Şəhriyarın "Heydərbabaya salam"ında Novruz adət-ənənələri

 

Novruz Azərbaycan xalqının milli adət-ənənələri içərisində özünəməxsusluğu, xalqa daha yaxın olmağı ilə seçilən, sevilən bayramdır.

 

Klassik poeziyamızın bütün dönəmlərində, həmçinin, yaşadığımız dövrdə bu bayramın gəlişi, adət-ənənələri zaman-zaman təsvir olunub. Amma istisnasız deyə bilərik ki, Novruz bayramının gəlişi, el-obanın hiss və həyəcanı heç bir əsərdə Məhəmmədhüseyn Şəhriyarın "Heydərbabaya salam" poemasındakı kimi sadə, təsirli, kövrək və ürəyəyatan alınmayıb. Dahi söz ustadının ürəyini titrədən Növruz bayramı ilə bağlı uşaqlıq xatirələri illərdir ki, böyüklü-kiçikli, o taylı-bu taylı bütün Azərbaycana ana laylası qədər əziz, Novruz şirniyyatları kimi şirin, bişmişləri kimi dadlı gəlir. Səbəbsə çox sadədir: ürəkdən deyilən ürəyə tez yol tapır. Fərqi yoxdur - "O tay da, bu tay da Vətəndir!"

 

Tarixdə zamanın fövqündə dayanmağı bacaran, yaradıcılığı ilə əsrlərə meydan oxuyan dahi söz ustadları olub, olacaq da. Dahi Nizami Gəncəvi:

 

Şeirdən ucalıq umma dünyada,

Çünki Nizamiylə qurtardı o da!

- yazsa da, "köhnə dünya"nın yeni yazarlara, yeni nəfəsə ehtiyacı həmişə olub, olacaq da. Ona görə də böyük yazarların yaradıcılığını, əsərlərini, bu əsərlərdəki ayrı-ayrı məqamları müqayisə etmək həm zaman, həm də məkan baxımından düzgün deyil. Əsas odur ki, dahi söz ustadlarının bizə miras qoyduğu bədii irsdən bəhrələnməli, onları təbliğ etməli, tədqiq edib sonrakı nəsillərə çatdırmalıyıq. Bu mənada Cənubi Azərbaycanda yaşayıb-yaratsa da, bütöv Azərbaycan məsləkinə, idealına daima sadiq qalan ustad şair Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığını dönə-dönə təhlil və təbliğ etmək olduqca vacibdir. Bu təbliğ elə Azərbaycanımızın tanıtımıdır, tərənnümüdür, əsrlərin o tayından bu günümüzə adlamış adət-ənənələrimizi yaşatmaq istəyimizin reallaşmasıdır.

 

Fikrimizə aydınlıq gətirmək üçün M.Şəhriyarın ana dilli yaradıcılığının zirvəsi olan "Heydərbabaya salam" poemasını oxumaq kifayətdir. Amma oxumaq xətrinə yox, ürəkdən, o anları xəyalən yaşayıb, dahi şairin kövrək hisslərinə şərik olaraq ürəkdən oxumaq, ruhən o yerlərə səyahət edib mütaliə etmək lazımdır. Çünki bu əsərdə xəlqilik, vətənə bağlılıq hissləri o qədər çəkicidir, o qədər güclüdür ki, heç yolu o yerlərə düşməyən biri də özünü Heydərbabalı, Xoşginablı, Bağmeşəli hiss edir.

 

Poemanın birinci bəndindən xəyal bizi o yerlərə, həm də öz uşaqlıq dünyamıza aparır. Bu duyğular o qədər səmimi, təbii, kövrək poetik çalarda verilib ki, sanki şair Şəhriyarın yox, özünün xəyal dünyanı yaşayırsan. Diqqət edək:

 

Heydərbaba, ildırımlar çaxanda,

Sellər, sular şaqqıldayıb axanda,

Qızlar ona səf bağlayıb baxanda,

Salam olsun, şövkətüzə, elizə,

Mənim də bir adım gəlsin dilizə.

 

Poemanın ilk bəndindəki təsvir yazın gəlişindən xəbər verdiyinə görə, çox güman ki, dahi ustad bu əsəri yazmağa məhz yazqabağı, ilaxır çərşənbələr vaxtı başlayıb. Çünki əsərdə əvvəldən axıra kimi əsl yaz ovqatı hökm sürür. Novruz çərşənbələrinin adı çəkilməsə də, təsvir və tərənnümdən söhbətin məhz ilaxır çərşənbələrin hansından getdiyi bəlli olur. Məsələn, yuxarıdakı bəndi oxuyan huşyar oxucu bilir ki, söhbət el arasında "sular Novruzu" adlanan Su çərşənbəsindən gedir.

