Ömrün iki qərinəsi - Vaqif Abbasov-65

 

"Elə adamlar var ki, onlarla söhbət etmək yaxşı bir kitab oxumağa bərabər olur".

Əbülhəsən Bəhmənyar    

 

Vətənə məhəbbət, torpağa, ana yurda sevgi ən əvvəl, insanın elə anadan olduğu doğma ocaqdan, eldən-obadan başlayır.

İnsan öz böyük Vətənini kiçik kəndinin və ya şəhərinin bir ovuc torpağından, onun gülünün, çiçəyinin ətrindən sevməyə başlayır. Bal arısı güllərin, çiçəklərin şirəsini çəkdiyi kimi, insan da doğulub boya-başa çatdığı bir ovuc torpağın sevgisini zərrə-zərrə içinə çəkir. Bu sevgi onu ana torpaqdan güc almağa, yaşamağa, yaratmağa səsləyir və sonda isə Vətənini sevməyə sövq edir... Bu, hər bir insan ömründə belədir. Ancaq fərq isə bu sevginin miqdarında, qədərindədir. Kimdə bu sevgi az olur, kimdə isə qədərindən çox. Vaqif müəllimi tanıyandan mənə elə gəlib ki, o, ikinci qəbil - yəni doğulduğu torpağı, elini-obasını, Vətənini qədərindən çox sevən insanlardandır. Onun qədər doğulduğu yurda, onun insanlarına ürəkdən bağlı olan çox az adam tanıyıram.

Tale elə gətirib ki, Vaqif müəllimlə mənim anadan olduğumuz kəndlər - Tərtər rayonunun Cəmilli və Evoğlu kəndləri türkün əzəli və əbədi düşməni olan erməni postlarının çox yaxınlığında yerləşir. Demək olar ki, hər gün bu kəndlərin cəbhə-boyu ərazilərində, eləcə də rayonun düşmənlə həmsərhəd olan digər kəndlərində atəşkəs rejimi pozulur, dinc əhali, yaşayış məntəqələri, mülki adamlar atəşə tutulur. Ölənlər, yaralananlar və dağıntılar olur. Bu barədə ölkə KİV-ləri vaxtaşırı xəbərlər verir, oradan reportajlar yayımlayırlar. Hamı, hətta o regiondan kənarda yaşayan hər bir respublika əhalisi belə, bu xəbərləri həyəcanla dinləyir. İllah da ki, əslən həmin rayondan olub, Bakıda və ya döyüş bölgəsindən kənar yerlərdə yaşayanlar orada baş verən hadisələri ürəkağrısı ilə izləyirlər. Belə məqamlarda o hadisələrin canlı iştirakçısı olan həmin insanlara ağsaqqal sözü, ziyalı diqqəti əvəzsiz olur. Onların hər sözü, hər qayğısı cəbhəyanı bölgələrdə yaşayan insanlara hava, su kimi lazım olur. Doğma Tərtərin belə ağsaqqal ziyalılarından biri, əslən Tərtər rayonundan olan, akademik, AMEA Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasovdur.

 

Vaqif müəllim rayonun cəbhəboyu ərazilərində baş verən hadisələri bütün varlığı ilə yaşayan, onu ürəkağrısı ilə duyan bir insandır. Bəzən cəbhədə vəziyyət həddən artıq gərginləşəndə, hadisələr kritik həddə çatanda, xüsusilə 2016-cı ilin Aprel hadisələri zamanı Vaqif müəllimin hansı hisslər keçirdiyinin canlı şahidi olmuşam. Onun Aprel hadisələri vaxtı iki gün döyüş bölgəsində olduğundan da xəbərim var. Mən onunla eyni yerdə - Azərbaycan Milli Elmlər Akademiyasında çalışıram. Biz AMEA-nın müxtəlif institutlarında çalışsaq da, Elmlər Akademiyasının iclas və tədbirlərində vaxtaşırı görüşürük. Belə vəziyyətlərdə mənim ən mötəbər məlumat və xəbər qaynaqlarımdan biri Vaqif müəllim olur...

 

Mən onu qiyabi olaraq hələ Bakıya köçməmişdən əvvəl - Tərtərdə yaşadığım və işlədiyim illərdən, I Qarabağ müharibəsi dövründən tanıyıram. Onda keçən əsrin 90-cı illərinin əvvəlləri idi. Qarabağ müharibəsi özünün ən ağır dövrünə qədəm qoymuşdu. Artıq Azərbaycan Ordusu qanlı döyüşlər nəticəsində Ağdərəni və ona bitişik əraziləri ermənilərdən azad etmiş, strateji yüksəklikləri, o cümlədən, məşhur "Qlobus" yüksəkliyini ələ keçirmişdi. Ordumuz Xankəndinin bir neçə kilometrliyində idi. Mən o vaxt Tərtər şəhər 2¹-li orta məktəbində direktor müavini işləyirdim. Əslən Tərtərdən olan insanlar, xüsusən ziyalılar rayona, cəbhə bölgəsinə tez-tez baş çəkərdilər. Vaqif müəllim də o vaxt Bakıda yaşasa da, tez-tez Tərtərə gələr, əhaliyə, döyüşən orduya əlindən gələn  köməyi göstərərdi.

