V Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinin Azərbaycan üzrə qalibləri mükafatlandırıldı

Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Natəvan" klubunda V Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə AYB nümayəndəliyi, qaliblər, münsiflər heyəti digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB-nin katibi Rəşad Məcid Avrasiya Yazarlar Birliyi tərəfindən keçirilən müsabiqə onun Azərbaycan mərhələsi haqqında məlumat verib: "Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsi artıq beşinci dəfədir ki, Avrasiya Yazarlar Birliyi tərəfindən bütün türkdilli ölkələr arasında keçirilir. Hər ölkə öz daxilində keçirdiyi mərhələnin qalibini təqdim edir son mərhələdə Türkiyədə keçirilən mərasimlə qaliblər müəyyən olunur. Azərbaycan da bu illər ərzində bu beynəlxalq müsabiqədə kifayət qədər uğurlu nəticələr göstərib. Tanınmış şair nasir Əjdər Ol 2013-cü ildə II Mahmud Qaşqarlı hekayə müsabiqəsinin öncə Azərbaycanda, sonra isə Beynəlxalq müstəvidə qalibi olmuşdu. Bu gün münsiflər heyətində təmsil olunan Təranə Vahid isə "Mən toz dənəsiyəm" hekayəsi ilə ötən - IV Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinin Azərbaycan üzrə qalib oldu, Beynəlxalq mərhələdə yer qazandı. Bütün bunlar bizim hamımız üçün çox sevindirici haldır".

R.Məcid builki müsabiqə haqqında məlumat verərkən deyib ki, yarışmaya 19 müəllifin 22 hekayəsi təqdim olunub: "Hekayələri mənimlə birlikdə Tahir Kazımlı, Natiq Məmmədli, Mirmehdi Ağaoğlu, Təranə Vahid, Cavid Zeynallıdan ibarət münsiflər heyəti 10 ballıq sistemlə qiymətləndirib. Nəticələrə əsasən, Reyhan Yusifqızının "Qumlu şəhərin hekayəti" hekayəsi 50 balla birinci, Vüsal Nurunun "İlda" hekayəsi 45 balla ikinci, Aslan Quliyevin "Döyüşçü" hekayəsi 44 balla üçüncü yeri qazanıb. Onu da qeyd edim ki, münsiflər hekayələri müəlliflərin kimliyini bilmədən, şərti ad altında oxuyub dəyərləndiriblər. Seçim tamamilə obyektiv şəkildə aparılıb. Buna görə bütün münsiflərə təşəkkür edir, qalibləri təbrik edirəm. Reyhan xanıma isə müsabiqənin sonuncu mərhələsində uğurlar arzu edirəm".

Daha sonra R.Məcid sözü münsiflər heyətinin digər üzvlərinə verib.

Tahir Kazımlı çıxışında seçilən hər üç hekayənin həqiqətən bu yerə layiq olduqlarını, orijinallığı, ideyası, mövzu seçimi müəllif təhkiyəsi ilə müsbət mənada fərqləndiyini vurğulayıb.

"Ədəbiyyat zövq məsələsidir" - deyən Təranə Vahid çıxışında deyib ki, hekayələrin hamısı olmasa da, çoxu yaxşı idi, münsiflər isə içində ən işıqlı hekayələri seçiblər.

Cavid Zeynallı Mahmud Qaşqarlı hekayə müsabiqəsinin onun həyatında xüsusi yeri olduğunu deyib: "Mən keçən müsabiqədə iştirak etmiş qaliblərdən biri olmuşdum. Buna görə bu müsabiqə mənə çox doğma əzizdir. Bu il mənə müsabiqədə münsif kimi iştirak təklif olunanda məmnuniyyətlə qəbul etdim. Nəticələrə çox sevinirəm, çünki mənim ən yüksək balları verdiyim üç hekayə qalib seçilib".

Mirmehdi Ağaoğlu bu müsabiqəyə iştirakçı kimi qatılmağı planlaşdırdığı halda münsif kimi iştirakın qürurundan danışıb: "Müəyyən səbəblərdən gecikdim hekayə qəbulu bitdi. Ondan sonra isə məni münsif kimi dəvət etdilər. Bu, mənimçün çox önəmli vəzifə idi, çalışdım ki, etimadı doğruldum"

Sonra söz qaliblərə verilib. Üçüncü yerin sahibi Aslan Quliyev çıxışında qeyd edib ki, bu cür mötəbər müsabiqədə gənclərlə eyni sırada olmaq onun üçün çox sevindiricidir: "İlk dəfə otuz yaşımda bir müsabiqədə üçüncü yer tutmuşam. Ondan sonra isə indi - 60 yaşımda yenidən üçüncü yer tuturam. Nəticələr açıqlananda gənclərə üstünlük verilməsi məni çox sevindirdi. Ədəbiyyatımızın gələcəyi bu gənclərimizin əlindədir. Bu müsabiqədə zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm".

İkinci yerin qalib Vüsal Nuru da sevincini tədbir iştirakçıları ilə bölüşüb, onun hekayəsinə yüksək qiymət verən münsiflər heyətinə təşəkkürünü bildirib.

Birinci yerin sahibi Reyhan Yusifqızı isə çıxışında digər hekayələri oxumaq istədiyini deyib: "Burda münsiflər heyətinin xoş sözləri məndə digər hekayələrə qarşı böyük maraq oyatdı. Hekayəmə güvənirdim. Birinci yer isə həm gözlənilməz, həm çox sevindirici oldu. Hər kəsə təşəkkür edirəm".

Münsiflərin qaliblərin çıxışından sonra mükafatlar sahiblərinə təqdim edilib. Aslan Quliyevə mükafatını Təranə Vahid, Vüsal Nuruya Tahir Kazımlı, Reyhan Yusifqızına isə Rəşad Məcid təqdim edib.

Daha sonra söz qonaqlara verilib. "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə hekayə janrının çətinliyindən ədəbiyyatdakı xüsusi yerindən danışıb: "Hekayə ədəbiyyata ilk gələnlərin ən çox müraciət etdikləri janr olsa da, əslində, böyük mətləbləri qısa lakonik şəkildə çatdırmağın özü böyük ustalıq tələb edir. Hər kəs bunun öhdəsindən layiqincə gələ bilməz. Bu gün bu müsabiqənin qalibi olan üç yazıçımız demək ki, bu çətinin öhdəsindən gəlməyi bacarıblar. Hekayə janrı gələcəkdə onlara böyük povestlərin, romanların yazılmasında bir növ zəmin rolunu oynayır".

Yazıçı-dramaturq Firuz Mustafa müsabiqəyə təqdim olunan hekayələrin ayrıca kitab halında çapını təklif edib.

Professor Maarifə Hacıyeva R.Yusifqızının müsabiqənin beynəlxalq mərhələsində də uğur qazanacağına əminliyini dilə gətirib.

"Azərbaycan" jurnalının baş redaktor müavini Südabə Ağabalayeva çıxışında müsabiqənin ötən illərdəki nəticələri ilə bağlı xatirələrini, düşüncələrini bölüşüb, builki qalibləri təbrik edib.

Şahanə MÜŞFİQ              

525-ci qəzet  2018.- 11 dekabr.- S.7.