Fikrət Qocanın poetik dünyası

Salatın ƏHMƏDOVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent

Tarix zaman-zaman özünün söz bulağından içən poeziya nəfəsli, dərin bədii təfəkkür sahiblərini yetirib və yetirəcəkdir. Buna heç şübhəmiz yoxdur.

İndiki məqamda söhbət Xalq şairi Fikrət Qocanın yaradıcılığından gedir. Fikrət Qoca 60-cı illər poeziyasının nümayəndəsidir. 60-cı il-lər poeziyası bir sıra keyfiyyətləri ilə diq-qətəlayiqdir. Bu poeziya dünyanın ən mürək-kəb, ziddiyyətli məsələlərini, onun əhval-ru-hiyyəsini əks etdirmək cəhətdən əvvəlki dövrün poetik imkanlarından yararlanmaqla Azərbaycan şeirində yeni bir mərhələ idi. 60-cı illər qələm sahiblərinin əsərlərində müasir dövrün nəfəsi duyulurdu. 60-cılar nəslinin nümayəndələrindən olan Fikrət Qoca hansı janrda yazmasından asılı olmayaraq, bütün əsərlərində həyatı, insanları, baş ve-rən ictimai-siyasi hadisələri əks etdirmiş, özünəməxsus, orijinal qələmi, düşüncə tərzi ilə seçilmişdir.

F. Qocanın yaşadığı dünya ilə bağlı istək və arzuları, duyğu və düşüncələri fərdidir, şairanədir, fəlsəfi mahiyyətlidir. Gah küsüb incidiyi, gah sirrindən baş açmadığından gileyli, gah da onu olduğu kimi qəbul edən, insan oğlu kimi dünya ilə bağlı duyğu və düşüncələrini bölüşən lirik qəlb sahibidir. Dünya onun gözündə əbədi cavan, gözəl dünyadır, əbədi var olmaq qüdrətinə malikdir...

 

Uçub getdik bu dünyanın başının üstdən,

Bir ömür də keçməyibdi yaşının üstdən,

Heç qırış da düşməyibdi qaşının üstdən,

Hələ bir ot göyərtməyib daşının üstdən.

Görə-görə, duya-duya yaşayacaqdı,

Cavan dünya, gözəl dünya yaşayacaqdı.

 

Zaman izlər düşən yolları silə bilər, əsrlər bir-birini əvəz edə bilər, insanlar bir-birini didib parçalasa da, dünya qan gölünə dönsə də, yer məhvərindən qopsa da, şair inanır ki, dünya heç nədən asılı olmadan yaşayıb, yaşayacaq da, nəsillər gəlib ömrünü sürüb gedəcək, yerini başqa bir nəsil əvəz edəcək, fəsillər gətirəcək, yetirəcək, dağıdacaq, yenə də bar-bərəkət fəsilləri gələ-cək, yer üzündə səhərlər açılacaq, gecələri gündüzlər əvəz edəcək...

 

Hər kəs gəlib ocağını çatıb gedəcək,

Gedənlərin tozanağı yatıb gedəcək,

Bu dövranda tərsliyini atıb gedəcək,

Bu səbirli tutduğundan tutub gedəcək.

Günəş əmib doya-doya yaşayacaqdı,

Cavan dünya, gözəl dünya yaşayacaqdı.

 

Bu dünyada milçəyə belə can vermək qüdrətinə malik olmayan insan "ulduzlar sanı" canlı qırıb. Zaman hər şeydən güclüdür, onu qəfəsə salacaq qüdrət sahibi yoxdur, torpaq yenə yetirəcək canlıları, insanları, otları, bitkiləri... həyat əbədidir, davam edəcək, gedənlərin yerini gələnlər tutacaq. Odur ki, şair dünyanı bazara bənzədir:

 

Dəllalları çox görübdü bu böyük bazar.

Gələnlərə yer tapılar, gedənə məzar,

Varaq yansa, tarix yazan torpağa yazar.

Boylanmayıb səsə, soya yaşayacaqdı,

Cavan dünya, gözəl dünya yaşayacaqdı.

 

Pisliyin ürəklər çatlatdığı, qatillərin, canilərin də mövcud olduğu bu dünyada inanır ki, "Yer kürəsi göz yaşında boğulan deyil"...

F. Qoca humanist şairdir, insanlığa böyük dəyər verir, onu yüksək tutur. Şair bu dünyanın əşrəfi elə insanı bilir. "İnsan böyüklükdə təkdi, gözəllikdə təkdi".

 

İnsan mələk deyil,

başının üstündə Allahı ola,

İnsan şeytan deyil,

Yığın-yığın günahı ola.

İnsandı arxası

bu torpağın, bu daşın.