 

Vaqif  müəllimlə mənim qiyabi tanışlığımızın tarixi 30 ilə yaxın olsa da, şəxsi tanışlığımın müddəti cəmi-cümlətani beş ildir. Ötən bu beş ildə onda bir çox insani keyfiyyətlər: sadəlik, alicənablıq, mehribanlıq, ünsiyyətcillik və s. cəhətlər görmüşəm. Buna görə mənə elə gəlib ki, sanki onu beş il deyil, əlli ildir ki, tanıyıram. Mənim tanıdığım qədər Vaqif müəllim təpədən dırnağacan, iliyindən qanınacan, soy-kökündən davranış və ədalarınacan əsl türkdür və o, bütün həyatı boyu xalq, millət sevgisiylə yaşayıb. V.Abbasov çox səmimi, mehriban və xeyirxah bir insandır. Səmimiyyət, mehribanlıq və xeyirxahlıq isə insanlar arasında olan xoş münasibətlərdən yaranır. Bu, kamillik, müdriklik nümunəsidir. Kamillik, müdriklik isə ilk növbədə, xaraktercə bütöv insana xas olan xüsusiyyətdir. Belə insanlar heç zaman yaddan çıxmır, həmişə yaddaşlarda qalır və unudulmur.

 

İnsana hər zaman "Yer üzünün əşrəfi" deyilib. İnsana ona görə belə deyilib ki, yalnız o, həyatı mənalandırmağı, əməlləri ilə Yer üzünü cənnətə döndərməyi bacarır. Ancaq hər insan "Yer üzünün əşrəfi" adlanmağa layiq olmur. Yalnız mənalı ömür yaşayan insan, başqa sözlə, Zərdüşt peyğəmbərin bəşəriyyətə "Xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl" tövsiyəsini özünün həyat kredosuna çevirə bilən insanlar bu cür adlanmağa layiq olur. Belə adamların sayı isə çox olmur, bəlkə də hər yüz nəfərin içində yalnız bir nəfər həyatda mənalı ömür yaşaya bilir. Məhz belə insanların hesabına adamların hamısı Ali varlıq, "Yer üzünün əşrəfi"  sayılır. Fikrimcə, belə insanların həyat və ömür salnamələri ətraflı şəkildə qələmə alınmalı, gələcək nəsillərə çatdırılmalıdır. Kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Yusif  Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik, mənalı bir ömür yaşayan Vaqif Abbasov məhz belə insanlardandır. Vaqif müəllimin ömür yolu o qədər mənalı və şərəflidir ki, onunla tanış olduqca, onun ömür yoluna nəzər saldıqca heyrətlənməyə bilmirsən. Onun misilsiz elmi xidmətləri, pedaqoji fəaliyyəti, işgüzarlığı gələcək nəsillər üçün sözün əsl mənasında ibrətamiz bir ömür yolu, şərəfli bir həyat məktəbidir.

 

Vaqif Məhərrəm oğlu Abbasov 1952-ci il oktyabr ayının 5-də Tərtər rayonunun Cəmilli kəndində anadan olmuşdur. V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) kimya fakültəsində təhsil almışdır. V. Abbasov Altunin adına Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyasının həqiqi üzvü, 1988-ci ildən 1992-ci ilə qədər "ASSOKOR" assosiasiyasının rəyasət heyətinin üzvü olub. O, 5 aprel 2013-cü ildən Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, 2013-cü ilin mayından isə Türk Dünyası Tədqiqatları Beynəlxalq Elmlər Akademiyasının Akademik üzvü seçilmişdir. Vaqif Abbasov 2013-cü ilin noyabrın 15-də Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilmiş və Avropa Təbiət Elmləri Akademiyasının Əsas qızıl Cəngavər ulduzu, 1987-ci ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalı, "SSRİ-nin qabaqcıl ixtiraçısı" döş nişanı, 1989-cu ildə SSRİ Neft-Kimya sənaye nazirliyinin Fəxri Fərmanı, 1996-cı ildə akademik Y.H.Məmmədəliyev adına medalı, 2000-ci ildə AMEA-nın Fəxri Fərmanı, 2005-ci ildə "Şöhrət" ordeni, 2013-cü ildə Beynəlxalq Sokrat Komitəsinin Şöhrət medalı (İngiltərə) ilə təltif edilmişdir, O, 2005-ci ildə Əməkdar müəllim" fəxri adına, 2014-cü ildə isə Atatürk Uluslararası Ödülünə layiq görülmüşdür.

 

V. Abbasov 1992-ci ildən 2013-cü ilə qədər Məktəblilərin kimya olimpiadasının respublika turunu keçirən münsiflər heyətinin sədri və Azərbaycanın beynəlxalq və dünya kimya olimpiadalarında iştirak edən komandalarının rəhbəri olub. 2001-ci ildən 2013-cü ilin sentyabrına qədər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası nəzdində kimyadan Ekspert Şurasının və Seminarın sədri, 2001-ci ildən Təhsil Nazirliyinin Elmi Metodiki Şurasının "Kimya və kimya texnologiyası" bölməsinin sədri və 2015-ci ilə qədər VIII-XI siniflər üzrə kimya dərsliklərinin birinci müəllifi, 2003-cü ildən "Kimya məktəbdə" elmi-metodiki jurnalın həmtəsisçisi və baş redaktorudur.

