Yeni il məzələri

 

Məşədi İbadın Yeni il mahnısı

 

Çalan kim, oynayan kim,

Sən xəstəsən, mən həkim.

Qoy hər dərdini çəkim.

Başına dolanım mən.

Bəs deyincə varım var,

Hər dərdə əlac olar.

Pulsuz adam qocalar,

Varlıyam, danım mən.

Qoy mən lap bədzat olum,

Özümdən azad olum.

Dönüm Məşdibad olum

Sən yandır, qoy yanım mən.

Eşqə sal məni dağla,

Dağla qaynayan yağla,

Sonra halıma ağla,

Qandır, bəlkə qanım mən.

Mən əvvəldən buncayam.

Sevgidən doyuncayam.

İnandır ki, qocayam,

Ayılım, inanım mən.

 

05.12.2018

 

Biznesmen

 

Kəndli idi, kredit aldı,

Pulu aldı,

Amma ağlı bankda qaldı.

Əkini əkdi banklarda

Pulları çəkdi banklardan.

Girov oldu baba, nənə.

Kəndli döndü biznesmenə.

Pul artdıqca o dəyişdi...

Mənəm, mənəm - dedi - şişdi...

Döndü buqələmun oldu.

Hər gündə yüz rəngə düşdü.

Öz halından məmnun oldu.

qanun, Allah saydı...

(Beləsi heç olmasaydı...)

Rüşvət verdi, rüşvət aldı.

Nənə, baba girov qaldı.

Yaddan çıxdı abır-həya

Unuduldu bu el-oba...

Yeni ildə nəyə gərək

Köhnə nənə, köhnə baba.

İlin sonu yaxınlaşır,

Borcları başdan aşır.

Axtaran çox, görən yoxdu.

Görüb salam verən yoxdu.

Hər tıqqıltı qəlbin əzir.

Evində oğru tək gəzir...

Yeni ilin axşamında

Ayaq səsləri eşitdi

Qorxdu, söndürdü şamın da...

Evdə işığı qaraldı.

Allahvermişdi aldı,

Ürəyi susdu qorxudan,

Heç ayılmadı yuxudan.

Özü köhnə ildə qaldı.

 

06.12.2018

 

Yeni il zarafatı

 

Mən Göyüşəm, eşqim göydə,

Ay nuruna göydə bataq.

Sarmaşaq yataq,

Sən sizin öydə, mən bizim öydə.

 

Şoşuq oğlu Göyüş

Atamın bu şeiri (yazdığı tarixi bilmirəm) hər halda məndən çox qocadı.

 

Fikrət QOCA

 

525-ci qəzet.- 2018.- 8 dekabr.- S.13.