Xalis Xilas...   

 

 

Bütün dünyadan küsdüyüm, hər şeyə inamımın sarsıldığı bir vaxtda gəldin... Allah niyə lütf etdi səni, hələ də anlamıram?! Axı mənə elə gəlirdi ki, heç ömrümdə yeryoxdu?!

 

Bütün sözlər deyilmişdi, hisslər yaşanmışdı, arzuların yerinə yetəni yetmiş, qalanları da mənasını itirmişdi. Daha dondurmanın vanilindən, kofenin qoxusundan ləzzət almaq ağlıma da gəlmirdi. Hansısa yeni hiss kəşf etməyə, yaxud ömrümə təzə adam buraxmağa həvəsim yox idi!!! Bəlkə əslində, sadəcə yaşamaq maraqsız idi!!! Amma...

***

 

Bir vaxt tanıdığım adamların ən dərini “Elə bilirəm səhradayam və məni heç kəs eşitmir!” - deyəndə təəccüblənmişdim doğrusu. Uzun-uzun düşünmüşdüm bu mövzuda! Nəticədə Amerika kəşf etmədim əlbəttə, amma onu bir daha anladım ki, müasir insanın aləmin bir-birinə qarışdığı, ünsiyyətin boydan, sözün boğazdan yuxarı  olduğu zəmanədə ən böyük bəlasıdı bu! Hər şey var, amma heçyoxdu. Hərfi yazıdan piktoqrafik yazıya, “sevirəm” sözündən “ürək” işarəsinə keçmişik. Dünya genişləndikcə, yeni-yeni “ərazilər” açıldıqca hisslərimiz də “başını itirib”... Ümumdünya xeyirxahlıq günü, yaxşılıq günü, sevgililər günü, qucaqlaşma günü,  yardım günü, daha nələrin-nələrin günləri var sadəcə, özləri çıxdaş olmaqdadı! Xaos, xəbər bolluğu, vay-şüvən içində havalanıb müasir adam! Yediyi yeməyi, görüşdüyü adamları, səfər etdiyi məkanları, qazandığı uğurları, hətta pulları, hətta yaşadığı sevgiləri hamı ilə paylaşır, “layk”ların sayından, “follou”ların miqdarından xoşbəxt olur, ancaq yenə tənhadı və özünü səhrada hiss edir. Fikir verin ha, kimsəsiz adada yox, məhz səhrada... Axı kimsəsiz adada bədə-bəddə dəniz var, vəhşi də olsa, təbiət var. Bu mənada Robinzon kefdədi! Səhrada isə gündüz yandıran, cızdağını çıxaran isti, gecə qanını donduran vahimə... Bir qurtum suya möhtac! Bax indiki bolluq zamanında adam niyə belə ovqatda olsun axı?!

Bağışla, məqsəddən uzaqlaşdım. Sadəcə halımı hiss etməyin üçün yazıram bunları... Onu deyirdim axı, bütün adamlar zamanla adiləşir, səninlə başqa cür oldu. Hər gün bir az daha yaxınlaşdıq, bir az da maraqlı oldun, bir az da dərinimə işlədin. Bilirsən, deyəsən, ömrüm boyu heç kəsin gözünün içinə belə uzun-uzun baxmamışam. Nə axtarıram gözlərinin dibində, bilmirəm. Elə hey baxıram və baxdıqca dünyadan qopuram... Bəlkə elə buna idi ehtiyacım bilmirəm?! Ömrümü dolduracaq, məni dünyanın, ən əsası da özümün əlindən alacaq kişiyə! Ancaq mən heç sənin gözlərinin rəngini də bilmirəm! Nə zamansa oxuyacaqsanmı bu sözləri?! Nə fərqi?! Amma bütün hallarda yazmasam olmur, bağışla...

Bir vaxt insanlar uzaq məsafələrə SÖZ göndərməkdən ötrü göyərçin  saxlayarmışlar, bəsləyərmişlər. Kağız yazıb ayağına bağlayar, ünvana yollayarmışlar. O “ünvanda əvvəlcə göyərçini sığallayar, əzizləyər, sonra ayağındakı kağızı oxuyarmış. İndi hər şey o qədər sadədir ki, yazmaq da mənasını itirib elə bil... Quşun quşluğu ilə çata bilməyəcəyi yerə söz özünü yetirir, “işıq sürəti” ifadəsini “söz sürəti” ilə əvəz etmək olarbu yaxşıdırmı, pisdirmi, bilmirəm! Məsafələr kiçilib, dünya ovcunun içi boyda bir cihaza yerləşir. Və insan yenə də tənhadı!

