Mən dəli deyiləm

 

Hekayə

 

O, son dərəcə ehtiyatla qapını açıb heç kəsin hiss edə bilməyəcəyi bir tərzdə - ayaqlarının ucu ilə içəriyə daxil oldu. Sonra ürəyinə qorxu düşən adamların cəldliyinə bənzər bir hərəkətlə qapını örtüb dəstəyin yanında özünə yer eləmiş quyruğu sallaq açarla qapını arxadan bağladı.

 

Geriyə çevrilib çox böyük bir məmnunluqla otağın sol divarına paralel qoyulmuş çəhrayı rəngli uzun stolun arxasında oturan həkimə baxdı. Həkim deyəndə ki, o, rezidenturada oxuyurdu, təcrübə üçün bu xəstəxanaya göndərilmişdi. Hər gün səhər-səhər işə gələndə şəbəkələrlə örtülmüş pəncərənin açılmış tağından Ey qaşı, gözü qara qız nəğməsi ilə salamlanan həkimin rəngi ağappaq ağardı, onun sifətində bir damla belə qan əlaməti yox idi. Həyəcan keçirən Rezident bu vəziyyətdə hamının eyni halı yaşayacağını beynindən keçirib ani olaraq düşündü ki, içəriyə girən qadın imkan tapan kimi onu vuracaq. Bu əhvali-ruhiyyənin təsiri ilə stolun üstündəki qırmızı rəngli noutbukun qapağını örtüb onu sol tərəfə itələdi. Kiminləsə dalaşmağa hazırlaşan adamlar kimi özünü toparladı. İçəri girən qadın Rezidentin qorxduğunu hiss etdi və təslimçilik nişanəsi olaraq əllərini yuxarı qaldırıb yavaşca dedi:

- Qorxma, qorxma! Səni vurmayacağam.

Qadın Rezidentin qarşısındakı çəhrayı rəngli uzun stolun əks tərəfində həkimin yanına gələnlərin oturması üçün qoyulmuş stola yaxınlaşdı. Rezident ilan çalmış adamlar kimi cəld ayağa qalxdı, daxilən özünü müdafiə mövqeyinə gətirdi. Qadın onun bu vəziyyətini yaxşı başa düşdüyü üçün əlini stula yaxınlaşdıra-yaxınlaşdıra danışırdı:

- Qorxma, qorxma! Səni vurmayacağam. Bax, stulu kənara çəkirəm ki, narahat olmayasan.

Bunları deyə-deyə qadın stulu iki metrəcən kənara çəkib stulun arxasını üzərinə qarmaqarışıq bir plakat vurulmuş sağ divara - plakatın aşağısına söykədi. Özü də yavaşca stulda oturdu, son dərəcə diqqətli, həm mənalı baxışlarını ondan ayırmadan əlavə etdi:

- Qorxma, qorxma! Əyləş, sənə sözüm var.

Rezident təhlükənin bir az sovuşduğunu hiss edib yavaşca stula çökdü. Amma fikri əməlli-başlı qarışıq idi. Ona görə ki, baş həkim hər iclasda hamıdan, xüsusilə rezidentlərdən xəstələrlə ehtiyatlı olmağı tələb edirdi. Hətta yeri düşdükcə bəzi faktları da xatırladırdı. Lap elə son iclasda söyləmişdi ki, ötən il bizim xəstəxanada çoxdan yatan dəlilərdən biri günün günorta çağı sakit addımlarla həkimin kabinetinə daxil olur. Həkimi arxayın salmaq üçün onun yaxınlığındakı stulu özünə tərəf çəkib azca kənarda oturur, xüsusi bir nəzakət göstərir. Həkim xəstənin səmimiyyətinə inanır. Amma xəstə qəfildən oturduğu stulu qaldırıb həkimin başına çırpır və həkimin başını qan aparır. Yaxşı ki, xəstə qapını bağlamayıbmış, hay-küyə adamlar içəri doluşur və həkimi xəstənin əlindən alırlar. İndi qadının stulu kənara çəkib oturması, baş həkimin danışdığı həmin əhvalatı xatırladırdı. Bu da Rezidentin narahat olmasının əsas səbəblərindən biri idi. Rezidentin yadından çıxmadığı və onu daha da narahat edən səbəblərdən digəri qapının arxadan bağlanması idi. Yəni təhlükənin tam sovuşduğu barədə qəti qərar vermək düzgün olmazdı. Amma Rezident bunları düşünə-düşünə baş həkimin danışdığı başqa bir lətifəni də kino lenti kimi öz beynindən keçirirdi. Baş həkim söyləyirdi ki, bir dəfə səhər çağı dəlilər çay içəndə qəndin olmamasından dilxor olurlar və nə edəcəklərini bilmirlər. Nəhayət, haradansa bir tikə qənd tapıb iplə göydən asırlar və deyirlər ki, hamı qəndə baxıb dişdəmə çay içsin. Dəlilərdən biri görür ki, qarşısındakı cavan oğlan gözünü qənddən çəkmir. Bu zaman həmin dəli cəld ayağa durub cavan oğlana möhkəm bir şillə vurar. Hamının ona sual dolu nəzərlərlə baxdığını görüb hirslə deyir ki, görürsünüz, bu adam gözünü qənddən çəkməyib dişdəmə çay əvəzinə şirin çay içir.

