Əhməd Qəşəmoğlu

 

sən ona oxşayırsan...

... eşitsən qəfil ölmüşəm

çəkilib bir tərəfə, tənha

elə mənim sözlərimlə

zildən bir ağı deyərsən...

heç olmasa bir saatlıq

qara paltar geyinərsən...

 

Ramiz demiş, hər kişinin

öləndən sonra

qara paltarlı bir qadının

göz yaşına ümidi var...

 

ömrüm boyu ürəyimdə

həsrəti yatan qadını,

neçə dəfə gül dəstəsi

almaq istədiyim qadını,

heç bir yanda tapmadığım,

heç adını tutmadığım,

kəlmə kəsmədiyim qadını,

çox olsa da ehtiyacım

ətrini duymadığım qadını

hardan tapım ki, ağlasın məni...

 

ümidsizəm...

ömrümə bir şey qalmadı...

qəlbimdəki o qadını

ha çağırdım, gəlmədi...

gecə-gündüz səssiz-səssiz

dedim ona:

mən sənsizəm... mən sənsizəm...

 

çox işim yarımçıqdı onsuz,

çox sevdam qalxmamış, solmuş...

kim bildi ki, tənhalıqda

qəlbim necə viran olmuş...

 

o olsaydı qəlbimdəki

tellər ona köklənərdi,

neçə sevgi dastanı, neçə uğur

yer üzünə gələrdi...

nəğmə-nəğmə dillənərdi...

 

olsun ki, o deyilsən

sənki ona oxşayırsan.

 

qəfil öldüyümü eşitsən

çəkilib bir tərəfə, tənha

elə mənim sözlərimlə

zildən bir ağı deyərsən...

 

həm mənə ağı deyərsən,

həm qəlbimdəki,

yer üzünə gəlməyən gözələ....

 

heç olmasa bir saatlıq

qara paltar geyinərsən...

 

ömrümün gözəl insanları

 

ürəyim sək-səkədə,

ömrüm təhlükədə...

dünyadan keçirəm indi...

 

...gecədən xeyli keçib,

küçənin ortasında təkəm.

kövrəlmişəm...

 

bu şəhərdəki

insanlar düşür yadıma.

 

bu şəhərdə

üç-beş insan var ki,

onlar yadıma düşdükcə,

təpər gəlir ürəyimə.

o doğma işıq

 

üzünə silah tuşlanmış

bir insan günündəyəm...

dövranın əlindədir silah...

 

görürəm zamanın ötdüyünü,

güllələrin sinəmi necə

al-qan etdiyini...

 

düşüb qaldığım yerdə

doğma bir işığı düşünürəm,

üz-gözümə çilənmiş qanın

sifətimə verdiyi

yaraşığı düşünürəm.

 

...ömrüm boyu

eşqinə üz tutub getdikcə getdim,

bir xəbər yox səndən,

yer üzündəmisən?

 

mən səni -

o doğma işığı düşünürəm,

ömrüm həsrət qaldığı şirin

bir çağı düşünürəm...

 

Kainat verəcək hökmünü adil

 

Yer üzü yaşamaz belə nizamla

Nizam dəyişəcək, yol dəyişəcək.

Kainat verəcək hökmünü adil

Əllərin üstündə əl dəyişəcək.

 

Bütün fəlsəfələr etmədən tərslik,

Çiçəklər olacaq ən gözəl dərslik,

Məhəbbət hər qəlbdə bir nur, üzərrik

Acı söz keçəcək, dil dəyişəcək.

 

İblisin hökmündən insan arınıb,

Axır biləcək ki, niyə yaranıb?

Uca kəhkəşəndən nümunə alıb

Allahın yolunda el dəyişəcək.

 

O vədə səmalar olacaq yerim,

Yenidən dillənər mənim hər şeirim,

Ruhumdan boy verər o ilham pərim

Dövran dəyişəcək, il dəyişəcək.

 

inam

 

qıran qırır, quran qurur...

fələk öz hörgüsünü

astaca, aramca hörür...

 

qıranlar pozur ahəngi,

ahəngə aparır

yer üzünü quran...

 

hələ

nadanlıq çox olduğundan

iblisin gümrah vaxtıdı...

 

amma

heç vədə yer üzünü tamam

qıranın əlinə verməz quran...

 

yaltaq adam

 

özündən yuxarı yaltaqlananlar

yaltaqlıq gözləyir aşağılardan.

bununla qəlbində rahatlıq tapır,

özünə afərin deyir hərdən.

 

qədər kiçilsə, qədər ensə,

qədər hər əmrə, o ləbbeyk desə,

daha çox istəyir ona baş əysin,

önündə inləsin, kim tabedirsə.

 

odur ki, yaltaqlıq təhlükəlidir,

iblisin işıqlar üstə əlidir.

hər əməl gözlə sən yaltaq adamdan,

qəlbi xərabədir, şirin, dilidir.

 

gecikdin...

 

üşümə qızılgülüm,

bağbanın olammıram...

nəhs düşübdü araya

ağrını alammıram...

 

sən bir günəş şəfəqi,

gah əlimdə, gah baqi.

eşq şərbəti ver, saqi!

yıxıldım, qalxammıram.

 

yağan nurmu, yağışmı?

ya bir cadu, qarğışmı?

buludlar daşmı?

üstümdən atammıram....

 

yar dedi: - dərdin gözəl,

sən vüsaldan üzmə əl,

en göylərdən, yerə gəl.

- gecikdin, gələmmirəm.....

