Xalqa və dövlətə xidmət naminə yaşanan ömür

 

POLKOVNİK HÜSEYNAĞA ƏLİYEVİN XATİRƏSİNƏ DƏRİN EHTİRAMLA

 

 

Elə insanlar var ki, ömür boyu tutduqları düzgün aydın yol, vətən xalq uğrunda parlaq əməlləri onlara həm dərin məhəbbət, həm unudulmazlıq qazandırır.

 

Belə insanların ömrü əslində onların cismani yoxluğu ilə başa çatmır. Özləri dünyadan köçdükdən sonra onların əbədi həyatı, mənəvi ömrü başlanır. Xalqın, tanıyan insanların nəzərində xatirində onlar daima canlı qalır, dönə-dönə adları çəkilir, dəyərli sözləri, nurlu fəaliyyətləri yada salınır .

 

Uzun illər xüsusi xidmət orqanları sistemində fəaliyyət göstərmiş polkovnik Hüseynağa Əliyev məhz bu cür işıqlı şəxsiyyətlərin sırasında özünəməxsus yer tutur. O, vətənimizin dar zamanında, dövlətimiz milli dövlətçiliyimiz üçün çətin sınaq günlərində hər an cəsarət ləyaqətlə davranıb. Hüseynağa Əliyev dövlətçiliyimizin qorunması, ölkəmizdə dincliyin, əmin-amanlığın bərqərar olması yolunda əzmlə çalışan fədakar insanlarla bir cərgədə addımlayıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında öz silahdaşları ilə birgə yüksək amalların keşiyində dayanan polkovnik Hüseynağa Əliyev vətənə, dövlətə cəsur, dəyanətli zabit kimi xidmət edib. Bu uzun xidmət yolunun ayrı-ayrı məqamları onun tərcümeyi-halında parlaq sətirlərə çevrilmişdir.

 

Hüseynağa Məhərrəm oğlu Əliyev 1952-ci il avqustun 27-də Şamaxıda dünyaya göz açıb. Rayonda orta təhsil aldıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olub. Ali məktəbi bitirərək Şamaxıda müəllim işləyib, doğma rayonda yetişən yeni nəslə tarix fənnini tədris edib.

 

Az sonra hərbi xidmətə yollanan Hüseynağa Əliyev orada öz zəkası, bacarığı ilə seçilib. Hərbi xidmətin ardından Belarusda xüsusi xidmət orqanlarında üzrə ali təhsil alandan sonra bu çətin sahədə uğurla fəaliyyətə başlayıb. Böyük diqqət, məsuliyyət ciddiyyət, xüsusi səriştə tələb edən bir sistemdə Hüseynağa Əliyev tezliklə özünü nümunəvi zabit kimi təsdiqləyib.

 

Azərbaycan istiqlaliyyətini bərpa etdikdən sonra respublikada baş verən gərginliklər, təlatümlü hadisələr Hüseynağa Əliyevin həyat fəaliyyətinə təsirsiz ötüşməyib. Qanlı münaqişə gedən Qarabağda, cəbhə bölgəsində xidmətdə olaraq, təhlükəsizlik zabiti kimi üzərinə düşən vəzifələri rəşadətlə yerinə yetirib.

 

Onun fəaliyyətinin əsas qismi Ulu öndər Heydər Əliyevin başçılığı ilə Azərbaycanın müstəqilliyinin qorunması, milli dövlətçiliyimizin möhkəmlənməsi yolunda aparılan qəti və məqsədyönlü mübarizə dövrüylə bağlıdır. Xüsusən, bəzi bölgələrdə baş qaldıran separatçılıq meyillərinə qarşı təsirli tədbirlər görülməsi naminə Hüseynağa Əliyev bacarıqla xidmət göstərib. Bu dönəmdə o, Azərbaycanda milli təhlükəsizlik sahəsində fəal xidmət edib, müxtəlif illərdə respublikanın Biləsuvar, Yardımlı, Goranboy, Lənkəran rayonlarında, həmçinin, Bakının Nizami rayonunda DTX (o zaman MTN) rəisi, Lənkəran Sərhəd Dəstəsinin komandiri olub.

 

Fəaliyyəti dövlət tərəfindən layiqli şəkildə qiymətləndirilən Hüseynağa Əliyev vətən və xalq qarşısında xidmətlərinə görə ayrı-ayrı vaxtlarda bir sıra medallarla, mükafat və fəxri fərmanlarla təltif edilib.

 

Hüseynağa Əliyev həssas, qayğıkeş ailə başçısı olub, ciddi və diqqətli ata kimi nümunəvi övladlar yetişdirib. Onun hər iki övladı indi Azərbaycanda qanunçuluğun və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanan zabitlərimizin cərgəsindədir.

 

Təqaüdə çıxdıqdan sonra vaxtını və enerjisini ailəsindən, yaxınlarından əlavə, həm də ümumən el-obanın qayğılarına sərf edən Hüseynağa Əliyev ömrünün son günlərinəcən fəal yaşam tərzi keçirib. Çünki mənalı yaşamaq, xalqa, insanlara faydalı olmaq onun həyat amalı idi.

 

Vətənpərvər şəxsiyyət, gözəl insan Hüseynağa Əliyev, çox heyif ki, dünyamızı tez tərk etdi. Ağır xəstəlikdən sonra 2018-ci il yanvarın 6-da həyatla vidalaşdı. Vəfatının 40-cı günü ərəfəsində olduğumuz polkovnik Hüseynağa Əliyev təkcə doğmalarının deyil, onu tanıyan hər kəsin qəlbində, hafizəsində əvəzsiz bir yerə sahibdir. İllər boyu sədaqətlə xidmət etdiyi xalqımız və dövlətimiz üçün də, inanırıq ki, Hüseynağa Əliyevin xatirəsi əziz və unudulmazdır.

 

Allah rəhmət eləsin!

 

Ceyhun ABASOV

 

525-ci qəzet  2018.- 13 fevral.- S.8.