Amma Rezident lent kimi gəlib keçən bu əhvalata gülmək istəsə də, gülə bilmirdi. Qorxu içindəydi və gözünü bir an belə qadından çəkmirdi. Elə bu dəm qadın dilləndi:

- Vallah, səninlə işim yoxdur, səninlə söhbət eləməyə gəlmişəm.

Bunları deyib dayandı, elə bil Rezidentdən cavab gözləyirdi. Rezident danışmadı, amma gözləri ilə yavaşca qapıya tərəf baxdı, qadın da bunu o dəqiqə hiss edib dedi:

- Yox, yox! Qapını səni vurmaq üçün bağlamamışam, istəyirəm ki, başqa adamlar gəlib bizim söhbətimizə qulaq asmasınlar.

Qadın yenə fasilə verdi, Rezidentin də fikri bir az dəyişdi. Səbəbi də bu idi ki, qadın onun qapıya tərəf yönələn baxışının mənasını düzgün hiss etmişdi. Hətta Rezident düşünürdü ki, əgər qadın onun bağlı qapıya yönələn narahat baxışının mənasını başa düşübsə, ona heç vaxt dəli demək olmaz. Hər halda bundan sonra Rezidentin qəlbinə çökmüş təhlükə xeyli sovuşub getdi. Amma baş həkimin bir məsləhəti yenə də haradansa fırlana-fırlana gəlib onun beyninə doldu. O deyirdi ki, ehtiyatı heç vaxt əldən buraxmayın. Xəstələr burada böyük məktəb keçiblər və həkimləri arxayın salmağı bacarırlar. Rezident fikirləşdi ki, bəlkə bu da həmin variantdır, məni özünə inandırmaq istəyir, sonra hücuma keçəcək?! Qadın dilləndi:

- Mən istəyirəm ki, sən burada işləməyəsən.

Bundan sonra daha danışmadı. Rezidenti fikir götürdü ki, qadın niyə bu qərara gəlmişdi? Mənim yaxşılığımamı çalışır, yoxsa öz niyyətini həyata keçirmək üçün yol axtarır? Məni tanımayan adam mənim nə yaxşılığıma çalışacaq ki! Bəlkə tanıyır, bəlkə mən də onu tanıyıram, kim olduğu yadımdan çıxıb!? Bəlkə bu xəstəxana onu elə dəyişdirib ki, mənim üçün tanınmaz olub!? Bir az da şübhələnmişəm ki, xalamgilin qonşusuna oxşayır, amma gözləri həmin gözlər deyil. Axı adamı gözlərindən daha yaxşı tanımaq olur! Xeyr, ola bilməz. Yenə baş həkimin danışdığı bir əhvəlat beynindən gəlib keçdi. Baş həkim deyirdi ki, dəlilərdən birisi mıxçanı götürüb divara çalmaq istəyir, amma mismarın başını divara dayayıb daşla uc hissəsini döyəcləyir. Bunu görən başqa bir dəli ona yaxınlaşıb mismarı onun əlindən alır və ucunu əks tərəfdəki divara dayayır. Deyir ki, mismar bu biri divarındır. Rezident bu əhvalatı xatırlaya-xatırlaya gülmək istəyir, amma gülə bilmir, çünki fikri qadının yanındadır. Düşünür ki, onu arxayın salıb stulla vuracaqdır. Onun dalısıca da düşüncələrinə əlavə edir ki, axı mən bu qadına nə pislik etmişəm ki!? Qadın yenə eyni sözləri dedi:

- Mən istəmirəm ki, sən burada həkim işləyəsən.