 

Bayram yeli çardaqları yıxanda,

Novruzgülü, qar çiçəyi çıxanda,

Ağ buludlar köynəklərin sıxanda,

Bizdən də bir yad eləyən sağ olsun,

Dərdlərimiz qoy dikəlsin, dağ olsun.

 

Novruz adət-ənələrinə yaxşı bələd olan, kənd yerində yaşayan və ya bu həyatı xatirəsində yaşadan hər kəs bilir ki, şair yuxarıdakı bənddə Yel çərşənbəsindən söz açıb, onun xüsusiyyətlərini şeir dilinə çevirib. Bu təsvirlərin içindən isə sadə xalq məişəti, adət-ənələri boylanır. Cənubi Azərbaycanda ötən əsrin əllinci illərində kənd yaşayışını rəsmə almaq istəyən, ya da kinoya köçürmək istəyən kimsə çətinlik çəkmədən bu əsəri oxumaqla istəyini reallaşdıra bilər. Evlərin palçıq döşəməsi, taxçaları, taxça və rəflərin naxışlı bəzəmələrlə, tikmələrlə bəzənməsi. Bu mənzərə şəxsən mənə tanış və doğmadır. Cənub bölgəsində rütubətin və nəmin qarşısını almaq məqsədi ilə son illərə qədər evlərin döşəməsi palçıqdan olardı, dolabları taxçalar, şkafları rəflər əvəz edərdi. M.Şəhriyarın təsvir etdiyi ev sanki nənəmin yaşadığı evdir, o taxçalar və orda biz nəvələrin əlindən gizlədilmiş boxçalardır. Hər Torpaq çərçənbəsində evin xanımı torpaq döşəməni Novruz bayramının gəlişi şərəfinə yeniləyər, suvayardı - eynən M. Şəhriyarın təsvir etdiyi kimi.

 

Bayram olub, qızıl palçıq əzərlər,

Naxış vurub, otaqları bəzərlər,

Taxçalarda düzmələri düzərlər,

Qız-gəlinin fındıqçası, hənası,

Həvəslənər anası, qaynanası.

 

Palçıq əzmək fiziki güc tələb etdiyinə görə bu iş cavan qız-gəlinə həvalə edilərdi. Məlumat üçün deyim ki, bu iş xəmir yoğurmaq qədər məsuliyyətli, çətindir. Yəni ki, palçıq əvvəl ayaqla, sonra isə əllə elə yoğrulmalıdır ki, onunla evi suvamaq mümkün olsun, əks halda palçıq suvaq tutmaz, kələ-kötür qalar. Budur şair şeirinin gücü-adi məişət səhnəsini elə poetikləşdirib ki, nə həmin məkandan, hə də ki, xəyal dünyandan qopmaq istəmirsən!.

 

Novruz bayramı elimizin elə bayramlarındandır ki, adət-ənənələri bu günə qədər yaşarıdır, xüsusən cənub bölgəsində. Bu bölgədə yaşadığıma görə bayram ənənələrinin hər il necə şövqlə təkrarlandığına özüm şahidəm. M.Şəhriyarın "Heydərbabaya salam" poemasını oxuyarkən bir daha yəqin etdim ki, Novruz bayramı heç bir sərhəd tanımır.

 

Bayram idi, gecəquşu oxurdu,

Adaxlı qız bəy corabın toxurdu,

Hər kəs şalın bir bacadan soxurdu,

Ay nə gözəl qaydadı şal sallamaq,

Bəy şalına bayramlığın bağlamaq.

 

Bu gözəl adət bu gün Azərbaycanımızın hər guşəsində yaşayır. Onu yaşarı edənsə, xalqa bu qədər doğma olması, qəlbindəkiləri əks etdirməsidir. Bu anı hər bayram axşamı yaşından, vəzifəsindən asılı olmayaraq hamı gözləyir. Düzdür, hazırda evlərə boy verən qalın daş hasarları adlamaq, kilidlənmiş qapıları açmaq, mühafizəli evlərə girib şal, papaq atmaq çətin olsa da, sadə xalqın qapıları bayramlığa gələnlərin üzünə açıqdır. Bu axşamda aldığın bayram payının isə bir özgə dadı olur. Qəribədir, öz evindəki bişmişlərdən, çərəzlərdən daha dadlı gəlir özgə evdən, qonum-qonşudan gələn bayram payı. Şəhriyar demişkən, bu Novruz adət-ənənəsi - şal sallamaq çox gözəl qaydadır.

 

Şal istədim, mən də evdə ağladım,

Bir şal alıb tez belimə bağladım,

Qulamgilə qaçdım, şalı salladım,

Fatma xala mənə corab bağladı,

Xan nənəmi yada salıb ağladı.

