İsrail və Özbəkistan ədibləri Azərbaycan Yazıçılar Birliyində

Dünən Özbəkistandan və İsraildən ölkəmizə qonaq gələn bir sıra sənət adamları, şair və yazıçılar Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüşüblər.

Sədr israilli siyasi ekspert Arye Gutun müşayiəti ilə yazıçı İddo Netanyahu, rejissor İlqar Safatı qəbul edib. Görüşdə həmçinin, Millət vəkili, Xalq yazıçısı Elmira Axundova, Millət vəkili, AYB-nin katibi Nazim İbrahimov, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq artisti Oqtay Mirqasımov, AYB-nin mətbuat katibi Xəyal Rza başqaları da iştirak ediblər.

Xalq yazıçısı Anar AYB-nin tarixi, onun nəzdində fəaliyyət göstərən mətbu orqanlar haqqında məlumat verib.

Görüş əsnasında Azərbaycan-İsrail ədəbi əlaqələrinin genişləndirilməsi, qarşılıqlı münasibətlərin inkişafı yönündə bəzi təkliflər səsləndirilib.

AYB sədri deyib ki, ayrı-ayrı yazıçıların İsraildə kitablarının nəşrindən əlavə, çox yaxşı olardı ki, orada Qarabağ problemini özündə əks etdirən kitablar da işıq üzü görsün yayılsın.

Xalq yazıçısı Elmira Axundova çıxışında Arye Gutun Azərbaycan-İsrail siyasi, ədəbi əlaqələrinin inkişafındakı rolundan söz açıb. Deyib ki, ekspert Qarabağ probleminə qarşı hər zaman həqiqətin yanında olub, sərt şəkildə tənqidi çıxışlar edib, Azərbaycanın haqq səsini həm öz ölkəsində, həm dünyada ucaldıb.

Həmçinin, qonaqlara repressiya qurbanı, Qarabağ müharibəsi şəhidi olan yazıçılarımız haqqında da məlumat verilib.

İsrailli qonaqlar ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edib, Azərbaycan ədəbiyyatı mədəniyyətinin zənginliyindən söz açıblar.

Həmin gün AYB sədri özbəkistanlı qonaqlarla da görüşüb. Ədəbiyyatşünas, tərcüməçi Babaxan Məhəmməd Şərifin müşayiəti ilə "Kitab dünyası" qəzetinin baş redaktoru Xasiyət Rüstəmova, şair, tərcüməçilər Şəhla Qasımova, Ətxambəy Alimbekov ədəbiyyat ocağının qonağı olublar. Qonaqlar bu yaxınlarda Anarın Özbəkistanda özbək dilində çap olunan "Gözmuncuğu" kitabını müəllifə təqdim ediblər. Ona göstərilən diqqətdən məmnunluğunu ifadə edən Xalq yazıçısı deyib ki, bu, onun Özbəkistanda çap olunan 5-ci kitabıdır.

Görüş çərçivəsində Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinin inkişafı haqqında geniş fikir mübadiləsi aparılıb.

Şahanə MÜŞFİQ

525-ci qəzet  2018.- 21 dekabr.- S.7.