İnsandı bu Yer kürəmizin

ən ali vətəndaşı.

 

Canlıların "böyük qardaşı" olan insanlarla yer üzündə yaşayan sürünənlərin, uçanların, qaçanların, bütün vəhşilərin bəlkə də "insan olmaq ümidi var". Şair insanın buna ehtiyacı olmadığı qənaətindədir. İstəmir ki, meymundan təqlid öyrənsin, ilandan çalmağı, "canavar kimi qisas almağı", "özünü qanmazlığa qoyub ulaq kimi alçalmağı":

 

Öyrənmə, öyrənmə,

Onsuz da bu yolları

keçib gəlmisən.

Yüksəlmisən,

İnsan olmusan.

Ay gözlərinin işığına qurban,

alçalma, alçalma,

Sən indi Günəş oğlusan.

 

Şairin bu nigarançılığının səbəbi var. İndi elə bir zamanda yaşayırıq ki, Yer kürəsinin altı od, üstü də barıt çəlləyinə bənzəyir. Bu barıt şəlləyini insan öz əli, ağlı ilə yaradıb...

 

Yer kürəsinin paralelləri kimi,

Əsəblərimin gərilmiş telləri kimi

gərilib zaman!

Əl vurma, aman, aman!

 

Dünyanın düşünən beyni olan insana şairin sözü var:

 

Oturduğun yerin

dünyadı adı,

dünya burdan başlayır,

çörəyin də dünyadadı.

Atdığın hər addım

dünyadandı, ömürdəndi.

gördüyün hər iş

əkdiyin dəndi -

payızda barı olacaq.

Baxır gördüyün işə,

sevinci olacaq,

qubarı olacaq.

Unutma, unutma...

Sonra başqalarını

Günahkar tutma...

 

Şair bu misralarda bombaları icad edən, qanlar tökən, torpağı, havanı zəhərləyən, bəşəriyyətə, dünyaya qənim çıxan insanlara üz tutur, əməllərindən əl çəkməyə, yaxşı əməllər uğrunda düşünməyə, çalışmağa səsləyir. Bu dünyanın, ayağının altındakı torpağın qədrini bilməyə səslədiyi insanlara ünvanladığı böyük ideyalar var. "Yaşaya bilmirsənsə..." şeiri bu ideyalarla zəngindir...

 

Dibçəkdə bir ovuc

qara torpaq var,

Torpaqda bir dünya rəng...

Hansı toxumu istəyirsən ək,

mütləq cücərəcək

Gülü bir rəng,

yarpağı bir rəng.

Cəmi bir ovuc torpaq var,

bu torpaqda

dünyanın yaşı qədər vaxt var.

Hər canlının

bir zərrəsi var bu torpaqda,

hər gündüzün, gecənin rəngi,

hər canlının səsi var bu torpaqda.

Bir ovuc torpaqda

qucağa sığmayan qarpız yetişər.

Cücərər burda

əlindən nə düşər -

Buğdası buğda,

gülü gül.

Başının üstündə səma,

ayağının altında torpaq,

İnsan, yaşaya bilmirsənsə, öl!

 

İnsan olmağın çətin olmadığını şair gözəl bilir.

 

İnsan olmağa nə var.

Bir-iki yoldaşın olsa,

bir az yaddaşın olsa,

əgər öz başın olsa...

 

Vicdanını da insanın qardaşı bilən, əyil-məsə, sınmasa, qoltuqlara sığınmasa, vəhşi əməllərdən uzaq olsa, yaratmaq, yaşatmaq amalı olsa, humanist qəlbə malik olsa "insan olmağa nə var" deyən şair adam olmaqla insan olmağı eyniləşdirmir. Adam kimi dünyaya gələn insanlıq meyarlarına əməl etməsə, "adam olmağa nə var".

Bu adam olmaq, insan olmaqdan asan olan dünyada şair dostlarına, oxucularına, dünya vətəndaşlarına insan olmağı tövsiyə edir.

Onun nəzərində insan qüruru, dəyanəti ilə əzəmətli görünür. Dostuna, yaxınına yaşına-başına, mənəviyyatına görə hərəkət etməyi məsləhət bilir.

 

Saçlarının ağına bax, döz,

Güzgüdə bığına bax.

Başında papağına bax, döz,

Əyilmə, dostum, əyilmə.

 

Baxanda pəhləvana bənzədiyini görüb, qorxaq olmamağa səsləyir: "Dovşan ürəyi kimi çapalamasın ürəyin". Çünki

 

Bu boya əyilmək yaraşmır,

Sənə yıxılıb ölmək yaraşır.

Vallah, əzilmək yaraşmır,

Boyuna oğlunun boyu yaxınlaşır.

