Bu ilin "Gənclər mükafatı" qaliblərə təqdim edildi

 

2 Fevral - Gənclər Günündə müxtəlif sahələrdə aktiv və uğurlu fəaliyyəti ilə seçilən, istedadlı gənclərin mükafatlandırılması mərasimi keçirilib.

 

Tədbirdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, vergilər naziri Mikayıl Cabbarov və digər rəsmi şəxslər iştirak ediblər.

 

Nazir Azad Rəhimov bildirib ki, bu, gənclər üçün böyük bir bayramdır: "Bu il Azərbaycanda gənclər gününün qeyd olunmasının 20-ci ildönümüdür. Bu, böyük bir yoldur. Biz bu müddət ərzində çox işlər görmüşük. Azərbaycan gənclər siyasəti sahəsində dünyəvi bir model yaradıb və bu model dünya ölkələrində, beynəlxaq təşkilatlarda qəbul olunur. Gənclər Prezidentin ətrafında birləşib, Azərbaycan naminə çalışırlar".

 

Tədbirdə Prezident mükafatına, həmçinin, Gənclər və İdman Nazirliyinin təltifinə layiq görülən gənclərə mükafatlar təqdim edilib. Bundan əlavə, keçən ildəki uğurlu fəaliyyətlərinə görə, Gənclər günü münasibəti ilə bir sıra gənclər təşkilatları və tələbə gənclər təşkilatı da təltif olunub. Mükafatlandırılanlar arasında "525-ci qəzet"in əməkdaşı, gənc yazar Şahanə Müşfiqvar. O, 2017-ci ildəki uğurlu ədəbi fəaliyyətinə görə "İlin gənc yazıçısı" mükafatına layiq görülüb. Mükafatı Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli təqdim edib.

 

Hər il 2 Fevral gənclər gününün qeyd olunması münasibətilə, elm, təhsil, mədəniyyət və incəsənət sahəsində nailiyyətlər qazanan, respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil edən yaradıcı və istedadlı gənclərin stimullaşdırılması məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlar təqdim olunur.

 

XƏDİCƏ

525-ci qəzet  2018.- 6 fevral.-  S.7.