Milli Qəhrəman Təbriz Xəlilbəyli istiqlal şairi Xəlil Rza Ulutürkün misralarında

 

Həyatda ən böyük zirvə şəhidlikdir. Bu zirvəyə ucalanlar yaddaşlara əbədi həkk olan qalalardır. Elə qala ki heç bir qüvvə - yağış, qar, tufan, düşmən gülləsi yıxa, dağıda bilməz.

 

Zaman-zaman Azərbaycan xalqı da düşmənlərlə mübarizədə belə qalalara arxalanıb. Cavanşirdən, Tomrisdən, Babəkdən, Koroğludan, Qaçaq Nəbidən yol alıb gələn igidlik dərsi indi Mübarizlərin, Əliflərin, Salatınların, Riyadların, Çingizlərin... və daha neçələrinin həyatında davam edib, gələcək nəslə bir örnək, nümunə olub.

 

Bu gün belə igidlərdən birinin doğum günü ərəfəsindəyik. Azərbaycanın Milli Qəhrəmanı Təbriz Xəlilbəylinin. Hamımızın yaxşı tanıdığı, Azərbaycanın istiqlal şairi Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəylinin.

 

Bu ad günü ərəfəsində birdən-birə qələmim qəhrəmanı öz dilimlə vəsf etmək istəmədi. Qələmim övladı haqqında şeirlər yazmış, misralar tükətmiş bir şair atanın qələminə boylandı. Qələmlər danışdı, dərdləşdi.

 

Qərar verdim: mən bu qəhrəmanlığı atanın dili ilə danışdırmalıyam. Bütün həyatını xalqına, onun müstəqilliyinə, azadlığına həsr etmiş, bu uğurda daş zindanlara razı olmuş şair X. Rza Ulutürkün dili ilə:

 

Qoy sənə doğulan günəş deyim ki,

Nurunla açılan al səhərəm mən.

Yeddi il yol gələn, a mənim ilkim,

Gəldiyin yollara gül düzərəm mən.

 

Doğulduğu anda şair qələminə güc verib onu ilhama gətirən övlad sevinci sətirlərin yaddaşına düzüldü. Şair ata oğlunun gələcəyi üçün arzular qurdu, xəyalların qucağında pərvazlandı.

 

Ata oğluna ad qoydu: Təbriz! Azərbaycanın səhəri Təbrizi öz oğluna qardaş görmək istədi. Atanın arzusu qanadlandı, coşdu, daşdı:

 

Ey bala Təbrizim, gün o gün olsun

Ana Təbrizimə mən azad deyim,

Ustad Şəhriyarla görüşüm olsun.

Təbrizi Təbrizə qol-qanad deyim.

 

Hələ körpə balasının gələcək ta leyini bilməyən ata indidən onu döyüşlərdə, səngərlərdə mübarizədə arzuladı. Çünki qəlbi vətən sevgisi ilə vuran şair Azərbaycanın istiqlalı üçün ər oğulların olmasını arzulayırdı. Və oğlunun dünyaya gəlişi adı bir atanın sevinci deyildi, həm də istiqlal mücahidinin yeni bir əsgərin doğuluşu üçün duyduğu sevinc idi.

Arzular, könlümdə çeşmə-çeşmədir,

Arzular qoynunda boy atmış könül.

Səni arzum üçün, amalım üçün,

Səni döyüş üçün yaratmış könül.

 

Nağıl dili yüyrək olar, - deyib atalarımız. Təbrizin nağılında da qəhrəman tez böyüdü, boya-başa çatdı. Oxudu, tay-tuşlarına qarışdı. Atanın bir an da olsun nəzərindən uzaqda olmadı bu inkişaf. Ata baxdı, Ata narahat oldu, Ata qayğılandı, Ata bəzən təəssüfləndi, bəzən də sevindi oğlunun hər addımından. Ancaq o, inanırdı, inanırdı ki, Xəlil Rza övladı əsl istiqlal mücahidi olacaq, Vətənin müstəqilliyi üçün çarpışan ərlər sırasında onun Təbrizi də öndə olacaq. Vaxt-vədə yetişdi. Bir gün yurdumuzun üstünü alan quzğunları susdurmaq, onları öz yerində oturtmaq üçün Təbriz silahlandı, cəbhəyə könüllü olaraq yola düşdü. Ata bu gedişə xeyir-dua verdi. Doğuluşundan dünya boyda sevinc qapan Ata yanılmadığını görüb fərəhləndi. Ata oğlunun bu səfərdən geri dönüşü ola bilməyəcəyini bilə-bilə arxasınca su səpdi, köksü qabardı qürurdan.

