxır və onun işini çox bəyəndiyini bildirir.

Xəttatlıq sənətində Təbriz məktəbi xüsusilə məşhur olub. Nəstəliq xəttinin yaranması bu məktəblə bağlıdır. Mir Əli Təbrizi (XIV əsr) nəstəliqi nəsx və təliq xətlərinin sintezindən icad etmişdir. Onun bu xətt növünü yuxuda gördüyü İmam Əlinin göstərişi ilə yaratdığı bildirilir; İmam Əli ona ördəkləri göstərib onlara bənzər bir xətt yaratmağı tapşırır. Nəticədə nəstəliq xətti yaranır.

Kağız

İlk vaxtlar kağız kimi heyvanların dərisindən, hamar kürək sümüyündən, xurma yarpaqlarından, papirusdan, perqamentdən və s. istifadə edilirdi. Papirus daha çox qədim Misirdə yayılmışdı. O, zərif olduğundan tez ovulub tökülürdü. Dəri daha münasib olsa da, qurd düşdüyündən, onun da ömrü uzun çəkmirdi. Bəzən dərini zəfəranla rəngləyir, qızıl gülün suyunda saxlayırdılar ki, ətri gözəl olsun. Quran-i Kərimdə (Tur, 2-3) aşılanmış dəri üzərində yazılmış kitaba and içilir.

İslam Şərqində ilk kağızı Səmərqənddə hazırlayıblar. Bu işi kağız sənətində müəyyən təcrübəsi olan çinli əsirlər gördülər. Harun ər-Rəşidin dövründə artıq Bağdadda da kağız istehsal edilirdi. Kağız digər yazı vasitələrini sıradan çıxarır. Bununla belə, X-XI əsrlərədək kağızla yanaşı, perqamentdən də istifadə olunurdu. Zaman-zaman bütün Müsəlman Şərqində kağız istehsalı artır, xüsusilə Səmərqənd, Buxara kağızları və Təbrizin rəngli kağızları yüksək qiymətləndirilirdi. Kağızın möhkəm olması üçün onu nişastada saxlayır, hamarlayır, sonra üzərinə xüsusi maddələr çəkirdilər ki, kağız mürəkkəbi canına çəkməsin. Bunun üçün bəzən balıq yağından, yumurtanın ağından və s. hazırlanmış xüsusi maddədən istifadə olunurdu.

Məlumdur ki, İslam dünyasında yazı ilə yanaşı, yazı alətlərinə də önəm verilirdi. Xəttatlar vərəqə belə yaxınlaşarkən dəstəmaz alır, təharətə önəm verirdilər. Orta əsr İslam düşüncəsinə görə, Allah vərəqi xəlq edərkən onu Söz üçün xəlq etmişdir. Söz, Kəlam isə müqəddəs olduğundan, yazı materialı olan kağız da müqəddəs sayılırdı. Xüsusilə üzərində Quran yazısı olan vərəqlərə müqəddəslik verilirdi. Bu vərəqlər atılmaz, çirkaba batmazdı. Lazımsız vərəqlərin yandırılması daha münasib bilinərdi. Quran nüsxələri isə, bəzən insan kimi kəfənə bürünüb basdırılırdı .

Mürəkkəb

Mühüm yazı vasitəsi mürəkkəbdir. Kağız qıtlığı səbəbindən, Orta əsr sənətkarları mürəkkəbin yuyulan növünə üstünlük verirdilər ki, bir kağızı yuyub təmizləyərək bir neçə dəfə istifadə edə bilsinlər. Mürəkkəb üçün adətən yandırılmış kətan, qoz qabığı və s. külündən, xna, basma kimi rəngli bitkilərdən istifadə olunurdu. Orta əsrlərdə xəttatlar mürəkkəbin gözəl ətirli olması üçün ona müşk də əlavə edirdilər. Görkəmli xəttat Yaqut mürəkkəbə qızıl və gümüş tozu və zəfəran qatır və ondan qırx gün ağzı bağlı qabda saxlandıqdan sonra istifadə edirdi. Azərbaycanlı kalliqraf Mir Əli Təbrizi mürəkkəbə qızıl gülün ətirli suyunun damızdırılmasını lazım bilirdi. Bəzən mürəkkəbin sadə üsulla hazırlanması nəzərə çarpır. Bunun üçün nişastanı qaralanadək qaynadır, sonra qızıl suyu ilə qatışdırırdılar.

İslam mistiklərinə görə, mürəkkəb özündə bütün elmləri cəmləyir. Onlar Qurandakı nun va l-qaləm ifadəsindəki nunla mürəkkəb qabının nəzərdə tutulduğunu, bütün biliklərin nunda cəmləndiyini, sonra yazı prosesində bu biliklərin yayıldığını söyləyirdilər.