 

Bu adi bir məişət hadisəsinin sözlə təsviri deyil, bu günümüzə qədər yaşarı olan qədim adət-ənələrimizə olan sayğının məhəbbətlə tərənnümüdür. Bu günümüzdə də yaşarı olan adətə görə il ərzində ölüsü düşənlər Novruz bayramını təmtəraqla qeyd etmirlər. Yası düşən ailələrdən olan uşaqların da bayram axşamı, bayram günü yaylıq, şal atmaları, bayramlığa getmələri məqbul sayılmır. Həmçinin, yaxın qohum-qonşular həmin ailəyə bayram günü mütləq baş çəkməli, bayramlarını təbrik etməklə yanaşı, bir daha səbir diləməlidirlər. Belə evlərdə bayram süfrəsində yumurta qırmızı əvəzinə göy boyanırdı. Qalan evlərdə isə, yumurtanı rəngbərəng boyayır, həm süfrəyə qoyur, həm də evə gələn uşaqlara paylayırdılar. Bu adətin kökü hardan gəlir, mənası nədir? Yozumu çox olsa da, görünən həqiqət budur ki, xalq əski ənənələrini unutmur, onlara sayğı ilə yanaşaraq nəsillərdən-nəsillərə ötürür, yaşadır.

 

Yumurtanı göyçək, güllü boyardıq,

Çaqqışdırıb sınanların soyardıq,

Oynamaqdan bircə məgər doyardıq,

Əli mənə yaşıl aşıq verərdi,

İrza mənə novruzgülü dərərdi.

 

Novruz bayramının ən gözəl adət-ənələrindən biri də İlaxır çərşənbədə, Od çərşənbəsində yanar odun üstündən yeddi dəfə atılmaqdır ki, M. Şəhriyar poemasında buna da biganə qalmayıb, şövqlə, uşaqlıq, gənclik xatirələrinin kövrək istiliyi ilə tərənnüm edib.

 

Bakıçının sözü-sovu, kağızı,

İnəklərin bulaması, ağızı,

Çərşənbənin girdəkanı, mövizi,

Qızlar deyər: "Atıl-matıl, çərşənbə,

Ayna təkin bəxtim açıl, çərşənbə".

 

Burda bir mühüm məqama da diqqət etmək lazımdır ki, o tayda yaşayan soydaşlarımız Bakıdan gələn sovqatları, məktubları həmişə həsrətlə gözləyiblər. Deməli, sərhədlərlə ikiyə bölünmüş xalq illər, əsrlər, qərinələr ötsə də, məhrəmliyini, birgəyaşayış qaydalarını unutmur, onlara sayğı göstərir.

 

Heydərbaba, alçaqların köşk olsun,

Bizdən sonra qalanlara eşq olsun,

Keçmişlərdən gələnlərə məşq olsun,

Övladımız məzhəbini danmasın.

Hər içiboş sözlərə aldanmasın!.

 

Övladlarımızın məzhəblərini danmamaları üçünsə el işindən çıxıb el həyatından yazanların yazdıqlarını təbliğ etməliyik. Məhz bu mənada Azərbaycan ədəbiyyatına, türkdilli poeziyaya "Heydərbabaya salam" kimi nəhəng söz abidəsi bəxş etmiş dahi söz ustadı Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığını dərindən öyrənmək və sonrakı nəslə də öyrətmək lazımdır. Adət-ənənələrimizi yaşarı etmək, sabahımıza ötürmək istəyiriksə, bir həqiqəti unutmayaq ki, sahab bu günün əməli, qələmi ilə yazılır.

 

Çağdaş Azərbaycan ədəbiyyatının istedadlı nümayəndəsi, Cənubi Azərbaycan yazarı, Şərqin dahi söz ustadı M. Şəhriyarın ana dilində, qələmə aldığı, ana dilli poeziyasının zirvəsi sayılan "Heydərbabaya salam" poeması həm məzmun-forma gözəlliyi, şeiriyyəti, həm də xalq adət-ənələrinin təsviri, məhəbbətlə tərənnümü baxımından böyük əhəmiyyətə malikdir. Əsəri oxunaqlı edən, geniş oxucu kütləsinə sevdirən də məhz bu xüsusiyyətləridir. Elə təkcə bu əsərindəki - "Heydərbabaya salam" poemasındakı ruhi doğmalıq, el sevgisi, vətənə məhəbbət hissi Şəhriyarı o taylı-bu taylı soydaşlarına sevdirməyə, əbədiyaşar etməyə kifayət edər.

 

Esmira İSMAYILOVA

Lənkəran Dövlət Universitetinin dissertantı

 

525-ci qəzet.-2018.-28 fevral.-S.6.