Sevgi himnini xatırladan qırmanc səsi

Şahanə Müşfiq

Gecədən xeyli keçib. Hər tərəf lal sükuta bürünüb. Bircə otağın qapısının üstündə asılan saatın əqrəblərinin qovhaqov səsidir bu sükutu qılınc kimi kəsən.

Səsə qulaq verəndə yadıma düşür ki, bu divar saatı mənim ədəbiyyatdan ilk qazancımdır. Hələ altı il öncə universitet tələbəsi ikən bir müsabiqədə yazıçı Aslan Quliyev bağışlamışdı onu mənə. Saatın üzərində yazıçının həmin müsabiqəyə mövzu kimi seçilən Üzü günəşə adlı hekayəsinə çəkilmiş rəsm var...

Hərdən çöldən küləyin qəzəbli səsini eşidirəm. Əlinə keçən nə varsa bir yerdən başqa yerə atır, deyəsən. Onun səsinə qarışan yad səslərdən bilirəm. O da biz insanlar kimidir - başqalarına olan hirsini, qəzəbini günahsız tullantılardan çıxır.

Mənim ürəyim isə başqa səslərlə dolub bu gecə. Oxuduğum kitabın son səhifələrini acgözlüklə çevirirəm. Kitab boyunca Zeynəbin, sufi, yazıçı Mehdilərin və nəhayət, müəllif Qan Turalının səslərini eşidirəm. Bəlkə də səbəb əsərin birinci şəxsin dilindən yazılmasıdır, amma mən buna da don geyindirməyi, nəsə bir mistika axtarıb tapmağı bacararam. Deyəsən, artıq tapmışam da. Mənə görə, səbəb romandakı hadisələrin və başlıca fəlsəfi fikrin o böyük nemətlə - azadlıqla bağlı olmasıdır. Bu haqda öz-özümlə o qədər danışmışdım ki, iç səsim də yorulmuşdu yəqin, əlinə fürsət düşmüşkən bayrağı obrazlara və müəllifə həvalə edib dinclik küncünə çəkilmişdi... Onlar da bu missiyanın öhdəsindən gəlməyi lap elə ilk cümlədəncə yaxşı bacarmışdılar. Kitabı açar-açmaz oxuduğum cümlə öncə qulağımın dibində bomba kimi partladı, sonra isə beynimdə şimşək kimi çaxdı: Mən bir əsir idim, azad olmaq istədim... Bu cümlədən sonra nə oxuyacağımın heç bir önəmi yox idi, o müdhiş qəzaya uğramışdım artıq...

***

Günlərdir, çox az yatmağıma və indi də yorğunluqdan, yuxusuzluqdan alışan gözlərimə məhəl qoymadan bu qarışıq və bir o qədər də həqiqətlərlə dolu hekayələri Mehdinin içdiyi zəhər kimi başıma çəkirəm.

Divardan asdığım və ədəbiyyatdan ilk qazancım adlandırdığım saat elə-belə diqqətimi çəkmədi bu gecə. Düzü, altı ildir başımın üstündə bezmədən, usanmadan, yorulmadan həyatda ən önəm verdiyim zamanı mənə xatırladan bu balaca cihaza ilk dəfədir ki, belə adla səslənirəm. Elə bunun özü əlimdə tutduğum romanın qəhrəmanı yazıçı Mehdinin alt şüuruma birbaşa təsirinin nümunəsidir - deyə acı-acı etiraf edirəm. O da ədəbiyyatdan maddi qazanc güdənlərin cəmiyyətində mənəvi qazanc axtarışında idi və tapmadı ki, o zəhəri nümayişkaranə çəkdi başına...

Oxuyanlar çox güman, bildilər, bilməyənlər üçün deyim ki, söhbət Qan Turalının 2016-cı ildə çap olunmuş Fələk qırmancı romanından gedir.

Yox, bu məqalə roman haqqında resenziya deyil. Nə də əsərin sujetini, mövzu və ideyasını başdan sona sizə danışmaq fikrim var. Mən sadəcə təəssüratlarımı qələm alıram, əgər kiməsə maraqlı olarsa, romanı tapıb oxuyar, istəsə lap mənim təəssüratlarımla öz təəssüratlarını qarşılaşdıra da bilər. İxtiyar sahibisiniz.

Öncədən isə 219 səhifədən ibarət romanın çox rahat oxunacağına sizi əmin edə bilərəm. Əsər orta qalınlığa, maraqlı hadisələr və axıcı dilə sahib olsa da, əgər mənim kimi harasa, nəyəsə, kiməsə tələsmirsinizsə, onda bir neçə günə aramla, sindirə-sindirə oxuya bilərsiniz. Mən hara tələsirdim? Romanın sonuna...