Sonra danışmadı, gözlərini Rezidentin üzünə zillədi. Çox ciddi görkəm almışdı. Yəqin Rezidentin ona inanmasını gözləyirdi. Rezident isə heç bir cavab vermirdi. Fikri qadını tanımağa yönəlmişdi. Xəyalından bəzi adamlar sürətlə gəlib keçirdi. Böyük qardaşının baldızını - gəlinlərinin bacısını xatırladı. Alnının sol tərəfindəki xalı həmin müəlliməni yada salırdı. Qardaşının baldızı ingilis dili müəlliməsi idi. Abituriyent hazırlaşdırırdı, hazırlığa gələn çoxlu uşaqları olurdu. Müəllimənin dərs deməsi üçün bir ildən qabaq növbəyə yazılırdılar. İstəyirdi soruşsun ki, ingilis dilini bilirsən, tez də bu sualın üstündən vaz keçdi. Elə bu vaxt qadın dilləndi:

- Mən sənin tanışın deyiləm.

Rezidenti heyrət bürüdü. Qadın onun fikirləşdiklərini haradan bildi? O ki, adamın ürəyini oxuyur, belə də dəli olar? Xeyr, qadın təsadüfən bunu dedi. Ağlına elə-belə gəldi. Amma hər halda ona dəli demək olmaz. Qadın amiranə bir görkəm alıb dilləndi:

- Niyə mənim sözlərimə cavab vermirsən? Mən istəyirəm ki, sən burada həkim işləməyəsən!

Rezident səbəbini yenə soruşmadı. O, bir şeyi bilirdi ki, qadınla ünsiyyətə girmək olmaz, bunu da baş həkim tapşırmışdı. Baş həkim deyirdi ki, siz dəlilərlə söhbətə başlayan kimi onlar sizi aldadacaqlar. Çünki elə ağıllı danışırlar ki, dəli olmaqlarına inanmırsan. Gördülər ki, sən söhbətə girişdin, bir az da maraqlı əhvalatlar danışıb səni aldadacaqlar və sonra da əllərinə nə keçdisə təpənə vuracaqlar. Ona görə də Rezident dəlilərlə heç bir ünsiyyətə girməməlidir, çalışmalıdır ki, o, özü səndən uzaqlaşsın. Rezident bu düşüncələrin içindəydi ki, qadın dilləndi:

- Gəl sənə lətifə danışım. Dəlilərdən biri baş həkimin otağına girir və şəstlə deyir ki, doxtur, məni burax evə gedim, mən evlənmək istəyirəm. Baş həkim xeyli təəccüblənir, üz-gözünü turşudur, istər-istəməz ona yer göstərir. Sonra soruşur ki, bəs necə evlənəcəksən? Dəli də deyir ki, qonşumuzdakı qıza elçi göndərəcəyəm, mən o qızı çoxdan tanıyıram, atamgil gedib onu mənə nişanlayacaqlar. Baş həkim soruşur: Bəs sonra? Sonra qızla bir yerdə toyumuz olacaq. Anamgilin də qohumlarını toya çağıracağıq. Bilirsən niyə? Baş həkim soruşur ki, niyə? Dəli də cavab verir ki, bəs atam anamgilin qohumları ilə küsülüdür. Amma mənim toyumda barışacaqlar. Baş həkim də əhvalatın bu yerini eşidəndə lap arxayın olur ki, artıq bu adam dəli deyil. Elə Rezident də düşünür ki, əgər bu qadın belə bir əhvalat danışırsa, demək, o, dəli deyil.

Qadın söhbətini davam etdirir:

- Dəli baş həkimə deyir ki, mən də düşüb oynayacağam. Mənim başıma çoxlu pul səpəcəklər. Bilirsən kim səpəcək?

Baş həkim soruşur:

- Kim?

O da cavab verir ki, mənim Rusetdə tələbə yoldaşım var, çağıracam toya gələcək. Mənə söz verib. Pulu da mənim başıma o səpəcək.

Baş həkim soruşur:

- Sonra nə edəcəksən?

O da cavab verir ki, toy qurtaracaq, gəlini götürüb evimizə aparacağam.

Baş həkim soruşur:

- Sonra?

O da deyir ki, sonra da soyunduracağam.

Baş həkimi lap maraq götürür:

- Bəs sonra?

O da cavab verir ki, sonra da alt paltarının rezinini çıxardıb, quşatan qayıracağam, gətirib bu həyətdəki quşları vuracağam.

Bu sözdən sonra baş həkim əlləri ilə başını döyəcləyərək ucadan deyir:

- Ay Allah, ay Allah, sən məni öldür! Ay Allah, ay Allah, sən məni öldür!

