Azərbaycan-Özbəkistan əlaqələri Əzəli dostluq riştələrində

 

Daşkənddə Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş Əzəli dostluq riştələri adlı sənədli filmin çəkilişləri başa çatıb.

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə çəkilən filmin ssenari müəllifi mərkəzin direktoru Samir Abbasov, rejissoru Eldar Məmmədovdur.

 

Əzəli dostluq riştələri adlı sənədli ekran əsərində Avesta, mərdlik və qəhrəmanlıq rəmzi olan Kitabi-Dədə Qorqud, Babək, Koroğlu, Şah İsmayıl Xətai, özbək xalqının min illərdən bəri cəsarət və vətənpərvərlik simvolu olan Alpamış, Cəlaləddin Manquberdi, Babur, Əmir Teymur kimi xalq qəhrəmanları, onların obrazlarının oxşarlığı, oxşar adət və ənənələr, el şənlikləri, mədəni irsimiz geniş işıqlandırılıb.

 

Azərbaycan və özbək xalqlarının mədəni irsi, tarixən yaxınlığı ilə seçilən xalqlarımızın yaratdığı əsərlər, tanınmış elm, ədəbiyyat xadimləri haqqında məlumatlar da filmdə öz əksini tapıb.

 

Özbək dilində hazırlanan bu ekran əsərində tariximizin, mədəniyyətimizin şanlı səhifələri, iki xalq arasında dostluq əlaqələrinin yaranması, hər iki dövlətin müstəqillik əldə etdikdən sonra qazandığı uğurlar, müstəqillik illərində dostluğumuzun möhkəmlənməsində, strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasında Ulu öndər Heydər Əliyevin, Özbəkistanın birinci prezidenti İslam Kərimovun böyük xidmətlərindən söhbət açılır.

 

Filmdə Prezident İlham Əliyevin Özbəkistana səfərləri, Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin, həmçinin, Daşkənddə dahi Nizami Gəncəvinin, Bakıda isə böyük özbək şairi Əlişir Nəvainin abidələrinin açılışı, Özbəkistanda Azərbaycan mədəniyyətinə dair təşkil edilən tədbirlər, Səmərqənddə Şərq təranələri Beynəlxalq Musiqi Festivallarında Azərbaycan musiqiçilərinin iştirakı və başqa məlumatlar yer alıb.

 

Ekran əsərində Özbəkistanda yaşamış tanınmış azərbaycanlılar, onların bu ölkənin ictimai-mədəni həyatındakı rolu, soydaşlarımızın irsinin təbliği və əbədiləşdirilməsi istiqamətində həyata keçirilən layihələr geniş işıqlandırılıb.

 

XƏDİCƏ

525-ci qəzet.-2018.-17 fevral.-S.13.