***

Kitabı Bakı Slavyan Universitetində mənə dərs deyən müəllimim - müəllif öz imzası ilə hədiyyə etmişdi. Elə həmin gün romanı oxuyub bitirmişdim. Əsər məni özünə elə çəkmişdi ki, oxuduqca tək-tək özümü hər obrazın yerinə qoyur, bəs mən olsaydım? deyə sual edirdim. Amma etiraf edim ki, ilk oxunmadan sonra qaranlıq qalan məqamlar vardı. Əsər və xüsusən yazıçı Mehdi obrazı mənim üçün tam açılmamışdı. Ona görə müəllimimlə roman haqda danışmaqdan qaçırdım. Oxuduğumu desəm də, nə anladıqlarımı, nə də təəssüratlarımı bölüşə bilirdim. Düzü, heç özü də maraqlı və həvəsli görünmürdü bunu bilməyə. O günlərdə onsuz da Fələk qırmancı haqqında qəzet və saytlarda saysız, hesabsız məqalələr, resenziyalar çap olunur, sayılıb-seçilən tənqidçilər, ədəbiyyatşünaslar əsər haqqında xoş sözlər deyirdilər. İndi də olmasın bir tələbənin fikri...

Üstündən bir müddət keçəndən sonra yenidən romanı oxumaq ehtiyacı hiss etdim və bu dəfə də bircə günün içərisində oxuyub bitirdim. Əmin idim, burda məndən nələrsə vardı. Zeynəbin azadlıq, sufi Mehdinin həqiqət, yazıçı Mehdinin hüzur axtarışları mənə necə varlarsa, eləcə doğma idilər...

Həyatda təsadüflərə inanmıram. Məncə, hər təsadüf bir zərurətdir. Nə olmalıdırsa, o da olur, yaxşı və ya pis. Bu günlərdə Fələk qırmancı bir daha oxumaq həvəsinin könlümə düşməyi də təsadüfi deyildi. Bəlkə də yaşadıqlarım məni addım-addım aparırdı bu əsərə doğru. Ürəyimin bir küncündə yaşadığım duyğu fırtınasının, düşüncələr təlatümünün məhz bu romanla susacağını hiss edirdim. Ona görə də qalaq-qalaq kitabların içərisindən yerini heç dəyişmədiyim və unutmadığım Fələk qırmancı götürüb yenidən oxudum.

***

Ədəbiyyatı, sənəti, həyatı dəlicəsinə sevən, bu sevgi ilə bir yazıçıya platonik aşiq olan Zeynəbin geridəqalmış, cahil, balaca kənddə və o kəndin balacalığından da dəfələrlə balaca olan ailəsində duyduğu əsarəti, azadlığa təşnəliyini sanki öz qəlbimdə, ruhumda hiss edirdim. Təkcə fiziki baxımdan qız doğulduğu üçün cürbəcür təzyiqlərə, sıxıntılara məruz qoyulan Zeynəblər azdırmı cəmiyyətimizdə? Müəllif əsərdə konkret zamandan danışmır, heç biz də bunu bilməyə xüsusi ehtiyac duymuruq. Çünki önə sürdüyü, əsaslandırdığı arqumentlər bütün dövrlərin ən aktual problemi, mənəvi sıxıntlarıdır.

Zeynəbin dilindən verilən ilk cümlə təkcə onun deyil, eləcə də romandakı bütün obrazların, onların fonunda isə cəmiyyətin, biz insanların ən böyük problemidir.

Təsəvvüfə görə, ruh bu dünyada dördqat zindandadır. Dünya, ev, paltar və bədən. Müəllif də Fələk qırmancı romanında qəhrəmanlarının bu dördqat zindandakı əsarətlərini təsvir edir.

Mətn içərisində mətn metodu ilə qurulan romanın bütün obrazları bu əsarət-azadlıq arasında çarpışmaqdadırlar. Zeynəb yaşadığı və bütün varlığı ilə nifrət etdiyi mühitdən kitablarının, yaxşı oxuyub ali məktəbə qəbul olmağın sayəsində xilas olacağını düşünür. Əslində, əvvəl-əvvəl bu arzusuna nail olur da. Hətta illərlə ürəyində daşıdığı platonik sevgisinə də qovuşur. Amma əsarət zənciri onun ayaqlarına dolanmışdı, ondan qurtuluş bu qədər asan olmayacaqdı...

Romanın sufi sujet xəttinin qəhrəmanı gənc Mehdi də azadlıq axtarışındadır. Onun uşaq yaşlarında öz iradəsindən kənar gətirildiyi təkkənin Zeynəbin balaca kəndindən heç bir fərqi yoxdur. Hətta artıq özünün və özü kimilərin bu təkkədəki əsarətini başa düşən, nəyinsə doğru olmadığının fərqinə varan Mehdi bir yerdə Allah aşiqlərinin mənəvi ucalıq naminə pənah gətirdikləri təkkəni zindanla müqayisə edir və onlar arasında heç bir fərq olmadığını deyir: Bu müridlər üçün zindanla təkkənin fərqi yoxdur. Orada da quru yerdə yatırlar, təkkədə də. Orada da yeməkləri sudan və çörəkdən ibarətdir, təkkədə də. Orada da qadın yoxdur, təkkədə də.