Bəli, istiqlal şairi bir istiqlal övlad yetişdirmişdi.

Qara bığlar şəvə kimi... kürək enli, qamət uca.

Könüllüydü... ön cəbhəyə varıb getdi uça-uça.

Kimsə sütül köçəçəkdir bu dünyadan, kimsə qoca.

28 yaşa məgər çatdı Təbriz Xəlilbəyli?

 

Şəhidliyə gedən yola çıxmışdı Təbriz Xəlilbəyli. Bu yolla addımlayırdı və addımladıqca da dönmürdü, qorxmurdu tutanlardan, boranlardan. Ananın gözləri yolda, sevgilisinin gözləri yolda, Atanın gözləri... Və bir gün o müdhiş xəbər qapını döydü. Açmadılar. Pəncərədən boylandı, sızıb evdəkilərin üzünə baxdı. Gəlmişəm. Nə edəcəksiniz? Məni necə qəbullanacaqsınız? - deyərək meydan suladı. Ana çaşdı, döyükdü. Xəbəri Vətən dərdi ilə yaralanmış şair qəlbinə, beyninə, necə ötürəcəyinə qərar verə bilmədi. Bu qəlb bir də övlad yarası alacaqdı. Görəsən, dözə biləcəkdimi? Şair ürəyi haray saldı bu acı xəbərdən, yeri-göyü titrətdi qələmindən süzülən misralardakı fəryad. Ancaq özündən çox yenə də Ananı, oğlunun sevgilisini, bir də Vətəni düşündü şair.

 

Aç başından qara şalı, can Firəngiz, sən ağlama!

O məqbərə yerdi-göydü...baş daşını qucaqlama.

Mərmərində dövrə dönür yağış göydən dama-dama.

Üstündəki ehtişama matdı Təbriz Xəlilbəyli.

 

Misralara axıtdı acı göz yaşlarını şair. Misraları qınadı, misralara ağladı, onları günahkar bildi, bəlkə Ata qəlbi təskinlik tapaümidi ilə. Şair ürəyi toxtadı, amma Ata qəlbi yox. Qürur, and yeri olan şəhid oğlunun nə vaxtsa qayıdacağı, onları sevindirəcəyi ümidi ilişib qaldı Atanın qəlbinin bir küncündə. Və özü də bilmədən bu təskinlik aldanışı onun qəlbini yavaş-yavaş ağrıtdı, incitdi, göynətdi, susmasına səbəb oldu.

 

Bəs nə üçün səhər tezdən hamıdan tez oyanırsan?

Qapı zəngi çalınanda yüyürürsən, boylanırsan.

Bəlkə gəldi?!

Möcüzəyə inanmırsan, inanırsan.

Dağı bəlkə dağ çiynindən atdı Təbriz Xəlilbəyli!

 

Atanın oğul həsrəti gün-gündən böyüdü, artdı. Gözlər qapıda, ürəyi səksəkədə qaldı. Az qala hər gün getdiyi Şəhidlər Xiyabanındakı ziyarət yeri - Təbrizin uyuduğu məzar da Ataya rahatlıq gətirmədi. Oğlunun əbədiyyətə qovuşduğu torpaq da gözlərini yollardan yığmadı.

 

Məqbərənə gül düzərək,

Gülüm, Təbrizim, Təbrizim!

Doğrudanmı səni tapdı

Ölüm, Təbrizim, Təbrizim!

 

Ata ikilik-ziddiyət arasında vurnuxurdu: biri oğlunun doğuluşundan qazandığı sevinc payı idi, digəri ölümündən aldığı acı zərbə idi. Təbriz doğulanda elə bilmişdi ki, Azərbaycanın qədim şəhəri Təbrizə qovuşdu. 200 illik ayrılıq, hicran dərdinə son qoydu. Və daxilində elə bir ümid yaranmışdı ki, nə vaxtsa Təbriz də geri qayıdacaq, Cənubi Azərbaycan yarası sağalacaq.

 

Sən tapınan, o tapınaq,

Cüt Təbrizi qovuşduraq,

Ey bəxtəvər, ey üzüağ,

Balam, Təbrizim, Təbrizim!