Baş həkimin gülməyi ilə ağlamağı bilinmir. Adamlar onun səsinə tez içəri dolurlar. Görürlər ki, baş həkim əlləri ilə başını döyəcləyir və başını döyəcləyə-döyəcləyə Ay Allah, ay Allah, sən məni öldür! sözlərini də təkrar edir. Dəli də maddım-maddım ona baxır, az qalır deyə ki, həkim dəli olub. Əgər həkim əlləri ilə dəlinin aparılmasına işarə verməkdə bir az geciksəydi, yəqin ki, həkimi aparıb ayrı bir otağa salacaqdılar, deyəcəkdilər ki, baş həkim, doğrudan da, dəli olub.

Qadın bu yerdə gülməyə başlayır. Elə Rezidentin də dodaqları qaçır, amma o, sayıqlığını itirmir, bu danışılan əhvalatın onu arxayın salmaq üçün sınanmış priyom olduğunu düşünür.

Qadın söhbətin səmtini dəyişir:

- Mən ingilis dili müəlliməsiyəm.

Bu sözlərdən sonra Rezidenti elə bil ildırım vurdu. Öz-özünə fikirləşdi ki, bu, elə həmin qadındı! Xəyalı o illərə gedib çıxdı ki, tibb universitetinə qəbul olanda gəlinlərinin baldızı ona güllü bir yelpik bağışlamışdı. Dalısını çox da fikirləşmək mümkün olmadı. Qadın onu xəyaldan ayırdı:

- Mənim çoxlu tələbələrim olardı. Öz zəhmətimlə pul qazanardım. Qazandıqca da qardaşlarıma verərdim ki, mal-mülk alsınlar. Çoxlu evlərimiz var, kirayə vermişik. Mən də, qardaşlarım da, onların ailəsi, uşaqları da bu mülkləri satıb nə qədər yesələr qurtarmaz. Bir gün məlum oldu ki, qardaşımgil ata evini satmaq istəyirlər. Necə oldusa, dedim ki, həmin mülkdən mənə də pay düşür. Bunu eşidən böyük qardaşım bir mənə baxdı, bir qardaşlarıma baxdı, bir də arvadlarına baxdı və sonra da əlini yelləyib gülə-gülə dedi ki, sən dəli olubsan, səni səhər həkimə aparacağam. Doğrudan da, sabahısı gün qardaşlarım arvadları ilə birgə məni bəh-bəhlə həkimə apardılar, həkimdən bir kağız alıb buraya gətirdilər. İndi buradan çıxa bilmirəm, heç yerə də əlim çatmır. Bibim Basin küçəsində yaşayır. Sənə ünvanı verəcəyəm ki, gedib onları tapasan. Məni buradan qurtarsa, yalnız bibim qurtara bilər.

O, stuldan durub mənə tərəf yaxınlaşdı. Məni vuracağı tamam yadımdan çıxmışdı. Qadın elə bil məni ovsunlamışdı. Bax, baş həkim bunu deyirdi, deyirdi ki, bunlar böyük məktəb keçiblər. Danışa-danışa sizi elə arxayın salırlar ki, nə vaxt vurduqlarından da xəbərimiz olmur. Düzü, qadının stola yaxınlaşmasından heç mənim də xəbərim olmadı, bunu xeyli sonra anladım. Bəli, yerimdən tərpənmirdim, ürəyimdə heç qorxu-filan da yox idi. Mən xəyaldan onda ayıldım ki, qadın artıq stolun üstündən qələm-kağız götürüb ünvanı yazır. Yazıb qurtardı və mənə uzatdı. Sonra da qapıya tərəf gedib dayandı, üzünü mənə tərəf çevirib dedi:

- Mən dəli deyiləm.

Qadın qapını açıb otaqdan çıxdı. Mən ünvanı çantamın cibinə qoydum. Axşam işdən çıxıb fikirli-fikirli avtobusla evə dönürdüm. Evimizə çatanda birdən ağlıma gəldi ki, Basin küçəsi çoxdan sökülüb, mən qadının bibisini tapa bilməyəcəyəm.

Sabahsı işə getmədim. İşdən çıxmaq barədə ərizəmi yazıb baş həkimə göndərdim. Başqa ixtisas üzrə rezidenturaya hazırlaşmağa başladım.

14.08.2018

 

Kamran İMRANOĞLU (ƏLİYEV)

AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi

 

 

525-ci qəzet.- 2018.- 8 dekabr.- S.23.