Çox qısa zamanda təkkədə nüfuza sahib olan, şeyxlik mərtəbəsinə kimi ucalan gənc qəhrəmanımız yalnız bundan sonra əsarət zəncirini qırıb ata bilir. Çünki artıq o özü əsir almaq səlahiyyətində idi. Bəlkə də əsarətdən qurtulmağın yolu özünün insanları əsir edə bilmək ucalığına nail olmaqdır.

Sufi Mehdinin müəyyən dövrdən sonra zindan olduğunu dərk etdiyi təkkənin neçə-neçə əsiri var. Kimisi bu əsarətin fərqindədir, kimisi isə ömrünün sonuna kimi həqiqətə bilərək, ya da bilməyərək göz yumur. Çünki həqiqət eybəcər, üz-gözü qırışmış qoca qarıdır.

Yazıçı Mehdi isə öncə azad, müstəqil, öz iradəsinin sahibi təsiri bağışlayır. O, nə kiçik, cahil düşüncəli insanların toplandığı kənddə yaşayır, nə də insanları hər cür dünyəvi nemətlərdən uzaq tutan təkkədə. İstədiyi yerə getmək, istədiyi cür yaşamaq şansı var. Amma o, bəlkə də digərlərindən daha artıq əsarətdədir. O, bir ruhun məruz qaldığı dörd zindanın dördünün də ağırlığını duyur, hiss edir. Hələ bunlar yetməzmiş kimi, o, öz içərisində də zindan daşıyır. Məşhur yazıçı Mehdi öz düşüncələrində, öz ruhunda azad deyil. Ədəbiyyat, yazıçılıq onun bütün ruhunu əsir edib. O, bu əsarətdən qaçmaq, can qurtarmaq üçün yazmağın daşını atır. Bunu isə belə əsaslandırır: Kitablar bizi həqiqətdən uzaqlaşdırıb. Bu kitablar yazıçıları və əlbəttə ki, oxucuları kor bir dalana salıb. Bizi ora gətirən ədəbiyyatdan xilas olmaq üçün bildiyimiz hər şeyi unutmalıyıq. Mən yazdıqca bu dalanın ömrü uzanır. Mən də o günah qoşununa qoşuluram, onlarla birgə qılınc çalıram. Nədir axı ədəbiyyatın məqsədi? İnsanları xoşbəxt etməkdirsə, bəs yazıçıların özləri niyə bədbəxtdir?

İnsanı silkələyən, o eybəcər həqiqətləri düz gözünün içinə hayqıran, sillə kimi üzünə endirən bu sualın cavabını bircə Mehdinin özü bilirdi. Bu sirr bircə ona məlum idi. Və o da açıb-aşkarlamadan özüylə yoxluğa apardı...

***

Məncə, dünyanın ən mənasız suallarıdır müəllif bu əsərdə nə demək istəyib? tipli suallar. Yazıçı əsərini yazır, ondan kimin hansı mənanı çıxarması isə insandan və həmin əsər oxunarkənki ruh halından asılıdır. Əgər bu yazını oxuyarkən mənə yaxşı, bəs səncə, müəllif əsarətdən qurtuluşun, azadlığa qovuşmağın yolunu nədə görür? deyə sual versəniz, onda deyərəm ki, sevgidə... Əsərin adını çəkdiyim və çəkmədiyim obrazlarının hamısı - sevgisizlikdən əziyyət çəkir. Kimi o sevgini yazıçısında axtarır, kimi oxucusunda, kimi də Allahda... Amma əslində o sevgi insanın öz daxilində gizlənib. Əgər nə vaxtsa kimsə ömründə bircə dəfə öz daxilinə boylanmağı ağıl etsə, onda mütləq o sevgiyə də, sevginin bəxş etdiyi azadlığa da qovuşar... Hə, bir də sevgi qapıdan girərkən haram bacadan tüstülənib yox olurmuş...

***

 

Barmaqlarım klavyaturanın üzərində fikirlərimin rəsmini çəkərkən pəncərəmin önündə qaranlıq aydınlıq qarşısında ağ bayrağını qaldırır. Həmişə də elə olmurmu ki? Bütün qaranlıq gecələrin sonunda nurlu bir Günəş gözləmirmi bizi?!

Düz gözlərimin qarşısına, monitorun önünə qoyduğum kitaba baxıb, yazımın son cümləsini düşünürəm. Amma bu dəqiqə o məşum şübhə mənim də qəlbimi ağuşuna alıb: yazmaq, ya yazmamaq?!

525-ci qəzet 2018.- 29 dekabr.- S.22.