Tahir Salahovun rəsmlərindən ibarət xüsusi təqvim hazırlandı

Dekabrın 15-də Tahir Salahovun ev-muzeyində 2019-cu il üçün VTB Bankın hazırladığı təqvimin xüsusi buraxılışının təqdimatı olub.

Təqvimin səhifələrində görkəmli fırça ustası, SSRİ Xalq rəssamı, Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti, bir çox beynəlxalq mükafatların laureatı Tahir Salahovun rəsm əsərləri əks olunub.

Bank VTB-nin İdarə Heyətinin sədri Yevgeni Kirin tədbiri açaraq Tahir Salahovu 90 illik yubileyi münasibətilə təbrik edib, öz əsərlərinin təqvimin səhifələrində yer almasına icazə verdiyi üçün görkəmli rəssama təşəkkürünü bildirib. O deyib: "Tahir Teymur oğlunun yaradıcılığı bütün dünyada tanınır. Qeyri-adi istedada malik olan rəssam dünya incəsənətində mühüm fiqurlardan birinə çevrilib. T.Salahovun təqvim üçün şəkilləri şəxsən seçməsi bizim üçün böyük şərəfdir. Bir daha Sizə təşəkkür etmək istəyirəm ad gününüzü təbrik edirəm".

Yubilyarın ad gününü təbrik edən Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev, ona uzun ömür arzulayıb. "Tahir Salahov mənim böyük dostumdur, onunla uzun illərdir tanışıq. O, çox böyük ürəyi olan qeyri-adi insandır. Onun həmişə bütün məsələlərdə dəstək gördüyü çox gözəl ailəsi var. Bu cür böyük rəssamdan uzun-uzadı danışmaq olar. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Tahir Salahovun xidmətləri Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirilib. O, bir sıra nüfuzlu mükafatların laureatıdır. Bu yaxınlarda isə Prezident İlham Əliyevin Sərəncamı ilə o, 1-ci dərəcəli "Əmək" ordeninə layiq görülüb. Mən onun uğurlarına çox sevinirəm əminəm ki, bu cür mükafatlar hələ çox olacaq", - deyə yazıçı əlavə edib.

Mərasimdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, vergilər naziri Mikayıl Cabbarov, Milli Məclisin deputatı, Azərbaycanda Rus İcmasının rəhbəri Mixail Zabelin Tahir Salahovu yubileyi münasibətilə təbrik edib, ona uzun ömüryeni yaradıcılıq uğurları arzulayıblar. Vurğulanıb ki, istedadlı rəssam Vətənini bütün dünyada tanıdıb, Azərbaycan təsviri sənətinin inkişafına böyük töhfə verib.

Sonra görkəmli rəssamın 90 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun kollektivi adından təbrik məktubunun mətni oxunub.

Tədbirin sonunda Tahir Salahov Bank VTB-yə, tədbirin təşkilində əməyi olmuş hər kəsə, çıxış edənlərə onun yaradıcılığına verdikləri yüksək qiymətə görə təşəkkür edib.

ŞAHANƏ

525-ci qəzet 2018.- 18 dekabr.- S.7.