Xocalı soyqırımının qurbanları Qazaxıstanda anıldı

 

Azərbaycanın Qazaxıstandakı Fövqəladə Səlahiyyətli Səfirliyinin Türküstandakı Azərbaycanlı Tələbələr Təşkilatının dəstəyilə Türküstan şəhərinin Beynəlxalq Əhməd Yasəvi Universitetində Xocalı Soyqırımının 26-cı ildönümünə həsr olunmuş "Xocalı Soyqırımı türkdilli tələbələrin yaddaşında" adlı anım tədbiri keçirilib.

 

Tədbir çərçivəsində Xocalıda baş vermiş hadisələri ehtiva edən şəkillərdən ibarət sərgi nümayiş olunub.

 

Tədbirdə universitetin vitse-prezidenti Mustafa Erən, Sosial Elmlər fakültəsinin dekanı Məhmət Toplu, İntizam Mədəniyyət şöbəsinin müdiri Ləzzət Esentayeva, Beynəlxalq Münasibətlər kafedrasının müdiri Eftal Şükrü Batmaz, müəllim kollektivi müxtəlif türk toplumlarından gəlmiş tələbələr iştirak ediblər.

 

Tədbirin əvvəlində Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Beynəlxalq Əhməd Yasəvi Universitetinin vitse-prezidenti Mustafa Erən çıxışında Xocalı soyqırımı haqqında geniş məlumat verib, onu əsrin ən dəhşətli faciələrindən adlandırıb: "1992-ci ildə - çox uzaq görünür, amma yaxın bir tarixdə Azərbaycanın Qarabağ bölgəsində yüzlərlə insan, uşaq, qadın, yaşlı deyilmədən ermənilər tərəfindən bərabəri bənzəri görülməmiş vəhşiliklə qətlə yetirilib. Bu gün olduğu kimi, o zamanın dünyası da bu hadisəyə biganə qaldı. İnsanlığı, humanizmi, demokratiyanı insan haqlarını müdafiyə edənlər təəssüflər olsun ki, həmin gün ortada yox idi. Bu gün Azərbaycanda qardaşlarımız 30 ildir böyük bir mübarizənin içindədirlər. Ən qısa zamanda Azərbaycanın öz tarixi torpaqlarına qovuşacağına inanırıq. Bütün türk dünyası ilə yanaşı, qəlbində zərrə qədər insanlıq duyğusu olan, insanlıq qüruru daşıyan hər kəs bu bu kimi vəhşiliklərə etiraz etməlidir. Belə tədbirlərin son dərəcə önəmli dəyərli olduğunu düşünürəm. Bu, sadəcə orada qətlə yetirilmiş qardaşlarımızı xatırlama məzmununda deyil, ən azından bu gün bu mübarizəni aparan qardaşlarımıza qəlbimizdə bir dəstəyin olduğunun ən vacib işarəsidir. Yaşasın azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsi!"

 

Universitetin Sosial elmlər fakultəsinin Beynəlxalq Münasibətlər kafedrasının müdiri Eftal Şükrü Batmaz çıxış edərək deyib ki, Xocalı soyqırımı dünya tərəfindən tanınsa da, cinayətkarlar hələ də layiqincə cəzalandırılmayıblar: "Sovetlər Birliyinin dağıldığı zamanlarda Rusiyadan da dəstək alan ermənilər dünyanın gözü qarşısında böyük bir soyqırım törətdilər. Bu soyqırım dünya tərəfindən tanınır. Avropa İnsan Haqları Məhkəməsinin qərarları var. Bu qərarlarda qeyd olunur ki, Ermənistan işğal etmiş olduğu torpaqlarda Avropa İnsan Haqları Bəyannaməsinə qarşı çıxan cinayətlər törətmişdir. Dünya ölkələri də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Ancaq bu dəstək Birləşmiş Millətlər Təşkilatının və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına da baxmayaraq, yetərli deyil. Aradan 26 il keçir. İnsanlıq tarixi üçün çox uzun bir zaman deyil. Azərbaycan dövləti mütləq bu haqlı mübarizəsini beynəlxalq səviyyədə qazanacaq, xüsusən də BMT-də qəbul etdirəcəkdir. Bu gün bizim vəzifəmiz Xocalı Soyqırımını bir günə sığdırmamaq, daim gündəmdə saxlamaq, elmi araşdırmalar aparmaqdır. İnanıram ki, dünyada insalıq qüruru daşıyan bir çox insan Xocalı Soyqırımının nə olduğunu bilir. Azərbaycana və dost, qardaş ölkələrə icrası zəruri olan böyük vəzifələr düşür".

 

Universitetin azərbaycanlı tələbəsi, Türküstandakı Azərbaycalı Tələbələr Təşkilatının sədri Ruslan Dost Əli Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş cinayət haqqında məlumat verərək deyib ki, Xocalı Soyqırımı Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin açıqca təzahürüdür: "22 fevral Cinayət qurbanlarının beynəlxalq müdafiəsi günü kimi qeyd edilir. Məlumdur ki, qətliam və ya soyqırım ən ağır beynəlxalq cinayətlər kateqoriyasına aid edilir. Bu səbəbdən də tədbirin məhz 22 fevralda, Xocalı Soyqırımı ərəfəsində keçirilməsi məhz rəmzi xarakter daşıyır. Biz Xocalı soyqırımın və bütün bu kimi digər beynəlxalq cinayətlərin qurbanlarının anılmasını, bu cinayətlərə lazımi siyasihüquqi qiymətin verilməsini istəyirik. Bu soyqırım yalnız Azərbaycan tarixinin deyil, bütün insanlıq tarixinin ən acı səhifələrindən biridir. Təəssüflər olsun ki, əsrin 1/4-ni geridə qoymasına baxmayaraq, hələ də bu cinayətə lazımi hüquqi qiymət verilməmişdir.  Biz - Türk dünyası gəncləri müxtəlif layihələr ətrafında sıx birləşməli, ölkələrimiz arasıdakı əlaqələrin inkişafına öz töhfəmizi verməliyik. Yalnız Xocalı Soyqırımını deyil, müxtəlif zamanlarda türk xalqlarına qarşı törədilmiş cinayətlərin dünya insanına çatdırılması istiqamətində səylərimizi əsirgəməməliyik".

 

Daha sonra azərbaycanlı tələbə Orxan Cahangirli Talip Kazğının "Can Xocalı" şeirini söyləyib.

 

Sonda Heydər Əliyev Fondunun istehsalı olan "Badam" qısametrajlı filmi nümayiş etdirilib.

 

Eyni adlı anım tədbiri fevralın 23-də Kentav şəhərində Beynəlxalq Əhməd Yasəvi Universitetin Hazırlıq Fakültəsində də keçirilib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet 2018.- 27 fevral. - S.5.