 

Vaqif Abbasov 16 monoqrafiyanın, 20 dərsliyin,  19 dərs vəsaitinin, 1150 elmi əsərin, o cümlədən, xaricdə çıxmış 335 elmi əsərin müəllifidir. Dünya pedaqoqlarının yekdil bir qənaəti var: "Yaxşı müəllim izah edir, əla müəllim nümunə göstərir, həqiqi müəllim isə həvəsləndirir və arxasınca aparır". Bu baxımdan Vaqif müəllim sözün əsl mənasında həqiqi müəllimdir. O, tələbələrinin, magistrlərinin, doktorantlarının hər birini oxumağa, öyrənməyə həvəsləndirməklə yanaşı, arxasınca aparıb. Tanrı Vaqif müəllimə təmənnasız və ən əsası isə minnətsiz xeyirxahlıq etmək bacarığını da bəxş edib. O, rəhbərlik etdiyi institutda olan, eləcə də tanıdığı, potensialına inandığı xeyli sayda istedadlı gəncə yaxından köməklik etmişdir. Belə ki, indiyə qədər omun elmi rəhbərliyi ilə 36 nəfər elmlər namizədi, 11 nəfər isə elmlər doktoru adını almışdır.

 

Vaqif müəllim çağdaş milli elmimizin layiqli simalarından biri, böyük Türk, Turan əxlaqının və mənəviyyatının, onun qan və gen yaddaşının daşıyıcısı, eyni zamanda, sözə, sənətə qiymət verən, milli mentaliteti öz genetik kodunda yaşadan insanlardandır. Vaqif müəllimin həyatda ən ali məqsədlərindən biri dövlətə, dövlətçiliyə xidmət etməkdir. Elə buna görə də Vaqif Abbasov bu yaxınlarda xalqına, onu tanıyanlara müraciət edərək, 2018-ci il aprelin 11-də keçiriləcək növbədənkənar Prezident seçkilərində hamını indiki prezident İlham Əliyev cənabları ətrafında birləşməyə və onu dəstəkləməyə, ona səs verməyə çağırır. Akademik Vaqif Abbasovun Azərbaycan xalqına, onu tanıyanlarına və sevənlərinə ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkisi ilə bağlı müraciətində deyilir: "İlham Əliyev cənabları xalqın sevimli və müdrik oğludur. O xalq xoşbəxtdir ki, onun uzaqgörən, müdrik, cəsur dövlət başçısı var. Azərbaycan xalqı da xoşbəxdir ki, onun İlham Əliyev cənabları kimi Prezidenti var.

 

Əziz xalqım! Sənə çox müraciətlərim olub, çağırışlarım olub! Bu gün də mənə inanacağına əmin olaraq bu müraciəti etməyi borcum saydım. 1993-cü ildən başlanan sürətli inkişafın davamını istəyirsənsə, öz müdrik oğlun İlham Əliyevə səs ver. Xalq - İlham Əliyev birliyi Azərbaycanımızın uğurlu və xoşbəxt sabahlarının təminatçısıdır. Biz bu birliyi yaradan İlham Əliyev cənablarının ətrafında sıx birləşib yeni zəfərlərə nail olmalıyıq.

 

Mənim əziz xalqım! Müdriklik Sənin doğru qərar verməyinin təminatçısıdır. Bir daha müdrik qərar verəcəyinə əminəm. Birliyini ifadə etmək üçün Sən dedim, düşündüm ki, Səni sevən oğlunun müraciətini sayqısızlıq saymazsan. Səni böyük zəfərlərə aparacaq seçimə səsləyirəm. Seçimin uğurlu olsun".

 

Qərinə zaman vahidi olub əsrin üçdə birinə, yəni 33 ilə bərabərdir. 2017-ci ilin 5 oktyabrında Vaqif  Abbasovun 65 yaşı tamam oldu. O, ömrünün 66-cı payızına qədəm qoydu. Bu, Ulu Tanrının ona verdiyi tam iki qərinəlik bir ömür payıdır. Bu iki qərinəlik ömründə Vaqif müəllim sanki dörd qərinəlik ömrə bərabər işlər görüb. Ulu Tanrıdan ona  ən azı daha bir qərinəlik ömür payı arzulayırıq. İnanırıq ki, Vaqif müəllim ömrünün qalan illərini də şərəflə, alnıaçıq yaşayacaq və daha böyük uğurlara imza atacaq. Əminik ki, Vaqif müəllim bundan sonra yazacağı monoqrafiyaları, kitabları, elmi, pedaqoji əsərləri ilə Azərbaycan elmini daha da zənginləşdirəcək, onu tanıyan insanları daha da sevindirəcək.

 

Tahir ORUCOV

Filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2018.- 16 fevral.- S.4.