Azərbaycan mədəniyyəti Bolqarıstanda tanıdılıb

Bolqarıstanın Burqas şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə “Bakı – qədimlik və müasirliyin harmoniyası” adlı fotosərgi təşkil olunub.

Sərgi çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş olunub.

Tədbirdə Burqas şəhərinin merinin müavini Yordanka Ananieva, şəhərin İcma Şurasının sədr müavini Qeorqi Drajev, Burqas vilayətinin qubernatorunun müavini Sevdalina Turmanova, Mədəniyyət Mərkəzinin rəhbəri Ludmila Kutieva, Burqas şəhərinin mədəniyyət, incəsənət və media nümayəndələri, eləcə də şəhər sakinləri iştirak ediblər.

Tədbirdə Mədəniyyət Mərkəzinin rəhbəri L.Kutieva çıxış edərək Azərbaycan mədəniyyəti gecəsinə məhz rəhbərlik etdiyi qurumun ev sahibliyi etməsindən məmnunluğunu ifadə edərək səfirliyə təşəkkürünü bildirib.

Burqas şəhərinin merinin müavini Y.Ananieva bu şəhərdə Azərbaycan mədəniyyəti gecəsinin təşkilini şəhərin mədəni təqvimində mühüm hadisə kimi dəyərləndirib, iki dövlət arasında mədəni körpülərin möhkəm bünövrə üzərində qurulduğunu və bu amilin iki xalq arasında münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Burqas şəhərinin İcma Şurasının sədr müavini Qeorqi Drajev Burqas ilə Sumqayıt şəhərləri arasında qardaşlaşma əlaqələrindən danışaraq tədbirlərin şəhərlərimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından vacibliyini qeyd edib.

Gecədə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ölkəmizin tarixində parlaq səhifələrdən biri olduğunu diqqətə çatdırıb. Səfir 100 il bundan öncə qadınlara səsvermə hüququ verən AXC-nin müsəlman türk dünyasında qadınlara bərabər siyasi hüquqlar verən ilk dövlət olduğunu bu göstəriciyə görə bir çox Avropa ölkələrini geridə qoyduğunu vurğulayıb.

Diplomat, həmçinin bu əlamətdar yubileyin qeyd edilməsi ilə bağlı səfirlik tərəfindən Bolqarıstanın müxtəlif şəhərlərində silsilə tədbirlərin keçirildiyi barədə məlumat verib.

N.Qurbanova deyib ki, bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan ordusunun yaradılmasının 100-cü ildönümü qeyd olundu. Həmçinin 120 illik kino, 110 illik opera, 145 illik teatrı olan Azərbaycanın zəngin qədim mədəniyyətə malik olduğu vurğulanıb.

Səfir gecədə nümayiş olunacaq sərgi filmin şəhər ictimaiyyətində ölkəmizin paytaxtının qədim tarixi zəngin mədəni irsi barədə hərtərəfli təsəvvür yaradacağına əminliyini ifadə edib. Sözügedən sərginin Bakının gözəlliklərini əks etdirdiyini vurğulayan səfir çəkilişlərin Bolqarıstanın istedadlı rəssamı fotoqrafı Tatyana Uzunova tərəfindən aparıldığını söyləyib.

Sonra “Əli və Ninofilmi barədə məlumat verən N.Qurbanova 120 yaşlı Azərbaycan kinematoqrafiyasının parlaq nümunələrindən olan bu filmdə məhəbbət hekayəsi fonunda Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizədən və AXC-nin yaradılmasından bəhs edildiyini söyləyib. Filmin, həmçinin Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri bağlı olduğunu qeyd edən səfir ölkəmizin tarixən müxtəlif mədəniyyətlərin, dinlərin nümayəndələrinin bir arada sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkan olduğunu vurğulayıb.

Qeyd edək ki, tədbir Bolqarıstan mətbuatında geniş işıqlandırılıb, Bolqarıstan Teleqraf Agentliyi, “Focus Xəbər” Agentliyinin internet səhifələrində, müxtəlif xəbər portallarında tədbirlə bağlı məqalələr dərc edilib.

525-ci qəzet.-2018.- 5 iyul.- S.7.