Azərbaycan muğamı Floridada səsləndi

Florida Beynəlxalq Universitetində Azərbaycan muğam gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Amerika Mədəniyyət Assosiasiyası tərəfindən təşkil olunmuş tədbirdə ABŞ-ın muğam üzrə məşhur mütəxəssisi Cefri Verbok bu musiqi janrı haqqında məruzə ilə çıxış edib.

Tələbə auditoriyası qarşısında çıxış edən musiqiçi Azərbaycan muğamının tədqiqatı ilə bağlı qırx illik təcrübəsindən danışıb.

O, musiqinin digər məşhur janrları ilə müqayisədə muğamın incəliklərini diqqətə çatdırıb və onun qeyri-adiliyini vurğulayıb.

Türk, İran və yəhudi icma nümayəndələrinin, universitetin tələbə və müəllim heyətinin iştirak etdiyi tədbirdə C.Verbok tarda və kamançada bir neçə muğam əsərini ifa edib.

Xatırladaq ki, 1971-ci ildən Azərbaycan musiqisinə vurulan Cefri Verbok bütün ömrünü muğamlarımızın xaricdə təbliğinə həsr edib.

O, ABŞ-ın və İsrailin muzeylərində, kolleclərində, universitetlərində və ictimai mərkəzlərində yüzlərlə konsert və mühazirə təşkil edib.

525-ci qəzet  2018.- 20 dekabr.- S.7.