 

Günlər, aylar ötdü. İllər yerdəyişmə etdi. Təbriz dönmədi. Heykəlləşib Şəhidlər Xiyabanını bəzədi. Şair qələmi dayanmadan oğlunu - bir Vətən övladını tərənnüm etdi. Yorulmadı, usanmadı. Sətirlər sətirləri qovdu, bəndlərdə birləşdi, qovuşdu. Bəndlər də birləşib ölməz şeirlərə döndü. Ancaq Təbriz, minlərlə şəhid dönmədilər. Onları ziyarətə gələnlərə biz sizinləyik mesajını vəd etdilər. Şəhidlər daşlarda, daşlar məzarların üstündə qərarlaşdılar.

 

Və bir gün ataya şad xəbər verdilər: ona Xalq şairi adı vermişdilər.

 

Zənglər ara vermir... Təbrik edənlər,

Muştuluq umanlar görün nə qədər.

Söykəyib arxamı mərmər divara,

Sakit dayanmışam, əlimdə dəstək.

Baxın gözlərimdən axan yaşlara.

Deyirəm: - Balamın qan bahasıdır

Başıma qoyulan bu qızıl çələng.

 

Şair bu adı ona verilən təskinlik payı qan bahasıkimi qəbul edir. Ona bu gün verilən ad nədənsə sevinc, xoşbəxtlik gətirmir. Axı o, bu sevinci balası Təbrizin də görməsini istəyirdi. Dünyada ən böyük xoşbəxtlik öz bəxtəvərliyini yaxınlarınla bölməyindir. Əgər onlar yoxdursa, qazandığın uğurların da heç bir anlamı yoxdur.

 

Şair boğazında yığılıb qalan sevincini udur və o da qələmini yerə qoyub silaha sarılmaq, şəhid olmaq arzusuna düşür.

 

Çələng sənin olsun, avtomat mənim

Şövqünü səninlə bölmək istərəm.

Sən Vətən uğrunda keçdin canından

Mən Sənin uğrunda ölmək istərəm.

 

Ancaq şair qələmi ilə çoxdan Şəhidlik zirvəsinə qalxmışdı. Meydan hərəkatı, Lefortova zindanı, bir də yaradıcılığı buna sübut idi.

 

Bu meydanda anladım ki, nə quzuyam, nə də ceyran.

Azərbaycan bu gün doğur özü boyda Azərbaycan!

... Və bu yerdə hiss edirəm ki, ağlayan qələmim "Dayan! Bəsdir-deyir. Bir "Şəhid atanın öz şəhid oğluna həsr etdiyi misraların hayqırtısına daha dözə bilmirəm, dərdə boyun əymək istəmirəm... Birdən-birə daxilimdə başqa bir hiss də mənə pıçıldayır: Axı onlar Azərbaycanın işıqlı sabahı, gələcəyi üçün çarpışıblar. Əgər onlar özlərini fəda etməsəydilər, bugünkü günümüz - müstəqilliyimiz, inkişafımız, Azərbaycanı dünyada tanıdan uğurlarımız da olmazdı. O xalq xoşbəxt xalqdır ki, azadlığı uğrunda öz qızını, oğlunu qurban versin. Müstəqillik verilmir, alınır. Bunun üçün candan keçmək lazımdır. Bu mənada Azərbaycan xalqının başını uca tutmağa, qürur hissi keçirməyə tam mənəvi haqqı var. Çünki Azərbaycanın Təbrizləri, Çingizləri, Salatınları, Riyadları, Aqilləri kimi yüzlərlə şəhidlik zirvəsinə yüksələn igidləri var. Və şəhidlərin amalı birdir: Təki Vətən sağ olsun!

 

Bu yerdə mən də silkinib qəddimi düzəldirəm, başını dik tuturam. Azərbaycanın gələcəyi üçün mübarizəni davam etdirməyi dərk edirəm. Şəhidlərin bizə ərmağan qoyduğu Müstəqil Azərbaycanı biz də gələcək nəsillərə sağlam şəkildə təhvil verməliyik axı. . .

 

Sətirləri yenə də Ulutürk qələmi ilə tamamlamaq istəyirəm.

 

İtib-batmaq üçün yaranmamışam,

Dünənəm, bugünəm, gələcəyəm mən.

Bir gün bu dünyadan köçsəm də nə qəm,

Dünyaya yenidən gələcəyəm mən.

 

Ruhəngiz ƏŞRƏFQIZI,

Neftçala

 

525-ci qəzet 2018.- 8 fevral.- S.8.