 

yer üzünə nurun düşüb

 

yeri... yeri...

yer üzünə nurun düşüb,

 

bilsən hansı məqamdayam?

yadıma gözlərin düşüb.

olar, məni qınama

tellərin, əllərin düşüb.

 

sən göy üzünün qızısan,

elə səsindən bilinir.

buludlar tən-tətənə tək

sənin yanınca sürünür...

 

ömrüm boyu qəlbimdəki

tellər belə dillənmədi,

heç bir vədə bu yer üzü

bu qədər doğma gəlmədi...

 

hər sözünlə ürəyimdə

say-hesabsız arzu qalxır,

biləsən indi Əhməd

burda qədər darıxır...

 

yeri... yeri...

yer üzünə nurun düşüb,

 

qəlbim eşqin alovunda

 

bilməzdim ki, kimsə məni

bu qədər valeh edər,

talenin işinə bax,

gör hələ bir, nələr edər?!

 

tellərindən, əllərindən,

dilbərim, bir nur qalxır...

şövq verir üz-gözündən,

sənin dörd yanından axır

 

hansı sirrin işığıdı,

göyün hansı yerindən?

deyir sehrinlə axı,

göylərin dərinindən?

 

kimsən belə? Bilməm.

yer üzündə neyləyirsən?

yer üzü dəysə xətrinə,

qurban elə məni sən.

 

Qüdrətin bilirsən ki, yar

Allahdan əmanətdi

Valeh eylədi hər kəsi,

biri bu Əhməddi.

 

Gəl, nur içində

 

Ömrümə xoş gəldin, gəl nur içində,

Xərabə ömrümə bir həyat gətir.

Tulla bir tərəfə daşı, kəsəyi

Öz qəlbinə oxşar bir busat gətir.

 

Bir qəsr ucaldaq dağlar başında,

Dörd yanı bağ-bağat, ən zərif güllər.

Ağaclar boy versin nəğmələrin tək,

Bulaqları sənin qəlbinə bənzər.

 

Ağappaq buludlar göm-göy səmada,

Baharın günəşi-nur yağışı tək.

Mən sənin qarşında - əmrinə tabe,

Sən mənim qarşımda ilahi mələk.

 

Muğamın ən şirin məqamı olaq,

Sözləri mən olum, avazı - sən ol.

Sənin hər bir nəğmən duamız olsun

Yerin, kahkaşanın ta özü sən ol.

 

sən sevdin, nur çiçəyi...

 

sən sevdin, nur çiçəyi!..

sən sevdin, gözün aydın!

o əlvan, ümman qəlbinlə

sənin kimi qəlbi ümman,

sənə heyran, sənə fəda

hər an sənə qurban olan

qəlbi sevdin...

 

yer üzünün güzgüsünə baxa-baxa qorxma belə...

 

tellərini dəstələ sən,

gözlərini sürmələ sən,

öz qəlbində bu sevgiyə

ən ilahi nəğmələri

bəstələ sən...

 

qəlbindəki o ümmanın telləriylə

hərdən bir

söhbət elə sən...

 

ümman ümmana vurulub

bu eşqin toyu, düyünü

göyün üzündə qurulub...

 

duymursanmı, məlakələr

çiçək səpir göy üzünə,

çiçək səpir qəlbimizə...

 

yer üzünü yaddan çıxart,

vətənimiz göy üzüdü.

 

sən sevdin nur çiçəyi!

sən sevdin, gözün aydın!

 

Hələ şəfəq-şəfəq göy üzündəsən

 

Sübh üzü qalıbdı hüsnünə heyran,

Sənsə yuxudasan, göy üzündəsən.

Yataqda yayılıb tellərin ürkək,

Təbəssüm içində, gül mislindəsən.

 

Qəlbin arzu dolu, nurundan bəlli,

Mələklər aləmi sənin aləmin,

Hələ şəfəq-şəfəq göy üzündəsən,

Hələ uzaqlardan yol gəlir gəmin.

 

Ilahi aləmdə ilahi gözəli,

Qəlbinin hər teli nura köklənib,

İndi xəbərin yox, bu sübh üzü

Sənə xeyir-dua verməyə gəlib.

 

Həvvanın ətri...

 

bir dağın döşündəydim,

dünya çıxmışdı yadımdan....

 

dünyaya yeni gəlmiş,

hələ Həvvası yaranmamış

Adəmin günündəydim...

 

Həvvanın ətri gəlirdi

çiçəklərdən, otlardan, səmadan....

göy üzüylə birdi qəlbim...

 

göy üzündə fırtınalar vardı,

ildırımlar vardı,

bir-birilə vuruşan buludlar vardı.

qəlbim bir ilahi sirrə,

ilahi duyğuya intizardı...

 

qəfildən yarıldı göy üzü,

axdı bir işıq lələyi..

ağappaq bulud üstə

əl elədi

məlakələr mələyi...

 

bütün yer üzü itirdi özünü

buludların üstündəki

gözələ heyrətdən...

 

rəngbərəng

işıqlar axdı, nəğmələr axdı

yer üzündən göy üzünə...

 

buludun üstündəki gözəlin

gözəlliyi düşdü yer üzünə,

gözəlləşdi yer üzü...

 

əlimi uzatdım

əlinə tərəf, telinə tərəf,

ildırımlar töküldü

əlimin üstə...

 

itdi, batdı, yoxa çıxdı,

göylərin üzündən gəldi səsi:

- mən Həvva deyiləm,

Həvva deyiləm...

 

525-ci qəzet.-2018.-17 fevral.-S.23.