İndi birisi durub “nəyin çatmır?” - soruşsa, cavab tapmaz müasir adam. Axı daha o uzun çörək növbələri də, “olmazlardan” ibarət dünya da geridə qalıb. İndi hər şey olar... Ona görə yeni qadağalar axtarır adam. Bu da olar? Hətta bu da? Belə eləsəm, keçər, ? Buna da qadağa yoxdu, eləmi? Bunu da heç kəs irad tutmaz, düzdü? Sualların hamısınaolarcavabı alınca həvəsdən düşürsən... Bəli, mübarizə insanı formada saxlayır! Hər yeni maneəni aşdıqca güclənirsən, bir az da enirsən öz içinə, yeni imkanlarını kəşf edirsən, nələrə qadir olduğunu anlayırsan... İndi deyəcəksən ki, bütün bunların sənə dəxli var axı, haqlısan! Doğrusu, səninlə problemlərdən danışmağı xoşlamıram, ölümləri, itimləri, yasları, ürəyimi partladan ağrıları gizlədirəm səndən, üzümə baxan kimi gülümsəməyə, hər çağırışına “Ay can!” - deməyə çalışıram, istəyirəm yanında necə rahat, qayğısız, xoşbəxt olduğumu görəsən, duyasan... Görürsən də əslində. Bütün dünyadan qaçıb, hamıya “vaxtım yoxdur” - deyib sənin yanına uçmaq bilirsənmi necə böyük səadətdi?! Ayaqların yerə dəymir yanıma gələndə... Gözlərindən sevinc daşır, üzünün işığından gözlərim qamaşır və düşünürəm: Axı niyə belə sevir məni? Neylədim ki? Necə qazandım bu boyda ürəyi?! Səni qoyub getmək, ayrı işlə məşğul olmaq üzür məni, amma neyləməli, bu da əbədi bir işdir, uzaqlaşmaq mümkünsüzdü... İşdir deyəndə ki, nə ey?! Çox yaxşı başa düşürəm, bilirəm ki, heç kəs heç kəsin kitabını oxumur indi. Gecələri klaviatura arxasında keçirəndə, günəşi sözlə qarşılayanda düşünürəm bunu. Kimə lazımdı görən bunların hamısı? Dünya heç vaxt bu durumda olmayıb. Heç kim oxumur, amma hamı yazır və özü haqqında yazdırır!!! Bəlkə elə bunun özüxilas üçündü, bir azacıq reallıqdan qopmaq, dünyadan ayrılmaqdan ötrüdür! Bilirəm, indi kitablarımı bir-birinə qarışdırıb - bəs sən niyə yazırsan? - soruşacaqsan! Cavab çox sadədir. Özümü işdə basdırıram, ya da işlə basdırıram, hər cür demək olar. Yalnız yazanda, hayfımı klaviaturadan çıxanda rahatlıq tapıram az da olsa. Yoxsa, şair demiş “dərd çox, həmdərd yox!”...

Yaxşı-yaxşı, bilirəm indi başlayacaqsan dəcəlliyə, məni kədərli görən kimi güldürmək üçün tez bir şey fikirləşirsən axı?! Bilirsən, mənə elə gəlirdi ki, daha heç kəs əvvəlki kimi ürəkdən güldürə bilməz məni. Amma oldu, bu möcüzənin də müəllifliyi sənə aiddir... Necə edirsən bunu, anlamıram! Hər dəfə elə gülürəm, ürəyim az qalır dayansın və düşünürəm bundan xoşbəxt gülüş ola bilməz... Ancaq çox çəkmir sən yenə güldürürsən üzümü! Bəlkə əslində özümü, ya da bütöv dünyanı səninlə birgə, addım-addım kəşf etməyə başlamışam ona görədi... O gün yadındadı nə dedin? Deyirsən başını qaldır bax, bu maşının içindən səma görünür, həm də gün çıxıb... Bir az qəribə gəlir mənə, həm də gülməli... Səma görünürmüş maşının şüşəsindən, soyuq bir payız günündə günəş də parıldayırmış! Gör ey! Mən heç fikir verməmişdim bunlara...