Bala toyu yaxınlaşır.

 

Şair doğru deyir ki, "atasını yaltaqlanan görəndə uşaq da çaşır".

Nadanlığı, cahilliyi, namərdliyi naqis əməllərdən bilən şair gördüyü belə sifət sahiblərini qamçılamaqdan da çəkinmir. Nadanın qəlbi olmaz; "nadanlığı sığortalayıb onu, dərddən, kədərdən, qəmdən". Şair belə nadanların "ürəyinin içində bir əzizini görür, "o da babası iblis".

Özündən böyüklər yanında

elə bil tikan qalıb dabanında,

Pəncəsi üstə yeriyər.

Özündən böyüyün

qapısında itə yaltaqlanar,

İtinin küçüyünü yüyrüyər.

Danışanda əzilər, büzülər, əriyər,

Lazım gələndə kimə desən böhtan deyər, "kimə desən şər atar".

Alanı olsa,

Atasını da satar.

Belələrini doğmalarına da üz qarası bilir, nifrətlə qamçılayır.

 

Yer kürəsinin bir parçası olan Vətən Fikrət Qocanın şeirlərində böyük məfhumdur, to-xunulmazdır, qüdrətlidir, yenilməzdir. Vətən məfhumu onun nəzərində uca tutulmalı, adı belə adlara qoyulanda böyük məsuliyyət tələb olunmalıdır. Vətən adi söz deyil. Onu adiləşdirənlərə, bu sözün mənasındakı böyük hikməti anlamayanlara qarşı şair qəzəblidir. Vətən adı daşıyan da, ona bu adı qoyan da şairin fikrincə, bilməlidir ki, vətənpərvər olmalıdır, lazım gəlsə, yolunda canını verməlidir. Oğluna vətənin adını qoyub, arvadını milli geyimə, adət-ənənəyə vərdiş etdirmək vətənpərvərlik deyil, bu gü-lünc hərəkətdir. Şairin "Vətənpərvər" şeiri bu ironiyanı özündə əks etdirir:

 

Oğluna qoyub vətəninin adını,

Milli geyimə vərdiş elətdirir

arvadını.

Elə arvad-uşağına sərf eləyib

ömrünü, istedadını.

 

Şairin bu kiçik miniatür şeirindəki böyük məna ironiyada özünü göstərir. Belə miniatür şeirlərdən birində də şair sanki İnsan oğlunun adınalayiq, sözünə layiq olmasını arzu edir. Fikrini ifadə tərzinin orijinallığı burada diqqəti çəkir:

 

"Günəş səyyarələrin tonqalıdır,

Səmanın ürəyidir, dünyanın çırağıdır" -

yazdıq.

Amma bəzimiz başqasını qızdırmaq

üçün yanmazdıq.

 

Fikrət Qocanın bu misralarından yanğı hissi, vətənə, torpağa sevgisi, xalq, vətən, torpaq, insanlıq üçün döyünən ürəyi boylanır. O ürək ki, fərdidir, "oxunmamış varaq"dır, o, insan ürəyidir. O insan ki, üzünün qırışlarında "bir ömrün hekayəti" var. O hekayətin şirini, acısı var. Minlərlə sirrə sirdaşdır, yaşadığı həyat hadisələri cild-cild romanlara bərabərdir.

F.Qocanın "Tablo" şeiri R.Rzanın "İnsan şəkli" şeirilə səsləşir. G.Pənah "Sənətkar və poeziya" monoqrafiyasında bu şeirin ətraflı təhlilini verib: "İnsan şəkli" şerində şair hümanist duyğuları tərənnüm edir. Şair tarixin bütün səhifələrinə əl gəzdirir. Dünyanın hansı bölgəsində yaşama-sından asılı olmayaraq, öz mübarizliyi, əqidə dönməzliyi, məğrurluğu, faciəsi ilə bəşəriyyətin yaratmış olduğu tarixdə, zamanın müxtəlif dövrlərində yaşayan, yaradan, fəaliyyət göstərən, dünyanın haqsızlıqlarının qurbanı olan, hegemonluq siyasəti yeridən dövlətlərin törətdikləri qanlı cinayətlər, faciələr zamanı başı müsibətlər çəkən İnsan obrazından söhbət açmaq istəyir".

F.Qoca da rəssamın çəkdiyi şəklin önündə fikrə dalıb. Sənətkar istedadının qüdrətinə vurğunluğunu etiraf edir. "Bir göz də borc alıb bax" dediyi bu insan silueti qarlı, şaxtalı bir gündə ayaqyalındır. Hər kəs heyranlıqla şəkildəki "qəşəng ayaq izləri"nə baxır:

 

Bir cüt ayaq izi var.

Barmaqların yerində.