Orta əsrlərdə mürəkkəb asanlıqla yuyulduğundan, bir kağızdan dəfələrlə istifadə olunurdu. İslama görə, insan övladının günahları Qiyamət günü onun əlinə veriləcək kitabı qaraldır. Möminlər bu kitabın yazısının da yuyula biləcəyini düşünür, bir kəsin günahları yazılan səhifəni ağartmağın, təmizləməyin yeganə yolunu ağlamaqda görürdülər. Asket və mistiklər günahlarını, yəni günahları yazılmış səhifələri göz yaşı ilə, ağlamaqla yumağa çalışırdılar. Sufilər arasında camaat arasına çıxıb Allah qarşısında işlətdiyi günahların qorxusundan uca səslə ağlayan xüsusi bir təbəqə də olmuşdur ki, onları bəkkaun (ağlayanlar) adlandırmışlar. Onlar Qiyamət günü Allahın barələrində verə biləcəyi hökmün qorxusundan ağlamaqla günahlarını yumağa çalışır, beləliklə də, müəyyən dərəcədə Allahın mərhəmətini qazanmağa can atırdılar

Qələm

Orta əsrlərdə qələmin qamışdan hazırlanan növü geniş yayılmışdı. Şərqdə qamışdan olan qələmlərin vasiti, misri, mazandarani kimi növləri daha məşhur idi. Qamışın növünə, keyfiyyətinə görə ən yaxşı qələm Vasıt qamışından hazırlanan qələm sayılırdı. Amu-Dərya sahillərində bitən qamışlar da yüksək qiymətləndirilirdi.

Ərəb-islam kalliqrafiyasında hər xətt növünün və yazılan sənədin özünə müvafiq qələmi var idi. Qələmin yonulması ilə yanaşı, onların düzülməsi, yazı zamanı katibin qələmi düzgün tutması da böyük önəm kəsb edirdi. Yaqut əl-Həməvi göstərir ki, İshaq ibn İbrahim Bərbərinin atası İbrahim qələmlərini düzərkən birinci tumar yazısı üçün nəzərdə tutulmuş ağır qələmləri yerləşdirərdi. Bəzən də o, tumari yazısını xurma budağı ilə yazardı. Onun sülsi yazı növü üçün ayrıca qələmi var idi. O, qeydlər, əhdnamələr, iclas protokolları, əmanətlər, dibaçələr, başsağlıqları və sairənin hər biri üçün ayrıca qələm işlədərdi. Ümumiyyətlə, xəttatlar arasında belə bir fikir olmuşdur ki, qələmi yaxşı yona bilməyən adamdan katib çıxmaz, ona görə də, qələm yonmağı öyrənmək, xəttatlığı öyrənməkdən daha vacib sayılırdı. Qələmin ucunun ustalıqla kəsilməsinin (şaqq) xüsusi əhəmiyyəti var idi. Hər bir xətt növü xüsusi yonulma tələb edirdi və qələmin baş hissəsi kəsilərkən, bu nəzərə alınırdı. Qələmin məqamı o qədər əziz tutulardı ki, hələ qədim zamanlardan katiblər qələmlərini yonarkən yonulmuş qamış qırıntılarını atmaz, onları təmiz bir yerdə basdırardılar. Katiblər yazmağa ara verdikdə, qələmi yerə qoymaz, onu qulaqlarının ardına taxardılar. Peyğəmbərin hədisində bu barədə deyilir ki, Rəsulullah, katibinin yazmağı dayandırarkən qələmini yerə qoyduğunu gördükdə, ona qələmi yerə qoymamağı, qulağının ardına taxmağı tapşırmışdır. Aişədən söylənilən bir hədisdə deyilir ki, Peyğəmbər İsrafilin qələmi qulağının ardına taxdığını bildirmişdir. Eləcə də, qələmi düzgün tutmaq da böyük önəm daşıyırdı. Bu zaman baş barmağın, orta və şəhadət barmaqlarının ucları qələmin üzərində dayanmalı idi.

Başı aşağı dayanıb ucundan mürəkkəb damızdıran qələmə müxtəlif vəsflər verilmiş, o, iffət sahibi, rükü edən, səcdə qılan, gözü yaşlı və s. adlandırılmışdır. Digər tərəfdən, qələmin öz iradəsinin olmaması da çeşidli mənalar yaratmışdır. Qələm katibin əlindədir, o, hara istəsə, qələmi ora da döndərir. Sufinin qəlbi də Allahın iradəsinə tabedir. Hədisdə deyilir: Möminin qəlbi Rəhim Allahın iki barmağı arasındadır, O, onu hara istəsə, ora da döndərir. Beləliklə, daim ağlayan, Allah əmrinə tabe, başı kəsik qələm dilsiz sufinin simvoluna çevrilmişdir. Təfsirlərdə Əbu Hureyrəyə istinadən deyilir ki, Allah Təalanın əmrlərini yazıb qurtardıqdan sonra, qələmə möhür vurulmuşdur və o, qiyamətədək danışmayacaqdır. Dilsizlik özü də sufinin əlamətlərindən olduğundan, irfani poeziyada qələmə xüsusi məna çalarları verilmişdir.

 

Aida QASIMOVA

Professor

 

525-ci qəzet.- 2018.- 8 dekabr.- S.18.-19.