Böyük yazıçı ölümünü gözə alanda danışmışdı bunlar haqqında. Deyirdi sadəcə günəşin, istiliyin, sevən adamların, doğmaların varlığı ilə xoşbəxt olmaq mümkündüheç nəyi dərd eləməyə dəyməz. Sən Allah keç günahımdan, səni yükləyirəm, amma doğrudan bilmək istəyirəm, görən insan neçə yaşından sonra başlayır kirlənməyə?! Bunu anlamaqdan ötrü sənin hər halına dörd gözlə baxıram... Və bir də həyatın qədrini bilməyimiz üçün mütləqmi hiss etməliyik ölümün soyuğunu?! Yəni günəşin istisi, ya da səmanın mavisi gündəlik işlərə çevrilir eləmi?! Özümü danlayıram, bağışla! Axı bir sən varsansa, dünyaya dəyərsənsə, bazarda qiymət artımını, ya da oxucu qıtlığını, meyarların itməsini, ya da yolboyu millətin bütün naqis cəhətlərini gözümə soxan tıxacları düşünməyə dəyməz?! Görünür, insan xislətində naşükürlük var... Elə böyük yazıçı da ölümündən qabaq bunu deməyə, anlatmağa çalışmışdı. “Mən gedirəm” - deyib yas saxlayırdı özünə və dünyaya mesaj verirdi! Hər şeydən vacib olan Yaşamaqdı!!! Kimsə gedir getsin, kimsə dəyərini bilmir bilməsin, kimsə səni sancmaqdan zövq alır, həyatını zəhərləməkdən ləzzət çəkir, qoy olsun. Sən bir addım qabağa gedəndə beş adam ayaqlarından tutub geriyə dartır, dartsın da... Yüklərdən çiyinlərin çökür, elə bilirsən ki, yolun ortasındaca ürəyin dayanacaq... Qoy dayansın! Yox, yox, ürək dayanmasın! Səni sevməyə və xoşbəxt etməyə böyük, sağlam ürək lazımdı, bilirəm!

Cinayətkaram, etiraf edirəm! Bütün bunları necəsə yüngülləşmək, cəzamı sadələşdirməkdən ötrü yazıram... Mənə ən çox ehtiyacın olan anlarda başqaları ilə məşğul oluram, qeyrilərini düşünürəm, onlara sərf edirəm zamanımı! Amma sən heç incimirsən e! Bax heyrətləndirən və dəli olmaq dərəcəsində utandıran budur! Axı mən illərlə hər kiçik səhvimə görə çarmıxa çəkilməyə alışmışdım! Sən niyə başqa cürsən ki?! Günlərlə görmürsən üzümü, görəndə giley eləmirsən, saatlarla diqqətsiz qoyuram səni və heç bircə kəlmə də soruşmursan!!! Bütün başqa adamların pisliklərinə dözmək olmur, səninsə yaxşılıqlarına... Məndən heç nə istəməyən yeganə adamsan! Hansısa gönüqalın birinin mənasız sözündən hirslənib qəzəbimi sənin üstünə tökürəm! Kobud cavab verirəm, ağır söz deyirəm... Beş dəqiqə keçmir yenə gülürsən üzümə, yenə əzizləyirsən yorğun ruhumu mehriban baxışınla... Qorxuram sənə görə! Məni sən xilas etdin... Bəs səni də xilas edən olacaqmı, bilmirəm! Amma onu dəqiq bilirəm ki, işə salmışam səni. Bu ruhsuz, mənasız dünyaya gətirməklə pislik eləmişəm! Hə oğlum, bütün bunları başa düşürəm! Sənin qarşında doğrudan da böyükdü günahım... Və bu günahı kinderlər, oyuncaqlar, planşetlərlə yumaq mümkünsüzdü! Bir vaxt bütün bunların haqq-hesabını soracağından çox qorxuram... Amma qınama məni, çalışıram, çox çalışıram ki, mənim əzablarımdan xəbərin olmasın! Bir də sevinirəm ki, hərfləri tanımırsan hələ, bugünkü halımı bəlkə illər sonra oxuyacaqsan, bəlkə heç vaxt oxumadın! Elə-belə yaxşıdı, bilmə, tanıma məni!!!

P.S... Bir unutdum deməyi... Qəzeti yerə sərib üstündə oturmağı sevirsən! Mən bir vaxt xəritələrin üstündə otura-otura öyrəndim həyatın əlifbasını... Sən tələsmə, uşaqlığını yaşa! Gülmək üçün səbəbin olsun həmişə... Bax, mən gülürəm, özü bu maşından səma görünür... Əladı ki!

 

 

PƏRVİN

 

 

525-ci qəzet.- 2018.- 15 dekabr.- S.15.