Alimictimai xadim Soltan Əlizadənin 60 illik yubileyi qeyd olundu

Buzovna qəsəbəsində yerləşən Ruhulla Axundov adına Mədəniyyət Evində Qafqaz Müsəlmanları İdarəsinin Xəzər rayonu üzrə qazisi, İdarənin nəzdində Elmi-Dini Şuranın üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Hacı Soltan Əlizadənin 60 illik yubileyi qeyd edilib.

Bu barədə Azərbaycan Yazıçılar Birliyi (AYB) Xəzər bölməsindən Ülviyyə İsrafilova məlumat verib.

AYB Xəzər bölməsi və Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbir yubilyarın ömür yolunu əks etdirən qısa filmlə başlayıb.

Çıxışında S.Əlizadə haqqında fikirlərini bölüşən Şeyxülislam Hacı Allahşükür Paşazadə ürək sözlərini, təbriklərini dilə gətirib.

Akademik Vasim Məmmədəliyev Hacı Soltanın elmə, təhsilə böyük qiymət verən biri olduğunu vurğulayıb: "Buzovna qədim kənddir. Buradan böyük insanlar, riyaziyyatçılar, tarixçilər, alimlər çıxıb. Soltan bunları özündə birləşdirən adamdır. O elə bir insandır ki, hansı sahəyə aid olduğunu demək olmaz. İdman haqqında belə kitabı var. Haqqında deyilən bütün xoş sözlərə layiqdir".

"Soltan Əlizadə işığı Azərbaycan boydadır" - deyən akademik Rafael Hüseynov bu günü bayram adlandırıb: "İlk dəfədir ki, qəlbən mənə yaxın olan Buzovna kəndində bu qədər buzovnalının qarşısında dayanmışam. Bu gün əslində, bayram günüdür və yalnız bura toplaşanların bayramı deyil. Bu gün Azərbaycanın maarifpərvər insanının, işıqlı bir ziyalısının bayramıdır. Əslində, həm də kitabın bayramıdır. Çünki o, Azərbaycana onlarla kitab bəxş edib". Tədqiqatçı alimi mərifət dəryasında üzən arifə bənzədən akademik: "S.Əlizadə nadir üzgüçüdür ki, dəryadan dürlər, sədəflər çıxarır, insanlara hədiyyə edir"- söyləyib.

Soltan Əlizadənin otuz kitabından iyirmi beşinin ilk oxucusu olduğunu vurğulayan filologiya elmləri doktoru Asif Rüstəmli: "Bu kitabların hər biri oxucularının stolüstü kitabıdır" - deyib. AYB Xəzər Bölməsinin sədri Arif Buzovnalı nitqində S.Əlizadənin bir tədqiqatçı, ədəbiyyatçı, səyyah, şair, həkim, idmançı, ilahiyyatçı olduğunu söyləyib. Daha sonra yubilyar AYB adından ədəbiyyatdakı xidmətlərinə görə təşəkkürnamə ilə təltif edilib.

S.Əlizadə haqqında xoş düşüncələrini dilə gətirən "Dədə Qorqud" Milli Fondunun rəhbəri, "Azərbaycan dünyası" jurnalının baş redaktoru Eldar İsmayılov, Əməkdar rəssam Rafael Muradov, tədqiqatçı Firudin Qurbansoy, Xəzər RİH-nin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov, 125 saylı məktəbin direktoru Zeynəb Əliyeva və digərləri S.Əlizadə ilə bağlı fikirlərini dilə gətiriblər.

Tədbir bədii hissə ilə davam edib, xanəndələr AqilHüseyn Məlikovların, "Əhli-beyt" qrupunun ifaları dinləninlib.

Şahanə MÜŞFİQ

525-ci qəzet 2018.- 25 dekabr.- S.7.