Ulduz-ulduz yanır qar,

Qucaqlayıb izləri

Şölələr, parıltılar.

Rənglər verib səs-səsə,

Elə bil ki, deyirlər,

Ona baxan hər kəsə:

"İnsan ülvidir, təkdir.

Hələ ayaq izi də

Təbiətə bəzəkdir.

 

Şəklin önünə "axın-axın" gələn, görənlərin görməyənləri bu şəklə baxmağa çağırması, əsərlə üz-üzə qalan və heyranlıqla şəklə tamaşa edən yüzlərlə tamaşaçının duymadığını, görmədiyi həssas şair qəlbi görür, duyur:

 

Neçə yol bəh-bəh deyir.

Ona bir dəfə baxan

Yüz yol baxmaq istəyir...

Dünyanın işinə bax,

Amma heç kəs düşünmür

Qış, qar və yalın ayaq.

 

Rəsul Rza elə bir yer arzulayır ki, ordakı sərgidə bir İnsan şəklini assın. Məqsədi də odur ki, o İnsan şəkli

 

Görünsün dünyanın hər yerindən

Zamanın keçmişindən,

Dövranın indisindən,

Əsrin gələcəyindən!

 

R.Rzanın bu şeirində də İnsana sevgi, onun böyüklüyü, ucalığı, gözəlliyi, yaranmışların ən ülvisi, incəsi kimi ehtirama, qayğıya layiq olması əsasdır: "Bu şeirdə şair təkcə vətəndaş şair kimi çıxış etmir, bu şeirdə bəşəri duyğular güclüdür. Burada humanist şair insan dözümünü, səbrini, mübarizliyini tərənnüm etməklə yanaşı, insana, insanlığa məhəbbətini lirik boyalarla verir. Fəlsəfi düşüncələrini, lirik duyğular üzərində kökləyərək böyük sənətkarlıqla insan obrazını yaradır" (G.Pənah).

F. Qocanın "Tablo" şeirində də bu və ya digər formada həmin fikirlər təbliğ olunur.

Azərbaycanın füsunkar gözəlliklərindən bəhs edən şair Lerikin gözəl təbiətini təsvir edir.

 

Çiçəklər aşıb daşıb,

Bülbüllər nəğmə qoşub,

Buludlar dağdan aşıb

Küy salanda aranda

Lerikdən danışırmış.

 

Dağlar qucağında məskən salmış Lerikin təbii gözəlliklərini təsvir edən şair canlı tablosunu sözlə yaradır. Onun uca zirvəli dağlarını, axıb gedən dağ çaylarının şırıltısını cənnətə bənzədir. "Lənkəran bağlarında" şeirində də təbiətin gözəl guşələrindən olan Lənkəran bağları tərənnüm edilir.

 

Baxırsan zirvələrə

Papaq başından düşür.

 

Baxdıqca göz oxşayan qızılgüllərini, ürkək-ürkək, ceyran kimi boylanan gözəlləri ilə qarşılaşdırılır. Könül duyğularını tərənnüm edir. Məkkə, Mədinəyə bənzətdiyi bu yerlərin gözəl qızlarını, vurğun olduğu təbiətini lirik bir dillə vəsf edir. Onun üçün Ana Vətənin hər guşəsi gözəldir. Bu gözəllikləri şair rəssam kimi təsvir edə bilir. Sözlə portretini cıza bilir. Necə ki, bütün gözəllikləri ilə tanıdığımız, gəzdiyimiz Zaqatalanın təbii mənzərəsini canlandırır.

 

Silsiləsi ilan kimi qıvrılıb,

Zirvələri buludlardan sıyrılıb,

Bir karvandı, zaman keçib yorulub,

Gözlərində büllur-büllur bulaqlar -

Zaqatala dağlarıdı bu dağlar.

 

Könlü gördüyü gözəlliklərdən vəcdə gələn şair "dağ sığışmaz hər qəlbə, hər xəyala" deyir və min illərdir mövcud olan, "bir yanağı günəş, bir yanağı qar" olan Zaqatala dağını "bu ellərə həm qalxan", "həm də qala" bilir. Tarixin qanlı vuruş və döyüşlərinin şahidi olan, sinəsi düşmənlərə sipər olan bu yerlərdə baş verən tarixi hadisələrə bələd olan şair bunu da deməkdə haqlıdır:

 

Mərdlik olub onun işi, peşəsi,

Nəfəsində çiçək ətri, quş səsi,

Yaşıl kürklü palıd, vələs meşəsi,

Ömrü boyu düşmən qovar, dost arar -

Zaqatala dağlarıdı bu dağlar.

(Ardı var)

525-ci qəzet 2018.- 18 dekabr.- S.6.